Cuniçiro Tanizaki 24 iyul 1886-cı ildə Tokionun Nihonbaşi bölgəsində varlı bir tacir ailəsində dünyaya gəlib. Üç bacı və üç qardaşının ən böyüyü olan Cuniçiro rahat uşaqlıq keçirib. Ancaq böyüdüyü ev 1894-cü ildə Tokio zəlzələsində dağılıb və bu, Tanizakidə ömürlük zəlzələ qorxusuna səbəb olub. Zəlzələdən sonra Tanizaki ailəsinin vəziyyəti pisləşib və Cuniçiro başqa bir adamın evində yaşayaraq müəllim kimi fəaliyyət göstərməyə məcbur olub. Maddi çətinliklərə baxmayaraq, o, Hibiya liseyinə, sonra isə 1908-ci ildə Tokio İmperator Universitetinin Ədəbiyyat fakültəsinə daxil olub. Üç ildən sonra təhsil haqqını ödəyə bilmədiyi üçün təhsili yarımçıq qoyaraq Universitetdən uzaqlaşıb.
Tanizaki ədəbi karyerasına 1909-cu ildə bir jurnalda çıxan təkpərdəli pyeslə başlayıb. Yazıçının adı 1910-cu ildə nəşr olunan "Şisesi" hekayəsi ilə məşhurlaşıb. Tanizaki 1915-ci ildə evlənib, lakin xoşbəxt evliliyi yox idi və 1920-ci illərin əvvəllərində həyat yoldaşı yazıçının dostu Sato Haruo ilə yaxın münasibət qurub. Bu vəziyyətin yaratdığı psixoloji gərginlik yazıçının o dövrdəki bəzi əsərlərinə çox təsir edib.
Tanizakinin şöhrəti 1924-25-ci illərdə yazdığı, sinif, cinsi ayrı-seçkilik və mədəni kimlik məsələlərini araşdıran "Naomi: Bir axmağın sevgisi" romanı ilə birlikdə yüksəlib. Onun 1929-cu ildə lezbiyanlardan bəhs edən "Manci" romanı böyük diqqət çəkib. İkinci Dünya müharibəsindən sonra o, Yaponiyanın ən böyük yazıçısı kimi tanınıb. 1964-cü ildə o, Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının fəxri üzvlüyünə layiq görülüb. Tanizaki yapon yazıçılar arasında bu üzvlüyü alan ilk yazıçıdır. Yazıçı 1964-cü ildə Tokionun cənub-qərbindəki Yuqavara, Kanaqava şəhərinə köçüb və burada 79 yaşını qeyd etdikdən qısa müddət sonra 30 iyul 1965-ci ildə ürək tutmasından vəfat edib. Onun məzarı Kyotodakı Honen-in məbədindədir.
Tanizakinin "Bir pişik, bir kişi və iki qadın" kitabından qısa hissələri təqdim edirik.
Xanım Fukuko,
Xahiş edirəm, məni bağışlayın. Mən bu məktubu Yukinin adından istifadə edərək yazdım. Amma təəssüf ki, Yuki deyiləm. Belə dediyim üçün, əminəm ki, mənim kim olduğumu bilmisiniz, elə deyilmi? Elə zərfi açan kimi dərhal "deyəsən, o qadındır", deyə vəziyyəti başa düşmüsünüz, sonra da mütləq ki əsəbiləşmisiniz: "Bu nə kobudluqdur... Dostumun adından icazəsiz istifadə edib mənə məktub yazmaq da nə deməkdir? Bu nə kobud adamdır?!" Amma, lütfən, anlayın, xanım Fukuko, belə etməkdən başqa çarəm yox idi, yaxşı bilirdim ki, zərfin arxasına əsl adımı yazsaydım, siz onu almamışdan əvvəl məlum adam onu tapıb yox edərdi, mən bu məktubu oxumağınızı çox istəyirdim. Amma xahiş edirəm, sakitləşin; mən, əlbəttə ki, sizi günahlandırmaq, ya da özümü yazıq kimi göstərmək niyyətində deyiləm. Əgər belə etsəydim, bundan on-iyirmi dəfə uzun bir məktub yaza bilərdim, hətta beləsi də kifayət etməzdi; amma bu nöqtədən sonra nəyisə gizlətməyin nə faydası, elə deyilmi? Ehh, dərdim məni o qədər gücləndirib ki, daha o qədər də ağlamıram; mənim kədərim böyükdür, ağlamaq istəyim də ondan böyük, amma artıq bunlar haqqında düşünməyəcəyəm, bacardığım qədər nəşəli həyat yaşamağa qərar vermişəm. Əslində insanın taleyini Allahdan başqa heç kim bilmədiyi halda, başqasının xoşbəxtliyini lənətləmək, paxıllıq etmək ağılsızlıqdır.
