Alber KAMYU (1913-1960) - görkəmli fransız nasiri, dramaturqu, esseçisi və filosofudur. Dünya ədəbiyyatında ekzistensializm cərəyanının ən əsas təmsilçilərindən sayılır. Məhsuldar ədəbi fəaliyyətinə görə o, 1957-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Napoleon bir dəfə Fontana* belə deyibmiş:
"Bu dünyada mənə ən sarsıdıcı gələn məqam heç bilirsiniz, nədir? Sırf güc və zor hesabına nələrisə qurub-yarada bilməmək. Axı bu dünyaya hökm edən iki şeyin biri qılıncdırsa, digəri də ruhdur. Qılıncın gec-tez ruh qarşısında yeniləcəyi isə qaçılmaz şərtdir".
Göründüyü kimi, ara-sıra fatehlər də bədbinliyə qapılırlar. Bunca hay-küylü və mənasız şan-şöhrətlərinin qarşılığını onlar da hansısa şəkildə ödəməyə məcbur və məhkumdurlar axı. Həm də yüz il əvvəl qılınc üçün keçərli sayılan bu etiraf bugünkü tanka birəbir şamil edilə bilməz. Fatehlər vaxtilə bacardıqları qədər çalıb-çapdılar, işgəncələrə məruz qalan Avropa ərazilərindən illər uzunu ruh perik düşdüyü üçün o torpaqların üstünə müdhiş bir səssizlik çökdü.
Vaxtilə Flandriyanın işğalı zamanı gedən amansız döyüşlər əsnasında holland rəssamlar, hər şeyə rəğmən, öz hinlərində saxladıqları xoruzları tablolara köçürməyə imkan tapırmışlar. Yüzillik müharibə çoxdan unudulub getsə də, sileziyalı mistiklərin həmin dövrdə oxuduğu moizələr hələ də çoxlarının yaddaşında hifz olunur.
Bugünkü gün isə hər şey dəyişib, artıq keşiş də, rəssam da orduya çağırılır və dünyamızın müqəddəratı üçün hamı eyni dərəcədə cavabdehlik daşıyır. Bir fatehin vaxtilə ruha tanıdığı üstünlüklər sarsılıb və hətta yerlə bir olub. İndi onun bacardığı yeganə iş - öhdəsindən gələ bilmədiyi gücü, zoru lənətləməklə özünü didib-dağıtmaqdır.
Nəcib insanlar deyəcəklər ki, bu bir mərəzdir, bəladır. Bunun belə olub-olmadığını söyləyə bilməsək belə, bu gerçəklə hesablaşmalıyıq. Bəli, tək çarəmiz - onunla hesablaşmaqdır. Bundan ötrü isə nə istədiyimizi bilməmiz vacibdir. Bizim istədiyimiz tək şey - bir daha və heç vaxt qılınca boyun əyməmək, ruha xidmət eləməyən gücə, zorakılığa heç bir halda haqq qazandırmamaqdır.
Heç şübhəsiz, bu - müşkül məsələdir. Ancaq biz bu missiyadan əsla əl çəkən də deyilik. Şəxsən mənə qalsa, inkişaf prosesində nə ruhun gücünə çox inanıram, nə də tarixlə bağlı hansısa fəlsəfi nəzəriyyəyə. İnandığım tək şey - insanların öz talelərinin məğzini anlamaq yönündə durmadan irəliləməsidir. Varlıq şərtlərimizdən asılı olduğumuz üçün biz onları daha yaxşı dərk edirik. Ziddiyyətlər məngənəsində çırpınsaq belə, dəqiq bilirik ki, onlarla barışmağa məcburuq və bu ziddiyyətləri yumşaltmaq naminə əlimizdən gələn heç nəyi əsirgəməməliyik. İnsanoğlu kimi bizim əsas vəzifəmiz - azad ruhların bitməz-tükənməz tələblərinə çarə tapmağa cəhd göstərməkdir. Qopan əlaqələri bərpa eləmək, hər cür haqsızlıqla dolu bir dünyada haqqı, ədaləti bərqərar eləmək, zəmanəmizdə bütün ümidləri puça çıxan xalqların səadətə olan inam hissini dirçəltməkdir. Təbii ki, bu, fövqəlinsan missiyasıdır. Ancaq o da var ki, "fövqəlinsan missiyası" insandan sürəkli səylər tələb edən bir vəzifədir.
