Şeirlər - Konstantinos KAVAFİS

Konstantinos KAVAFİS

(1863-1933)

 

O, yeni yunan dilində yazan şairlərin ən məşhurudur.

Əslən İstanbuldan olan bir yunan ailəsində dünyaya göz açıb. Atası Britaniya vətəndaşlığına malik bir tacir imiş. Onun 1870-ci ildə vəfatının ardınca Kavafislər ailəsi bir müddət Londonda yaşayır, Konstantinos isə 1875-ci ildən ta ölənə qədər Misirin İsgəndəriyyə şəhərində məskunlaşsa da, vaxtaşırı İstanbula gedib-gəlib. Həmin dövrdə o, əvvəlcə qəzetlərlə əməkdaşlıq edib, sonralar isə Misirin Sosial Məsələlər Nazirliyində klerk (məmur) kimi çalışıb.

1891-ci ildə çap etdirdiyi ilk şeirlərini isə o vaxta qədər sadəcə öz yaxın dostlarına oxuyub. Tanınmış yunan yazarı G.Ksenopulosun onun barəsində yazdığı "Şair" məqaləsi çap olunandan sonra Kavafis Yunanıstanda söz adamı kimi tanınmağa başlayıb. Bundan həvəslənərək, 1904 və 1910-cu illərdə "Şeirlər" adlı iki kitabını nəşr etdirib. Onun yeniliklərlə dolu yaradıcılığı Avropa ədəbiyyatında hələ də modernizmin inkişafında önəmli faktorlardan biri sayılır.

İngilis dilinə çevrilən şeirlərinin 1919-cu ildə E.M.Forster, daha sonralar isə T.S.Eliot tərəfindən bəyənilərək, geniş oxucu kütləsinə təqdim olunması XX yüzilin ikinci yarısında parlayan şairlərdən U.H.Odenə, L.Sernudaya, Ç.Miloşa, İ.Brodskiyə və digərlərinə ciddi təsir göstərib.  

Sağlığında o, cəmi 154 şeirini dərc etdirə bilib. Həmin mətnlərin böyük qismini isə şair 40 yaşından sonra yaradıb. Bunlarla yanaşı, şairin fransız və ingilis dillərində qələmə aldığı şeirləri də mövcuddur. 

70 yaşında ikən K.Kavafis qırtlaq xərçəngindən dünyasını dəyişib.   

 

 

Yalvarış

 

Dənizçini öz dərin ağuşuna səslədi, çəkdi dəniz...

Bundan xəbərsiz olan anası isə gedib

bir şam yandırdı "Müqəddəs Məryəm" ikonasının önündə -

təki övladı evə tez dönsün və havalar düzəlsin deyə.

 

Bir qulağı elə hey vıyıldayan küləkdə ikən ana

dualarla özünə təsəlli verdiyi anlarda

onu kədərlə, ciddiyyətlə dinləyən Məryəm təsvirinə isə

onsuz da bəlliydi o cavanın bir daha geri dönməyəcəyi.

 

 

Çar Demetri

 

Hosper ou basileus, all'hypokrites,

metamphiennytai chlamyda phaian

anti tes tragikes ekeines, kai dialathon

hypechoresen.

 

Deyilənlərə görə,

yerinə Pirr keçsin deyə, makedoniyalılar

çar Demetridən taxtı-tacı təhvil verməyi tələb edəndə,

gözü-könlü hədsiz tox olan bu hökmdar

bir çardan heç gözlənilməyəcək şəkildə davranıbmış.

 

Əvvəlcə qızılı işləməli xələtini,

sonra al qırmızı çəkmələrini soyunub

adi əlbisələr geyinməklə, dərhal uzaq yola çıxıbmış.

 

Görünür, o dəm bu adam özünü

tamaşa bitincə paltarını dəyişərək,

teatrı tərk edən aktyorun yerində hiss edib. 

 

 

Dönüş mərasimi

 

Peloponnesdə tayı-bərabəri olmayan Damon usta

bəmbəyaz Paros mərmərindən

Dionisi mərasimindəki dəstənin təsvirini yonur.

Hamıdan öndə, həm də inamlı addımlarla

əzəmətli görkəmə malik Tanrı gedir.

Ardınca gələn Akratosdur.

Onun böyründəki Methi isə

yan tərəfləri sarmaşıqlarla bəzənmiş bir parçdan

şərab süzür satirlərə.

Yanlarındakı tösmərək Hedimeles,

habelə bu dəstənin mübarək məşəlini əlində tutan

və sönməsin deyə, üstündə əsən Komos diqqəti çəkir.

Aralarındakı Teleti tərəddüdə qapılmışa bənzəyir.

 

Bütün bu fiqurları mərmərdən yonarkən,

usta Damonun tək fikri-zikri

Sirakuz kralından alacağı o üç yunan qızılının yanındadır -

yağlı bəxşişdir axı bu:

həmin sikkələri əvvəlkilərin yanına qoyunca,

zənginlər kimi cah-cəlal içində yaşaya biləcək ustamız.

Üstəlik, siyasət meydanına da atıla biləcək:

hətta indi əsl bazara çevrilən Senata üzv də seçilmək istəyəcək.

 

 

Yaşlı kişi

 

Səs-küylü kafenin iç otağında, masa ardında

yaşlı bir kişi büzüşərək oturub.

