Amerikalı yazar Meyson Karrinin 2013-cü ildə işıq üzü görən "Dahilərin iş rejimi" adlı kitabı indiyədək 17 dilə çevrilib və 100 min ədədlik tirajı satılıb, tükənib. Haqqında "The New Yorker", "The Guardian", "The Wall Street Journal" və "The Believer" kimi nüfuzlu nəşrlərin müsbət rəy çap etdiyi kitab NPR versiyası üzrə "İlin kitabı" elan olunub. Kitabda keçmiş dövrlərdə yaşamış və müasirimiz olan 161 dahi yazarın, bəstəkarın, rəssamın, filosofun və digər məşhur insanın iş rejimi avtobioqrafik, bioqrafik və dəqiq tarixi faktlar əsasında oxuculara təqdim olunub. Maraqlananlar kitabın digər bölümlərini qəzetimizin əvvəlki saylarında oxuya bilər.
İohan Volfqanq HÖTE
(1749-1832)
Gənclik dövründə Höte günlər uzunu, həm də fasiləsiz yazıb-yaradırdı, yaşlanınca isə artıq fərqinə varmışdı ki, sadəcə səhər saatlarında təbi daha güclü olur.
1828-ci ildə o, bu barədə deyirmiş:
"Həyatımın bəlli bir dönəmində mən günə bir çap vərəqi qədər mətn yazmaq iqtidarında idim və bundan ötrü özümü sən deyən də gücə salmırdım. Halbuki indi, yəni "Faust"un ikinci hissəsi üzərində işləyərkən, sırf sübh saatlarında çalışmağa qadirəm: həmin vaxt yuxudan artıq doyduğum üçün özümü xeyli şövqlü sayıram, çünki gündəlik həyatın mənasızlığı o ara məni bezdirməyə hələ macal tapmır. Bu şərtlər çərçivəsində, heç bilirsiniz, mən nə qədər iş görə bilirəm? Bəxt üzümə gülərsə, səhifənin yarısını güclə yazıb-doldururam, həvəsim sönəndə isə nəticə bundan da az olur".
Ömrünün son illərində ilham pərisinin üz çevirməsi Goethe üçün çəkilməz bir iztiraba çevrilmişdi, çünki ilham çınqısı olmadan yazıb-yaratmağı o, özünə ar bildiyi üçün etiraf edirdi:
"Yaradıcılıq böhranına sürüklənən hər kəsə mən gen-bol dincəlməyi, hətta saatlar boyu yatmağı məsləhət görərdim, çünki belə dönəmlərdə özünü yazmağa zorlayanlar ortaya qoyduqları əsərlərə görə sonradan sadəcə xəcalət hissinə qapılacaqlar".
Fridrix ŞİLLER
(1759-1805)
Bu alman şairi, tarixçisi, filosofu və dramaturqu öz kabinetindəki bir qutuda çürümüş almalar saxlayıb: guya onların ətri (ya da çürüntü qoxusu!) onu dərhal ilhama, yaradıcılığa səfərbər edirmiş. İstənilən maneə onu əlüstü təbdən çıxardığı üçün Şiller, əsasən, gecə saatlarında qələmə sarılırmış. Yay mövsümündə isə Yena şəhərinin kənarındakı kiçik evinin qarşısında saldığı bağa çıxırmış. İlk bioqraflarından biri şairin çalışma gününün (daha doğrusu, gecəsinin!) cədvəlini bu cür təqdim edib:
"Ara-sıra boğazını yaşlaya bilsin deyə, onun yazı masasında, ya acı qəhvə, ya şərab şüşəsi ilə şokolad, əsasən də Reyn, yaxud Şampan şərabı olurdu. Gecənin səssizliyində ifadəli tərzdə oxuduğu şeirləri qonşuları açıq-aydın eşidirdilər. Kiçik vadidəki evinin arxa divarı təpələrə söykəndiyindən şairin özünü görmək elə də çətin məsələ deyildi: bu yaradıcı işə göz qoyan birisi şairin otaqda necə var-gəl elədiyini, uca səslə danışaraq, hansı çılğınlıqla şeirlər qoşduğunu, sonra böyründəki stəkandan nə isə süzüb içdiyini görə bilirdi. Qışda bu həngamə sübh saat 4-ə, 5-ə qədər, yayda isə saat 3-ə qədər sürürdü. Sonra yatağına girən sənətkar saat doqquza, hətta ona qədər yatırdı".
