"Divar" kitabından hissələr

Marlen Haushofer 1920-ci il aprelin 11-də Avstriyanın Fraunştayn, Molln şəhərində anadan olub. O, nasist rejimi altında dövlət məktəbinə çevrilən katolik gimnaziyasına gedib. 1940-cı ildə Vyanada, sonra isə Qratsda alman dili və ədəbiyyatı üzrə təhsil alıb. O, 1941-ci ildə diş həkimi Manfred Haushoferlə evlənib. 1950-ci ildə boşansalar da, 1957-ci ildə yenidən barışıblar. Yazıçı əri və iki uşağı ilə birlikdə Strey şəhərində yaşayıb. Yazıçının ilk mətni 1946-cı ildə nəşr edilib. O, romanlar, qısa hekayələr, novellalarla yanaşı, uşaq kitabları və radio pyesləri də yazıb. 1953-cü ildə Dövlət Ədəbiyyatını Təşviq Mükafatına, 1963-cü ildə Artur Şnitsler mükafatı və bir çox başqa ədəbi mükafatlara, o cümlədən, Avstriya Ədəbiyyat Mükafatına layiq görülsə də, yalnız ölümündən sonra onun yaradıcılığının əhəmiyyəti dərk edilib, kitabları Qadın Hərəkatının onu yenidən kəşf etməsi ilə böyük uğur qazanıb. M.Haushoferin 1963-cü ildə nəşr olunan "Divar" ("Die Wand") romanı böyük uğurlar qazanaraq yazıçıya şöhrət gətirib. Bu qeyri-adi şah əsərin 2012-ci ildə rejissor Julian Roman Pölsler tərəfindən filmi də çəkilib. Sümük xərçəngi ilə mübarizə aparan yazıçı martın 21-i 1970-ci ildə, 49 yaşında Vyanada vəfat edib. Yazıçının "Divar" adlı kitabından müəyyən hissələri oxucular ilə bölüşürük.

 

 

***

Bu gün - 5 noyabr, hesabatıma başlayıram. Hər şeyi bacardığım qədər əskiksiz yazacağam. Amma bu günün, həqiqətən də, noyabrın 5-i olub-olmadığını da bilmirəm. Keçən qış boyu bəzi günləri qaçırmışam. Həftənin hansı günü olduğunu belə deyə bilmirəm.

***

Saatın neçə olduğunu dəqiq bilmirəm. Yəqin ki, günorta saat üçə yaxındır. Saatım itib; amma əvvəllər də mənə çox köməyi dəymirdi. Əslində, vaxtı heç vaxt doğru göstərmək istəməyən balaca qızıl qol saatı, bahalı oyuncaq idi təkcə. Bir qələmim, üç sadə karandaşım var. Qələmim, az qala, quruyub, sadə karandaşla yazmağı da heç sevmirəm. Yazılar kağız üzərində kifayət qədər qabarıq (aydın) görünmür.

***

Bu hesabat Hüqo ilə başlayacaqdı, çünki onun kolleksiyaya olan həvəsi və ipoxondriyası olmasaydı, mən bu gün burada oturmazdım, yəqin ki, həyatda da olmazdım. Hüqo mənim əmim qızı Luizin əri və çox varlı adam idi. Onun sərvəti qazan zavodundan gəlirdi. Bunlar Hüqonun istehsal etdiyi çox xüsusi qazanlar idi. Ona tez-tez bu qazanların unikallığının mənşəyini açıqlamağıma baxmayaraq, təəssüf ki, unutmuşam. Onsuz mövzuya da aidiyyatı yoxdur. Nə isə, Hüqo o qədər varlıydı ki, özünə xüsusi bir şey almalı idi. Gedib özünə ovlaq ərazisi aldı.

