Merethe Lindstrom müasir Norveç ədəbiyyatında seçilən yazıçılardan biridir. O, 1963-cü ildə Bergen şəhərində anadan olub. Ədəbi fəaliyyətinə 1980-ci illərin sonlarında başlayıb və hekayə, roman, esse janrlarında əsərlər qələmə alıb. Lindstromun yaradıcılığında insan münasibətləri, susqunluq, günah və yaddaş kimi mövzular mərkəzi yer tutur. Onun dili sadə, lakin dərin psixoloji qatlarla zəngindir. Yazıçı ən çox "Dager i stillhetens historie" (Sükutun tarixində günlər, 2011) romanı ilə tanınır; bu əsərə görə o, həm Norveçin ən nüfuzlu mükafatı sayılan Kritikerprisen, həm də Şimali Avropa Ədəbiyyat Mükafatı - Nordisk Rads litteraturpris ilə təltif olunub. Lindstromun hekayələri də geniş oxucu auditoriyası qazanıb; o, qısa hekayə janrının müasir Skandinaviya ədəbiyyatında ən güclü nümayəndələrindən hesab olunur.
Bir dəfə onu, bıçaqla hədələmişdilər.
Başqaları dəhşətli təcrübələrdən danışarkən, həmişə bunun çox tez baş verdiyini deyirdilər. Amma yaşadıqları heç də bir göz qırpımında gəlib keçməmiş, hər saniyəsini hiss etmişdi. Karin metro ilə rəfiqəsigildən evinə qayıdırdı. Qucağında yatan qızına görə qapıdan girən kimi ən yaxın oturacağa seçmişdi. Həm qızını qucağında saxladığı üçün, həm də körpənin yatmaq istədiyinə görə qapılar açılan kimi özünü oturacağa atdı.
Qorxulu hadisələr başlayarkən gecənin gec saatları idi, üç yaşlı uşaqla çölə çıxmaq üçün çox gec idi. O, taksi tuta bilərdi, lakin onlar T-Bane stansiyasının yaxınlığında yaşayırdılar. Seçimini qatardan yana istifadə etdiyi üçün peşman olacaqdısa belə, hələ bundan xəbəri yox idi. O, Şərqə gedən xətlərdən birində yerüstü stansiyada, platformada tək dayanıb, qatar gözləyirdi. Qatarın qapıları qarşısında açıldı, tələm-tələsik içəri girdi, səsgücləndiricidən gələn elektron səs qapıların bağlandığını elan edərkən bir kişi peyda oldu, az qala, bağlı olan qapıları tutub içəri girdi. Qatar asta-asta hərəkət etməyə başladı və son anda özünü vaqona atan kişi Karinlə üzbəüz oturacaqda oturdu. Kişinin baxışlarından narahat olan Karin pəncərədən bayıra baxdı, fikrini dağıtmağa çalışsa belə, alınmadı, "kaş hələ də platformada dayanaydım", - deyə pıçıldadı.
Bir neçə dəqiqə sonra qatar tunelə girdi.
Qadın qatarın tunelə girən kimi necə sürətləndiyini və silkələndiyini bütün bədənində hiss etdi.
Üzünə düşən kölgənin səbəbini tapmaq üçün gözlərini yuxarı qaldıranda qarşısında əlində bıçaqla duran kişini gördü. İndi soruşanda belə, nə kişinin üzü, nə də onun bir işarəsi yadına gəlmir. Sanki buğlanmış pəncərədən küçəyə baxarkən gördüyü şeylər kimi, hər şey bulanıq idi. Yadına gələn təkcə bir əl və bıçaq idi.
***
Həmin gün, səhər Karin şəhərin qərbindəki ictimai hovuzlardan birinə getmişdi, hələ də günəşi hiss edirdi, dərisi qızırdı, az qala yanırdı. O, qızı ilə dayaz hovuzda dayanıb fərqli səslərdən ibarət, bitməyən musiqiyə qulaq asırdılar, sanki nağara içərisində idilər, musiqinin səsindən körpə doyunca əylənsə belə, Karinin sanki qulaqları batırdı. Hər saniyə artan isitilik göydən elə bil ağır-ağır onun üstünə tökülürdü. Həmin an yuxuda olduğuna, hətta bəlkə heç vaxt oyanmadığına inanırdı. İndi də özünü hovuzun yanında hiss etdiyi kimi hiss edirdi, sanki o burada yoxdur və heç vaxt olmayıb.
