"Bir növ qəzəb" (A kind of anger (1964) romanından hissələr... - Erik EMBLER

Erik Embler 1909-cu ildə Londonda anadan olub. 1924-1927-ci illərdə London Universitetində mühəndislik üzrə təhsil alıb. Daha sonra reklam sahəsində çalışıb. Bu işdən uzaqlaşandan sonra Parisə köçüb və özünü yazıçılığa həsr edib. 1938-ci ildə bir neçə il ssenari üzrə məsləhətçi işləyib. İkinci Dünya müharibəsi zamanı o, könüllü olaraq orduya qatılıb və daha sonra müharibə fotoqrafiyası bölməsinə köçürülüb. Müharibə illərində İtaliyada xidmət edib və Britaniya Müharibə İdarəsinin kinematoqrafiya bölməsində rejissor köməkçisi vəzifəsində çalışıb. Müharibədən sonra Embler ssenaristlik sənətinə geri qayıdıb. 1936-1940-cı illərdə o, altı klassik triller yazıb. Onun "Günün işığı", "Qorxuya səyahət" və "Demetrios maskası" romanları əsasında filmlər çəkilib. O, 1940-1951-ci illərdə triller yazmağa ara verib. Bu uzun sükutdan sonra Eliot Rid təxəllüsü ilə bir neçə roman yazıb. 1969-cu ildə İsveçrəyə köçüb və bir də 16 ildən sonra İngiltərəyə qayıdıb. 1981-ci ildə onun "Burada yalanlar" adlı xatirə kitabı nəşr olunub. 1959, 1962, 1967 və 1972-ci illərdə Britaniya Kriminal Yazıçılar Assosiasiyası tərəfindən Qızıl Xəncər mükafatı, 1986-cı ildə isə Almaz Xəncər mükafatı ilə təltif edilib. 1964-cü ildə "Günün işığı" kitabına görə Amerikanın Sirli Yazıçılarının Edqar mükafatına layiq görülüb. 1975-ci ildə eyni təşkilat tərəfindən Böyük usta (Grand Master) tituluna layiq görülüb. İsveç və Fransada da ədəbi mükafatlar alan Embler 1981-ci ildə Britaniya İmperiyası ordeni ilə mükafatlandırılıb. İki dəfə ailə quran yazıçı 22 oktyabr 1998-ci ildə Londonda vəfat edib.

 

Amerikanın həftəlik xəbər jurnalı - "World Reporter" cümə gecəsi saat on birdə çapa gedir. Adətən həmin axşam korrektorlar və redaktorlardan başqa heç kimə çox da iş qalmaz, amma Nyu-Yorkdakı redaksiyalarında atmosfer gərgin olaraq qalır.

Bu, başa düşüləndir. Gündəlik qəzetin yalnız bir neçə saatlıq işi olur, buna görə də səhvlərini tez bir vaxtda düzəldə və ya ört-basdır edə bilər. Amma "World Reporter" kimi aydın düşüncəli və uzaqgörən insanların buraxdığı jurnal hadisələr qarşısında çaş-baş qalarsa, bir neçə gün boyunca axmaq vəziyyətə düşə bilər. Məsələn, jurnalın cümə günü "Asiyanın yeni güclü adamı" kimi təqdim etdiyi Cənub-Şərqi Asiya generalının silahsız tələbə kütləsinə itaətkarlıqla təslim olub asıldığı bu faciəli həftəni götürək. Şükürlər olsun ki, belə bədbəxtliklərə nadir hallarda rast gəlinir. Redaktorlar ehtiyatlı olduqları qədər bacarıqlıdırlar, həm də savadlıdırlar. Bütün mümkün ehtiyat tədbirləri görülür. Böyük xəbər agentlikləri daim nəzarətdə saxlanılır. Jurnalın dünyanın on iki fərqli saat zonasında xarici xəbər xidmətlərini idarə edən heyət üzvləri yerli xəbər xidmətlərini və radio yayımlarını izləyirlər. Əsas redaksiyaları Filadelfiya və Çikaqodakı çap ofisləri ilə xüsusi qaynar xətlər və teleks şəbəkələri (Teleks - mətn əsaslı mesajların telefon xətləri üzərindən teleprinter tərəfindən göndərilməsinə və qəbul edilməsinə imkan verən telekommunikasiya sistemi olub - tərc.) ilə daim əlaqədədirlər. Elektron çap maşınları quraşdırılıb. Son ana qədər xəbərlərin məzmunu dəyişdirilə bilər, hücumlar geri çəkilə və ya mövqelər dəyişə bilər, fərziyyələr həqiqətə çevrilə və ya əksinə ola bilər. Gərginlik varsa, sakit və səssiz güvən də var.

Ən azından Nyu-Yorkda var. Xarici xəbər bürolarında, vaxt məhdudiyyəti olan cümə gecəsindən əvvəlki səhərlər tapşırıqla heç bir aidiyyatı olmayan darıxdırıcı narahatlıqla müşayiət olunur. Bu narahatlıq baş redaktor cənab Kastdan qaynaqlanır.

