Əbədi tənhalıq (Hekayə) - Alfred POLQAR

Yəhudi əsilli Avstriya nasiri, dramaturqu, aforisti, ədəbi tənqidçisi və tərcüməçisidir. İstedadlı felyetonçu kimi uzun müddət aparıcı qəzetlərlə əməkdaşlıq edib. İlk kitabı 1908-ci ildə çap olunan "Şərin mənbəyi"dir. Bir çox səhnə əsərlərini alman dilinə çevirib, yaxud adaptasiya edib. Faşistlər iqtidara gəlincə, Parisə sığınıb. Fransa işğal olunandan sonra 1940-cı ildə əvvəlcə Madridə (İspaniya), oradan isə ABŞ-yə mühacirət edib. Hollivudda ssenarist kimi çalışıb, ABŞ vətəndaşlığı alıb. 1949-cu ildə isə Avropaya qayıdıb. Polqarın əksər əsərlərində qrotesk və parodiya ünsürləri böyük üstünlük təşkil etməkdədir. Əsərləri: "Hərəkət - hər şeydir", "Qara və ağ", "Bu münasibətlə", "Hə və yox", "Əsgərin dinc həyatı", "Talmın ölümü", "İsrafçılar".

 

Hə-ə, Tobias Klemmin tənhalığı başqalarınkıyla müqayisədə həqiqi tənhalıq sayılmalıydı.

Bir neçə milyon sakinə malik şəhərdə yaşasa da, özü ilə digər insanlar arasında o, hər hansı ortaq təmas nöqtəsi tapa bilmirdi. Bu isə onun milyonlarla insanı ayrı-ayrı fərdlər şəklində dərk eləyə bilməməsindən irəli gəlirdi, çünki bu biçimsiz insan kütləsini o, minlərlə yad bədənə xas buğ və nəfəslərdən yoğrulan iyrənc bir şey sayırdı.

Vecsiz bir qurumda katib vəzifəsində çalışan bu adam qəlbinin dərin guşəsində özünün bütün həmkarlarına aşkar nifrət və tükənməz biganəlik hissi bəsləyirdi. İşdənkənar mövzularla bağlı heç kim onunla bircə kəlmə də kəsməzdi. Cürbəcür evlərə gedərək, özgə camaşırlarını yuyan yaşlı bir qadının evində kirayədə qalırdı. Yaşadığı alaqaranlıq otaq cürbəcür mebellərlə dolu idi və adama elə gəlirdi ki, buraya onları sırf gərəksiz olduqları üçün yığıblar. Odur ki, Klemm bu mebellərlə öz arasına da bəlli bir məsafə qoyur, onlarla hər cür təmasdan çəkinirdi. Məsələn, uzandığı çarpayı qəfil cırıldayırdısa, o, bunu özünə qarşı  təxribat, ya da üstüörtülü etiraz aksiyası kimi dəyərləndirirdi. Axşam düşəndə yandırdığı şam ürkək-ürkək, bəzən isə candərdi yananda ona elə gəlirdi ki, hətta şam da öz faydasını ona çox görür. Əgər aynanın səthi ləkəylə örtülürdüsə, bunu da aynanın öz çöhrəsini ona tam dəqiqliklə göstərməkdən imtinası kimi başa düşürdü.

Klemmin yaşı artıq əlliyə yaxınlaşmışdı. Ömrünün son iyirmi ilini o, məhz bu cür, yəni dostlarsız, qadınlarsız yola vermişdi. Qayğısına qalacaq bir kimi-kimsəsi yox idi.