Əlbəttə, bilirəm ki, sizə belə bir məktub göndərmək kobudluqdur - mən təhsilsiz qadınam, amma bu qədərini də bilirəm. Sağ olsun, cənab Tsukamoto, bu barədə mənə dəfələrlə xəbərdarlıq edib. Amma "o adam" mənə məhəl qoymadığından, sizdən xahiş etməkdən başqa çarəm qalmayıb. Bunu deyəndə, sizdən çətin bir şey tələb edəcəyimi düşünməyin, o qədər də çətin şey deyil. Sizin evinizdən götürmək istədiyim bir şey var. Qorxmayın, təbii ki, "o kişini qaytarın" deməyəcəm. Əslində, bu kiçik, əhəmiyyətsiz şeydir... Lilini istəyirəm. Cənab Tsukamotonun dediyinə görə, o kişi "Mən Lilini verməyə razıyam, amma Fukuko ondan ayrılmaq istəmir", deyirmiş.
Bu, doğrudur, xanım Fukuko? Mənim tək istəyimə siz mane olursunuz? Xahiş edirəm, yaxşı fikirləşin, xanım Fukuko, mən sizə həyatımdan çox dəyər verdiyim insanı... hətta sadəcə onu yox, o insanla birlikdə qurduğumuz xoşbəxt yuvanın hər şeyini, tamamilə hər şeyi sizə verdim. Sınıq bir boşqab belə, götürmədim, hətta cehizimi belə, qaytarmadınız. Ola bilsin ki, beləsi daha yaxşıdır, ağlıma pis xatirələri gətirəcək əşyaları götürməməyim daha yaxşı oldu, amma heç olmasa, Lilini mənə versəz, noolar ki? Mən sizdən qeyri-mümkün bir şey istəmirəm; məni əzib keçməyinizə dözdüm. Bütün fədakarlığımın qarşılığında tək pişik istəyirəm, çoxdur bu? Sizin üçün kiçik bir heyvandır, amma mənim üçün tənhalığıma məlhəm olacaq bir dərmandır... Mənim zəif olduğumu düşünməyinizi istəmirəm, amma Lilisiz özümü çox tənha hiss edirəm. Bu dünyada o pişikdən başqa mənimlə yoldaşlıq edə biləcək heç kim yoxdur. Siz artıq məni məğlub etmisiniz, daha çox işgəncə vermək istəyirsiniz?
Yox, yox, siz o cür adam ola bilməzsiniz. Mən yaxşı bilirəm ki, Lilini buraxmayan siz deyilsiniz; o adam vermək istəmir. O, Lilini çox sevir. Həmişə deyirdi ki, mən səndən ayrıla bilərəm, amma bu pişikdən qətiyyən ayrı qala bilmərəm. Lilini həm yemək, həm də yatmaq vaxtı məndən çox əzizləyirdi. Elədirsə, bəs niyə dürüstcə "Pişiyi mən vermirəm", demir, günahı sizin üstünüzə atır? Bunun səbəbini düşünün, lütfən...
