Mirzə Əzim bəy Çuğtayi 1928-ci ildə Britaniyanın müstəmləkəsi olan Hindistanın Buduan şəhərində doğulub. Çuğtayi - urdu dilində yazıb-yaradan, şair və nasir kimi tanınan Şəbnəm Romaninin ədəbi təxəllüsüdür. Pakistan dövləti öz müstəqilliyini elan etdikdən sonra o, paytaxt Kəraçi şəhərində məskunlaşmaqla, qalan ömrünü orada yaşayıb. Urdu dilində çıxan "Quarterly Aqdar" adlı jurnalına uzun illər boyu naşirlik və baş redaktorluq edib. Bununla yanaşı, o, Kəraçidə nəşr olunan "Daily Mashriq" qəzetində köşə yazarlığı da edib. Çuğtayi 2008-ci ildə, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. "Cəzirə", "Disra Himala", "Hicrət" və "Töhmət" adlı əsərləri ona ədəbi şöhrət gətirib. Yazarın böyük oğlu Feysəl Əzim hazırda Kanadada yaşayır və şair kimi tanınır.
1
Ötən günlərin birində duşdan sonra eyvana çıxdığım vaxt bir dilənçi hər halda tülün üstünə düşən kölgəmi, ya da tülün titrəyişini sezmişdi ki, mənə: "Bacım, Allah-təala sənə övlad versin!" - deyərək dua elədi. Əslinə qalanda həmin məqamda yaxın ətrafda nə bir bacı gözə dəyirdi, nə də övladsızlıq dərdindən şikayətlənən birisi. Yəni bu dilənçi öz peşəsinə də yetərincə yiyələnməyən kəslərdən sayılmalıydı. Kaş boş-bekar bir adam tapılaydı və gedib bu axmaqdan soruşaydı ki, hər dəlikdə bir qımıldanma görən kimi niyə sağına-soluna bu cür oğul-qız, övlad paylamaq niyyətinə düşürsən axı və bundan sənin umacağın nədir?! Həm də mənim bu dilənçi tayfasını görən gözüm yoxdur, çünki rastıma çıxan bütün dilənçilərin məndən iki dəfə yekəpər olduğunun fərqinə çoxdan varmışam. Amma yenə də bir iş arayıb-aramadığını öyrənmək məqsədilə pəncərənin məhəccərinə salınan həsirin bir ucunu qaldırmağı uyğun bildim.
Ona diqqət yetirincə, qarşımda zavallı bir məxluqun dayandığını sezdim. Yaşlı, həm də yamaqlı paltarına görə yoxsul biri sayılacaq bu kişi yiyəsizliyin və çarəsizliyin canlı abidəsi idi. Durumları həqiqətən, acınacaqlı olduğundan belələri dilənçiliyin heç sirlərinə də sən deyən vaqif olmurlar, çünki nə bir gözəl nəğmə-havacat, nə də bir şeir-zad bilirlər. Eləcə qarşımıza keçib: "Bizlər də bu dünyada belə yaşayırıq" - deyərmiş kimi, illah, onlara acımamızı umarlar.
Onun bu halına canım yandığından evin giriş qapısına yanaşmasını işarətlə bildirdim.
Səhərin erkən saatlarıydı. Çay içirdim. Arvadıma dedim:
- İndi qapıya cındırından cin hürkən bir dilənçi gələcək, ona bir neçə rupi sədəqə, bir stəkan da çay verərsən.
İrişaqqalı dilənçilərə məndən daha betər nifrət bəsləyən arvadım həqiqi mənada zavallı, pənahsız dilənçilərin halına da ürəkdən acıyacaq biriydi.
Qapımıza dilənçinin gəldiyini eşitcək, arvadım bir cüt qızarmış çörəyin üstünə yağ yaxdı, bol süd qatmaqla, bir fincan çay süzdü, bunları bir məcməyiyə yığandan sonra böyürlərinə də bir az şirni və dörd rupi pul qoydu. Sonra isə nökərimizə tapşırdı ki, az sonra qapıya gələcək dilənçini eyvanda oturtsun, qarnını doyurmasına imkan yaratsın.
