Bağçalar, yaşıl rəngdən ibarətdir. Hasarlar nəm kölgələrin ardınca gedir. Evlərin təsvirsiz, parlaq pəncərələri bir-bir hərəkətdədir. Kilsənin qülləsi fırlanır, qəhrəmanların xatirəsinə ucaldılmış xaç da fırlanır. Qəhrəmanların adları uzun, qarmaqarışıqdır. Kete, adları oxumaq üçün altdan-yuxarıya başlayır.
- Aşağıdan üçüncü ad mənim babamdır, - deyir.
Kilsənin qarşısına çatanda sinəsinə xaç çəkir. Su hovuzu dəyirmanın qarşısında parlayır. Göy mərciməklər ördəklərin gözlərinə bənzəyir, yaşıldır. Kete deyir:
- Bir yoğun ilan qamışların arasında yaşayır, gecə gözətçisi görüb. Gündüzlər balıq ilə ördək yeyir. Gecə olunca dəyirmana girir, unla kəpəyi dağıdır. Yemədiyi unlar da ağzının suyu ilə islanır, zəhərləndiyi üçün dəyirmançı onları hovuza boşaldır.
Zəmilər döş-döşə verib uzanıbdır. O yuxarıda, buludların arasında zəmilər tərs dayanıblar. Günəbaxanların kökü buludlara sarılıb. Atanın əlləri sükanı çevirir. Pomidor yeşiyinin arxasındakı kiçik pəncərədən atanın saçları görünür. Avtomobil sürətlə gedir. Kənd mavi səmanın içində batıb. Artıq kilsənin qülləsini görə bilmirəm. Gözüm atanın yanında oturan xalanın sağ ayağına sataşır.
Yolun kənarındakı evlər qaçır. Bunlar kənd evləri deyil, çünki içində yaşamıram. Kiçik, yad erkəklər bəlli olmayan şalvarları ilə küçədə dolaşırlar. Yad qadınların yubkası dar körpülərdə rəqs edir. Qalın ağacların altında tənha uşaqlar görünür. Sümükdən ibarət, əzələsiz ayaqlarında şalvar yoxdur. Əllərində alma var, yemirlər. Əl eləyirlər. Boş ağızlarla qışqırırlar. Kete onlara əl eləyir, yolun ardına baxır. Mən də bir müddət əl eləyirəm. Bir müddət o sümükdən ibarət ayaqlara baxıram. Amma bir müddətdən sonra onlar gözümdən itir. Sadəcə qalın, sərt ağaclar görünür.
Düzənliklər təpələrin aşağısında sıraya düzülüb. Kəndimizin göyü, təpələri özü ilə saxlayıb, amma təpələr buludların içindən düşmür.
- Artıq çox uzaqlaşmışıq. - Kete deyir.
Sonra günəşin qarşısında əsnəyir. Ata yandırdığı siqareti eşiyə atır. Xala əl-qolunu ölçə-ölçə danışır. Çəpərlərin arasındakı alçalar xırdadır, yaşıldır. Bir neçə inək otların içində dayanıb, ağızlarında nəyisə çeynəyə-çeynəyə təkərlərin arxasındakı toza baxırlar. Torpaq otların üzərindən qalxır, gövdələrin üstünə qonur. Kete deyir:
- Bunlar dağdır, bu daşlar isə sıldırımdır.
Avtomobilin təkərlərinin yanında kollar küləyin axını ilə tərpənir. Su kolların ayağının dibindən sürətlə axır. Qıjılar su ilə yuyunurlar, tellərini silkələyirlər. Avtomobil boz və ensiz şosedə irəliləyir. Kete deyir:
- Bu yollara dolanbac deyirlər.
Yollar bir-birinə dolaşır.
- Kəndimiz dağların ətəyindədir, - deyirəm.
Kete gülə-gülə cavab verir:
- Amma dağlar burdadır, kəndimiz isə o tərəfdə, düzənlikdə.