Nyu-Yorkda adi bir cümə axşamı, Nyu-Yorkda saat doqquza qədər redaktorların əksəriyyəti sonuncu nömrədə gördükləri işlərdən və özlərindən kifayət qədər əmin şəkildə nahar üçün redaksiya binasının birinci mərtəbəsindəki restorana gedirlər. Lakin cənab Kastda vəziyyət fərqlidir. Fövqəladə hal olmadığı halda, onun bazar ertəsi günortadan sonrakı redaktorların görüşünə qədər növbəti sayla bağlı heç bir işi, verəcəyi heç bir qərar yoxdur. Jurnalın ən böyük ortağı və baş redaktoru olaraq onun qarşısında cavab verəcəyi heç kim yoxdur. Gedib rahat istirahət edə bilər, binanın ən yüksək mərtəbəsindəki evinə gedib, axşam yeməyi üçün arvadına və qonaqlarına qoşulub hər kəsi məmnun edə bilər. O, bunu da, bunun arzuolunan olduğunu da və özünün bunu edə biləcəyini də bilir, amma yenə də bunu etməyi özünə sığışdırmır. Beləliklə, evinə getmək əvəzinə, ofisində qalır və hisə verilmiş qızılbalıqlı sendviç və ağ şərab sifariş edir. Sonra, xüsusi bir sənəd və beynəlxalq əlaqələr yaradan məmurun sarsılmaz diqqəti sayəsində xarici xəbərlər bürosundan kimlərisə qəzəbləndirərək öz boş fikirlərini qidalandırmağa girişir.

***

Məlum zəng fevralın soyuq şənbə günü səhər saat 3:15-də Paris bürosunun rəhbəri Si Loqana gəldi. Zəng gələndə mən də ofisdə idim.

 

***

"...yaxşıdır, müdir, təşəkkürlər", dedi, Si Loqan.

"Əla. İndi, Si, keçənaykı Ərbil məsələsini və bununla bağlı nə etməli olduğumuz barədə düşünürdüm".

Səssizlik çökdü; sonra düz Si cavab vermək istəyəndə cənab Kast davam etdi: "Hələ o bikinili qızı tapmadılar, hə?"

"Yox, müdir".

"Aman, Allahım!" Yumşaq danışsa da, səs tonu vəziyyətlə bağlı narahatlıqdan daha çoxunu ifadə edirdi; necə olursa-olsun, Sinin günahkar olduğunu göstərməyi bacarırdı. "Biz bununla bağlı nə edirik, Si?"

"Şey, müdir"...

 

***

"Bircə onu deyim ki, MKİ (CİA) bu işlə çox maraqlanır". Başqa bir manevr edir. "Biz də elə olmalıyıq. Düşünürəm ki, küçəyə çıxıb bu qızı tapmalı, bizim yerimizə başqası bunu etmədən onun hekayəsini öyrənməliyik".

Si boğazını təmizlədi. "Bağışlayın, rəis, mən tam başa düşmədim. "Tapmalıyıq", deyərkən, siz... nəyi nəzərdə tutursunuz?"

"Nə dedimsə, elə onu nəzərdə tuturam - tapmağı nəzərdə tuturam. Qızı tapmasanız, hekayəni də bilməyəcəksiniz, elə deyil?" İndi artıq səsində səbirsizlik sezilir.

Bütün bunlar mənim üçün çox mənasızdır. Ərbil hadisəsi baş verəndə mən Portuqaliyada sürgün edilmiş kral ailəsi ilə danışıqlar aparırdım. Başa düşdüm ki, İsveçrədə Ərbil adlı bir nəfər öldürülüb və polis qətlin şahidi olmuş bikinili qadını axtarır.

Si siqaret yandırmağa çalışırdı. Siqareti yandırmaq üçün dayandı, sonra diqqətlə cavab verdi: "Mən sizinlə razıyam, müdir. Əgər qızı tapa bilsək, həqiqətən də, bir xəbər tapmış olarıq".

"Əla. İndi bu işə kimi göndərəcəksən?"

Si siqaretini növbəti dəfə söndürdü. "Yəni, açığı, müdir, heç kimi göndərməmək daha yaxşıdır". Xəttin o biri ucunda ölüm sükutu hökm sürürdü.

"Müdir, demək istədiyim budur ki, vaxtımızı boş yerə sərf etmiş olarıq. Bütün xəbər agentlikləri artıq işi araşdırmaq üçün qruplar göndərib və hamısı da geri çəkilməli olub. Polisə gəlincə, onların mövqeyi heç nəyi dəyişməyəcək. Əgər onlar həqiqətən də, qızı tapmağa çalışıb bunu bacarmayıblarsa, demək ki, bizimçün heç bir ümid yoxdur. Qızın harada olduğunu bilib, amma məsələyə etinasız yanaşırlarsa, demək ki, yenə də ümid yoxdur".