Aprelin 30-da Rüttlinqergil məni onlarla birlikdə ova getməyə dəvət etdilər. O vaxt iki il idi ki, dul idim, iki qızım, demək olar ki, yetkin idilər, vaxtımı istədiyim kimi bölüb təşkil edə bilirdim. Ancaq azadlığımdan az istifadə edirdim. Mən həmişə oturaq adam olmuşam, özümü evdə daha rahat hiss edirdim. Yalnız Luizin dəvətlərindən nadir hallarda imtina edirdim. Ovlağı və meşəni çox sevirdim. Üç saatlıq nəqliyyatla səyahətə sevə-sevə dözürdüm. Həmin aprelin 30-da da dəvəti qəbul etdim. Üç gün qalmaq istəyirdik, başqa heç bir qonaq da dəvət edilməmişdi.

Beləliklə, avtomobillə üç saat yol getdik və Hüqonun itini ovçudan almaq üçün kənddə dayandıq. Vaşaq adlı Bavariya dağ iti Hüqonun idi, amma ovçunun yanında böyümüş və onun tərəfindən öyrədilmişdi (tərbiyələndirilmişdi).

***

Saat üçə yaxın ovlağa çatdıq. Hüqo dərhal yeni ərzağı maşının yük yerindən mətbəxin yanındakı anbara daşımağa başladı. Mən qaz sobasında qəhvə hazırladım və axşamçağı yeməyindən sonra Hüqo yuxulamağa başlayanda Luiz ona bir dəfə də kəndə getməyi təklif etdi. Əlbəttə ki, bunu pis niyyətlə edirdi. Luiz çox bacarıqlı hərəkət edərək idmanın (piyada gəzməyin) Hüqonun sağlamlığı üçün vacib olduğunu iddia etdi. Saat dörd otuzda o, nəhayət ki, Hüqonu razı saldı və onu da özü ilə götürərək zəfər ədasıyla yola düşdü.

***

Masadan qab-qacağı yığışdırdım və geyimləri şkafdan asdım; işimi bitirdikdən sonra evin qarşısındakı skamyada günəşin altında oturdum. Gözəl, isti bir gün idi və hava proqnozuna görə, səma buludsuz, açıq qalacaqdı. Günəş şam ağaclarının üstündən yavaş-yavaş əyilirdi, tezliklə batacaqdı. Ovlaq evi sıldırım dağların altındakı keçidin sonundakı kiçik bir hövzədə (düzənlikdə) yerləşir.

Orada oturub günəşin axşamçağı şüalarını üzümdə hiss edərkən, Vaşağın gəldiyini gördüm. O, yəqin ki, Luizə itaətsizlik etmişdi və Luiz onu cəza olaraq geri göndərmişdi.

***

Saat yeddidə ev sahiblərim hələ qayıtmamışdı. Bu, praktiki olaraq mümkün də deyildi; doqquzun yarısından tez gələcəklərini gözləmirdim. Ona görə də iti yedizdirdim, ət və düyü payımı yedim, sonra isə qaz lampasının işığında Hüqonun özü ilə gətirdiyi qəzetləri oxudum. Bu isti və sakit atmosferdə yuxum gəldi. Vaşaq sobanın kənarına çəkilib sakit və məmnun şəkildə mürgüləyirdi. Qapını kilidlədim və açarı özümlə otağıma apardım. O qədər yorğun idim ki, yorğanın soyuq və nəmli olmasına baxmayaraq dərhal yuxuya getdim.

Günəşin üzümə vurmağıyla yuxudan oyandım və dərhal dünənki axşam yadıma düşdü. Bizdə yalnız bir ev açarı olduğundan (ikincisi ovçuda saxlanılırdı), Luiz və Hüqo qayıdanda məni oyatmalı idilər. Gecə paltarlarımla pilləkənlərlə aşağı qaçıb giriş qapısının kilidini açdım. Vaşaq səbirsizlikə qapının açılmağını gözləyirmiş kimi yanımdan sıvışıb bayıra qaçdı. Yataq otağına getdim, orada heç kimi tapa bilməyəcəyimə əmin idim, çünki pəncərədə barmaqlıqlar vardı və Hüqo barmaqlıqsız pəncərədən belə keçə bilməzdi. Yataqlara, təbii ki, toxunulmamışdı.

