Sevə bilənlər xoşbəxtdir - Sevgi haqqında - Herman HESSE

Herman Hesse 1877-ci ildə Almaniyanın Kalv şəhərində anadan olub. Təhsil sisteminin məhdudiyyətlərinə və missioner atasının dini təzyiqlərinə müqavimət göstərərək, Maulbronn İlahiyyat Məktəbini tərk edərək bir müddət kitab satıcısı kimi çalışdıqdan sonra 1904-cü ildə yazıçılığa başlayır. Birinci Dünya müharibəsi zamanı neytral qalan İsveçrəyə köçərək orada məskunlaşır. Alman militarizmini və millətçiliyini tənqid edən məqalələr yazır, hərbi əsirlər üçün jurnal çıxarmağa başlayır. Bu mövqeyinə görə Almaniyada sərt tənqidlərlə üzləşən Hesse, eyni dövrdə, xüsusilə, Karl Qustav Yunqun ideyalarından təsirlənərək psixoanalizə müraciət edir. Bu təsir onun personajlarının daxili dünyasına dərindən nüfuz edən povestlərində aydın hiss olunur. O, 1923-cü ildə İsveçrə vətəndaşı olur. Hindistana etdiyi səyahət ona Şərq mədəniyyəti ilə bağlı böyük təsir göstərir. Əsərlərində o, sivilizasiyanın formalaşmış nümunələrindən azad olmaqla, fərdin özünü tapmaq üçün səylərini araşdırır, insanları öz həyatlarını xilas etməyə çağıraraq Şərq mistisizmini tərənnüm edir. Şərq mədəniyyətinə olan bağlılığı ilə, xüsusən də, 1960-cı illərdə Amerikada Buddizm və Zen Buddizminin dirçəlişi dövründə ən çox oxunan müəlliflərdən birinə çevrilir. Onun romanları, qısa hekayələri, esseləri, şeirləri, siyasi məqalələri və mədəniyyətlə bağlı tənqidi yazıları dünya miqyasında 100 milyondan çox oxucuya çatır. 1946-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatı qazanan Hesse 1962-ci ildə İsveçrənin Montaqnola şəhərində vəfat edib. Dünya şöhrətli yazıçının "Sevə bilənlər xoşbəxtdir - Sevgi haqqında" ("Wer lieben kann, ist gliıcklich - Über die Liebe" - tərc.) kitabından parçaları oxucularına təqdim edirik.

 

***

Sevginin mövcudluğunun səbəbi bizi xoşbəxt etmək deyil. Məncə, sevgi əzab çəkərkən, çətinliklərə dözərkən nə qədər güclü ola biləcəyimizi bizə göstərmək üçün mövcuddur.

Yetkinlik yaşına çatmamış gənclərin sevgi qabiliyyəti yalnız hər iki cinsi deyil, həm də hər şeyi, duyğu və intellektual olaraq hər şeyi əhatə edir, hər şeyi sehrli, nağıl kimi dəyişdirici güclə təchiz edir.

 

***

Sevgi uğrunda əzab-əziyyət çəkilir; amma insan əzaba nə qədər çox dözürsə, sevgi onu bir o qədər güclü edir.

Hər şeydən çətin əldə edilən şey, hər şeydən daha çox sevilir. Sevgi - əzabları dəf etmək, anlamaq və gülümsəməkdən heç vaxt imtina etməmək qabiliyyətidir.

 

***

Hər sevginin dərin bir faciə ehtiva etməsi sevgidən üz döndərmək üçün səbəb deyil.

Əvvəllər inanırdım ki, sevmədən sevilmək özünəməxsus zövq verir insana. Amma indi qarşılıqsız sevgiyə sahib olmağın nə qədər əzablı olduğunu öyrəndim.

 

***

Sevdiyi insanı əldə edə bilməmək və ona sahib ola bilməmək, insanın həyatda üzləşdiyi, ən çox rast gəlinən bədbəxtliklərdən biridir. Bu bədbəxtliyin öhdəsindən gəlməyin yolu, sevgisindəki ehtiras və sədaqət zənginliyini sevdiyi insandan yayındırmaq və onu sosial sahədə və ya sənətdə başqaları ilə əməkdaşlıq kimi digər məqsədlərə yönəltməkdir. Bir vaxtlar yalnız öz ürəyinizi yandıran atəş indi dünyaya və bəşəriyyətə məxsus olacaq; əgər sevginizi bəhrələndirmək sənətinə yiyələnə bilsəniz, kədərlər sevincə çevriləcək.

 

***

Sevilmək xoşbəxtlik deyil; hər bir insan özünü sevir. Sevməyə gəldikdə isə, bax, bu, əsl xoşbəxtlikdir.

 

***

Hamımız bilirik və gündəlik həyatımızda təcrübədən keçiririk ki, qanımızdan qan qatmadığımız, sevgiylə bəsləmədiyimiz, uğrunda qurbanlar verilməmiş, birgə əzablar çəkmədiyimiz, mübarizələr aparmadığımız heç bir münasibət, heç bir dostluq, heç bir hiss bizə sədaqət göstərə və ya güvən verə bilməz. Aşiq olmağın nə qədər asan olduğunu, amma həqiqətən, sevməyin nə qədər çətin olduğunu bilməyən və ya yaşamayan yoxdur. Bütün əsl dəyərlər kimi, sevgini də almaq mümkün deyil. Satın alına bilən zövqlər var, amma sevgi mümkün deyil.