2
Amma dəvət elədiyim dilənçi qapının kandarına yanaşmadı. Bu kişi, ya evin başına dolanmağa, ya yolunu dəyişməyə ərinmiş, ya da yoluna davam etməklə, başqalarından nələrsə dilənməyə üstünlük vermişdi. Bəli, nə hikmət idisə, o zavallı dilənçi qapımıza yanaşmamış, ancaq onun əvəzinə kandarı başqa bir kişi dilənçi kəsdirmişdi. Ev yiyəsini səsləməsinə fürsət tapmamış, itimiz onun böyründə dərhal peyda olmuşdu. Əlindəki iri çomağı havada hərləməyə adam imkan tapmadan məcməyi daşıyan nökərimiz özünü ona yetirdi. Amma nə görsə, yaxşıdır?! Boğazından təsbeh asan, əlində dilənçilərə xas qalın bir əsa tutan, bütün geyimi boynundakı torba və bunun altından geyindiyi təhməddən (kəndli kişilərin geyim növüdür, bədənin beldən topuğa qədərki qismini örtən bu tumana bənzər əlbisə tək parçadan biçilir - A.Y.) ibarət olan bir adam durub qarşısında. İtə təpinən nökər dilənçini evə dəvət elədi. Fürsəti qənimət sayan dilənçi bir tərəfdən, məcməyidəki nemətləri gözünə təpir, digər tərəfdən isə, bizim xanıma səslənirdi: "Evdə nimdaş bir jaket, ya da köynək varsa, onu da bu fağır bəndəyə çox görməyin. Bayırda hava soyuq olduğundan biz yoxsulların əl-ayağı donur ey".
Arvadım da dərhal bir köynək ilə nimdaş jaket tapıb, nökərə uzadarkən ondan soruşdu:
- Başqa nəsə deyir o?
- Xeyr, xanım, sizlərə dua edərək yeməyini yeyir.
Köynək ilə jaketi götürüb, eyvana tərəf gedən nökər bu sovqatı da dilənçiyə verdi. Mən də çayımı içib bitirdim və dilənçinin mənə aid qalın paltarları necə geyinəcəyindən razı bir əda ilə evdən çıxdım.
3
Bəs bayıra çıxınca nə görsəm, yaxşıdır?! Yetərincə sağlam, güclü-qüvvətli biri sayılacaq dilənçi gəyirərək, həm də dualarına əsla ara vermədən mənə aid o jaket ilə köynəyi büküb, torbasına dürtüşdürür.
Əslində, bu cüvəllağı əyninə sinəsiaçıq, yəni adətən dilənçilərin geyindiyi o ənənəvi əbalardan taxıbmış. Sanki belə davranmaqla, soyuq havanın həzzini də duymağa çalışırmış. Geniş sinəsini təraş etməsi və güclü əzələləri istər-istəməz diqqətimi çəkdi. Gözünə sataşdığım an o, dualarını ard-arda düzdü, nə düzdü...
Az əvvəl yeyib-içdiyim o loxmalar qursağımda zəhərə döndü. Əməlli-başlı karıxdım. Mən o sırtıq hərifin ağız-burnunu əzmək üçün ona tərəf yönəlincə, o da dualarını əskik etmədən oradan uzaqlaşmağı uyğun bildi. Dualarındakı saxtalıq və boğazdanyuxarı minnətdarlıq ucbatından canım lap betər sıxıldı. Bizə badalaq gələn bu hərifin üzüsulu şəkildə aradan sivişməsini əsla özümə bağışlamazdım.
O dəm bir tanışımla rastlaşdım. Üç-beş kəlməylə dilənçinin durğuzduğu hoqqabazlığı ona anlatdıqdan sonra dilənçinin ardınca bağırdım:
- Bu əməlindən görəsən, heç utanırsan?!
