Gaetano Longo 1964-cü ildə İtaliyanın Triest şəhərində dünyaya gəlib. O, həm şair, həm nasir, həm tərcüməçi və redaktor, həm də müstəqil jurnalist kimi fəaliyyət göstərir. Latın Amerikasında və Yuqoslaviya müharibəsində müharibə müxbiri olaraq insan hekayələrini və münaqişələrin reallıqlarını işıqlandırıb.
2002-2016-cı illərdə Kolumbiyanın fəxri konsulu adına layiq görülmüş, 1999-2014-cü illərdə isə Beynəlxalq Trieste Poeziya Mükafatının bədii rəhbəri kimi ədəbiyyata xidmət göstərmişdir.
Onun 13 şeir kitabı və dörd romanı nəşr olunub, eyni zamanda müasir yazıçıların yetmişdən çox əsərini italyan dilinə tərcümə edib. Bir sıra beynəlxalq ədəbiyyat mükafatlarının sahibi olan Gaetano Longonun şeirləri müxtəlif dillərə çevrilərək geniş oxucu kütləsinə çatdırılıb.
Ölü çəki
Qəribə bir duyğudur,
bir ipdən asılı qalmaq,
günəşin səni isitməsi...
Nəhayət, təmiz,
saf havada,
amma yenə də bir ipə bağlı.
Hər gün baş vermir ki,
keçmişdəki kimi,
çirkli bir əlbisə olasan...
Prestij oyunları
Çox qədim zamanlarda,
xoş ətirli bir gecədə,
o, sənin əlini tutdu
son vida üçün.
Kədər içində,
səndən bir iz qalsın deyə.
Bu gecə də,
digər gecələr kimi,
dua edirəm -
bəlkə dönəsən,
və sənə qaytarım
qocalmış əllərini.
Pərdə arxasında
Gül
(qırmızı, əlbəttə)
şeirdə həmişə
zalın ortasında,
işıqların altında dayanır.
Qadının gülü, eşqin gülü,
ətir və rəngin gülü.
İndi,
yorğun halı ilə,
işini (qara rəngdə) bitirib.
Ləçəklərini bədənindən soyunur,
dişlərini fırçalayır,
iyirmi damcı Valium içir,
tikan yatağına girir...
Yoxluq və qayıdış
Baxışımı gözlərində dincəldəcəyəm,
rəngin səsi və sözsüz bir nəğmə olacağam.
Bəlkə var olacağam, kim bilir.
Mən varam və yenə də olacağam.
Burnunu oxşayıb,
Ayın kiçik adamı olacağam.
İsti külək,
səhər pivəsi olacağam.
Gecədə sərxoş ot kimi
saçlarım sinəndə güləcək.
Və gözüm qan ağlamağa başlamazdan öncə
dişimə kiçik güzgülər taxacağam
əksini oğurlamaq,
nəfəsimə qatmaq üçün...
Gümüş medal
Mən əbədi ikinciyəm,
qalığı toplayan,
səni sevən - amma...
səndən nifrət edən - amma...
ən yaxşı olan - amma fasilələrlə.
Çəkilmiş xətti təkrar yoxlayan mənəm.
Bir kişini öldürməyə çıxdım,
bilmirəm, hansı günahına görə,
bilmirəm, hansı savabına görə.
Mənə köhnə bir kağız parçası verdi.
Çatanda
artıq kimsə məndən əvvəl
işimi görmüşdü.
Bu, onun ikinci qətli idi -
və ölən mən idim.
Əsl günah
Kim bilir, dəliliklə gülün cədvəlini?
Kim bilir, ölməyin təlimatını?
Hər bir hərəkət həyat ilə barışır.
Əmr olunmuş əmrlərə boyun əyməyən,
sonuncu şamına qədər planlanmış
ad günlərinə inanmayan kəs.
Hər söz iti dişlərini göstərir.
Kim bilir, bir təbəssümün bağlanma saatını?
Bir cavab uzaqdan bizə baxır -
ulduz işığı təki saf,
sülhün ilk günü kimi fərəh.
Dəyəri var
Saatlar, günlər, dəqiqələr keçdi,
siqaretlər Prevert yazılarının arasında yandı,
Xəyyamın şən şərabı bitdi.
Kim deyə bilər ki, yol hara aparır?
Çarlotun əsasi köhnəlib,
Francesco quşları cənuba uçub.
Biz yanırıq kətan üzərində,
Boşun deformasiya olmuş varlıqları.
Kim cəsarət edərdi
xatirənin aydın qatları arasında
səmaya baxmağa?
(Görməyən kəs, ürəyi ağrımayan,
anevrizmə yoluxmuş biri deyib.)
Hər günün növbəti günü hökm edir,
Hər saat qulaqlarda çalınır,
və hər ötən an
ağ-qara bir xatirə olaraq qalır.
Sehrbaz
Mən sərrast bir addımla çıxıram,
qaranlıq şəhərin içindən dolaşaraq.
Diqqətli bir addımla irəliləyirəm,
bəlkə də pişik addımı ilə,
görünməz kölgə kimi,
yolunu itirmiş ruh kimi,
min bir məhkəmə intriqaları arasında.
Mən topal bir addımla
caz və digər ruhların axtarışında,
sərhəd macərasında,
itmiş bir baxışı axtarıram.
Kiçik bir cəhd ilə gecəni öldürəcəyəm,
Bir neçə hiylə ilə sabaha çatacağam,
və bir az uğurla
səhəri ixtira edəcəyəm.
Tərcümə etdi: Ümid NƏCCARİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!