Müasir Amerika ədəbiyyatının ən görkəmli yazıçılarından biri hesab edilən Qetryud Stayn 1874-cü il fevralın 3-də Pensilvaniya ştatının Alleqeni şəhərində (indiki Pitsburqun bir hissəsi) doğulub. Kaliforniyanın Oklend şəhərində böyüyüb. Radklif Kollecində filosof Uilyam Ceymsin psixologiya dərslərində iştirak edib və sonra Cons Hopkinsdə tibb təhsilinə başlayıb, lakin burada təhsilini yarımçıq qoyub. Stayn 1903-cü ildə Parisə köçüb və ömrünün sonuna qədər Fransanı öz evi hesab edərək orada yaşayıb. O, dövründə və hazırda dünyada dahi hesab edilən Pablo Pikasso, Ernest Heminquey, F.Skot Fitscerald, Sinkler Lüis, Ezra Paund, Şervud Anderson, Henri Matis kimi ədəbiyyat və incəsənət adamlarını evində qonaq edib onlarla yoldaşlıq edib. XIX əsr ədəbiyyatının ənənəviliyindən uzaqlaşan Stayn, romanlar, şeirlər, pyeslər və xatirələr də daxil olmaqla onlarla əsər yaradıb. Yazıçının ən məşhur əsərlərindən biri olan "Üç həyat" kitabından hissələri təqdim edirik.
Anna çətinliklərlə, məşəqqətlərlə dolu bir həyat yaşayırdı.
Xanım (Miss) Matildanın kiçik evi bütünlüklə Annanın nəzarətində idi. Qəribə, balaca bir ev idi; hamısı bir-birinin eynisi olan, sıra ilə düzülmüş evlərdən biri... Evlər dik yamacdan enməyə başlayan küçədə elə inşa edilmişdi ki, sanki hamısı əvvəlcə səliqəylə ard-arda düzülmüş, sonra bir uşaq tərəfindən dağıdılan domino daşları idi. Qəribə, balaca evlər idilər; hamısı iki mərtəbəliydi, hamısının fasadı qırmızı kərpicdən idi və uzun ağ pilləkənləri vardı.
O kiçik evdə həmişə Miss Matilda, bir qulluqçu, küçə itləriylə pişikləri və Annanın bütün günü danlayan, idarə edən, deyinən səsi eşidilirdi.
***
Şişman və tənbəl Miss Matilda üçün həyat həmişə çox asandı, təki Anna onun ardınca gəzib tökdüklərini yığışdırsın, pal-paltarlarına və əşyalarına nəzarət eləsin. Amma təəssüf ki, bu dünyamızda hər şey həmişə yolunda getmirdi. Şən Miss Matildanın da Anna sarıdan bəzi çətinlikləri vardı.
Hər istədiyini yerinə yetirən birinin olması xoşdu, amma öz istəklərini ifadə etməyib, sadəcə axmaq kimi tələb etdikdə, o anda ən çox istədiyin şeyi əldə edə bilməmək çox vaxt məyusedici olurdu.
Dostluqda güc həmişə ikinci plana düşür (aşağıya doğru enir). İnsanın idarə etmək gücü yox olana qədər yüksəlir və insan həqiqətən, məğlub olmadığı, əksinə, qalib gəldiyi andan etibarən gücü tədricən azalır və güclü olmaqdan uzaqlaşır.
Dostluq yaxşılıqla qidalanır. Araya həmişə bir ayrılıq, ya da daha güclü bir qüvvənin müdaxilə təhlükəsi var. Təsir yalnız bir insanın həqiqətən, heç vaxt qopub gedə bilməyəcəyi vəziyyətdə sabit irəliləyişə çevrilə bilər.
