Əslən azərbaycanlı olan Pınar Kür həm dili, həm də intellektual cəsarəti ilə türk ədəbiyyatında dərin iz buraxan yazıçılardan biridir. O, 1943-cü ildə Türkiyənin Bursa şəhərində anadan olub. Azərbaycandan olan atası Bəhram Kür Türkiyədə fransız dili və riyaziyyat dərslərini tədris edərkən anası, uşaq və yeniyetmə ədəbiyyatının görkəmli simalarından biri olan İsmət Kürlə tanış olaraq ailə həyatı qurub. Amerika və Fransada təhsil alan Pınar Kür Sorbon Universitetində "20-ci əsr teatrında reallıq və illüziya" mövzusunda doktorluq dərəcəsi alıb. Ankara Dövlət Teatrında dramaturq kimi fəaliyyət göstərib, daha sonra isə İstanbulun bir neçə universitetində mühazirələr deyib. İlk dəfə "Sabah sabah" romanı ilə oxuculara ədəbi kimliyini tanıdan Pınar Kürün əsəri 1976-cı ildə, nəşr olunduqdan 6 il sonra hərbi vəziyyət administrasiyası tərəfindən qadağan edilib. 1977-ci ildə nəşr olunan "Kiçik aktrisa" adlı əsərindən sonra qadınların sosial və cinsi təzyiqi məsələsinə toxunan "Asılacaq qadın" (1979) romanı da ədəbsizlik ittihamları ilə üzləşib və iki illik məhkəmə prosesindən sonra yenidən bəraət alıb. Onun əsərləri qadınlıq, azadlıq axtarışı və ictimai təzyiqlərlə üzləşmək kimi mövzuları araşdırır. Onun "Axını olmayan sular" adlı qısa hekayələr toplusu Sait Faiq Qısa Hekayə Mükafatlarına layiq görülüb. "Ədəbiyyat qəzeti" Pınar Kürün real hadisələrdən ilhamlanaraq yazdığı "Asılacaq qadın" romanından parçaları, eləcə də müəllifin kitabın qadağan edilməsi prosesində məhkəməyə təqdim etdiyi parçaları oxuculara təqdim edir.
Asılacaq qadın
Bir neçə il əvvəl ictimaiyyətin diqqətini cəlb edən və xalq arasında "Malikanə cinayəti" kimi tanınan işin məhkəmə prosesi dünən başa çatdı. Mələk Ebruzadə edam cəzasına məhkum edildi, onun ortağı Yalçın Özverən isə ömürlük həbs cəzası aldı.
Xatırladığınız kimi, şəhərimizin ən köklü (qədim) ailələrindən birinin üzvü, Ebru Mustafa Paşanın nəvəsi, tanınmış iş adamlarında biri olan Cəmil Ebruoğlunun əmisinin böyük əmisi oğlu Hüsrev (Xosrov - tərc.) Ebruzadə Boğaziçindəki malikanəsinin bağçasında ölü tapılmışdı; bir neçə il əvvəl gizlincə evləndiyi məlum olan kişinin həyat yoldaşı Mələk, gənc sevgilisi ilə əlbir olub yaşlı ərini öldürməkdə ittiham olunurdu. Böyük bir qalmaqala səbəb olacağı gözlənilən məhkəmə prosesi, məhkəmənin qapalı iclas keçirmək qərarından sonra hamı üçün sirli (gilzi) qaldı.
Dünən elan edilən qərardan sonra təqsirləndirilən şəxsin vəkili apelyasiya şikayəti verəcəyini bildirdi.