Gecə saatlarında təkcə qəhvə, şərab və çürümüş alma qoxusuyla deyil, daima tütün çəkmək və qoxlamaqla da özünü oyaq tutma vərdişləri, təbii ki, şairin sağlamlığını ciddi şəkildə təhdid edirdi və gec-tez onu ağır xəstəliklərə düçar edəsiydi. Həm də bu adətindən o, əsla imtina eləyə bilməzdi, çünki məhz bu şərtlərdə, yəni günün ancaq o saatlarında maneəsiz bir şəkildə işləməyə hədsiz dərəcədə alışmışdı.
Bir məktubunda Şiller dostuna yazırdı:
"Sahib olduğumuz ən dəyərli nemətin - zamanın qədrini biz heç bilmirik. Əgər ondan ağıllı şəkildə yararlanmağı öyrənsəydik, hər halda dağı dağ üstünə qoyardıq".
Flanneri O'KONNOR
(1925-1964)
1951-ci ildə O'Konnora qurdeşənəyi (dəri vərəmi - A.Y.) xəstəliyi diaqnozu qoyan həkimlər yazarın uzaqbaşı, dörd il ömrü qaldığını bildirirlər. Flanneri məyus halda doğma ştatı Corciyaya dönür, anası ilə birgə ailələrinə məxsus ferma ərazisində yaşamağa başlayır. Bundan bir qədər əvvəl isə dinləyicisi olduğu ustad dərslərinin rəhbəri yaradıcılığa hər gün bəlli saatları ayırmağı ona məsləhət görübmüş. O da buna əməl edir. Corciyadan bir dostuna ünvanladığı məktubda Flanneri yazırdı: "Demə, yeknəsəkliyin özü də elə həyatda qalmağın bir üsulu imiş".
Dindar katolik kimi O'Konnor hər səhər saat altıda breviaridəki (katoliklərin dua kitabı - A.Y.) duaları oxumaqla təzə günə başlayırdı. Sonra anası ilə mətbəxdə oturub, termosdakı qəhvədən süzüb içir, hava barədə radioda verilən xəbərləri dinləyirdi. Yeddi tamamda bu ana-bala dini icmanın səhər duasına qatılmaqdan ötrü şəhərdəki Müqəddəs Qəlb kilsəsinə yollanırdı. Dini ayinlərin icrasından sonra isə o, öz yazarlıq fəaliyyətinə köklənirdi. Hər gün saat 9 ilə12 arasında iş otağına qapanmaqla, Flanneri yazıb-pozurdu və həmin saatların bəhrəsi kimi ən azı üç səhifəlik bir mətn ortaya çıxırdı. Bir jurnalistə etiraf etdiyinə görə, bəzən səhəri gün bəyənməyincə, həmin o üç səhifəni yazar "uf" demədən cırıb-ata da bilirmiş.
Günortaya doğru onun iş qabiliyyəti azalırdı. Yoluxduğu dəri vərəmi ucbatından xanım yazar xeyli tez yorulurdu, onda soyuqdəymə və ya qripə xas əlamətlər özünü göstərdiyindən başı sanki ağırlaşırdı. Belədə istirahət üçün eyvana çıxır, özünün sevimli məşğuliyyətlərinə çevrilən rəsm və quşların baxımı ilə başını qatırdı. Ana ilə qız fermada tovuzquşları da saxlayırmışlar, elə bu səbəbdən də O'Konnorun nəsrində biz ördək, qaz və toyuqlar ilə yanaşı, bu quşların təsvirinə də vaxtaşırı rast gəlirik.