Ağ daşlar uzaqdan mənə baxır. Atanın üzünün yarısı sükandan üstlükdür. Xala əlini atanın qulağına vurur.
Kiçik quşlar budaqdan-budağa tullanırlar, meşənin dərinliyində gizlənirlər. İncə cikkiltiləri var. Budaqda olmayanda uçurlar, ayaqlarını sinələrinə yığırlar, heç bir səs çıxarmırlar. Hətta Kete də bu quşların adını bilmir.
Kete, xiyar yeşiklərinin içərisində sərt, qələm kimi bir xiyar axtarır. İti ağzı ilə dişləyir, qabığını avtomobilin arxasından eşiyə tüpürür.
Günəş ən uca dağın arxasına keçib. Dağ tərpənir, işığı udur. Deyirəm:
- Evdə olanda günəş qəbiristanlığın arxasında batır.
Kete, iri bir pomidoru dişləyib deyir:
- Gecələr dağa, evdən daha tez yetişir.
Ketenin ağ, incə əli dizimə toxunur. Mənimlə Ketenin arasında avtomobilin uğultusu eşidilir. Deyirəm:
- Qış da dağa evdən tez yetişir.
Avtomobilin yaşıl işığı meşənin qırağından içəri süzülür. Qıjılar saçlarını qaranlıqda açıblar. Xalanın yanağı pəncərəyə yapışıb, yuxuya gedib. Atanın sükan ilə barmaqlarının arasında saxladığı siqaret hələ də yanır. Gecənin qaranlığı avtomobilin arxasındakı yeşikləri "udur", yeşiklərdəki tərəvəzləri də "yeyir". Dağda pomidor qoxusu evdən daha tünddür. Artıq Ketenin nə qolları, nə də üzü görünür. İsti əlini soyuq dizimin üstünə qoyub. Yanımda otursa da, səsi uzaqdan gəlir. Qaranlıqda ağzımı itirməyim deyə, dodaqlarımı astaca dişləyirəm.
Avtomobil silkələnir, dayanır. Ata yaşıl işıqları söndürür; avtomobildən düşür, gur səslə deyir: "Çatdıq."
Avtomobil uzun evin önündəki işığın altında park edilib. Evin damı meşənin qaranlığına bənzəyir. Xala avtomobilin qapısını gumbultu ilə örtür. Pijamasını ataya uzadır. Sonra əyri şəhadət barmağı ilə qaranlığı göstərib deyir:
- Kənd ordadır, yuxarıda.
Gözlərimlə şəhadət barmağını izləyirəm, aya çatıram.
- Bura su dəyirmanıdır, - Kete deyir.
Ata pijamanı qoltuğunun arasına soxuşdurur, xalaya açar verir. Xala evin yaşıl qapısını açır. Kete deyir:
- O qarı bacısı ilə yuxarıdakı kənddə yaşayır.
Xala qara qapının arxasına keçir. Ata: "Öz otağıdır", - deyir, sonra taxtadan olan dar pilləkənlərlə yuxarı qalxır. Qapını arxasınca bağlayır. Mənimlə Kete ön otaqda, kiçik qara pəncərənin altında, ağ tül pərdəsi olan dar yataqda uzanırıq. Divarın arxasından su səsi gəlir. Kete deyir:
- Arxdır.
Ketenin saçları qulağımın içinə girir. Qara buludların ağzından asılan ayı kiçik qara pəncərədən görürük. Elə ora kəndin olduğu yerdir.
Ketenin ayaqları, mənim ayaqlarımdan aşağıdadır; başı mənim başımdan ucada dayanıb. Ketenin qarnı istilik saçır. İncə, uşaq bədənimin altında həsir döşək xışıldayır.
Qara qapının arxasından yatağın cırıltısı eşidilir. Yuxarı mərtəbənin qapısının arxasından samanların xışıltısı gəlir. Ağ tül pərdənin arxasından yaş güllərin çələngləri, toplanmış budaqları, bir-birinə dolaşmış yarpaqları görünür.
