Mən onu dəli kimi sevirdim. Görən biz niyə sevirik? Bəyəm, bu boyda dünyada bir tək varlığa köklənmək, beynində onun fikrini, qəlbində təkcə ona qovuşma arzusunu yaşatmaq qəribə deyilmi?! Dodaqlarınla təkcə onun adını pıçıldamaq və bu adı qəlbinin dərin qatlarında durmadan, eynilə bir bulaq kimi çağlayaraq dilinə gətirmək, onu bir dua misalı hər yerdə və hər zaman təkrarlamaq, pıçıldamaq, təsdiqləmək bəyəm normaldır ki?!
Onunla aramızda olub-keçənlərdən indi sizə söz etməyəcəyəm, çünki əslində bütün eşq hekayətləri az-çox bir-birinə bənzəyir. Onunla rastlaşdıq və mən onu sevdim. Bunca bəsit alındı hər şey. Ömrümün tam bir ilini onun ağuşunda, onun nəvazişi, danışığı və baxışları arasında keçirdim. Ondan aldığım zövqlər məni nə dərəcədə çulğamış, nə dərəcədə əsir eləmişdisə, mən diri, yoxsa ölü olduğumu, Yer üzündə, yoxsa o biri dünyada olduğumu heç cür ayırd edə bilmir, hətta hərdənbir gecəylə gündüzü də qarışdırırdım.
Və bir gün o... vəfat elədi. Amma necə? Hə, bax, bunun təfərrüatını mən heç vaxt öyrənə bilməyəcəyəm.
Yağışlı bir gündə evə döndüyü vaxt o, curumbul suyun içində idi. Sabahı gün möhkəm öskürməyə başladı. Bir həftə sərasər öskürəndən sonra isə yatağa düşdü.
Bəs sonra nə baş verdi? Bunu da mən heç vaxt öyrənə bilməyəcəyəm.
Xəstəmin üstünə çağırdığım həkimlər cürbəcür dava-dərman yazıb, gedirdilər. Bəzən isə özləriylə dərman da gətirirdilər və xəstəyə baxan qadın, onları içsin deyə, sevgilimi dilə tuturdu. Xəstənin əl-ayağı od tutub yanırdı, alnı isə nəmli və sıcaq idi, qüssə dolu gözləri işıldayırdı. Onu dindirdiyimdə suallarımı cavablayırdı. Nə barədə danışırdıq? Orasını heç xatırlamıram. İndi hər şeyi, hər şeyi unutmuşam! Onun keçindiyi anı isə tam dəqiqliyi ilə xatırlayıram: sevgilimin son nəfəsi xəfif idi və güclə sezilirdi. Ona baxan qadın: "Ah!" - deyə qışqırmışdı da onda. Və mən hər şeyi, yəni hər şeyin bitdiyini, anlamışdım!
Bunun dışında mən heç nəyi dərk eləmirdim. Hə, heç nəyi. Evə çağırılan keşiş mərhumə barəsində "aşnanız" deyimini işlətməklə, məncə, sevgilimi aşağılamışdı. İndi dünyasını dəyişdiyindən heç kimsə sevdiyim qadın barədə bu tərzdə danışa bilməzdi axı... Odur ki, onu qovdum, getdi. Sonra başqa, daha səmimi və istiqanlı bir keşiş gəldi. Mərhumədən söz etdiyi zaman mən, hətta kövrəlib, ağladım da.
Tanış-biliş məni elə hey dəfnlə bağlı sorğu-suala tuturdu. İndi heç o sualları da xatırlamıram. Təkcə tabutunun qapağı mismarlananda çəkicin qopardığı səsdir xatirimdə ilişib-qalan... İlahi pərvərdigara!
Sonra onu torpağa gömüb, üstünü torpaqladılar. Onu qaranlıq məzara rəva gördülər! Tanışlarımız və rəfiqələri gəldilər. Mən isə hamıdan gizləndim. Oradan baş götürüb, qaçdım. Uzun-uzadı küçələrdə veyilləndim. Sonra evə döndüm. Sabahı gün isə səyahətə çıxdım.
