Dzyun TAKAMİ
(1907-1965)
Hərəkətsiz ağac
Buludlardakı didiklərin ardından
səmanı necə görmək mümkünsə,
sən də zamandakı boşluqlar sayəsində
görə bilirsən göy üzünü.
Buludlar daim hərəkət etsə də,
göy üzü donuq və hərəkətsizdir.
Sən də, eynilə eləcə,
yəni yerində qımıldanmadan dayanırsan.
Pəncərə
Əlüstü pəncərəmi aç!
Buradakı söz-söhbətin
və siqaretlərin külü çökübdür otağıma.
Pəncərəmi də elə qəlbimdəki
pəncərə ilə birlikdə açsana!
Qəlbimdəki otağa qonaqlar
qədəm qoymasa da,
o da uzun müddət qapalı qalıb deyə,
havası kəsifləşir.
Ey ömür-gün yoldaşım!
Pəncərəmi açıq saxla!
O lal-dinməz səmanın üzünə,
o dilsiz-ağızsız ağacların üzünə açıq!
Səma
Hardan başlanır səma?
Bir qırğı quşunun süzdüyü
yerdədir bəlkə səma?
Elə meyvə də, rüşeym də
insan gözlərindən məhrəm yerlərdə
və səssizcə böyüyür, adətən.
Hə-ə! Rüşeymin elə ətrafındakı
o fəza imiş də səma.
Mən gücsüzəm
Mən gücsüzəm,
mübarizəyə tabım yoxdur,
ancaq sırf həyatda qalım deyə,
başqalarını tələyə, bəlaya sala bilmərəm.
Mən gücsüzəm,
özüm sağ qalım deyə,
başqalarını doğrayacaq qədər
alçalmağa qıymaram.
Mən gücsüzəm,
başqalarının fikirlərini özümünkü kimi
təqdim edəcək qədər
alçalmağa da razı olmaram.
Hə, mən gücsüzəm
və bu gücsüzlüyümü
daima qorumağa çalışacağam.
Nakahara TYUYA
(1907-1937)
Şimal dənizi
Dənizdəki su pəriləri
harayasa qeybə çəkiliblər.
Dəniz indi
sadəcə dalğaların ixtiyarındadır.
Zülmət gecə çöküb
bu soyuq şimal dənizinin üzərinə.
Dişlərini qıcayan azğın dalğalar
öz qədim dualarını durmadan pıçıldamaqla
səmanı ovsunlayırlar artıq.
Hə, dənizdən su pəriləri
harayasa qeybə çəkiliblər.
Dəniz indi
sadəcə dalğaların ixtiyarındadır.
O aylı gecədə qumlu sahilə
O aylı gecədə qumlu sahilə
dalğalar bir pion çiçəyi atdı.
"Bu çiçək nəyimə gərək?!" desəm də,
nədənsə əyilib onu götürdüm.
Dözmədim, qıymadım, gizlədim onu
mən öz kimonomun geniş qolunda.
O aylı gecədə, qumlu sahilə
dalğalar bir pion çiçəyi atdı.
"Bu çiçək nəyimə gərək?!" desəm də,
nədənsə əyilib onu götürdüm.
Göydən Ay baxırdı - gülə qıymadım,
dalğalar şahiddi - qıymadım atım,
gizlədim kimonomun geniş qolunda.
Aylı bir gecədə, qumlu sahildə
tapdığım pionun o nəfis ətri
çökdü ən əvvəlcə barmaqlarıma,
oradan qəlbimə, qəlbimə hopdu.
O gecə ətirli pionu görən,
niyə qaldırmışdım mən axı yerdən?!
Qar yağır
Qar yağır,
ta üfüqlərə qədər örtür solu-sağı.
Qar yağır,
ta üfüqlərə qədər örtür solu-sağı.
Sanki düzənlikdə ağappaq
bir qoyun sürüsü otlayır
və üfüqlərə qədər örtür solu-sağı.
Qar yağır,
və üfüqlərə qədər örtür solu-sağı.
Qar yağır,
göylərdən yağır
və üfüqlərə qədər örtür solu-sağı.
və üfüqlərə qədər örtür solu-sağı
və üfüqlərə qədər örtür solu-sağı
kilsənin damına
həm də
kilsənin yanındakı ağaclığa yağır o,
həm də, həm də ki
ara vermədən yağır,
göylərdən yağır,
qar yağır -
əsgərlərin yürüdüyü
yola da yağır o.
Arabir
şeypur səsi titrədir yaxını, uzağı,
hə, hə,
qar yağır
hələ də, yenə də qar yağır...
Dilimizə çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!