Önündə bir qəzet var, adam təmtəkdir.

Bu səfil qocalığı yaman əzir onu, əzib-keçir hətta:

düşünür ki, axı nə ləzzətini görüb ey bu həyatın

o dəli-dolu, yaraşıqlı olduğu illərdə?!

 

Artıq hədsiz yaşlandığından agahdır, fərqindədir bunun,

hər şeyi anlayır, görür, halbuki

gənclik illəri dünənki gün qədər təzə gəlir ona.

Həyat necə də qısaymış, həm də... necə!

 

Düşünür ki, o "Müdriklik" adlanan qavramla

İllər uzunu özünü aldadıb, qandırıb,

əcəb də ağılsızmış ey... daima ona bel bağlayarkən.

"Bu işini də sabaha saxla. O qədər vaxtın olacaq ki!" deyən

o yalançıya inanarkən.

 

Cilovladığı o ehtiraslar canlanır indi xəyalında,

imtina elədiyi, ah, nə qədər sevinc düşür yadına,

əldən qaçırdığı hər fürsət necə də cırnadır onu

vaxtilə ağılsız tərpəndiyi üçün.

 

...Bu qədər fikir-xəyaldan sonra

başı gicəllənir,

özündən ixtiyarsız axıb-gedir gözləri

qəhvəxanadakı masa arxasında büzüşən o qocanın.

 

 

İonik

 

Bütlərini sındırıb,

məbədlərdən sürüyüb-çıxartsaq da,

tanrılar ölmüş sayılmaz, əsla!

 

Ey İoniya torpağı!

Onlar məhz sənə könül veriblər,

ruhları sənə bağlıdır hələ də.

Üzərində avqust şəfəqləri söküldüyü müddətcə,

havana can qatacaqlar.

Bir gün gələcək ki,

şəffaf görünən bir gəncin xəyalı

gah görünüb, gah gözdən itməklə,

yeyin addımlarla keçib-gedəcək

o təpələrin üzərindən.

Geri dön

 

Vaxtaşırı geri dön, ey sevimli şəhvətim!

Hə, geri dön və başdan-ayağa çulğa məni -

ruhumda xatirələr baş qaldırınca,

keçmiş ehtiraslar qanımda coşunca,

bu dodaqlarımla bədənim - bir əl toxunubmuş kimi -

qəfil titrəyincə, ürpəşincə.

 

Geri dön və çulğa varlığımı... gecə düşüncə

bu dodaqlarımla bədənim həsrətindən qovrulanda.

 

 

Çalış, ən azı

 

Əgər dilədiyin kimi alınmayıbsa taleyin,

çalış, ən azı

kirlətməyəsən onu

bu yer üzünün qələbəliyində,

öz əməllərinlə, deyib-danışdıqlarınla.

 

Onu böyrünə salıb, sürüdərək

endirməyəsən gündəlik həyatın,

insan münasibətlərinin,

yığıncaqların o adidən də adi səviyyəsinə...

yaşamaq ağır və ögey bir yükə çevrilsə belə.

 

 

On beş mart

 

Ehtişama can atma, ey ruhum,

ehtiraslarını cilovlaya bilmirsənsə,

barı, şübhəylə, diqqətlə göz qoy onlara.

Hər nə qədər yüksəlsən,

bir o qədər həssas, ayıq-sayıq davran onlarla.

 

Ən nəhayət, zirvəyə çatıb, Sezar olanda,

şöhrətin dörd cəhətə yayılanda,

bax, o zaman dörd yol ayrıcına yetişən

bir igid kimi gözlərini də dörd aç:

hamının gözü səndə ikən, hamı başına yığılmışkən,

qəflətən kütlənin içindən Artemidoros çıxıb,

əlindəki məktubla sənə tərəf yüyürüb:

"Təcili bunu oxuyun,

sizinlə bağlı ciddi məqamlara toxunulub", deyərsə,

saymazyanalıq etməyəsən, ha!

Elə o an bütün iş-gücünü bir kənara at,

başından et qarşında diz çökərək səni salamlayanları

(çünki onlarla sonra da görüşə bilərsən):

hətta bütün Senat da yolunu gözləyə-gözləyə qalsın -

sən isə vaxt itirmədən bax, gör axı nə imiş

Artemidorosun sənə gətirdiyi o vacib xəbər.

 

 

Boz rəng

 

Bu bomboz opal daşına sataşınca nəzərim,

vaxtilə heyran kəsildiyim

o kül rəngli gözlərini xatırladım mən:

aradan ən azı iyirmi il-filan keçib artıq.

 

Həmin eşq macəram bir ay ancaq sürdü.

Sonra o, məni tərk edib,

əgər yanılmıramsa, iş-gücüylə bağlı

İzmirə getdi və bir daha

həyatda heç rastlaşmadıq.

 

Əgər hələ həyatdadırsa,

o bozumtul gözləri, yəqin bir az da bozarmış olar,

yaraşıqlı sifəti isə, əlbət, saralıb-solar.

 

Ey yaddaşım, o gözləri məhz gördüyün kimi hifz eylə,

Ey yaddaşım, gücün yetdiyi qədər

o sevgidən geriyə qalan xatirələri qoru!

Bacardıqca daha dəqiq göstər mənə o yarın hüsnünü...

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!