Dünən Parisə, yəni geri döndüm. Ondan, dünyadan köçən birisindən geriyə qalan otağımızı, öz yataq otağımızı, çarpayımızı, mebelimizi təkrar gördüyüm zaman içimi necə güclü bir qəhər hissi bürüdüsə, az qaldım pəncərəni açıb, özümü daşla döşənmiş qaldırıma atım. Bir vaxtlar onu əhatə edən, ona həmdəm olan bu divarlar, bu əşyalar arasında qalmağa artıq nə gücüm yetirdi, nə də tabım-taqətim. Bu divarlardakı gözəgörünməz çatlarda onun varlığından, onun vücudundan, onun zərif nəfəsindən xırda zərrəciklərin çöküb qaldığını düşündükcə, şlyapamı götürüb, birbaşa küçəyə qaçmaq istədim.
Qapının ağzında mən qəflətən böyük bir güzgü ilə rastlaşdım: onu buraya vaxtilə mərhumə qoymuşdu: axı hər dəfə evdən çıxmamış aynada özünü başdan-ayağa süzər, əyin-başında - saç düzümündən tutmuş, ta çəkmələrinə qədər hər şeyin öz qaydasında, yəni gözoxşayan olub-olmadığını dönə-dönə yoxlayardı.
Vaxtilə onu özündə əks etdirən bu güzgü qarşısında indi özüm quruyub qalmışdım. O, bu güzgüyə necə vaxtaşırı baxırdısa, onun əksi də hər halda burada qorunub, saxlanmalıydı.
Bədənimi əsməcə bürüsə də, dayanıb gözlərimi güzgüyə, bu səthi hamar, ardı isə bomboş olan şüşəyə zilləmişdim indi. Bu bədənnüma güzgü onun əksini bir vaxtlar özünə tam sığdırar və eynilə mənim sevən gözlərim qədər onlara heyran kəsilərdi. Odur ki, qəribə bir nəvaziş duyduğum üçün bu şüşəyə toxundum - o, buz qədər soyuq idi! Ah, xatirələr, xatirələr! Bu qəmli güzgü, bu canlı, işıqlı və qorxunc güzgü indi mənə sonsuz iztirablar bəxş etməkdəydi. Ürəyi güzgü kimi olan, yəni oradakı görüntüləri, yaşantıları asanlıqla silə bilən adamlar necə də bəxtəvərmişlər! Axı, güzgü də bir anlığa öz önündə dayananı, önündən keçəni, ona bağlananı, könül verəni tezliklə unudur?!. Əslində isə bu - güzgünün məhz faciəsi sayılmalıdır!
Hər hansı istəyim, hər hansı planım olmadan mən evdən çıxıb, məzarlığa yollandım. Orada tapdığım sadə, üstündə mərmər xaç ucalan başdaşında bu sözlər yazılmışdı: "Sevdi, sevildi və ömrünü sizlərə tapşırdı".
Sevgilim burada, qara torpağın altında uyuyurdu. Yəqin artıq çürüməyə də başlamışdı! Dözülməz bir dəhşət idi bu! Üzüquylu yerə uzanıb, hönkürdüm.
Uzun müddət orada qaldım. Sonra havanın qaraldığını sezdim. Həmin anlarda çarəsiz bir aşiqin içini saracaq qəribə hisslərin əsirinə çevrildim. Bu sonuncu gecəmi onun yanında, onun məzarının başında ağlayaraq keçirmək qərarına gəldim. Amma məni burada görsəydilər, məzarlıqdan bayıra çıxaracaqdılar. Bəs onda neyləməli? Bir biclik işlətdim. Ayağa qalxıb, bu ölülər şəhərində dolaşmağa başladım. Durmadan irəliləyirdim. Dirilər şəhəriylə müqayisədə məzarlıq əcəb kiçikmiş! Amma bununla belə, ölülər ordusunun sayı-hesabı yox idi. Biz dirilərə isə, gör, nə qədər yüksək bina, nə qədər küçə, nə qədər ərazi gərəkdir! Dörd nəslin nümayəndələrinin eyni vaxtda bu işıqlı dünyada yaşaması, bulaqların suyunu, üzümlüklərin şərabını, zəmilərin taxılını nuş etmələri üçün bütün o nemətlər vacibmiş! Amma insanoğlunun bu dünyadan gəlib-keçmiş bütün nümayəndələrinin, yəni indiyədək dünyasını dəyişənlərin isə vur-tut, beşcə qarış torpağa ehtiyacı var və başqa da... heç nəyə! Qara torpaq fasiləsiz şəkildə hamını öz qoynuna alır, unutqanlıq hissi isə onlarla bağlı son nişanələri də silib, yox edir və məsələ... bitir!