Bir gün tramvay yolunda baş verən bədbəxt bir hadisənin şahidinə çevrildiyi üçün onu məhkəməyə çağırdılar və bax, həmin gün onun yaddaşına həmişəlik həkk olundu. Məhz o gün Klemmdən adını, yaşadığı ünvanı, doğulduğu ili soruşdular və bu sayədə onun mövcudluğu kimdən ötrüsə bəlli bir əhəmiyyət daşımağa başladı. Son iyirmi il boyu yemək yediyi meyxanada onu sadəcə adsız biri kimi tanıyırdılar. Oturduğu masa arxasında heç kim əyləşmirdi, xörəkpaylayanlardan da heç kəslə o, mehriban münasibətlər qurmağa ehtiyac duymurdu. Orada sırf özünə aid küncdə, özünə tor quran bir hörümçək kimi varlığını davam etdirməyi uyğun görürdü və həmin məkana qədəm qoyduğu ilk gündən bəri, iriölçülü boz ləkənin ortasında qərarlaşan bir həyat nişanəsi kimi onun toru diqqətədəyməz bir şey sayılırdı. Hətta buradakı mövcudluğu da yaxın ətrafda hökm sürən şərtlərin xüsusi bir iltifatı idi: həmin şərtlər onu buradan süpürüb atmağa, ya sadəcə həvəs göstərmir, ya da bu hərifi yerli-dibli görməzlikdən gəlirdilər.

Beləcə, həm zaman, həm də onun ömrü-günü dadsız-duzsuz bir şəkildə keçib-gedirdi. Bir-birini təkrarlayan gecə və gündüzlər ondan ötrü qatı, həlməşik bir kütləni xatırladırdı: onlar Klemmin qarşısında əvvəlcə öz ağuşlarını açır, sonra isə eyni səssizliklə onun ardınca qaçışmaqla, bir-birlərindən tamamilə seçilməz olurdular. Əslində elə onun özü də üst-üstə qalaqlanaraq sıxlaşan zaman yumağından başqa bir şey deyildi və həyatdakı yeganə missiyası ağır-ağır və heç bir iz qoymadan sonsuzluğun qoynunda əriyib-getməkdən ibarət idi.

Bir gün ofisdən evə döndüyü zaman o, yaşadığı küçənin təlaşlı insanlarla dolub-daşdığına şahid oldu. Bu kütləyə qarışmağa məcbur qaldı. Tanımadığı bir qadın, o ara Klemmin əlindən yapışdı, bir kişi isə baş verənləri daha aydın görməkdən ötrü əliylə onun çiyninə dayaq verdi. O an Klemm öz həyatının ən bəxtəvər dəqiqələrini yaşadı. Dəstəyinə ehtiyac duyan insanların əlləriylə birbaşa təmas qurması ona görünməmiş həzz bəxş elədi. Ətrafındakılar həyəcanla çığır-bağır salsalar da, bunu niyə və nə üçün etdiklərini o, bilmirdi, ancaq buna rəğmən, onlara qoşulmuşdu artıq. Sonra Klemm bu qələbəliyə yaxınlaşan atlı polis dəstəsini gördü. O dəm kütlənin az əvvəlki bağırtısı qulaqbatırıcı bir uğultuya çevrildi və Klemm də bu barədə heç kəsdən geri qalmadı, yəni həm boğazını, həm də ağ ciyərlərini gücə saldı. Sonra atəş səsləri yüksəldi. Qorxu hissinə yenilən o insan seli çağlayaraq, çoxsaylı qollara ayrılmağa başladı və həmin qollar şırnaqlar şəklində şəhərin bütün səmtlərinə doğru yayılmağa başladı.

Həmin qarışıqlıq zamanı şlyapasını və əl ağacını itirən Klemm dalanların birinə burulduğu vaxt nəfəsi daralmaq üzrə idi. Özünü təlaşlı insanlarla ağzınacan dolu, kiçik bir pivəxanaya zor-bəla yetirə bildi. Məkandakı hər kəs küçədə baş verən hadisələrdən danışırdı. Klemm də bir ara bu söhbətlərə qulaq verdi, arada özü də nələrsə söylədi, pivəsini qurtumlayaraq, yumruğunu masaya çırpandan sonra təkrar pivəsini içməyə davam elədi. Sanki indiyədək o, çarəsizlik və zülmətin hökm sürdüyü bir səhrada uzun-uzadı, səfil-sərgərdan şəkildə gəzib-dolaşmış və məhz indi, məhz burada özünə güvənilən bir sığınacaq tapa bilmişdi. Bütün gecəni oradaca oturub, içki içdi, ara-sıra çılğınlıqla nələrsə çığırıb, durdu. Sonra müştərilər dağılışmağa başladılar, bunun ardınca işıqlanan hava, tənhalığın göndərdiyi məhkəmə icraçısı kimi, pivəxananın pəncərələrindən zəhmlə içəriyə boylandı: belə görünürdü ki, tənhalıq özünün bu girovunu hələm-hələm sərbəst buraxmayacaq.