Faiq İrfan Elveririn gecəyarısı düşüncələri
Heç nə demədi. Məhkəmə boyunca ağzından bir kəlmə də çıxmadı. Bu mümkündürmü? Kimsə belə bir müttəhim görübmü? Onlar həmişə nəsə deməyə çalışırlar. Sənin soruşduğundan on dəfə çox şey izah etməyə çalışaraq, az qala, özlərini parçalayırlar. Onları susmağa məcbur etməlisən. Amma bu adam heç nə danışmadı, bütün sualları cavabsız qoydu. Qoy, belə qeyd edilsin. Son sözləri soruşulanda da susdu. Məhkəmə boyu bir suala da cavab vermədi. Həkim rəyi ilə onun kar və lal olmadığı təsdiqləndi. Daim susdu. Eləcə, donuz kimi baxa-baxa qaldı. Hətta son iclasda hökm oxunanda belə susdu.
Tak. Qələm sındı. Gözünü belə qırpmadı. Qələmin sınmasının nə demək olduğunu bilmirmi? Əlbəttə ki, bilir. Amma yenə də donuz kimi gözünü gözümə dikib baxır. O baxışları yaxşı tanıyıram. Nihal da illərdir mənə belə baxır. Bu cür insanların yeganə müdafiəsi sükutdur. Təhdid dolu baxışlarla baxmaq. Guya məni adam yerinə qoymur. O günlər keçib getdi. Bizlə insan kimi davranılmadığı günlər çoxdan geridə qalıb. Guya mənim də onun qədər pis olduğumu bildiyini düşünür və bildiklərini üzümə deyir. Qoy, bildiklərini izah etsin. Nə bilə bilərdi ki?! Əgər bir şey bilsəydi, həyatını xilas etmək üçün bir bəhanəsi olsaydı, bunu deməzdimi? (səh.11-16)
Kamerada Mələyin öz-özünə düşündükləri
Heç nə demədim, ağzımı da açmadım. Nə deyə bilərdim ki? Qarşımda qap-qara geyinmiş bir dəstə iri kişi dayanmışdı, onlardan biri qadın idi. Qadın daha mülayim, mehriban görünürdü, amma bütün kişilərin gözləri kinli, üzlərindən zəhrimar yağırdı. Xüsusilə də ortada oturan, gözləri nifrət dolu olan o nəhəng kişi. Əgər ona icazə versəydilər, üstümə hücum çəkib məni boğardı, eynilə Hüsrev (Xosrov - tərc.) bəy kimi, eynilə, ögey qardaşım kimi, digər bütün kişilər kimi, amma hamısından böyük, hamısından üstün o idi. O danışanda hamı susurdu. Kimə danışmağı tapşırsa, o da danışırdı. Nə deyə bilərdim? Belə bir kişiyə nə deyə bilərdim? Əlbəttə ki, heç nə demədim də. Nə deyə bilərdim ki?! Özləri hər şeyi, bir-bir, etdikləri hər şeyi danışdılar. Uşaqlara nə etdiyimi heç kim soruşmadı. Hüsrev bəyi mən öldürmədim, Hüsrev bəy ölmədi ki. Pişikləri, anamın əkiz körpələri, yaşlı qadın haqqında soruşmalı idilər. Bəli, onları öldürdüm, yox, öldürməsəm də, həmişə deyirəm ki, kaş ki, öldürə bilsəydim, amma Hüsrev bəyi öldürməyə nə haqqım var ki... (səh.49)
***
Aman Allahım, haradan gəldim mən buralara? Ay Allah, kaş bu dünyaya heç gəlməyəydim. Aman Allahım, bu həyatdan bezmişəm, bütün ömrüm boyu titrəməkdən bezmişəm, canımı al ki, azad olum...