Bıçaq birbaşa ona tərəf yönəlməmişdi; kişi bıçağı tutduğu əlini belinə yaxın saxlamışdı, lazım gələrsə, silahı gizlətməyə hazır idi. Qadın əmin idi ki, kişinin əlindəki bıçaq çox böyük və qucağındakı qızından cəmi bir neçə santimetr uzaqdadır. Karin bunu başa düşəndə, elə bil göydən möhkəmcə yerə çırpıldı, yuxuda olub-olmadığını indi başa düşürdü. Hər şey çox qorxulu və gerçək idi. Kişinin baxışı ginekoloqa, gözətçiyə və ya səlahiyyətli bir adama aid ola bilərdi. Bu kişi hamı kimi idi. O anlardan Karinin içində hiss etdiyi şeylər çox köhnə idi, uşaqlıqdan ona qalan köhnə dost kimi acizlik hissi sarmışdı bədənini.
Çantanızda nə var? - deyə soruşdu kişi, - çantanızda nə varsa, onu istəyirəm.
Karin qızının başının sürüşdüyünü hiss etdi, diqqətlə onu köksünə basdı və bədəninin yuxarı hissəsi ilə yellənməyə başladı.
Qucağındakı körpə oyanıb bu dəhşətli səhnələri görməməli və qarşısındakı kişi başa düşməli idi ki, qucağında uşağı olan bir qadını soymağa çalışır.
***
Keçən il, bu vaxtlarda yuxudan heç vaxt oyanmadığı qədər sakit oyanmışdı. Səhər saat altı idi. Həmişə olduğu kimi, qızını oyadıb, onunla oynamaq üçün uşağın otağına getmişdi. Karin otağın qapısına çatarkən, içəridən gələn kəskin qusmaq qoxusundan diksinib tez özünü otağa atmışdı. O, Hildenin yorğanını çəkib, qızının qızdırmadan od tutub yanan bədəninə toxunmuşdu. Qızın dərisi çox isti idi, ürəyi zəif döyünürdü.
Kişi onların başı üstündəki pəncərəyə yumruğunu vurdu. Hilde səsə diksinsə belə, oyanmadı. Karin qorxudan donub qalmışdı. Qızının boynu nəm idi, yuxuda tərləyirdi. Karinin üzü qızının saçının yanında idi, hələ də onun iyini hiss edirdi. Çantasında nə varsa, istədiyini təkrarladı kişi. Karin qızını özünə bir az da möhkəm sıxdı. Kişi bir az da bıçağı uşağa yaxınlaşdırdı. Əgər qadın uşağının sürüşməsinə icazə versə, qızı bir neçə santimetr belə, yerindən tərpənsə, bıçaq uşağın boğazına batacaqdı. Karin bir az da möhkəm-möhkəm qucaqladı qızını. Uşağı qucağından yan oturacağa qoyub çantasında nə varsa, verməyi fikirləşəndə ağlına gəldi ki, uşaq oyana bilər və daha da artan qorxu hissi ilə ürəyi bulanmağa başladı.
Çətinliklə də olsa, çantasını nəzərdən keçirdi, diqqətlə bütün cibləri axtarmağa başladı, cibini açdı və çanta bir azca sürüşdü, içindən ünvan kitabçası, daraq, bir paket salfet, Hilde üçün gətirdiyi kiçik bir kisə jelatin meyvəsi kimi şeylər yerə səpələndi. Pul kisəsini açdı, kredit kartlarını və pulunu tapdı; qadının beş yüz krondan bir qədər çox pulu var idi və çantasının boş olmadığı üçün sevinirdi. Çünki bu pulu kişiyə verib özünü və qızını xilas edə bilərdi. Ön cibindəki pasport şəkillərinə nəzər saldı; o da, qızı da iri gözləri ilə eyni yerə baxırdılar, bir anlıq qızının yuxudan oyanıb, kişiyə baxdığını düşündü.
- Cib telefonunuz, - dedi kişi.
Çantasında olduğunu düşündü Karin, amma orada deyildi. Çantasını açıb bütün bölmələrini yoxladı. Qadının qorxusu yenə eyni sürətlə və kəskin şəkildə geri qayıtdı və onun, telefonunu gödəkçəsinin cibinə, yatmış qızının düz altına atdığı yadına düşdü.
Telefonu götürmək üçün qızını tərpətməli idi və Hildenin oyanıb, onları daha da təhlükəliyə atacağını düşünürdü.