O adam sevmədiyi məni qovdu, sevdiyi sizinlə birlikdə yaşamağa başladı. Mənimlə olanda Liliyə daha çox ehtiyacı vardı. İndi isə əksinə, o şey sizin ikiniz aranızda maneədir, elə deyilmi? Yoxsa, o adam indi də Lilisiz qala bilmir? Əgər belədirsə, deməli, sizi də mənim kimi özündən aşağısəviyyəli hesab edir. Ayy, üzr istəyirəm, istəmədən ağzımdan belə şey çıxmasına icazə verdim... Yox, canım, elə gülməli şey olmaz, əlbəttə ki; amma o adam pişiyə olan sevgisini gizlədib, günahı sizin üstünüzə atırsa, bu pişikdən ayrılmaq istəmədiyinin sübutu deyilmi, sizcə? Nə deyim, belə şeylər məni maraqlandırmır düzü. Amma, xahiş edirəm, diqqətli olun, sadəcə pişik deyib məsələni boş buraxsanız, pişik belə, sizin yerinizi ala bilər. Bunu məsləhət olaraq qəbul edin, özümdən çox, sizi düşünərək deyirəm bunu: Lilini o kişinin yanından mümkün qədər tez uzaqlaşdırın. Əgər o, heç vaxt buna razı olmasa, biləcəksiniz ki, işin içində iş var.
Fukuko məktubu sözbəsöz oxuyub Şozo ilə Lilini izləməyə başladı: sirkəli soya sousuna batırılmış at skumbriya məzəsi ilə içən əri Şozo, uzandığı yerdən əlindəki içki qabını süfrənin üzərinə qoyub "Lili" deyə səsləndi və at skumbriyasını yemək çubuqlarıyla tutub qaldırdı. Lili arxa ayaqları üzərində ayağa qalxdı, ön pəncələri ilə kiçik yemək nimçəsinin kənarına söykəndi.
***
- Heyy, nə oldu? - Pişiyə qulluq etməyə qısa ara verən kişi, arvadına doldurmaq üçün bir qab uzadarkən, gözü yol çəkən həyat yoldaşına narahat nəzər saldı...
- Səninlə danışmaq istədiyim bir şey var, - Fukuko başqa heç bir şey demədi. O, susdu və narahat halda oturdu.
- Nooldu? Mövzu nədir?
- Bu pişiyi Şinako xanıma ver.
- Nə deyirsən?
Qəfildən belə dəhşətli söz eşidən kişi qıcıqla gözlərini çevirə-çevirə qırpdı. Amma arvadının ifadəsi ciddiydi, geri addım atmağa heç fikri yox idi. Şozo tamamilə çaşdı:
- İndi, heç bir səbəb olmadan...
- Səbəb-məbəb axtarmağa ehtiyac yoxdur, sabah cənab Tsukamotonu çağır, ver bunu aparsın.
- Nooldu axı, birdən-birə nə baş verdi?
- Olmaz, deyirsən?
- Bir az səbirli ol. Niyə belə bir şey istədiyini demirsən, mən nə etməliyəm? Səni əsəbiləşdirən nəsə olub?
"Yoxsa, Lilini qısqanırdı?" Şozo bu ehtimalı fikrinə gətirdi, lakin tez də ağlından çıxardı. Çünki bu qadın pişikləri çox sevirdi.
***
- Bu skumbriyaların hamısını pişiyə yedizdirmisən, elədir? Sənin yediyin, təkcə bu iki-üç dənə balıqdır, elədir? - deyə soruşdu. Bu dəfə səsi mülayim idi.
- Saymamışdım, nə bilim.
- Mən hamısını saymışdım. Boşqabda əvvəl on üç balıq var idi və sən Liliyə on balıq yedizdirdin, ancaq üçünü yedin.
- Ola bilər yedizdirmişəm, noolacaq ki? Günahdır?
- Təbii ki, bu sənin günahındır, başa düşmürsən ki, günah haradadır? Bax, diqqətlə düşün. Söhbət ondan getmir ki, mən pişiyi qısqanıram. Bilirsən ki, mən sirkəli skumbriyanı ağzıma qoymuram. Sən sevirsən deyə, ürəyin istədiyini dedin deyə hazırladım. Belə deyib, sonra heç yeməməyin, hamısını pişiyə yedizdirməyin...
***
- Elə şey yoxdur. Mən özüm yemək istəyirdim, amma Lili imkan vermədi, ətəyimdə dolanıb durdu. Fikrimdən çıxıb nə qədər vermişəm.
- Yalan demə. Elə Liliyə yedizdirmək üçün özünün sevmədiyin şeyə "ürəyim istəyir", deyib bişirtdirdin, elədir? Pişik səninçün məndən qiymətlidir.