Saat səkkiz idi; gərək ki, kənddə qalıblar. Buna çox təəccübləndim. Hüqo kənd meyxanasının qonaq otaqlarındakı qısa çarpayılara nifrət edirdi və heç vaxt məni gecəni ovlaqdakı evdə tək qoyacaq qədər vecsizlik (ehtiyatsızlıq) etməzdi. Nə baş verdiyini anlaya bilmədim. Yenidən otağıma qayıdıb geyindim. Hava hələ də çox sərin idi və şeh Hüqonun qara "Mersedes"inin üstündə parıldayırdı. Çay dəmləyib, içib bir az isindim, sonra Vaşaqla kəndə doğru yola düşdüm.

***

Nəhayət, keçidin çıxışına çatanda Vaşağın ağrı və qorxu içində ulama səsini eşitdim. Mən oradakı görüntünün qarşısını alan hündür topa ilə yığılmış qışlıq odunların ətrafından dolandım və ondan sonra Vaşağın orada oturub sızıldadığını gördüm. Ağzından qırmızı tüpürcək süzülürdü. Əyilib onu sığalladım. Titrəyərək və sızıldayaraq mənə yaxınlaşdı. O dilini dişləmiş, ya da dişini harasa vurmuş olmalıydı. Mənimlə getməyə davam etməsini istəyəndə quyruğunu sallayıb qabağıma keçdi və bədəni ilə məni geri itələdi.

 

Onu narahat edən şeyin nə olduğunu görə bilmədim. Yol həmin nöqtədə aşırımdan çıxırdı və gördüyüm qədərilə səssiz, sakit şəkildə səhər günəşinin şüaları altında uzanıb gedirdi. Könülsüz halda iti kənara itələyib təkbaşına yeriməyə davam etdim. Yaxşı ki, onun yolumu kəsməsiylə yavaşlamışdım, çünki bir neçə addımdan sonra alnımı sərt şəkildə vurub geriyə büdrədim.

Vaşaq dərhal əvvəlki kimi sızıldamağa başladı və ayaqlarıma yapışdı. Çaşmış halda əlimi uzadıb sürüşkən və soyuq bir şeyə toxundum: havadan başqa heç nəyin mövcud ola bilməyəcəyi bir yerdəki sürüşkən, soyuq nəyləsə təmas etmişdim. Yenidən tərəddüdlə əlimi uzatdım və yenə əlim bir pəncərənin şüşəsinə dayanmış kimi qaldı. Sonra küt bir gurultu eşitdim və yalnız sonradan başa düşdüm ki, bu mənim ürək döyüntülərimdir, qulaqlarımda döyünür. Ürəyim, mən fərqində olmadan, qorxuya düşmüşdü.

Yol kənarındakı bir ağacın gövdəsində oturub düşünməyə çalışdım. Bacarmadım. Sanki bütün fikirlər məni tərk etmişdi. Vaşaq mənə yaxınlaşdı, qanlı tüpürcəyi paltarıma damcıladı. Onu sığalladım, sakitləşdi. Sonra da birlikdə səhər aydınlığında eləcə səssiz və işıqlı uzanan yola doğru baxdıq.

Düz üç dəfə yenidən ayağa qalxdım və əmin oldum ki, burada, üç metrə qabaqda, həqiqətən də, mənim irəliləməyimə mane olan görünməz, sürüşkən və soyuq bir şey var. Bunun duyğusal illüziya olduğu gəldi ağlıma, amma təbii ki, bunun elə bir şey olmadığını bilirdim. Bir az dəliliyi, bu qorxunc görünməz şeydən daha asan qəbul edə bilirdim. Amma ağzı qanayan Vaşaq və alnımda ağrımağa başlayan şişkinlik həqiqəti göstərirdi.

Ağacın gövdəsində nə qədər oturduğumu bilmirəm, amma düşüncələrimin davamlı olaraq əhəmiyyətsiz şeylər ətrafında fırlandığını xatırlayıram, sanki bu inanılmaz təcrübə ilə nəyin bahasına olursa-olsun, məşğul olmaq istəmirdim.

 

Hazırladı: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!