***
Onlar səhər tezdən xəstəxanaya getmişdilər, əri hələ də boş küçələrdə şütüyür, Karin isə bütün yolboyu Hildeni qucağında saxlamışdı. Hilde bir dəfə də xəstəxana yolunda anasının çiyninə qusmuşdu. Xəstəxanaya çatdıqdan sonra onlar təcili yardım otağının girişindən kənarda dayandılar. Qızları yavaş-yavaş onlardan uzaqlaşırdı. Həkimlər Hildeni müayinə edib yatızdırdılar. Karin əri ilə birlikdə gözləmə otağına göndərilməzdən əvvəl qızının əlindən tutaraq bir müddət onun yanında qaldı.
Ər-arvad gözləmə otağında nələr baş verə biləcəyini düşünmək üçün ayrı-ayrı kreslolarda səssizliyə qapıldılar.
Kişinin səssizliyindən başa düşdü ki, hələ də qane olmayıb. Nəsə etməli olduğunu düşünüb, əlini Hildenin altına sürüşdürdü, qızını yellədi və təsəlliverici nəsə pıçıldadı, pencəyinin cibini açmağı bacardı. Cib telefonunun hamar səthinə toxunub onu götürdü.
Qızı heç nədən xəbərsiz, qucağında yatırdı.
Qadın işini dəqiqliklə görən usta kimi telefonu gözdən keçirdi. Onun cib telefonu bahalı idi, lakin təzə deyildi. Karin bir çox insanlar kimi şəxsi əşyalarına bağlı deyildi. Bu telefon, sadəcə insanlarla əlaqə saxlaya bilmək üçün bir alət idi onun üçün. Qızını xəstəxanaya çatdırarkən necə qucaqlamışdısa, bu gün də eləcə basmışdı köksünə. Kişi telefonu götürsə də, hələ də bıçağı əlində idi. Telefonu ovcunda ora-bura çevirir, nəsə axtarırdı. Sonda SİM kart olan hissəni tapdı. Cibindən incə tel götürüb SİM kartı çıxartdı. Kişi Karinin SİM kartı əvəzinə özününkünü taxdı.
Karin üçün nəfəs almaq hər saniyə keçdikcə daha da çətinləşirdi, bir yandan qorxu və həyəcan, digər tərəfdən isə qucağında tutduğu qızının ağırlığı ona inanılmaz çətinlik yaradırdı.
Növbəti stansiyaya çatarkən, kişi sakitcə bıçağını gizlədib öz yerində oturdu. Qapılar açıldı. Heç kim gəlmirdi. Yarım dəqiqə burada gözlədikdən sonra elektron səs ölüm səssizliyi ilə dilləndi:
"Qapılar bağlanır".
Karin son ana qədər kiminsə gələcəyinə ümid etdiyi üçün baxışları platformada idi. Qapılar bağlanan kimi kişi yenidən yerindən ayağa durub onlara yaxınlaşdı.
***
Gecəboyu xəstəxanada Hildeni gözləyərkən, su içmək üçün girişin solundakı soda aparatının yanına getmişdi. Orada qapıdan içəri girən qadının gözlə görünən heç bir zədəsi yox idi, lakin üzündəki ürküdücü ifadə heç vaxt Karinin ağlından çıxmamışdı. Tibb bacıları qadının qollarından tutmuşdular, qadın isə dayanmadan hönkürtü ilə ağlayır, nəsə demək istəsə belə, hıçqırıqdan boğulurdu.
İki gün qızlarından uzaq qaldıqdan sonra yenə eyni küçələrlə, bu dəfə isə tələsmədən, ailəlikcə evlərinə dönürdülər. Hilde sağalmışdı və anası ilə yeni bel çantasının necə olması barədə danışırdı.
Hər şey yaxşı getmişdi.
Bu dəfə isə qatarda qucağında yatan qızı gözlərini azca aralayıb sual dolu baxışlarla anasına baxdı. Karin Hildenin üzünü sinəsinə sıxıb:
"Qorxma, heç nə olmayıb. Yorulmusan sadəcə", - dedi.
Karin nə etsə belə, Hilde yuxudan ayıldı. Anasının qucağında vaqonun içinə boylandı. Qarşılarında oturan kişini görüb ona gülümsədi. Karin isə kişinin üzünü ilk dəfə bu qədər aydın gördüyünün fərqinə vardı. Vaqon sanki günəşlə aydınlatılmışdı.
Qatar növbəti stansiyaya girərkən, kişinin belində gizlətdiyi bıçaq hələ də görünürdü. Karin çox narahat idi, Hilde isə susamışdı.
