"Yazmaq" adlı essedən parçalar - Marqerit DURAS

Marqerit Durasın "Yazmaq" adlı kitabında yer alan "Yazmaq" adlı essedən parçalar dilimizə ilk dəfə ingilis dilindən tərcümə edilir.

 

Kitab yazan insan ətrafındakı insanlarla həmişə məsafə saxlamalıdır. Bu, təklikdir. Yazıçının, yazılan şeyin tənhalığıdır. Başlamaq üçün insan özündən ətrafındakı tənhalığın nə olduğunu soruşar. İnsan evdə atdığı hər addımda, günün hər saatında, hər cür işıq - istər çöldən gələn, istərsə də günorta yanan çıraqların işığından - altında bu sualı özünə verir. Bədənin bu əsl tənhalığı yazının toxunulmaz tənhalığına çevrilir. Bu haqda heç kimə danışmamışam. Tənhalığımın ilk dönəmində artıq başa düşmüşdüm ki, yazmalıyam. Reymon Keno (Raymond Queneau) elə o vaxtdan məni təsdiqləmişdi. Bunu təsdiqləyən onun bir cümləsiydi: "Başqa heç nə etmə, yaz".

Yazmaq; həyatımı mənalandıran, məni valeh edən tək şey bu idi. Mən də bunu etdim. Yazmaq məni heç vaxt tərk etmədi.

Tənhalıq həm də bu deməkdir: ya ölüm, ya kitab. Amma hər şeydən əvvəl bu, spirt deməkdir. Viski deməkdir. İndiyə qədər heç vaxt, həqiqətən də, heç vaxt olmayıb; olsaydı, daha çox uzaqlara getməli olacaqdım... Yəni, başlayıb bitirmədiyim bir kitab olmayıb. Mən heç vaxt varolma səbəbi olmayan kitab yazmamışam, bunu yazdığım bütün kitablara aid etmək olar. Hər yerdə, hər mövsümdə belə olub. Bu həvəsi, ehtirası burada, İvelin (Fransanın şimali mərkəzində yerləşən, İl-de-Frans regionun departamentlərindən biri - tərc.) bölgəsində, bu evdə kəşf etdim. Nəhayət, kitablarımı yazmaq üçün, içində gizlənəcəyim evim olmuşdu. Bu evdə yaşamaq istəyirdim.

Bir çuxurda, o çuxurun dibində, demək olar ki, tam tənhalıqda olmaq və yalnız yazının sizi xilas edə biləcəyini kəşf etmək... Əgər beyninizdə kitab mövzusu, kitab fikri yoxdursa, deməli, qarşınızda bir kitab var, yeni kitabla qarşı-qarşıyasınız, - deməkdir.

İnsanın həyatında elə bir zaman gəlir və məncə, bu taleyüklü bir məqamdır; ondan qaça bilməzsən; o anda siz hər şeydən şübhələnirsiniz: evliliyinizdən, dostlarınızdan, xüsusən də, cütlük olaraq qazandığınız dostlarınızdan... Övladınızdan yox. Övladdan heç vaxt şübhə duymazlar. Bu şübhə öz ətrafında böyüməyə başlayır. Bu şübhə tənhalıqdır, tənhalığın şübhəsidir bu. Bundan doğulur, təklikdən. Bunun adını indidən verə bilərik. İnsanların çoxu mənim dediklərimə dözə bilmir, dərhal qaçırlar söhbətdən. Elə buna görə də hamı yazıçı deyil. Bəli. Aradakı fərq budur. Həqiqət budur. Başqa heç nə. Şübhə - yazmaqdır. Dolayısıyla yazıçıdır. Yazıçı ilə bərabər hamı yazar. Bu, çoxdandır hamıya məlum olan bir şeydir.

İnandığım başqa bir şey odur ki, insanı yazmağa vadar edən bu ilkin şübhə hərəkəti yoxdursa, tənhalıq da yoxdur.

Yatanda üzümü gizlədirdim. Özümdən qorxurdum. Bunu niyə bilmədiyimi bilmirəm. Ona görə də yatmazdan əvvəl içirdim. Özümü unutmaq üçün. Dərhal qanınıza qarışır və sonra yuxuya gedirsiniz. Alkoqol düşkününün tənhalığı darıxdırıcı tənhalıqdır. Ürək, bəli, ürək... Birdən çox sürətlə döyünməyə başlayır.

Evdə yazanda hər şey mənimlə birlikdə yazırdı. Yazı hər yerdə idi. Dostlarımla görüşəndə bəzən onları dərhal tanımırdım. Uzun illər belə keçdi, mənə çətin oldu, hə, bəlkə on il, on il keçdi. Dostlarım, hətta ən yaxın dostlarım da məni görməyə gələndə, bu, fəlakət kimi olurdu. Dostlarım mənim haqqımda heç nə bilmirdilər: onlar mənə yaxşılıq etmək istəyirdilər və incə düşüncəli olduqlarına görə, mənə yaxşılıq etdiklərini zənn edərək ziyarətə gəlirdilər. Ən qəribəsi isə o idi ki, mən heç də belə düşünmürdüm.

Yazmaq, insanı yabanılaşdırır. Müasir insandan əvvəlki vəhşi həyata qayıdırsan. Və bu, hər dəfə sənə tanış gəlir; zamanın özü qədər köhnə meşələrin vəhşiliyidir bu. Hər şeydən qorxmağın vəhşiliyi, həyatın mahiyyətindən ayrılmaz bir vəhşilik. Onu bütün varlığınla qucaqlayırsan. Fiziki güc olmadan yazmaq mümkün deyil. Oturub yazmaq üçün özündən güclü olmalısan, yazdıqlarından güclü olmalısan. Qəribə şeydir, bəli. Təkcə yazı aktı deyil, yazılanlar gecələr çölə çıxan heyvanların fəryadıdır; hamımızın, sizin və mənim, itlərin... Cəmiyyətin kütləvi, ümidsiz adiliyi. Bu, əzabdır, İsadır, Musadır, fironlar və bütün yəhudilərdir, eyni zamanda xoşbəxtliyin ən şiddətli ağrısıdır. Mən həmişə buna inanmışam.

 

 

Tərcümə etdi: Nilufər HACILI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!