Günəş qüruba enəndə Flanneri də yatmağa hazırlaşırmış. Bu barədə o, gündəliyində yazırdı: "Saat doqquzda yatağa girirəm və bunu candərdi yox, cani-dildən edirəm".
Yatmazdan əvvəl o, bir neçə dua oxuyur, ardınca isə Akvinalı Fomanın 700 səhifəlik kitabından bir neçə səhifəni mütaliə edirmiş. Bunu özü belə yozurdu: "Mənim nəsrim ilahiyyata dair oxuduğum o çoxsaylı kitablardan güc-qüvvət alır".
Uilyam STAYRON
(1925-2006)
1954-cü ildə "Paris Review" jurnalına verdiyi müsahibədə Stayron bildirmişdi:
"Əgər həqiqəti etiraf etmək lazım gələrsə, yaradıcılıq - əsl cəhənnəmdir. Elə ki rahat yazırsan, adamın içini ilıq və xoş duyğular bürüyür, amma eyni işə hər gün təzədən köklənə bilib-bilməyəcəyini düşünəndə dərin iztirablar adamın yaxasını buraxmaq bilmir".
Bu ağrılı tərəddüddən qurtulsun deyə, Stayron özü üçün yetərincə qəribə sayılacaq bir iş qrafiki qurmuşdu: o, ta günortaya qədər yatır, oyanandan sonra daha bir saat yatağından qalxmadan nələrsə oxuyub, düşüncələrə dalır və 13.30-da həyat yoldaşıyla birlikdə nahar süfrəsinin başına keçirdi. Sonra alış-veriş üçün evdən çıxır, geri dönüb, poçtunu araşdırandan sonra özünü səbirlə, həm də tədricən yazı prosesinə kökləyirdi. Bu məsələdəki həlledici rol isə dinlədiyi musiqilərə məxsus idi.
O, etiraflarında yazır:
"Yaradıcı ovqata girmək və işə başlamaq üçün mən bir saat boyu, bəzən isə daha çox musiqi dinləməyə məcburam".
Saat 16 tamamda, ən nəhayət, o, ən azı dörd saatlığa öz çalışma otağına qapanır və adətən 200-300 sözlük bir mətn yazırdı.
Axşam saat səkkizdə Stayron öz doğmaları və qonaqları ilə bir araya gəlirdi: hamılıqla kokteyl içib, axşam yeməyi yeyirdilər. Bunun ardınca o, yenə siqaret tüstülədərək, ta gecə saat ikiyə, üçə qədər içki içir, kitab oxuyur, musiqi dinləyirdi.
İçkini daxili gərginliyi azaltmağın ən təsirli vasitəsi saysa da, yazarkən Stayron dilinə içki vurmurdu, yazacağı mətn barədə düşünərkən isə alkoqol ona az-çox sərbəstlik bəxş edirdi: o ara beynində doğan işartılar sonrakı yazı prosesinə mütləq öz müsbət təsirini göstərirdi.
Reportyorlardan biri vaxtilə maraqlanmışdı ki, Stayronun dörd uşağı və xanımı ilə Konnektikut və Martaz-Vaynyarddakı iki ayrı evdə, yəni burjualara xas dəbdəbəli bir şəraitdə yaşaması onun yaradıcılığına faydalı olub, yoxsa, müəyyən sıxıntılara yol açıb? Stayron bu suala belə cavab vermişdi: "Yaşam tərzimin yaradıcılığıma tarazlayıcı təsirini danmam əsl naşükürlük olardı. Əsərlərimə həmişə inqilabi ruh, zəngin təbəqələrə qarşı etirazçı mövqe hakim olub. Bu səbəbdən də özümü yaşadığım cəmiyyətin nə qaymağı sayıram, nə də onun qazmağı. Ötən illər ərzində mən kiçik yazı otağımın divarından Floberdən seçdiyim bir devizi asmışam: "Burjualar kimi oturuşmuş bir ömür sürsən, yaradıcılığında da çılğın və orijinal birisi olmağı bacararsan". Mən də, bu qənaətə həmişə riayət edirəm".