"Harada axtarmalı olduğunu desəm də?" Bunu deyəndə, üzündəki sırtıq təbəssümü az qala, telefonun bu başından da görmək olurdu.

Bu, Sini heyrətə saldı, amma tez də özünü ələ aldı. "Bu, Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatıdır, rəis, yoxsa mənbəni açıqlaya bilməzsiniz?"

"Düz hədəfə vurdun, açıqlaya bilmərəm. Ən azından telefonda. Sabah bütün məlumatlar portfelində olacaq. İndi, de görüm, bu iş üçün kimi göndərəcəksən? O, sənin alman psixopatın nə işlə məşğuldur?"

Si qəbuledicini sağ əlindən sol əlinə verdi. "Kimdən bəhs edirsiniz, tanış gəlmədi, rəis?" - dedi, - bir saniyə sonra: "Necə xatırlamırsan, axı! O, gey gecə klubu haqqında iyrənc reportaj hazırlayan oğlan. Pit idi, nəydi adı..." Si yorğun ifadə ilə mənə baxdı.

"Pit Maası nəzərdə tutursunuzsa, onun özündən soruşa bilərsiniz, müdir. Paralel xətdən söhbətimizə qulaq asır". "Özü də mən hollandam, alman deyil", - dedim.

"Bağışlayın, əlbəttə ki, holland". Ancaq "psixopat" sözünü geri götürmədi. Söz hələ də qüvvədə idi. "Deməli, indi"...

"Dərhal cavab verim, cənab Kast, dedektivlik oyununda sizə heç bir faydam olmaz", - dedim.

 

***

Si yenidən bəxtini sınadı. "Müdir, əgər ipucu, dediyiniz kimi, təzədirsə, məncə, Bob Parsonsu Romadan çağırıb bu işin ardınca göndərməli, ya da bəlkə elə özüm düşüm işin ardınca?! Pit Maas əslində araşdırmaçı jurnalistdir, üstəlik"...

"Bu iş üçün sənə lazım olan da budur, Si; bir araşdırmaçı". İndi onun səsində əminlik vardı. "Pit, o uzun saçlarını gözünün üstündən çək, g*tünü qaldır və o bikinili qadını tap. Si, sən ona diqqət edərsən, qızı tez tapsın. Yaxşı?"

Si nəsə mızıldandı, söhbət bitdi. Si səs cihazını söndürüb üzümə baxdı.

Si, yaşı qırxı keçmiş, saçları ağarmış, arıq, uzun başı, ciddi baxışları olan bir kişidir. Ondan təraş losyonu qoxusu gələrdi. Mənim ondan xoşum gəlməzdi, o da məni sevmirdi. Əvvəllər heç vaxt belə jurnalda işləməmişdim. Mən onun nəzərdə tutduğu peşəkar jurnalist deyildim. Müharibə vaxtı İngiltərədə oxumuşdum və bu ofisdə işləyərkən bəzi amerikan ifadələrini öyrənsəm də, ingilis dilində ingilis aksenti ilə danışırdım. Təbii ki, keçmişim də vardı. Si özünü keçmiş yoxmuş kimi göstərməyə çalışsa da, bu onu yenə də narahat edirdi.

Bir dəqiqədən sonra çiyinlərini çəkdi. "Bağışlayın, Pit, mən əlimdən gələni etdim. Onun fikrini dəyişməsi üçün danışmağa davam edə bilərdim, amma bu kömək etməyəcəkdi".

O, bu mövzuda haqlıydı.

Əvvəlki büro müdiri Hank Veston məni araşdırmaçı kimi işə götürəndə Si onun köməkçisi idi. Hank sırf mənə yaxşılıq etmək üçün bunu etmişdi. O vaxtlar ciddi şəkildə işə ehtiyacım var idi və ən aşağı səviyyəli işlər də təklif etsəydilər, onları da qəbul edərdim.

 

***

"İmtina etsəm, nə olar?" - deyə soruşdum.

"Əgər bunu etsən, Pit, işdən uzaqlaşdırılacaqsan və maaşın kəsiləcək. Həm də müqavilənin müddəti bitənə qədər başqa jurnalda işləyə də bilməzsən. Əgər beş aylıq ödənişsiz məzuniyyət almaq istəyirsənsə, olar, əlbəttə".

Beş ay deyil, beş həftə də maaşsız yaşaya bilməzdim. Bunu Si də bilirdi.

"Bağışla, Pit", - yenidən dedi, - "təbii ki, sənə bacardığım qədər kömək etməyə çalışacam".

Əlbəttə ki, mənim uğursuzluğum həm də agentliyin reputasiyasını müəyyən dərəcədə ləkələyəcəkdi. Üstəlik, Siyə mənim uğurumu təmin etmək tapşırılmışdı. O da, həmçinin tənbeh ala bilərdi, mənim çatışmazlıqlarım üzündən işdən uzaqlaşdırılmazdı bəlkə, amma onun da reputasiyasına xələl gələ bilərdi.

 

Tərcümə etdi: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!