 

***

Dünyadakı bütün obrazlar simvollardır və hər simvol açıq qapını gözləyən bir qapıdır; insanın ruhu hazırdırsa, qapıdan keçib dünyanın qəlbinə, sənin və mənim, gündüzlərin və gecələrin tək bir obyektə çevrildiyi yerə çata bilər. Həyatda elə bir an gəlir ki, hər bir insan bir də görür ki, açıq qapının qarşısındadır; elə bir an gəlir ki, hər bir insan bütün görünən obyektlərin yalnız simvollar olduğunu və simvolun arxasında bəşəri ruhun, əbədi və əzəli həyatın dayandığını düşünür. Lakin çox az adam bu qapıdan içəri girməyə, o vaxta qədər yalnız intuisiya vasitəsilə qavranılan daxili həqiqət müqabilində bu dünyanın gözəl və xoş görünüşlərini qəbul etməyə hazırdır.

 

***

Bəlkə də bugünkü müasirlik digər bütün müasirliklərin taleyini yaşayacaq, bir müddət davam edəcək və sonra yox olacaq. Lakin tarixdən bildiyim qədərilə, sevgi məsələsi diqqətlərin başqa yerə yönəldiyi hər dövrdən sonra, həmişə olduğu kimi daim aktuallığını bərpa edəcək.

 

***

Sevilməyin heç bir şey olmadığını, sevməyin isə hər şey olduğunu öyrəndim. Tədricən hisslərimizdən başqa heç bir şeyin varlığımızı dəyərli və xoş edə bilməyəcəyini anladığımı düşünürəm. "Xoşbəxtlik" adlandırıla biləcək bir şeylə qarşılaşdığım yerdə görürəm ki, o, duyğulardan ibarətdir. Pul heç bir şey, güc və səlahiyyət heç bir şeydir. Hər ikisinə sahib, amma səfalət içində yaşayan çox insan var. Gözəllik heç bir şeydir; yaraşıqlı kişilər və gözəl qadınlar gördüm və bütün gözəlliklərinə baxmayaraq onlar bədbəxt idilər. Sağlamlığın da çox da böyük əhəmiyyəti yoxdu; hər kəs özünü hiss etdiyi qədər sağlamdı; bəzi xəstə insanlar, ölümlərindən qısa müddət əvvələ qədər, gözlərində həyat sevinci ilə parlayırdılar; bəzi sağlam insanlar əzabdan qorxduqları üçün solurdu. Amma xoşbəxtlik insanların güclü duyğular üçün yaşadığı, onları içlərindən qovub uzaqlaşdırmadığı, kobud rəftar etmədən onları bəslədikləri və zövq aldıqları hər yerdə mövcud idi. Gözəllik ona sahib olanlara deyil, onu sevənlərə və ona sitayiş edənlərə xoşbəxtlik bəxş edirdi.

 

***

Duyğular müxtəlif görünür, amma mahiyyət etibarilə hamısı birdir. Bütün duyğular arzu və ya başqa bir şəkildə xarakterizə edilə bilər. Mən buna sevgi deyirəm. Xoşbəxtlik sevgidir, başqa heç nə. Sevə bilənlər xoşbəxtdir. Ruhumuzun özünü dərk edib yaşadığının fərqinə vardığı hər an sevgidir. Buna görə də, dərindən sevə bilən insan xoşbəxtdir. Lakin sevmək və arzulamaq eyni şey deyil. Sevgi müdrik istəkdir, sevgi sevdiyinə sahib olmağı hədəfləmir, yalnız onu sevmək istəyir. Məhz buna görə də sevgisini düşüncələr şəbəkəsində beşik kimi yelləyə-yelləyə böyüdən, dünyanı daim sevgi toru ilə yenidən hörən filosof da xoşbəxtdir. 

"Sevmək məcburiyyəti" deyə bir şey yoxdur, sadəcə xoşbəxt olmaq məcburiyyəti var. Dünyada mövcudluğumuzun yeganə məqsədi budur. İnsanlar nadir hallarda bir-birini öhdəliklər, əxlaqi qaydalar və əmrlərlə xoşbəxt edə bilərlər, çünki onların özlərini bu şeylərlə xoşbəxt etməsi mümkün deyil; insan yalnız xoşbəxt olduqda "yaxşı" ola bilər. Onlar yalnız daxili harmoniyaya nail olduqda yaxşı ola bilərlər. Sevirlərsə belə olur.

 

***

İnsan heç vaxt heç nəyi özünü sevdiyi qədər sevə bilməz. İnsan heç vaxt heç nədən özündən qorxduğu qədər qorxa bilməz.

 

***

Sevgidə də qəribə bir şey var, sənətdə də elə. Sevgi bütün təhsilin, bütün zəkanın, bütün tənqidin edə bilmədiyini edir: sonsuz uzaq obyektləri birləşdirir, ən yeni və ən köhnəni bir araya gətirir. Özü ilə hər şey arasında əlaqə quraraq zamana qalib gəlir. Yalnız sevgi insana təhlükəsizlik verir; yalnız sevgi haqlıdır, çünki o, haqlı olmağın ardınca düşmür.

 

Hazırladı: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!