Pillələrin altından səs gəlir. Başımı qaldırıram, sonra yenə endirirəm. Atadır, yalınayaq gəlib. O böyük əlləri ilə qaranlıqda qara qapını axtarır. Atanın ayaq barmaqları yerə toxunduqca tıqqıldayırlar. Qara qapı səsini çıxarmadan bağlanır. Xala gülümsəyib deyir:
- Ayaqların buz bağlayıb.
Ata dili ilə dodaqlarını isladıb deyir:
- Siçovulun səsi, bir də samanın xışıltısı idi.
Yatağın cırıltısı eşidilir. Yastığa düşməyin səsi gəlir. Yorğanın yığışmağının səsi duyulur. Xala inildəyir, ata nəfəs-nəfəsə düşür.
Evin arxasından axan arxın şırıltısının səsi gəlir. Çınqıllar tərpəşir, daşlar təzyiq altında qalır. Ketenin əli yuxuda tərpənir. Xala ilə atanın gülüşünün, pıçıltısının səsi eşidilir. Qara pəncərənin arxasında bir yumru yarpaq yırğalanır.
Qara qapının qıfılının səsi eşidilir. Ata yalınayaq, asta addımlarla dar taxta pilləkənləri qalxır. Köynəyinin düymələri açıqdır. Addımladıqca iylənmiş armud qoxusu verir. Yuxarı otağın qapısı işgillənir.
Arx, gözlərimin içində şırıltı ilə axır: "yanlış işlər gördüm, yanlış şeylərə baxdım, yanlış səslər eşitdim, yanlış sözlər oxudum". Əlimi yorğanın altına salıram. Barmağımla ayağımın üstündə dolaşıq xətlər çəkirəm. Dizimin üstündə kəndimiz dayanıb. Ketenin qarnı yuxuda tərpənir.
Topa-topa çiçəklər ağ budaqlarını əyiblər. Qara pəncərənin gözündə bir boz yaş dayanıb. Buludlar, qırmızı iplər kimi asılı qalıb. Küknarların iynə kimi ucubiz yarpaqları yaşıla çalır.
Xala qarma-qarışıq geyinib-keçinərək qapının yanında dayanıb. Qarpızlar paltarının altında titrəyir. Qırmızı buludlardan, küləkdən nələrsə deyir. Kete ağzını iri-iri açıb qızarmış dodaqları ilə əsnəyir. Kiçik pəncərənin qarşısında əllərini dartır. Yuxarı mərtəbədəki otağın qapısı cırıldayır. Ata əyilir, dar pilləkənlərdən aşağı düşür. Üzünə saman yapışıb, soruşur:
- Yaxşı yatdınız?
- Bəli, - deyirəm.
Kete də başını tərpədərək təsdiqləyir. Xala köynəyinin düymələrini bağlayır, atanın üzünə baxır, külək ilə qırmızı buludlar haqqında dediyini təkrarlayır. Ata taxta pillələrə söykənir, saçlarını darayır. Yağlı darağın arasından bir dəstə qara saç çıxarıb pillələrin yanına atır. Deyir:
- Saat ikidə qayıdacağıq.
Xala gülümsəyərək yaşıl qapıya baxıb deyir:
- Kete bilir.
Avtomobilin işə düşdüyü səs eşidilir. Xala, avtomobildə atanın yanında oturur. Həmin yağlı daraqla saçlarını darayır. Birçəyindəki saçlar bozdur.
Uzaqdakı qırmızı damlara baxıram. Kete deyir:
- Kənd ordadır.
- Böyükdür? - deyə soruşuram.
- Yox. Kiçikdir, çirkindir, - deyir.
Otların üstünə uzanıram. Kete arxın yanındakı daşın üstündə oturur. Ketenin mavi yubkasının altına baxıram, iylənmiş armudun sarı ləkələri var. Kete yubkasını dizlərinin arasına yığır. Bir çubuq götürür, daşın yanındakı suya vurur. Suyun içinə baxaraq soruşuram:
- Sən indi bir mükəmməl qadınsan?