Evinə tərəf üz tutduğu vaxt onun baxışları qəzet-jurnal köşkünün pəncərəsinə qoyulan bir qəzetin təzə nömrəsinə sataşdı. İlk səhifədə iri bir foto verilmişdi. Anlaya bilmədi ki, lül sərxoşdur, yoxsa elə olan-qalan ağlını da itirib. Axı bu, ancaq bir yanılğı ola bilərdi! Həqiqət ola bilməzdi! Onun qəzetin ilk səhifəsində verilən gülərüz fotosu küçədən keçənlərə gülümsəyirdi. Həm də bu  onun cavanlıq çağının fotosu idi: o vaxtlar Klemm qısa, topvarı bir saqqal saxlayırdı və çarpayısında uzananda, adətən onu tumarlayırdı. Fotonun altında iri və qalın hərflərlə yazılmışdı: Tobias Klemm.

On beş il idi ki, Klemm kirayə tutduğu otaqda yaşayırdı və bütün bu illər ərzində bir dəfə də olsun axşam saat ondan gec evə dönməmişdi. Gözlənilməz hadisələrlə dolu həmin gecə saat əvvəlcə on biri, sonra isə on ikini vurunca, öz kirayəçisinin başına nəsə bir qəziyyə gəldiyini təxmin eləyən ev sahibəsi, sən demə, polisə müraciəti uyğun görübmüş. Ağbirçək qadına bildirilibmiş ki, küçədəki qarşıdurmalar əsnasında bir nəfər ölüb və həmin adamın zahiri əlamətləri qadının təsvir etdikləri ilə tamamilə üst-üstə düşür. Sonra qadını bir maşına oturdub, polislərin müşayiəti ilə morqa aparıbmışlar. Kirayəçisinin həqiqətən də, öldürülə biləcəyini düşünən bu sadəlövh qadının canına həm qorxunc, həm də şirin  duyğulardan əsl vicvicə düşüb. Hətta o, qonşuların bu hadisəyə duyacağı marağı, onların nəzərində öz nüfuzunun qəfildən necə artacağını və bu hadisənin təfərrüatlarının təkrarlanacağını öz xəyalında dönə-dönə canlandırıbmış. Elə bu səbəbdən də adı bilinməyən o mərhum ilə Klemmin cizgiləri ağbirçəyin təsəvvüründə hələ maşın morqun girişində dayanmazdan öncə... eyniləşibmiş. Gözünün ucuyla meyidə nəzər salandan sonra qadın titrək əlləriylə başındakı yaylığın düyününü açaraq, həyəcanla udqunmuş, sonra isə uca səslə deyibmiş: "Əlbəttə ki, bu - odur..." Sonra da əlavə edibmiş: "Axı niyə belə oldu?!" Qısa aradan sonra öz sualını təkrarlayıbmış: "Axı niyə belə oldu?!"

Həmin gecə bu sadəlövh qadının gözünə yuxu getməyib. Yatağa girməyə macal tapmamış qapısını kəsdirən və ondan mərhum Klemmin hər hansı fotosunu yalvar-yaxarla istəyən qəzet müxbirinin də sözügedən yuxusuzluğa hər hansı dəxli-filanı yox imiş.

Bax, beləcə, yəni sırf qəzet sayəsində Klemm öyrəndi ki, azadlıq və ədalət uğrunda gedən mübarizədə o, dünənki gün polisin açdığı gülləyə tuş gəlib. Bir neçə qəzet də aldı. Hamısı Klemmdən yazırdı. Hə, sadəcə Klemmdən! Azadlıq və ədalət carçısına çevrilən bu adam ayaqlarının qəflətən halsızlaşdığını sezdiyi üçün yaxınlıqdakı meyxanaya girib, bir qədəh araq içmək fikrinə düşdü.

