İvan QOLL
(1891-1950)
Əsl adı-soyadı İsaak Lanq olan bu fransız yazar Avropa modernizminin və əsasən də alman ekspressionizminin görkəmli nümayəndələrındən biridir. Almaniyada yəhudi ailəsində doğulub, ali təhsilini Fransada alıb. İkinci Dünya savaşı illərində ABŞ-da özünə sığınacaq tapsa da, daha sonra, təkrar Fransaya dönüb. Alman, fransız və ingilis dillərində yazıb-yaradıb; şair, dramaturq və naşir kimi fəaliyyət göstərib. "Panama kanalı" adlı poeması (1919) və "Mafusail" adlı satirik dramı (1924) ilə tanınıb.
Təqdim olunan esse 1924-cü ildə yazılsa da, öz orijinallığını hələ də qoruyur.
Sürrealizmin manifesti
Bədii əsərin vəzifəsi - mövcud olmayan gerçəkliyi yaratmaqdır.
Əsl poeziya da elə bundadır.
İ.Q.
İstənilən böyük sənətin təməlində gerçəklik dayanır. Onsuz nə həyat, nə də substansiyalar mövcuddur. Gerçəklik - bizim üzərində dayandığımız torpaq və altında dolaşdığımız səmadır.
Təbiət isə bütün bədii əsərlərin ilkin mənbəyidir.
Kubist rəssamlar ilk təcrübələrində ən adi, gərəksiz əşyalara tapınmışdılar və axırda iş o yerə gəlib çatmışdı ki, onlar üzərində heç bir dəyişiklik etmədən rəngli kağız parçalarını, kartları və ya kibrit qutularının üzərindəki etiketləri öz kətan lövhələrinə yapışdırırdılar.
Məhz gerçəkliyin son dərəcə yüksək səviyyəyə qalxması nəticəsində sürrealizm cərəyanı meydana çıxıbdır.
Sürrealizm - Giyom Apollinerin həyat verdiyi bir konsepsiyadır. Onun yaradıcılığına müraciət etsək, orada ilk kubist rəssamların əsərlərindəkinə uyğun elementlərlə rastlaşarıq. O, gündəlik məişətdə işlətdiyimiz sözlərin, yəni dilin ilkin materiyası sayılan sözlərin gizli sehrindən yararlanırdı. Maks Jakob danışırdı ki, bir dəfə Apolliner təkcə küçədə eşitdiyi söz və cümlələri kağıza köçürməklə, onlardan şeir quraşdırmışdı.
Bəli, sırf belə bəsit materiala əsaslanmaqla, o, öz poetik obrazlarını yaradırdı. Obraz - bugünkü gün yüksək poeziyanın məhək daşıdır. Alınan ilkin təəssüratla onun sonrakı reallaşması arasında ötən müddətdə yaranan assosiasiyaların tezliyi, sürəti isə həmin o obrazın keyfiyyətini təyin edir.
Yer üzünün ilk şairi "Səma mavidir" ifadəsini işlətmiş, sonralar bir başqası buna öz əlavəsini etmişdi: "Sənin gözlərin səma kimi mavidir". Çox-çox sonralar isə, "Sənin gözlərində göylər uyuyur", deməyə cürət etmişdilər. Çağdaş dövrün şairi isə yazır: "Göylər öz gözlərin sənə pay verib". Real aləmin bir-biriylə hər hansı əlaqəsi olmayan elementlərini ən kəsə yolla, həm də birbaşa bağlayan obrazlar ən gözəl obrazlar sayılır.
Beləliklə də, obraz çağdaş poeziyanın ən başlıca simvoluna çevrildi. XX əsrin əvvəlinə qədər şeirin keyfiyyətinin təyinində onun qulağa təsiri əsas götürülürdü, çünki hər şey - ahəng də, axıcılıq da, intonasiya da, ölçü də sırf qulaqla qavranışa hesablanmışdı. 1920-ci illərdən başlayaraq görmə hissi ona üstün gəlməyə başladı. Artıq kino əsri gəlib yetişmişdi və insanlar öz qarşılıqlı anlaşmalarında vizual işarələrə getdikcə daha böyük üstünlük tanıyırdılar. Artıq keyfiyyət də sürətə bağlı bir anlayışa çevrilmişdi. Sənət isə həyatın və insan təbiətinin ifadəsidir. Zəmanəmizə xas bütün əlamətlər sürrealist sənətdə öz əksini tapıb. O, özünü birbaşa və ardıcıl şəkildə ifadə eləməyə üstünlük verir, bunun üçün məntiq, estetika, sözbazlıq və qrammatik effektlər kimi abstrakt anlayışlardan doğan hər cür kənar müdaxiləni rədd edir.
Sürrealizm təkcə müəyyən bir ölkədə hər hansı qrupun özünüifadə vasitəsi olmaqla missiyasını bitmiş saymır, çünki o, həm də beynəlmiləl xarakter daşıyır. O, Avropanı parçalamağı hədəfləyən ən müxtəlif cərəyanları həm özündə birləşdirir, həm də onların hərəsinə aid əsas özəlliklərdən faydalanır.
Sürrealizm - zəmanəni qabaqlayan bir cərəyandır. O, dirçəlişi təmsil edir və yeniləşmə prosesi gedən istənilən yerdə qarşıya çıxan dağılma və çürümə kimi tendensiyalara (əyilimlərə) dirəniş göstərir.
