Qalaktion Vasilyeviç Tabidze (1892-1959) - çar və sovet Rusiyasında ən tanınmış gürcü şairi sayıldığından XX yüzildə gürcü şeirinin ana xətlərini və mövzu dairəsini cızmaq haqqını da qazanıb. Özündən sonra gələn bütün gürcü şairlərinin üzərində danılmaz təsiri var. 1933-cü ildə Gürcüstan SSRİ-nin xalq şairi adına layiq görülüb. 1944-cü ildə isə Gürcüstan SSR Elmlər Akademiyasının akademiki seçilib. Kutaisi yaxınlığındakı Çkvişi kəndində, həm də müəllim ailəsində doğulub. Dünyaya göz açdığı vaxt atası artıq vəfat edibmiş. 1908-ci ildən Tbilisi ruhani seminariyasında təhsil almağa və elə həmin ildən də öz qələm təcrübələrinin dərcinə başlayıb. 1914-cü ildə ilk şeir toplusu işıq üzü görüb. 1915-16-cı illərdə Moskvada ikən görkəmli rus şairlərindən A.Blok, V.Bryusov və K.Balmont ilə tanışlıq qurub. 1916-cı ildən başlayaraq gürcü simvolistlərinin buraxdığı "Mavi buynuzlar" jurnalında çap olunub. 1915-ci ildə ailə qurub. 1919-cu ildə "Artistsayağı şeirlər" adlı şeirlər kitabı çıxıb. 1924-cü ildə isə "Mnatobi" (Şamdan) jurnalının yaradıcılarından biri olub. "Con Rid" (1924), "Zəmanə" (1930) və "İnqilabi Gürcüstan" (1931) poemalarının müəllifidir. 1930-cu illərdə öz soydaşı İ.Stalinin apardığı repressiyalardan sağ qurtulan Q.Tabidze bu diktatorun ölümündən sonrakı dövrdə də rejimin ciddi təqibləri ilə üzləşib. Azad bir ruha sahib olduğundan təzyiqlərə dözə bilməyərək, dərin depressiyaya qapılıb və tək çarəni içkiyə qurşanmaqda görüb. Əsəb sistemi tamamən pozulduğundan onu psixiatriya klinikasına yerləşdiriblər, amma böyük şair üçüncü mərtəbədəki pəncərədən özünü aşağı atmaqla, canına qəsd etməyi üstün bilib. Onun nəşi Tbilisidəki Mtaçminda panteonunda torpağa tapşırılıb. Doğulduğu kənddə hazırda Tabidzenin ev muzeyi fəaliyyət göstərir. Xatirəsini əbədiləşdirmək məqsədilə Tbilisi, Kutaisi və Batumi şəhərlərindəki mərkəzi küçələrə şairin adı verilib.
"Qulağım həsrətdir tanış səslərə..."
Qulağım həsrətdir tanış səslərə,
Dostlar da baş alıb, gedib harasa.
Qara xülya kimi sanki Tiflisi
Hey qoynuna çəkir... qara yarasa.
Qadın gözəlliyi qarşısında mən
Dönmüşəm çarəsiz, gücsüz ahıla.
Leysan yağdırmaqla göylər də yəqin
Mənim bu halıma yas saxlayırlar.
1914
Sənin sağlığına, ay alaverdi!
Tərcüməçinin vacib qeydi:
Qafqazda qurulan süfrələrdə, içki məclislərində sıra və ya növbə ilə sağlıq söyləyib, qədəh qaldıran hər iştirakçı digər(lər)inə nəzərən "alaverdi" adlanır. İşləndiyi digər Qafqaz dillərində (gürcü, erməni və sair) bu söz hər hansı məna yükünə sahib deyildir. Bu səbəbdən də onun daha çox Azərbaycan (türk) dilindəki "Al(a) ha, verdim" deyimindən törədiyini, bir vurğuyla deyildiyi üçün sonradan hələ qismən təhrifə də uğradığını söyləmək mümkündür.