***
Anna həmişə dost olacaq yeni insanlar tapırdı, o insanlar ki, adətən kasıblara xas olan mehribanlıqla Annanın qazandıqlarını xərcləyib, sonda da ödəniş əvəzinə vədlər verərdilər. Anna əslində bu insanların yaxşı olacağına heç vaxt inanmazdı, amma onlar etməli olduqlarını etmədikdə, borc verdiyi pulu qaytarmadıqda, diqqətinə layiq görülmədikdə, Annanın dünyaya qarşı qəzəbi daha da güclənirdi.
Yox, onların heç birinin düzgün davranış tərzinin nə olduğu haqqında təsəvvürü belə yoxdu. Ona görə də Anna bu hərəkətini çarəsizcə təkrarlardı.
Kasıblar sahib olduqları şeylərlə səxavətlidirlər. Onlar həmişə əllərində-ovuclarında nə varsa, verirlər, amma bu alıb-vermə onların gözündə hədiyyə verənə qarşı heç bir borc hissi yaratmır.
Anna kimi qənaətcil bir alman belə, bütün əmanətlərini verməyə hazır idi, ona görə də xəstələnsə və ya qocaldıqda işləyə bilməsə, özünə qulluq üçün kifayət qədər pulunun olacağına əmin deyildi.
***
Köhnə dostluqda ciddi xəyal qırıqlığı yaşanıbsa, sonra o dostluğu yenidən qurmaq çətindir. Hər iki qadın da dost olmaq üçün əllərindən gələni etdilər, amma bir daha heç vaxt yaxınlıq hiss etmədilər. Aralarında danışa bilmədikləri çox şey vardı, bunlar nə izah edilmiş, nə də bağışlanmışdı.
Annanın əslində ehtiyacı olan şey ara-sıra dincəlmək və güc toplamaq üçün daha çox yemək idi, amma bunlar Annanın özünün etməyə razı sala biləcəyi son şeylərdi. Anna heç vaxt dincəlməzdi. Bütün qış olduğu kimi, yay boyu da çox işləməliydi, əks halda, dolanışığı təmin edə bilməzdi. Həkim ona güclü olmağı üçün dərman yazmışdı, amma bu da kömək etmirdi.
Anna hər gün daha çox yorğunlaşırdı, baş ağrıları daha tez-tez və daha narahatedici hal almışdı, demək olar ki, daim özünü pis hiss edirdi.
Annanın vəziyyəti bu qış daha da pisləşdi. Yay gələndə həkim qətiyyətlə bildirdi ki, o, artıq bu cür yaşamağa davam edə bilməz.
***
Melankta Herber gördüyü hər şeyi istədiyi üçün daim sahib olduğu şeyləri itirirdi. Melankta heç vaxt başqalarını tərk etməsə də, başqaları onu həmişə tərk edirdi.
Melankta Herber həmişə həddindən artıq və həddindən çox sevirdi. Həmişə sirli, incə jestlərlə, qeyri-müəyyən narahatlıqlar və mürəkkəb məyusluqlarla dolu idi. Günlərin bir günü Melankta impulsiv halda bir inanca sonsuz dərəcədə özünü qapdırardı, ona sadiq qalardı və sonra onu yatırmağa cəhd göstərərkən əziyyət çəkər, güclü qalmağa çalışardı.
Melankta Herber həmişə sülh və sakitlik axtarırdı, amma o, yalnız başını bəlaya salmağın yeni yollarını tapırdı.
Melankta tez-tez, bu qədər depressiyaya rəğmən özünü necə öldürmədiyini düşünürdü. Çox vaxt o, bunun həqiqətən, edə biləcəyi ən yaxşı hərəkət olduğunu düşünürdü.