Filip ROT
(1933-2018)
1987-ci ildə Filip Rot belə bir etiraf eləmişdi: "Yazmaq - ağır iş deyil ey, əsl məşəqqətdir. Daş kömür şaxtasındakı işi ağır saymaq olar, bu isə... dözülməz bir dəhşətdir. Çünki özünəinamsızlıq daima səni dar küncə qısır, suyun üzündə qalmaqdan ötrü sən içindəki şübhələri yenməyə və deməli, təskinliyə gərək duyursan. Yetkin bir həkim öz peşəsinə hər an meydan oxumağa zərurət duymasa da, peşəkar yazar gördüyü işlə çarpışıb-vuruşmağa həmişə məcburdur.
İstənilən peşədə görülən işin başlanğıc qismi, ortası və sonluğu olur. Yazarlıqda isə girişdiyin iş, sadəcə, başlanğıc mərhələyə malikdir. Bizlər bu cür xəlq olunmuşuq və daima yenilik axtarışındayıq. Bununla bərabər, gördüyümüz iş yeknəsəklik və təkrarlardan da xali deyildir. Hər bir müəllifin ən vacib özəlliyi - yeknəsək və dəyişimlərdən uzaq bu iş şəraitini durmadan davam etdirmək bacarığıdir".
Bu bacarığı Rot ən azı 1972-ci ildən etibarən özünə aşılayıb, çünki həmin il o, Konnektikut ştatının şimal-şərqindəki 60 akrlıq (24,3 hektarlıq - A.Y.) ərazidə yerləşən və XVIII yüzildən qalmaqla, zəhmli bir görkəmə malik malikanədə məskunlaşıb. Hər gün səhər yeməyindən və idmandan sonra ikiotaqlı kottecdə yerləşən yazıxanasına çəkilib.
Özü bu barədə belə deyirdi: "Hər gün nahar etmək və qəzetlərə göz atmaq məqsədilə mən - bir saatlıq fasiləni də nəzərə almaqla, saat 10-dan 18-dək yazıram. Həyatımın yeganə mənası da elə bundadır".
Uzun illər boyu bu yaşam tərzini ikinci xanımı, aktrisa Kler Blum da onunla bölüşüb. Ancaq 1994-cü ildə ayrıldıqları vaxtdan etibarən yazar təkbaşına yaşamağa məcbur qalıb və göründüyü qədərilə, bundan bir kərə də şikayətlənməyib.
2000-ci ildə Devid Remnikə müsahibəsində Rot deyibmiş:
"Yalqız yaşadığım üçün nəyə görəsə və kiminsə qarşısında artıq hər hansı cavabdehlik-zad daşımıram. Bütün zamanım öz ixtiyarımdadır. Adətən bütün günümü yazı-pozuya həsr edirəm və əgər nahardan sonra təkrar yazı masamın arxasına keçmək istəyirəmsə, evdəki başqa birisi mənsiz darıxmasın deyə, görəcəyim işi sonraya ertələməyə gərək qalmır. Yəni illah, baş-başa qalıb, onu əyləndirməyə, başını qatmağa məcbur deyiləm. Odur ki, kabinetimə yollanır, daha iki-üç saat yazıram. Çox nadir hallarda gecə saat ikidə, həm də yuxum ərşə çəkiləndə ağlıma maraqlı fikirlər gəlirsə, mən elə yataq otağımdaca işığı yandırıb, işləyirəm. Sarı vərəqli qeyd dəftərçələrimi isə evin hər künc-bucağına düzmüşəm. Həvəsim olanda, ta gec saatlara qədər də oxuya bilirəm. Səhər saat beşdə oyandımsa və daha yuxum qaçıbsa, öz otağıma qapanaraq işləyirəm. Hə, hə, var gücümlə işləyirəm! Bir "təcili yardım" həkimi kimi, mən də hər an öz işimə köklənməyə hazıram. Üstəlik, o əsnada həkim kimi davranmaqla yanaşı, mən elə özümü də "təxirəsalınmaz köməyə möhtac" bir pasiyent sayıram.
Dilimizə çevirdi:
Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!