- Lənət olsun, ay qız, bunu hardan çıxardırsan? - Şozo səsini bir az yüksəldib, həm də bir az gülümsəyərək dedi. Amma arvadının sözləri qarşısında sarsıldığı bəlli olurdu.
- Deməli, sənin üçün ən dəyərli olan mənəm?
- Əlbəttə, sənsən! Boş danışma, and içirəm.
- Ağzınla demə, sübut göstər. Yoxsa, sənin sözünə inanmayacağam.
- Yaxşı, bu gündən bir də skumbriya almarıq. Keçdi narahatlığın?
- Bu söhbəti kənara qoy. Mənim xətrimə Lilini o qadına verəcəksən. O pişik getsə, heç bir problem olmayacaq.
Ciddi demirdi hər halda. Amma, o, məsələyə yüngül yanaşmamalı idi, yoxsa məsələ ciddiləşə bilərdi. Şozo yorğun halda qollarını və ayaqlarını düzgün oturma vəziyyətinə gətirib dizlərini bir-birinə yaxınlaşdırdı, irəli əyildi, əllərini yavaşca dizlərinin üzərinə qoydu və yazıq-yazıq dedi:
- Deməli, ona işgəncə veriləcəyini bilə-bilə onu o yerə verək, deyirsən? Belə amansız sözlər sənə yaraşırmı? Lütfən, belə sözlər danışma...
- Aha, bax, deməli, pişik daha qiymətlidir. Lili adlı başağrısına çarə tapmasan, məni yox bil.
- Boş-boş danışma!
- Məndən deməkdir, bilirsən, heyvanlarla müqayisə edilməyi heç sevmirəm.
Bu qədərmi incimişdi? Birdən gözlərindən yaş axdı. Ola bilsin ki, Fukuko da bunu gözləmirdi, o, tez, çaşmış ərinə arxasını çevirdi.
Fukukonun adıyla yazılmış məktubun gəldiyi səhər Fukuko əvvəlcə belə fikirləşirdi: "Aramıza belə soyuqluq salmağa çalışmaq hansı növ həyasızlıqdır? O, məni bu tərz hiyləyə düşəcək qədər axmaq hesab edir?" Sinakonun pis niyyəti bəlli idi: Fukukonu qızışdırmaq, Lilinin varlığından narahat olmasına səbəb olmaq: əgər pişiyin evdən göndərilməsinə nail olarsa, bu onun əllərini bir-birinə vurub onu ələ salmaq deməkdi: "Bax, mənə gülürdün, amma sən də pişiyi qısqanırsan! Deyəsən, ərindən çox da sevgi görmürsən?!" Ya da bəlkə də o qadın düşünürdü ki, planım gözlədiyim kimi baş tutmasa belə, bu məktubla evin dincliyini pozmağım məni sevindirməyə kifayət edər. Bu tələnin qarşısını almağın ən yaxşı yolu cütlüyün barışmağa çalışması, sadəcə məktub vasitəsilə aralarında heç bir problem olmadığını göstərmək, hər ikisinin Lilini sevdiklərini və ondan ayrılmaq niyyətlərinin olmadığını açıq şəkildə bildirmək idi.
Təəssüf ki, məktub pis vaxtda gəlmişdi. Skumbriya sousu iki-üç gün idi ki, Fukukonun beynini qurcalayırdı. Məktub, o, ərinə yaxşı dərs verməli olduğunu düşünməyə başlayanda gəlmişdi.
***
Əvvəlcə onun məqsədi sadəcə onu incitmək idi. Onun Lilini qovmaq niyyəti yox idi. Vəziyyətin nəzarətdən çıxmasında və geridönməz ultimatuma çevrilməsində Şozonun münasibəti böyük rol oynadı...
***
Fukukonun əri başqa məsələlərdə arvadının hər əmrini yerinə yetirərkən, bu xüsusi məsələdə israrlı idi və onu rədd edirdi: "Noolacaq axı, nə böyük məsələdir ki? Pişikdir də"... Yəni, Liliyə olan sevgisi Fukukonun gözlədiyindən də güclü idi. Bu məsələ daha həll olunmamış qala bilməzdi.
Tərcümə etdi: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!