Ana dilimizdə qarşılıqlı şəkildə görülən hər hansı işdə, deyişmədə və ya yarışmada işlənən, bir növ estafetin vaxt itirilmədən, bir an əvvəl qarşı tərəfə ötürülməsini xatırladan daha bir deyim isə "Al, gəldi!"dir.
Kafeyə girərkən oval güzgüdə
Qəribə bir cənab dəyir gözümə.
Təkəm, iki qədəh şərab süzürəm:
Birin - onun üçün, birin - özümə.
Əşyalar gözümdə əriyib-gedir,
Qovuşub öz şəffaf cizgilərinə.
"Sənin sağlığına, ay alaverdi,
Kaman nalə çəkir cavab yerinə.
Umuram ki, sağlıq deyərək bəlkə
Verəsən ruhuma xoş bir təsəlli.
Ancaq əbəs yerə: görmürəm çünki
Qədəhə uzanan o tanış əli.
Hardasan? Bir hay ver. Niyə qırmırsan
Könlümdə taxt quran qorxunc sükutu?!
Əzəldən belədir - boşalan yeri
Həmişə şux, çılğın dalğalar tutur.
1916
Şeir - hər şeydən öncə
Dostlar, şeir gəlir sizlərdən öncə,
Təkcə zamandan yox, özümdən öncə,
İlk sevgidən öncə, ilk otdan öncə,
İlk qardan, hər şeydən, hər şeydən öncə.
Qardan bəmbəyazsa, safsa ruhumuz,
Günəş boylandısa pəncərəmizdən,
İçəri işıq yox, şeir süzülər
Svetiçxovelidən, hər şeydən öncə.
Tərcüməçinin qeydi:
Svetiçxoveli - 12 həvarinin şərəfinə Mçxeta şəhərində inşa olunmuş kafedral kilsənin adıdır. Gürcü Pravoslav Kilsəsinin patriarxlığı da hazırda bu binada fəaliyyət göstərir.
Ey doğma şəhərim, niyə soyuqsan?
Bir çələng çoxmudur oğluna, səncə?!
Bu dua tökülər dodaqlarımdan:
Həyat, Ölüm, Şeir - hər şeydən öncə.
1920
Oğlan ilə qız
Dünya ibarətdir uca dağlardan,
Səmadan, bir də ki göy meşələrdən.
O, bir cüt uşağın dilləşməsini
Bizə xatırladır nədənsə... hərdən.
Torpaq da ondadır, sel-su da onda,
Sual da ondadır, cavab da onda.
Heyrətdən yüksələn hər "Əşşi, hə!"nin
Mütləq "Əşşi, yox!"u var cavabında.
Yamyaşıl çəmənin içiylə orda
Yaydıqca sürünü dərə aşağı,
"Əşşi, hə!" deyirsə, şəksiz haqlıdır
O qoyun otaran oğlan uşağı.
Böyründəki qız da "Əşşi, yox!" desə,
Haqlı sayılmazmı özünə görə?!
İstənilən cavab haqlı səslənər -
Baxılmaz gecəyə, ya da səhərə.
O bir cüt uşağın şux söhbətində
Niyə yola getmir "yox"larla "hə"lər?!
Çünki könlümdə də - dünyadakı tək -
Bunlar bir-birini izlər, hədələr.
1924
Külək əsir
Hayqırır, hayqırır, külək hayqırır,
Yarpaqlar budaqdan üzülür asan.
Ağaclar cərgəylə qarşıma çıxır:
Hardasan? Hardasan? Axı hardasan?
Yağışın ardınca qar gözlənilir,
Damlalar kəsilib o qara qənim.
Qovuşmasaq belə bir ömür boyu,
Hüsnün yaşayacaq könlümdə mənim.
Yağışda, yuxuda səsləyib səni,
Dinlərəm küləyin... iniltisini.
Rus dilindən çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!