Bəs gəlin görək, o piştaxta qarşısına yığılan müştərilər həmin an kimdən danışırdılar? Klemmdən! Kaş görəydiniz ondan necə ağızdolusu söz açırdılar! Heyranlıqla, hərarətlə, canıyananlıqla danışırdı bu adamlar. Qəzet köşklərinin qarşısında onun xırda saqqallı portreti önünə yığışan insanlar da bir ağızdan təkrarlayırdılar: "Baxın ey, nələr baş verir, nələr!" Dünənə qədər nəhəng şəhərin digər tullantıları arasında hansısa bakteriyaya və ya heçliyə bərabər tutulan bu şəxs sayılı saatlar ərzində hamının diqqət mərkəzinə düşmüş və artıq yüz minlərlə insanın gerçək qəhrəmanına dönmüşdü. Onun adı küçələrdə necə sıx çəkilirdisə, sanardın ki, gözəgörünməyən iri bir zəng bu şəhərin səmasında yellənməklə, əməlli-başlı uğultu yaradır. Həmin uğultudan feyziyyab olan Klemm isə duyduğu həzzi daha da uzatmaqdan ötrü hələlik evə dönməmək və özünü "ölülüyə vurmaq" qərarına gəlmişdi.

Sonrakı günləri o, pulsuz-pənəsiz, bir səfil və dilənçi kimi sığınacaqlarda keçirməli oldu: o ara öz şöhrətinin görünməmiş bir sürətlə artdığını gördü. İş yoldaşları onun barəsində qəzet müxbirlərinə xeyli təfərrüatlar danışdılar və onların dilə gətirdikləri o şirin xatirələr Klemmin canına çim yağ kimi yayıldı. Elə ev sahibəsi də onun heyrətamiz cəhətləri barədə hər gün yeni-yeni təfərrüatlar açıqlamaqdan nə yorulmaq bilirdi, nə də usanmaq.

Klemmin özü də saatlarla oturduğu meyxanada "mərhum" qəhrəman barədə xatirələrini başqalarıyla bölüşür və vurğulayırdı ki, heç kəs o "rəhmətliyi" onun qədər yaxından tanıya bilməzdi. Bunu deyərkən, Klemmin gözləri geniş açılırdı, artıq yaşa dolmuş bir kişinin üzündəki çoxsaylı qırışların açdığı "arxlar" boyu dığırlanan göz yaşları onun sıx saqqalına doğru axırdı.

Nəşi torpağa tapşırıldığı vaxt o, özü də dəfnə gələnlərin ən ön cərgəsində dayanmışdı. Xeyli sayda insan isə digər məzarlar arasında saxlanılan geniş keçidləri tutmuşdu. Qara mahudla üzlənmiş kürsünün üstünə dırmaşan bir kişi isə var səsiylə bağırırdı: "O da bizlərdən biri idi!" İnsanların çoxusunun gözləri yaşarmışdı. Klemmin özü isə necə ucadan hönkürürdüsə, hamının diqqətini özünə kilidləmişdi və adamlar bir-birinə bunları pıçıldamalı olurdular: "Əlbət, bu kişi mərhumun lap yaxın qohumu imiş". Mövcud şərtlərdə, bəli, bu, məhz elə belə idi.

Parlamentin iclasında çıxış edən deputatlardan biri: "Biz cənab nazirin başı üstə bu bir cüt sözü əsl şimşək kimi guruldatmalıyıq: Tobias Klemm!" - sözlərini dediyi zaman Klemm öz şöhrətinin lap əlçatmaz zirvəsinə yüksəldi. Bu sayədə Klemmin taleyi birdəfəlik həll olundu: artıq o, özünün əvvəlki, yəni insan kimi, quru bir səsi xatırladan mövcudluğundan qopub, sıyrıldı və guruldayan bir cür söz şəklində yaşamaq həvəsinə qapıldı. Bu şərtlərdə əvvəlki həyata dönmək onun üçün ölümə bərabər idi, halbuki bir ölü kimi qalmaq da məhz... yaşamaq idi.

Öz həyatına daxildən yön verən bu amansız qanunauyğunluqlar ucbatından Tobias artıq əvvəlkindən daha betər bir yalqızlığa məhkum idi. Barı, əvvəllər cansıxıcı da olsa, ən azından sırf özünəməxsus bir "mən"i, yəni kimliyi var idi. İndi artıq bu da qeybə çəkilmişdi. Daha o, öz adından da məhrum olunmuşdu. Şöhrətə və zirvələrə uçub-yüksələn bu ad ondan tamamən uzaq düşmüşdü və onunku sayılmırdı artıq.