Bu töhmətimi eşitcək, hərif gözünü əynindəki təhmədə dikdi, ardınca nəcibliyimə görə guya mənə təşəkkür edirmiş kimi, ətəyinin belini bir az da aşağı saldı.
- Yaramaz!
Yamanca əsəbiləşmişdim.
- Bunca sağlam və güclü ikən dilənməyi özünə yaraşdırdığın üçün görəsən, heç utanıb-ölürsən?!
Bunun cavabında dilənçi dünyaya gəldiyi üçün sahib olduğu bütün hüquqları birbəbir mənə sadaladı və bunlardan heç bir halda imtina etməyəcəyini sözlərinə əlavə elədi. Artıq mən bu qanacaqsızdan öz jaket və köynəyimi geri almağı bacarıb-bacarmayacağım barədə düşünməyə başlamışdım. Tanışım isə bunun ağbədiyə olacağını bildirdi. Amma vaxtilə bir şair yaxşı deyibmiş ki: "Zillətin nə olduğun get, ciyəri qan olana sor".
- Yox, - dedim, - dünya dağılsa belə, bu zırramanın o geyimləri alıb-aparmasına nə cürsə mane olacağam.
Odur ki, dilənçini sorğu-suala çəkməyə girişdim:
- Niyə özünə bir iş-güc tapmırsan?
Cırnamış halda belə dedi:
- O işi mənə siz tapın, görüm.
Bildirdim ki, yemək-içmək də daxil, ayda on rupi qazanacağı bir iş tapa bilərəm.
- O cür işdənsə, mənim öz ailəmi gözgörəsi zəhərləməm daha uyğun olardı.
- O niyə? - soruşdum.
- Eh, cəmi on rupi alacağam da. Halbuki mən təkcə elə inəyimə hər gün beş rupilik yem alıram. Bundan əlavə, hələ arvada və üç uşağa da baxmalıyam. Bəs onda biz qalan beş rupi ilə necə dolanaq, hə?
- Sənin hələ inəyin də varmış?!
- Çoban hər aya məndən iki rupi istəyir, o inək də olmasa, heç dolana bilmərik axı, ağa.
Lap çaşıb qalmışdım:
- Necə yəni "heç dolana bilmərik?!" Bəs onda bizlər necə dolanırıq?
- Siz varlı adamsınız axı, ağa. Hər gün altı litr süd almaqdan ötrü gərəkli pulu biz haradan tapaq?!
- Altı litr? O qədər südü kim və niyə içsin axı?
Dilənçi bildirdi ki, təkcə özü gündəlik dörd litr süd içir. Ayda nə qədər qazandığını soruşduğumda isə kişi dolanışığın çətinliyindən acı-acı şikayətləndi. Sonra ev xərclərinin otuz rupiyə çatdığını deyib, əlavə elədi ki, əgər sözügedən xərcləri az-çox qarşılayacaq bir iş tapa bilsə, bu dilənçiliyin daşını birdəfəlik atmağa hazırdır.
Tanışımla bir-birimizin üzünə baxdıq. Daha sonra dilənçinin gündüzlər bir qədər mürgüləməyə vərdişkar olduğunu, bu səbəbdən də günorta saatlarını işləməkdən imtina elədiyini öyrəndik. Bunu çıxmaq şərtilə, qarşımızdakı adam istənilən iş-gücə girişməyə, yəni hər cür buyruğa qatlaşmağa hazır biriymiş. İndi durub bu sırtığa mən nə deyəydim axı?! Adam əsl xata-bəlaydı!
O əsnada nökərim bizə yanaşdı və əvvəlki o yoxsul dilənçini nə qədər axtarsa da, heç cür tapa bilmədiyini söylədi. Əgər o tanışım yanımızda olmasaydı, nimdaş paltarlarımı o sırtıq dilənçinin əlindən dartıb-alardım.