Buna görə də məqsədimiz aydın olmalıdır ki, hansısa bir ideya və ya maddi rifah qılığına girərək, bizi şirnikləndirməyə çalışan gücə-zora aldanıb, ona boyun əyməklə, ruha arxa çevirməyək. Burada əsas məqam həm də ümidsizliyə qapılmamaqdır. Məhşər gününün yetişdiyini car çəkənlərə də, gəlin, qulaq asmayaq. Sivilizasiyalar heç də asanlıqla məhv olmur, hətta bu dünya məhvə sürüklənsə də, o, digər dünyalardan xeyli gec məhv olacaqdır. Bizim faciəli bir dövrdə yaşadığımıza hər hansı şübhə bəslənə bilməz. Ancaq bir çoxumuz "faciəli" ilə "ümidsiz"i, "fəlakət"i hələ də bir-birindən ayırd edə bilmirik. Lourens deyirdi ki: "Faciəli olan - fəlakətə ilişdirilən təpik kimi bir şeydir". Məhz bu sağlam düşüncəni biz bir an əvvəl mənimsəyib, həyatımıza tətbiq etməliyik. Bugünkü gün bu təpiyi haqq edən şeylər isə xeyli çoxalıb.
Əlcəzairdə yaşadığım vaxtlarda qışın çıxmasını səbirlə gözləyərdim, çünki bilirdim: bir gecə, fevral ayının soyuq, amma apaydın bir gecəsində Konsul vadisindəki badam ağacları qəflətən bəmbəyaz çiçəklər açacaq. O mənzərəni görüncə, məni heyrət hissi bürüyərdi: axı, bu kövrək və qar kimi bəyaz çiçəklər o aramsız yağan yağışlara, dənizdən əsən küləklərə necə davam gətirəcək?! Buna rəğmən, o bəyaz örtük ta meyvənin əmələ gələcəyi vaxta qədər həmin budaqlarda qalırdı.
Bu, hər hansı simvol-zad deyildir. Adətən biz səadətə simvolların köməyi ilə qovuşacağımızı umuruq. Bu məsələdə isə daha ciddi olmaq gərəkdir. Demək istədiyim odur ki, fəlakət içində çabalayan Avropada həyatın yükü bəzən tamamilə çəkilməz olanda mən hələ də yaşamaq eşqini qorufyan, günlü-günəşli ölkələri özümə örnək alıram. O yerlərə yaxşı bələd olduğum üçün bilirəm ki, sözügedən mübarək torpaqlarda ruh ilə mərdlik, mətinlik arasındakı tarazlığın qorunması mümkündür. Onları örnək seçdiyim zamanlarda belə bir gerçəyi də dərk edirəm ki, əgər sən sırf ruhunun xilası barədə düşünürsənsə, öz xeyirxahlarının şikayət dolu ahlarına məhəl qoymamalısan, öz gücünə və qeyrətinə sığınmalısan. İndi dünyamız fəlakətlərə yenik düşüb və deyəsən, özü də bütün bunlardan həzz almağa başlayıb. İndi o, Nitsşenin vaxtilə "qəm-qüssə" adlandırdığı mərəzə tutulub. Bu xüsusda ona dəstək verməkdən qaçınmalıyıq. Ruha yas saxlamaq, ona acımaq - yersizdir, çünki onun dirçəlməsi üçün mütləq nələrsə eləmək lazımdır.
Bəs ruhun qələbə əzmi, gücü nədən qaynaqlanır? Bayaq adını çəkdiyimiz Nitsşe vaxtilə ruhun qəddar düşmənlərini birbəbir sadalamışdı. Bunlara müdrik insanın iradə gücü, zövqü, maddiliyə söykənən bəxtəvərliyi, əyilməz qüruru və soyuq təmkini aid imiş. Ötən dövrlərlə müqayisədə, sadalanan bu özəlliklər indi daha böyük önəm qazanıbdır və hər kəs bunlardan özünə daha uyğun olanını seçə bilər. Üzərimizə böyük məsuliyyət götürdüyümüz istənilən halda biz öz iradə gücümüzü də nəzərə almağa məcburuq. Bunu deyərkən mən, seçki tribunalarından gah onu, gah da bunu əsəbiliklə süzən, hey təhdidlər sovuran o gücü nəzərdə tutmuram, əlbəttə. Öz bəmbəyazlığı və şəhdi-şirəsiylə dənizdən əsən dəli rüzgarlara sinə gərən zərif badam çiçəklərini qəsd edirəm, çünki bugünkü dünyamızı əsir alan qarlı qışda gələcək meyvələrə can verəcək olan da elə onlardır.
Qeyd: *Lui de Fontan (1757-1821) İmperiya dönəmində yaşamış universitet rektoru və tanınmış ədəbiyyatçı olub - A.Y.)
Dilimizə çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!