"Daha içə bilməzsən", - dedi Karin, qızının əlindən su butulkasını alaraq. Hər şey bitmiş kimi görünsə belə, qadının səsindəki qorxu bilinirdi.
Qadın nə olduğunu başa düşmədən kişi yenidən bıçağı çəkib onların üstünə gəldi. Ana və qızının qorxudan nəfəsləri tutulmuşdu.
Karin bıçağı görən kimi təcili əyləcə nəzər saldı. Təcili əyləclər həmişə açıq idi, lakin onlardan istifadə edən yeganə insanlar əylənmək üçün onları çəkən uşaqlar idi. Təcili əyləc, bəlkə də artıq işləmirdi. Maşinist onlara çatacaqdımı? Amma bunları düşünəcək vaxtları qalmamışdı və indi təcili əyləci çəkmək Karinə tək məntiqli çıxış yolu kimi görünürdü.
Qadın tez ətrafına baxmağa başladı. Tuneldən çıxırdılar artıq.
Başqa bir şeyiniz var? - deyə soruşdu kişi.
Karin ilk dəfə idi onun gözlərinə və dodaqlarına baxa bilmişdi, kişinin üzündə fərqli ifadə var idi - saat, ya da bir zinət əşyası, üzük arzusunda olduğunu düşündü. Onun heç nəyi yox idi; heç vaxt üzük taxmırdı. Karin başını tərpətdi. Üzr istədi, peşman oldu, sanki ondan nəsə istəməyə haqqı varmış kimi hiss etdi və onu məyus etdi. İçəri girib bıçağı çəkəndə bunu qəzəb kimi yozdu. Amma qəzəbli deyildi. Onun emosiyaları artıq qəzəbə bənzəmirdi. Bəs o nə idi?
O, sakit idi.
Günahkarlıq, heç bir günah hiss etmədimi?
Başqaları da belə şeylər yaşayıblar, - deyə düşünürdü. Həmin gecə xəstəxanaya girən qadının üzündəki ifadənin eynisi bu dəfə Karinin üzündə idi - qorxu...
Sakit qalmaq lazım idi.
***
Kişi telefonu yenidən cibinə qoydu. Onun üzü yarı örtülü idi; amma indi onu daha yaxşı görə bilirdi. O, gənc idi, yüngül, dalğalı saçları və uzun barmaqları vardı. Onun nəyə oxşadığını xatırlamalıdı, amma niyə xatırlasın? Sadəcə onu unutmaq istəyirdi.
Kişi yerindən tərpənib, oturacağın o biri ucuna keçdi, artıq Karinə baxmır, hələ də bıçağı əlində saxlasa belə, ona tərəf tutmurdu. Qorxmağa başladığını görüb qızına gülümsədi. Hilde çaşqın görünür, nələrin baş verdiyini başa düşmürdü, Karin isə əlində bıçaqla oturan kişinin gözlərini görmək istəyirdi.
Fikirləşdi: O, haradandır? O kimdir?
Onlar az qala, yeni stansiyaya çatmışdılar və Karin nəsə etməyə hazırlaşdığını bilirdi. İşini bitirmişdi. Hilde onun yanında oturmuş, ayaqlarını yellədib, ağ ayaqqabılarını bir-birinə vururdu. Yerindən qalxan kişi bircə addım sonra əlindəki iri, köhnə və parıldayan bıçaqla onların qarşısında dayanmışdı.
Kişi Hildenin qolundan tutub özünə çəkdi. Müqavimət göstərməyin nə demək ola biləcəyindən qorxan Karin onu tutmağa cəsarət etmədi.
"Zəhmət olmasa", deyə bildi təkcə.
Karin bilirdi ki, kişi ona qulaq asmır, hər şeyin belə bitməməli olduğunu düşünsə belə, astaca qızının qolunu buraxdı. Bu anda qatar qaranlıq tuneldən çıxıb növbəti stansiyaya çatmışdı. Platformada dayanan adamları görən kişi indi ağlayan Hildedən ayrılaraq platformaya, pilləkənlərə doğru qaçaraq getdi. Bircə saniyə sonra o yoxa çıxmışdı.
Digər sərnişinlər içəri girib əyləşdilər. Qatar hərəkətə başladı. Qadın çölə baxdı və onlar hələ də öz əksini görə bildiyi tuneldə idilər.
Tərcümə etdi: Malik ATİLAY
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
