İki rus şairindən seçmə şeirlər - Azad Yaşarın təqdimatında

 

Fazil İSKƏNDƏR

(1929-2016)

 

Məşhur rus nasiri, şairi, ssenaristi və ictimai xadimidir.

Doğum şəhadətnaməsində adı Fazilbəy kimi yazılan yazar Suxumidə, Abdul adlı farsəsilli iş adamının abxaz qadınla qurduğu ailədə dünyaya göz açıb. Həmin şəhərdəki kərpic zavodunun direktoru vəzifəsində çalışan atası 1938-ci ildə öz tarixi vətəninə - İrana deportasiya olunub.

Orta məktəbi qızıl medalla bitirdikdən sonra Fazil Moskva Kitabxanaçılıq İnstitutuna qəbul olunsa da, 1951-ci ildən ali təhsilini M.Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib. 1954-cü ildə həmin təhsil ocağından məzun olunca, jurnalist və nəşriyyat redaktoru kimi fəaliyyət göstərib. 1962-ci ildə ailə qurub və həmin vaxtdan da paytaxt Moskvada məskunlaşıb.

İlk şeirləri 1952-ci ildə, ilk nəsr əsərləri isə bundan dörd il sonra işıq üzü görüb. 1957 və 1959-cu illərdə Suxumidə çıxan ilk iki kitabında onun rusca qələmə aldığı şeirlər toplanıb. 1966-cı ildə nəşr olunan "Keçi-qoyun taqım ulduzları" adlı povesti sayəsində o, sovet ədəbiyyatının aparıcı nasirlərindən birinə çevrilib və sonrakı yaradıcılıq yolunu sırf nasir kimi davam etdirib.

1973-88-ci illərdə "Çegemli Sandro" başlığı altında yazdığı silsilə əsərlər ona həm böyük oxucu rəğbəti, həm də SSRİ Dövlət mükafatı (1989) qazandırıb. 1993-cü ildə yazdığı "İnsan və onun ucqarları" romanına görə elə həmin il Rusiya Federasiyasının Dövlət mükafatını alıb. 1995-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının və Rusiya İncəsənət Akademiyasının həqiqi üzvü seçilib.

Məhsuldar ədəbi fəaliyyətinə görə o, bir sıra ədəbi mükafata, o cümlədən, Puşkin ödülünə (1993) və Triumf mükafatına (1999) layiq görülüb.

Ömrünün son illərində Alsheymer xəstəliyindən əziyyət çəkdiyi üçün yazarın yaradıcılığında məcburi fasilə yaranıb.

 

Adsız şeir

 

Necə cansıxıcı idisə ölkə,

Beyinlər sönmüşdü şər dumanında.

Ən şux zarafat da istər-istəməz

Qızıl qan qoxusu verirdi onda.

Susurdu torpaqdan boylanan evlər,

Susurdu məzarlar, ölüxanalar.

Atanın üzünə duran oğullar

Bilmirdi zatların necə danalar...

 

İyirminci əsrin carçısı kimi

Radio səsindən inlərdi meydan.

Güdürdülər - görək, nə vaxt çıxacaq

Sonuncu insan da... insanlığından!

 

Günlər dolanırdı öz axarıyla,

Orbiti eyniydi hələ də Yerin.

Böyük bir ölkənin itmiş vicdanı

Nədənsə heç dönmək bilmirdi geri.

 

 

Andrey DEMENTYEV

(1928-2018)

 

XX yüzilin ikinci yarısında yetişmiş ən görkəmli rus-sovet şairlərindən biri olub.

Tver şəhərində doğulub, orta məktəbi də orada bitirib. Ali təhsilini isə 1949-52-ci illərdə Qorki adına Ədəbiyyat İnstitutunda alıb.

İlk şeiri 1948-ci ildə, "Lirik şeirlər" adlı ilk kitabı 1955-ci ildə işıq üzü görüb. Xaricdə çap olunanlarla yanaşı, təkcə elə Rusiyada onun 50-dən çox şeir kitabı çap olunub.

Jurnalist və nasir kimi də fəaliyyət göstərib. 1972-ci ildən redaktor müavini işlədiyi "Yunost" jurnalının redaksiyasına 1981-92-ci illərdə rəhbərlik edib.

Uzun müddət radio və televiziyada ədəbiyyata, incəsənətə, mədəniyyətə aid verilişlər aparıb. Şeirlərinə xeyli sayda mahnı bəstələnib.

Məhsuldar yaradıcılığına görə o, Ümumittifaq Lenin komsomolu (1981) və SSRİ Dövlət mükafatlarına (1985), Bunin adına ədəbi ödülə, RSFSR-in Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

 

 

Qocalmaq hər kəsə qismət olmayır

 

Bir ömür yükünün ağırlığına

Qatlaşa bilənlər əcəb mətinmiş.

Ahıl yaşa gəlmək hünər sayılmaz -

Ləyaqətli qalmaq... daha çətinmiş.

 

Sən də, gəl, yük olma öz dərd-sərinlə,

Axı kimə gərək bu ağrın, acın?!

Hərdən köks ötürüb, nəfəsini dər -

Heç kəsin öyüdə yox ehtiyacı.

 

Hamıdan bir qayğı, diqqət ummasan

Qəlbinə yol tapmaz inciklik, küsü.

Yoxsa deyinməklə, ağız büzməklə,

Biz yelə verərik öz ömrümüzü.

 

Nüfuz sırımaqla başqalarına,

Gəl, başa qaxmayaq təcrübəmizi.

Gənclərin fərqlidir dəyər ölçüsü -

Bunu bilsək, heç nə yanıltmaz bizi.

 

Hər şey könlümüzcə olmaya bilər,

Bunları dəyişmək... ömür-gün alar.

Hər başa bu ağıl qoymaq hüququn

Nə haqla özünə verib qocalar?!

 

Daim sitəm edib, sızlamayaq biz,

Nikbin olaq, bizdə... qalsın ucalıq.

Gəl, ataq daşını deyingənliyin,

Ən çətin peşədir axı... qocalıq.

 

Zamanı tovlamaq qəlizdən-qəliz,

Sanma qırışların silinər, gedər.

Qocalmağa imkan tapdı-tapmadı,

Hər kəs yeriklərmiş... bu xoş nemətə.

 

Tənhalıq yazıla bilər bəxtinə -

Hazırla özünü sən o sınağa.

Ən çətin peşəymiş qocalıq,

amma

hər kəs layiq deyil qoca olmağa.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!