Kete daşları suya ata-ata deyir:
- Qadın o vaxt mükəmməldir ki, əri olsun.
Soruşuram:
- Bəs anan necə?
Ağzıma yarpaq qoymuşam, çeynəyirəm.
Kete bir xrizantemi didib-dağıdır. Öz-özünə pıçıldayır:
- Məni sevir... Məni sevmir...
Sonra sarı, ləçəksiz budağı suya atıb deyir:
- İndi anamın əri yoxdur. Amma uşağı var. Qadın ərə getməsə, uşağı olmaz.
- Bəs onun əri hardadır?
Kete, qıvrım qıraqları olan qıjını qoparır:
- Sevir məni... Sevmir məni... İnanmırsansa, anandan soruş.
Bir neçə xrizantem dərib deyirəm:
- Amma Elli qoca olduğu üçün uşaqsızdır.
- Çünki heç vaxt ərə getməyib. - Kete deyir.
Bir daş götürüb qəhvəyi boğazlı qurbağaya vurur, onu əzir. Sonra deyir:
- Ellinin qızılsaç olduğu irsidir.
Suya baxaraq deyirəm:
- Hətta onun cücələrinin, dovşanlarının da gözləri qırmızıdır.
Kiçik, qara böcəklər xrizantemlərin içindən əlimə sürünür.
- Elli gecələr bağçaya gedib mahnı oxuyur, - deyirəm.
Kete bir kötüyün üstünə çıxıb ucadan deyir:
- Onun mahnı oxumağı, çox yeməyinə görədir. Qadınlar ərə getməlidir ki, çox yeməsinlər.
- Bəs kişilər?
- Onlar fərq edər. Çünki kişidirlər, - deyir. Sonra otların üstünə atılır. - Onların qadınları olmasa da, yenə kişidirlər.
- Bəs nişanlın necə?
- O da kişilər kimidir.
- Özün necə?
Kete gözlərini gəzdirib deyir:
- Mən də evlənəcəyəm.
Suyun içinə daş atıb deyirəm:
- Amma mən evlənməyəcəyəm.
- Hələ tezdir, evlənəcəksən, indi çox balacasan, - deyib gülür.
- Bəs istəməsəm necə?
Kete yabanı çiyələk yığmaqla məşğuldur.
- Böyüyəndə istəyəcəksən, - deyir.
Otların üzərində uzanır, yabanı çiyələk yeyir. Qırmızı dənəciklər qum kimi dişlərinə yapışıb. Ayaqları uzundur. Yubkasının altındakı ləkələr yaş, tünd qəhvəyidir. Kete çiyələklərin boş saplarını başının üzərindən atır. Mahnı oxuyur:
Mənə tərəf gələn,
Məni sevən kəs,
Heç kimə bənzəməz,
Sadəcə məni əbədi sevindirəcək.
Qırmızı dili çevrilir, ağzının içində asılı qalır. Deyirəm:
- Elli, gecələr bağçaya gedəndə bu mahnını oxuyar.
Kete ağzını yumur. Soruşuram:
- Şeirin ardını bilirsən?
Dalğalanan otların içində diz çökür. Avtomobil damların səmtindən toz qopararaq gəlir. Avtomobilin arxasındakı boş yeşiklər bir-birinə dəyib taqqıldayır.
Ata avtomobildən düşür, evin yaşıl qapısını qıfıllayır. Xala, sükanın yanında oturub pul sayır. Kete də mənim yanımda, boş xiyar yeşiyinin üstündə oturub.
Avtomobil sürətlə yola düşür. Meşələrin dərinliyinə baxıram. Adsız, balaca quşlar yolda qanad çalırlar. Budaqların kölgəsi Ketenin üzünə düşüb. Dodaqları tünd, sərt xətli; kirpikləri qalın, şam ağacının yarpaqları kimi ucubizdir.