Yeni məzarlığın məhəccərinin o biri üzündə mən daha bir, həm köhnə, həm də baxımsız məzarlıq gördüm: orada uyuyanların nəinki cəsədləri, hətta qəbirüstü xaçları da artıq çürümüşdü və yəqin ki, burada sabah-birigün yeni "sakinlər" dəfn olunacaqdı. İtburnu kolları və tünd gövdəli, nəhəng sərv ağaclarıyla doluydu ora. İnsan cəsədlərinin gömüldüyü bu sıx ağaclıq adama hədsiz bədbin hisslər aşılayırdı.
Yalnız idim, tamamilə yalnız. Uca bir ağaca dırmaşıb, onun qaranlıq və sıx budaqları arasında gizləndim. Ağacın gövdəsindən yapışıb gözlədiyim vaxt batan gəminin dor ağacından yapışan çarəsiz birisinə bənzəyirdim.
Gecənin zülməti ətrafı bürüyüncə, öz sığınacağımı tərk elədim. Ölülərin yuxusuna haram qatmamaq üçün ağır və səssiz addımlarla yola düzəldim.
Uzun-uzadı dolaşsam da, sevgilimin məzarını tapa bilmədim. Gözlərimi geniş açıb, əllərimi irəli uzatmaqla məzarlara həm əlim, həm ayağımla, həm dizim, həm sinəmlə, hətta bəzən başımla toxunurdum mən. Durmadan irəliləsəm də, məzarı heç cür tapa bilmirdim. Korlarınkı kimi havada dolaşan əllərim başdaşlarıyla, xaçlarla, metal məhəccərlərlə, plastik əklillərlə və təbii əklillərdəki solğun çiçəklərlə təmas qururdu. Barmaqlarımın ucunu hərflər üzərində gəzdirməklə, sözləri höccələyirdim. Necə qatı və necə kor gecəydisə, məzarı heç cür tapa bilmirdim!
Ay da qeybə çəkilmişdi. Heçcə nə görünmürdü! Məzarlar arasındakı dar cığırla irəliləyərkən içimə üzücü, dözülməz təlaş hissi dolurdu. Məzarlar, məzarlar, məzarlar! Hər yer məzar idi burada! Sağım, solum, önüm, ardım - hər tərəf məzar idi! İrəliləməyə taqətim qalmadığından və ayaqlarım dizdən büküldüyündən bir sinədaşının üstünə çökməyə məcbur oldum. Ürəyimin döyüntüsü aşkar eşidilirdi. Daha nə isə bir səs var idi çevrədə! Amma nə? Bu, anlaşılmaz, qarışıq bir səs yığını idi. Bəlkə bu uğultu mənim havalanmağa başlayan beynimdə peyda olmuşdu? Yoxsa bu səs ətrafa çökən gözdeşən zülmətin qoynundan və ya insan cəsədlərini bir beşik misalı bətnində uyudan torpağın alt qatlarından yüksəlirdi?! Ətrafıma aramsız göz gəzdirirdim.
Görəsən, orada nə qədər oturmuşdum? Bunu haradan biləydim?! Qorxu və dəhşətdən az qala ağlımı itirəcəkdim, əcəlimin lap yaxınlaşdığını hiss etdiyim üçün isə, hətta bağırmağa da hazırlaşırdım.