Müharibənin əzablarını unutmağa çalışan adamları əyləndirən sənətlər, onların əsəblərini qıcıqlandıran balet və müziklər, süni sənətlər - bu özündən xeyli razı, mürtəce və ədəbsiz sənətlər tezliklə hamının gözündən düşəcəkdir. Bəzi keçmiş dadaistlərin yalnız dar düşüncəli meşşanları aldatmağa hesablanmış və "sürrealizm" yarlığı altında kütləyə sırıdıqları saxtakarlıqlar da gec-tez puça çıxacaq. Onlar Freyddən yeni ilham pərisi yaratmaqla, yuxunu "mütləq hakim" elan edibdirlər. Guya ki, Freydin nəzəriyyəsini, hətta şeir aləminə də tətbiq eləmək olarmış! Bu, psixiatriya ilə sənəti qarışdırmaq deyilsə, bəs onda nədir görəsən?! Onun yuxu və fikir axınına köklənmək üzərində qurulan psixi mexanizmi bizim psixi varlığımızı dağıtmaqda aciz qalar, çünki psixi bünövrəmiz bizə diktə edir ki, gerçəklik həmişə mövcuddur və varlıq düşüncə ilə müqayisədə əbədidir.
Bizim sürrealist həm təbiəti, həm də insanın ülvi duyğularını özü üçün təzədən kəşf etməkdədir və yaradıcılıqda indiyədək işlənməmiş bədii materialı əsas götürür.
Hans Karl ARTMAN
(1921-2000)
Tanınmış Avstriya yazıçısı, dramaturqu, tərcüməçisi və şairi olub. Digər təxəllüsü də İb Hansen imiş. Almandilli eksperimental ədəbiyyatın ən görkəmli simalarından sayılır. 1951-ci ildə neoavanqard poeziyanın carçısı sayılan "Vyana qrupu"nu da o təsis edib. Bir müddət İsveçdə, daha sonra isə Almaniyada məskunlaşıb.
Poeziyası dil ilə bağlı "xalis" eksperimentlərə əsaslanan H.K.Artman öz yaradıcılığında müxtəlif modernist yeniliklərə - konkret poeziya, absurd teatr və pop-art elementlərinə geniş yer verib. Nisbətən məşhur olan əsərlərində folklor və uşaq şeiri motivlərini futurizm və sürrealizm ruhunda işləməyə nail olub. Müxtəlif dillərdə yaradılan dünya ədəbiyyatı incilərini ustalıqla almancaya çevirib. Avstriya PEN-klubunun ilk prezidenti seçilib. Bütün bunlarla yanaşı, o, kinossenarist və libretto müəllifi kimi də fəaliyyət göstərib.
Poetik aktın səkkiz bənddə açıqlaması
İnkaredilməz bir deyim var ki, bircə kəlmə yazmadan və söyləmədən də şair olmaq mümkündür. Əslində bunun arxasında həm geniş, həm də dar mənada özünü şair kimi aparmaq istəyi gizlənir. Bu ruhda gerçəkləşdirilən ən gözlənilməz hərəkət də ilahi gözəlliyə malik bir akt və hətta şeir səviyyəsinə yüksələ bilər. Əlbəttə, buradakı "gözəllik" anlayışı sözün həqiqi mənasında başa düşülməlidir:
1. Poetik akt - yazı biçimi, musiqi və ifaçılıq kimi yardımçı ünsürlərin müdaxiləsini inkar edən poeziyadır.
2. Poetik akt - hər hansı bir qatışığı olmayan, xalis poeziya uğrunda mübarizədir. O - saf poeziyadır, özünün tanınması, tərif, yaxud tənqid olunması ilə bağlı hər cür iddiadan uzaqdır.
3. Poetik akt - yalnız adi təsadüf üzündən ictimaiyyətin malına çevrilə bilir və belə təsadüfün gerçəkləşmə ehtimalı bir faizdən də azdır. Onun gözəlliyi və təsir gücü dinləyicilərin səviyyəsindən asılı deyil, çünki o, təmsilçisi olduğu dilin və duyğuların sadəliyindən doğacaq aktdır.
4. Poetik akt - həqiqi mənada və bilərəkdən zaman ölçüsündən imtina edibdir. O, təkcə şairin varlığından asılı olmayan poetik situasiyanı deyil, istənilən şeyi əhatə edə bilər, çünki özündən xəbərsiz olaraq hər yoldan ötən kəs də həmin situasiyaya düşə bilər.
5. Poetik akt - hər cür şöhrətpərəstlikdən uzaq və işıqlı sevincdən yoğrulmuş, nəcib niyyətli bir mövqedir.
6. Poetik aktın ən sayılan ustaları sırasına, sırf öz seçimimizə qalarsa, biz ilk növbədə yarışeytan, yarımiskin təbiətli Neronu və müdrik insan sayılan Don Kixot cənablarını daxil edərdik.
7. Poetik akt maddilik baxımından heç bir qiymətə malik deyil. Elə bu səbəbdən də özünü satmaq haqda fikirləri heç həndəvərinə də buraxmır. Bunun belə ucadan elan olunması isə alicənablıqdan başqa bir məqsəd güdmür.
8. Öz icrası ilə yaddaşımızda dərin iz buraxan poetik akt elə nadir dəyərlərdəndir ki, biz onu nə vaxtsa itirmək qorxusuna qapılmadan, həm də daima öz varlığımızda yaşadacağıq.
1953
Dilimizə çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