Bəs nəticədə geriyə nə qalmışdı? Öz ad-soyadından da məhrum qalan, zibillik künclərində yatan səfil dilənçi, insan varlığından geriyə qalan quruca skelet idi bizim Klemm. Elə bu səbəbdən öz ad-soyadını da itirən səfil-sərgərdan Klemmin qəlbində o gəbərdilən Tobiasa qarşı həsəd və nifrət hissi günbəgün alovlanmaqda idi. Buna görə də əvvəllər mərhum barədə sadəcə xoş xatirələrini paylaşan bu adam indi onun həyatına dair xoşagəlməz əhvalatlar danışmağa başlamışdı. Bunun isə axırı heç yaxşı qurtarmadı. Yaydığı xoşagəlməz iftiralara görə o, tamamilə haqlı olaraq, söyülüb-döyülməklə, hər yerdən qovuldu.

Ancaq tuş gəldiyi bu cəzalar onun nifrətini daha da körüklədi və bir uğursuzluq digərini də öz yedəyində çəkib gətirdi. Adam özünü inandırmışdı ki, digər Klemm, yəni o məşhurlaşan Klemm onu aldatmaqla, hər şeyini əlindən-ovcundan alıbdır, buna görə də addımbaşı onu pisləyib yamanlamağa özünün tam mənada haqqı çatır.

Klemmin məzarı üstə, qısa kəsilmiş bığlara malik, ideal bir kişi profili şəklində qoyulan barelyefin səthinə söyüşlər yazmağa cəhd göstərərkən onu yaxaladılar. Bu əməlinə görə onu, hətta  türməyə salmaq fikrinə də düşdülər. Ancaq o, israrla hamıya izah eləməyə çalışırdı ki, altında başqa birisinin yox, məhz özünün (!) yatdığı bu abidəyə münasibətdə o, istədiyi kimi davranmaqda sərbəstdir. Bu məntiqsiz iddianı eşidənlər isə artıq onu dəlixanaya göndərməyi daha uyğun saydılar.

Şəhərdə yayılan epidemiya, hər kəs kimi, dəlixana sakinləri arasında da yayıldı və xəstələnən beş-on nəfərdən biri də elə Klemm oldu. Digər qədər yoldaşları kimi, onun da cəsədini morqdakı masanın üstünə uzatdılar, səhəri gün bu nəşlərin hamısını ümumi bir məzara göməcəkdilər. Ancaq bundan əvvəl oraya baş çəkən həkim tapşırdı ki, yarılmaqdan ötrü məhz Klemmin cəsədini onun yanına gətirsinlər.

Anatomiya otağına daşınan meyitin qarın boşluğunu yaran həkimlər zor gücünə açılan bir masa siyirməsinə giribmiş kimi, orada maraqla və bir qədər eşələndilər. Cəsədi yarmağın yardımçı diaqnostik üsul sayılmasının doğruluğundan növbəti dəfə xatircəm olduqdan sonra Tobiasın qarnını tikdilər və onu təkrar aparıb, götürüldüyü morqa qoydular. Məlum oldu ki, onun yoldaşları artıq dəfn olunub. Hələ dəfn zamanı da məzarçılar ölənlərdən hansınınsa əskik olduğu fikrini bir-birləriylə bölüşübmüşlər.

Geri dönüncə, Klemmin təkrar öz əvvəlki yerində uzandığını görən məzarçılar zarafatla deyibmişlər ki, yəqin meyitlər daşındığı vaxt bu ölü qısa müddətə "bayıra çıxıbmış". 

Məzarçılardan biri belə deyibmiş:

- Ha-ha-ha, yəqin bu hərif o ara bizim də gözümüzdən yayınıbmış!

- Ya da sağ ikən də onun qara camaata qaynayıb-qarışmaqdan zəndi-zəhləsi gedirmiş!

Sırf elə bu səbəbdən Klemm ayrıca məzarda dəfn olundu.

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!