***
Zərif ürəkli insanlarda, güclü ehtiraslar yaşamayanlarda əzab çəkmək dərilərinin daha da qalınlaşmasına gətirib çıxarır. Bu insanlar əzabın nə olduğunu bilmədikləri vaxtlarda, əzab çəkmək onlara dəhşətli görünür; onlar əzab çəkən hər kəsə kömək etmək üçün alışıb-yanırlar və həqiqətən, əzab çəkməyi bilən hər kəsə həmişə dərin hörmət bəsləyirlər. Amma əsl əzab çəkmək növbəsi onlara çatanda qorxularını, incəliklərini, heyranlıqlarını tezliklə itirirlər. Hətta mən də belə, buna dözə bilirəm, bəs niyə əzabı şişirtməliyəm?.. Daim əzab çəkmək və dözmək çox xoş deyil, amma sadəcə dözməyi bildikləri üçün başqaları daha müdrik hesab oluna bilməz.
Təbiətcə ehtiraslı olanlar əziyyət çəkmək üçün həmişə nələrsə tapırlar; hisslərini həyəcanları qədər dərindən hiss edənlər əziyyət çəkəndə həmişə ürəyiyumşaq insana çevrilirlər və əzab çəkmək onlara həmişə yaxşı təsir edir. Yumşaqürəkli, ehtirassız və həmişə "hazıra nazir" olanlar əzab çəkəndə həmişə sərtləşir, kobudlaşır, dəriləri qalınlaşır, nə vaxtsa əzab çəkən hər kəsə qarşı olan qorxularını, hörmətlərini və heyranlıqlarını itirirlər. Çünki onlar indi əzabın nə olduğunu özləri də bilirlər və başqaları qədər əzab çəkməyi öyrəndikdə, əzab artıq o qədər də dəhşətli görünmür.
Hazırda vəziyyət Cef Kempbel ilə də eynən belə idi. Cef artıq əzabın nə olduğunu dərindən bilirdi və bunun sayəsində Melanktanı hər gün necə daha yaxşı başa düşəcəyini bilirdi. O, hələ də Melanktanın yalnız ona bağlı olduğuna şübhə etmirdi, amma nədənsə onun sevgisinə həqiqi mənada inana bilmirdi.
Melankta Herber Cefin eyni sualı təkrar verməsinə bir az qəzəblənərək dedi:
- Mən əvvəllər heç kimə mənimlə olmaq üçün ikinci şansı verməmişəm, Cef, amma sənə, bəlkə də yüzüncü şansı verirəm, başa düşürsən, elə deyilmi?
Cef qəzəblə qarşılıq verdi:
- Əgər məni həqiqətən, sevirsənsə, niyə də milyon dəfə şans verməyəsən ki?!
- Belə bir şeyə layiq olub-olmadığını bilmirəm, Cef Kempbel.
- Sənə hər zaman dediyim şey layiqolma məsələsi deyil, Melankta. Bu sevmə məsələsidir və əgər sən məni həqiqətən, sevirsənsə, bunu şans adlandırmazdın.
- Doğrudan, Cef, mən heç vaxt belə düşünməmişdim. Sən çox ağıllısan, Cef.
***
Cef Kempbel bir də heç vaxt Melanktadan onu sevib-sevmədiyini soruşmadı. Aralarındakı münasibət getdikcə pisləşirdi. Cef həmişə Melanktanın yanında çox sakit idi. Artıq onunla dürüst olmaq istəmirdi və artıq Cefin ona deyəcək sözü də yox idi.
Birlikdə olanda ən çox danışan Melankta olurdu. Daha Melanktanın yanında tez-tez başqa qızlar olurdu. Melankta həmişə Cef Kempbellə mehriban davranırdı, amma artıq onunla tək qalmağa ehtiyac duymurdu. O, həmişə Cefə ən yaxın dostu kimi yanaşırdı və həmişə onunla belə danışırdı, amma artıq onu tez-tez görmək də istəmirdi.
Cef Kempbel üçün vəziyyət hər gün daha da çətinləşirdi. Sanki Melanktanı həqiqətən, sevməyi öyrəndikdən sonra Melanktanın artıq ona ehtiyacı qalmamışdı. Cef bunu öz daxilində çox yaxşı başa düşməyə başlamışdı.
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