Kim deyir ki, haqlısan, Mələk, günahın yoxdur? And içsəm, kim mənə inanar? Sən kimsən ki, andın qəbul edilsin? Xüsusilə də qara geyimli, daşürəkli, ən yuxarıda oturan, zəhərli baxışlara hakim olan o adam dediklərimə heç inanarmı? O qədər xain adamdır ki, ağzından bir söz çıxanda sanki qışın şaxtasında küləklər əsir. Onun qarşısında səsimi qaldıra bilərəmmi? Bu illər ərzində kimin qarşısında səsimi qaldıra bilmişəm? Guya səsimi çıxarsam nə faydası olardı ki?! Deyir ki, danış, nə deyə bilərəm? Deyir ki, izah et, nə izah edə bilərəm? (səh.77-78)
Pınar Kürün müdafiəsi
İstanbul İkinci Cinayət Məhkəməsinin hörmətli hakimi
"Asılacaq qadın" romanımın əsasını təşkil edən real hadisənin hekayəsini eşidəndə və asılmış qadının şəklini görəndə iyirmi bir yaşım var idi. Bu faciəli hekayənin mənə verdiyi dərin şok effekti uzun müddət davam etdi. Hekayə illərlə ağlımdan çıxmadı. Bu, çox uzun formalaşma dövrünə, iki il yarım intensiv masa başında işləməyimi də əlavə etsək, "Asılacaq qadın" romanı on beş illik əməyin məhsuludur.
Roman ilk dəfə 1979-cu uldə Bilgi Nəşriyyatı tərəfindən nəşr olunub, bir neçə nüsxə çap ediləndən sonra 1983-cü ildə Yazko, 1984-cü ildə Can Nəşriyyatı tərəfindən nəşr olunub. 1986-cı ildə Başar Sabuncu tərəfindən Uzman Film prodakşn adına çəkdiyi filmə uyğunlaşdırılıb və 1987-ci ilin aprel ayında Dövlət Şurasının qərari ilə ekranlara çıxıb. Türk kinosunu xaricdəki festivallarda təmsil edən film hələ də sinema klubların göstərdiyi filmlərin siyahısında yer alır.
1979-cu ildən bəri yüz minlərlə insan kitabı oxuyub, milyonlarla insan isə filmi kinoteatrlarda, klublarda, video formatda izləyib.
"Asılacaq qadın" romanı müdafiəsiz, çarəsiz və bədbəxt bir qadının, xarici dünyadan təcrid olunmuş, xəstə və dəhşətli dünyaya həbs edilmiş, zülmə, istismara və müxtəlif işgəncələrə məruz qalmış, nəticədə özünü müdafiə etmək üçün ağzını belə aça bilməyən bir obyektə çevrilmiş bir qadının hekayəsindən bəhs edir. Əlbəttə ki, o, bütün bunlara qarşı çıxır; qadını bu qeyri-insani vəziyyətdən xilas etməyə çalışan, lakin uğursuz olan bir gəncin dramını təsvir edir.
***
Romanımda bəzi təəccüblü, şokedici və narahatedici səhnələrin olduğunu qəbul edirəm. Lakin bu, məhz incəsənət və ədəbiyyatın funksiyalarından biridir: oxucunu şoka salmaq, xəbərdar etmək, onlara o günə qədər xəbərsiz olduqları və ya kifayət qədər əhəmiyyət vermədikləri müəyyən həqiqətləri qavramağa və anlamağa imkan vermək. Bu, əsrlər boyu adları xatırlanan sənətkarların və böyük yazıçıların etdikləri işdən başqa bir şey deyil.
***
Qərbdə keçmişdə kitab qadağaları olsa da, bu qadağalar həmişə məhdud və müvəqqəti olub, sözügedən kitablar sonradan "şah əsərlər" hesab edilib. Nasist Almaniyası istisna olmaqla, orta əsrlərdən bəri Qərbdə kitabların məhv edilməsi müşahidə olunmayıb. Hətta nasistlər tərəfindən məhv edilən kitablar, rejim çoxdan məhv edilib tarixin qaranlıq səhifələrinə məhkum edilsə də, hələ də yaşayır və ədəbi tarixin qızıl səhifələrini təşkil edir. Çünki sənət, ideyalar və ədəbi əsərlər bəşəriyyətin ən qalıcı yaradıcılığıdır. (səh. 147-151)
Dilimizə uyğunlaşdırdı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