Ancaq yaranmış duruma bir qədər fərqli çözüm yolu tapınca, dilənçiyə sərt şəkildə bildirdim:
- Mənə bax, haram loxma yeyib, cəzasız bir şəkildə buradan çıxıb-getmənə heç bir vəchlə imkan verən deyiləm. İndi əllərinlə qulaqlarını qapa və əlli kərə oturub dur. Ondan sonra da səni bir də bu həndəvərdə hərlənən görməyim!
O ara gözlərimdə çaxan şimşəklərə şahid olan dilənçi torbasındakı jaket ilə köynəyin ona qalacağından artıq əmin idi yəqin. İstənilən halda qazanan tərəf o olasıydı. Tamamilə səssiz və sakit bir tövrlə əsasını və kəşkülünü bir tərəfə, əlində tutduğu torba ilə boynundan sallanan təsbehi isə digər tərəfə qoydu. Təhmədini təkrar yuxarı qaldırmağa hazırlaşanda əsəblərim lap yerindən oynadı və kişinin üstünə bağırdım:
- Vay səni, qanacaqsız!
Tövrünü pozmadan dilləndi:
- Altdan iç donu da geyindiyim üçün hər oturub duranda təhmədim mənə mane olacaq.
Ona illah, bir cəza verməyə çalışdığım üçün bu şərtə də göz yummalı oldum. Artıq o, ruh yüksəkliyi ilə, dərindən nəfəs alıb verərək, pəhləvanlar misalı dizlərini yanlara doğru geniş açmaqla, durduğu yerdəcə sürətlə oturub-qalxır, amma əllərilə qulaqlarını tutmağa bir gərək duymurdu.
Özümdən çıxdım:
- Ədəbsiz hərif, niyə elə edirsən?! Bax, əgər əllərinlə qulaqlarını tutub, adam kimi oturub durmasan, vallah, səni polisə təslim edəcəyəm!
Qulaqlarını qapayaraq, necə oturub-duracağını ona göstərəndən sonra hərif kəsdiyim cəzaya da qatlaşmağı qəbul elədi. O ara tanışımla mən bu dilənçi tayfasının məlum iyrənc xislətlərini pisləməkdə idik.
Qəfildən ağlıma gəldi ki, hərifin qulaqlarını tutaraq, oturub durmalarının sayı indiyədək ən azı əllini keçmiş olar. Dönüb, ona nəzər saldığımda hərifin hələ də idmana davam etdiyini gördüm. Soruşduğumda hərəkəti artıq yüz kərə təkrarladığını dedi.
- Bəsdir! Yetər! Çıx get buradan! Mən cəmi əlli dəfə demişdim axı, niyə artıq eləyirdin ki?!
- Ağa, mən bu hərəkəti gün ərzində beş yüz kərə təkrarlayıram. Fikirləşdim: indi ki, başlamışam, elə gündəlik normamı bitirim də.
- Buna bax da! - deməklə, bu iyrənc hərifi başdan-ayağa ikrah hissiylə süzdüm.
- Yoxsa hələ güləşlə də məşğul olursan?
Bunu soruşmazdan əvvəl onun meydan kimi sinəsi, əzələli çiyinləri və bədəni diqqətimdən yayınmamışdı.
- Mən sözü havaya atmıram ha! Baxın, bu şəhərdəki istənilən güləşçiylə döşəyə çıxmağa hazıram!
Bir istədim bu iyrənc həriflə elə özüm güləşməyə razılıq verim, amma sonra fikrimdən daşındım.
- Haydı, haydı, sürüş buralardan! Elə bu dəqiqə... hə, indicə sürüş... Onu uzaqlaşdırın buradan...
Əlüstü torbasını və digər əşyalarını da qamarlayan hərif dualar edərək uzaqlaşdığı zaman mən içimdə baş qaldıran hiddətə artıq necə çarə qılacağımı heç cür kəsdirə bilmirdim...
Tərcümə etdi: Azad YAŞAR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!