Kəndlərdə heç bir qadını, heç bir kişini görmürəm. Sərt ağacların altındakı paltarsız uşaqlardan da xəbər yoxdur. Qırışıb-bürüşmüş meyvələr qalın ağaclardan sallanır. Tüklü itlər təkərlərin dalısınca hürürlər.
Təpələr geniş tarlalara qovuşur. Düzənliklər qara qarınlarının üzərinə uzanıb yatıblar. Külək səngiyib. Kete deyir:
- Tezliklə evə çatacağıq.
Kete sallanmış akasiya budaqlarını dartır, birini qoparır. Ağ əlləri ilə yarpaqları saplaqdan ayırır. Artıq üzü görünmür. Yalnız pıçıltısı eşidilir:
- Sevir məni... Sevmir məni...
Kete yarpaqsız sapı ağzına aparıb dişləyir. Zəminin sonunda boz kilsə qülləsi gözə görünür. Kete deyir:
- O, bizim kilsədir.
Kənd düz, qara, səssizdir. Kəndin girişində Məsihin heykəli çarmıxdan asılıdır, başı düşüb, ovuclarının isə içi görünür. Ayaq barmaqları arıq, uzundur. Kete sinəsinə çarmıx çəkir.
Göl səssizliyin, qaranlığın içində parıldayır. Bir yoğun ilan dəyirmanın ununu, kəpəyini yeyir. Kənd bomboşdur. Avtomobil kilsənin qabağında dayanır. Artıq kilsə qülləsini görə bilmirəm. Yalnız nahamar divarların arasından ağ qovaqları görürəm.
Kete ilə xala qara yolu tutub gedirlər. Yol, sanki heç məqsədə varmır, dibi bilinmir. Atanın yanında otururam. Oturacaq hələ də xalanın sağrılarının istiliyini saxlayır, iylənmiş armud qoxuyur.
Ata sürür, sürür... Əllərini saçlarına sürür... Dilini dodaqlarına sürür... Ata əlləri ilə, ayaqları ilə kəndin səssizliyində sürür...
Evi görünməyən bir pəncərənin arxasında işıq sayrışır. Ata avtomobili qapının arasındakı kölgədən həyətə salır. Brezenti avtomobilin üstünə çəkir.
Ana masanın yanında, lampanın işığının altında oturub. Dabanı cırılmış corabı boz yunla yamayır. Yun asta-asta əllərinin arasında hərəkət edir. Ana, nizə kimi iti baxışla atanın jaketinə göz gəzdirir. Dodaqlarında təbəssüm var. O təbəssüm qısadır.
Ata mavi pulları birbəbir masanın üstünə çırpır. Uca səslə deyir:
- On min.
- Bəs bacım necə? - ana soruşur.
- Payını aldı. Səkkiz mini də mühəndisə çatdı.
- O da ordaydı?
Ata başını mənfi mənada yelləyir. Ana pulları iki əli ilə götürüb dolaba qoyur.
Yataqda uzanmışam. Ana əyilib yanağımdan öpür. Dodaqları, barmaqları kimi kobuddur.
- Dünən gecə necə yatdınız? - deyə soruşur.
Gözlərimi yumub deyirəm:
- Ata yuxarı mərtəbədə, samanlıqda; xala öz otağında; Kete ilə mən də ön otaqda.
Ana, alnımdan kiçik bir öpüş götürür. Gözlərində ağır bir parıltı var, qanrılır, otaqdan çıxır.
Saatın tik-tak səsi otağa yayılıb. Yanlış davranışların səsini duyuram. Yatağım dayaz çayın, seyrək meşənin arasındakı düzənlikdədir. Divarın o tayından yatağın cırıltısının səsi gəlir. Ananın iniltilərini, atanın isə nəfəslərinin səsini eşidirəm. Düzənliklər qara yataqların, iylənmiş armudların topası ilə asılı qalıb.
Ananın boş dərisi var. Çuxurları da məlumdur. İylənmiş armudlar dərisinin içinə hopur. Kirpiklərimin altında qara-qara yuxular axır...
Tərcümə etdi: Əli Çağla
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