Birdən mənə elə gəldi ki, altımdakı mərmər lövhə xəfifcə dəbərməyə başladı. Həqiqətən də, bu, beləydi: sanki onu altdan kim isə qaldırırdı. Bir sıçramaqla mən özümü qonşu sinədaşının üzərinə atdım və oradan baxınca gördüm ki, bayaqdan üzərində uzandığım sinədaşı dikəldi və onun altından çıxan ağappaq skelet öz əyilmiş qəddiylə bu daşı bir kənara atdı. Gecə hər nə qədər zülmət olsa da, mən bu səhnəni aşkar şəkildə gördüm. O məzarın xaçında bu sözlər yazılmışdı: "Burada əlli bir yaşında dünyadan köçən Jan Olivan uyuyur. Yaxınlarını sevən, dürüst və xeyirxah biri kimi tanınan bu kişi fani dünyadan rahatcana köçdü".
Skelet öz başdaşında yazılan mətni oxudu, sonra cığır üstə tapdığı sivri bir daşla o yazıları qazımağa başladı. Bu işi böyük səbirlə gördüyü vaxt o, qaralan göz boşluqlarını xaçın orta hissəsindən əsla ayırmırdı. Sonra skelet özünün sırf sümüklərdən ibarət barmağıyla orada bir yığın hərf cızdı. Yazılan bu hərflər, eynilə şüşə səth üstə fosforlu kibritlə yazılan işarətlər kimi çevrəyə işıq saçırdılar:
"Burada uyuyan Jak Olivan əlli bir yaşında dünyadan köçüb. Mirasa duyduğu acgözlük ucbatından o, atasının bağrını çatlatdı, xanımına gün vermədi, balalarını döyüb-incitdi, qonşularına isə kələk gəldi. Gözünə dəyən hər şeyi oğurladığı üçün ta öldüyü günə qədər hamının dərin nifrətini qazandı".
Yazısına ara verən skelet hərəkətsiz durub, mətnə göz gəzdirdi. Bu ara mən bütün qəbirlərin açıldığını və oradan dışarı çıxan skeletlərin öz qohumları tərəfindən başdaşlarına yazılan saxta sözləri sildiklərinə və əsl həqiqəti bərpa etdiklərinə şahid oldum.
Bəlli oldu ki, onların hamısı öz doğmalarına qarşı qəddar, yaramaz, ikiüzlü, paxıl, saxtakar və fırıldaqçı kimi davranıblar, hamıya böhtan atıblar, başlarını aldatmaqla onları soyub-talayıblar, hər kəsə qarşı ən ləyaqətsiz və bağışlanmaz hərəkətlərə yol veriblər. Halbuki bütün bu sevən atalar, sadiq ər-arvadlar, dəyanətli oğullar, bəkarətli qızlar, insaflı tacirlər, bütün bu kişilər və qadınlar sağlıqlarında özlərini hamıya xeyirxah insanlar kimi tanıdırmışlar.
İlahi dərgahın eşiyində olan bu ölülər həyatdakı insanların özləri haqda bilmədikləri, yaxud bilib də, bilməzlikdən gəldikləri qorxunc, amansız və müqəddəs həqiqətləri indi birbəbir öz məzar daşlarına həkk etməkdəydilər.
Ona görə düşündüm ki, yəqin sevgilim də özü barədə gizli gerçəyi indi başdaşına yazmış olar. Odur ki, heç bir qorxu-hürküyə qapılmadan çuxurtək qaralan boş məzarların, skeletlərin, cəsədlərin arasıyla qaçmağa başladım, həm də artıq inanırdım ki, sevgilimin qəbrini çətinlik çəkmədən tapacağam.
Üzü kəfənlə örtülü olsa da, mən sevgilimi xeyli uzaqdan tanıdım.
Onun mərmər başdaşında az öncə: "O, sevdi, sevildi və dünyadan köçdü" sözləri yazıldığı halda, indi: "Yağışlı bir gündə öz aşiqinə xəyanət etmək üçün evdən çıxan bu qadın sətəlcəmə tutularaq, vəfat eləyib" sözlərini oxudum.
Deyilənlərə görə, sübh çağı ziyarətçilər məni hansısa məzarın yanında bayılmış halda tapmışdılar...
Dilimizə çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!