Rus nasir, dramaturq, publisist və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuş ictimai xadimdir. İxtisasca həkim olan yazarın əsərləri 100-dən çox dilə çevrildiyi üçün o, haqlı olaraq dünya ədəbiyyatının klassiki sayılır. Dünyanın 3-4 hekayə ustasından biri kimi məşhurlaşan Çexov həm də ən məşhur dramaturqlardan biridir. Ona bu şöhrəti qazandıran isə son yüz il boyu dünya səhnələrindən düşməyən dörd pyesidir: "Qağayı", "Üç bacı", "Albalı bağı" və "Vanya dayı". Yaradıcılıqla məşğul olduğu 25 il ərzində ən müxtəlif janrlarda 500-dən çox əsərə imza atdığı üçün o, həm də dünyanın ən məhsuldar qələm adamlarından biri kimi tanınır.
Bənzərsiz kişi
Hekayə
Gecə saat bir idi. Başına silindr qoymuş, əyninə isə kapyuşonlu şinel geyinmiş ucaboylu bir cənab qarımış qız və mamaça kimi tanınan Mariya Petrovna Koşkinanın qapısının ağzında ayaq saxladı. Payızın alaqaranlığında bu adamın üzünü, əllərini ayırd eləmək mümkün deyildi, amma sırf öskürmə və zəngi silkələmə tərzindən onun zabitəsini, xoş ovqatını, hətta bir qədər də ötkəmliyini sezmək olurdu.
Üçüncü zəngdən sonra qapı açıldı və Mariya Petrovna kişinin qarşısında zühur elədi. Əynində bəyaz ətək olan qadın çiyninə kişi paltosu salıb. Əlində tutduğu yaşıl abajurlu kiçicik lampanın işığı bu qadının səpkili, çopur üzünü, damarları çıxan boynunu, ləçəyin altından boy göstərən kürən və yağlanmış saçlarını işıqlandırır.
Kişi soruşur:
- Mamaçanı görə bilərəm?
- Mamaça mənəm. Nəsə istəyirdiniz?
Kişi kandardan içəri keçdiyi zaman Mariya Petrovna qarşısında ucaboylu, yaraşıqlı bir kişinin dayandığına şahid olur: artıq cavan sayılmayacaq bu adamın xoş sifəti ciddi cizgilərə və qıvırcıqlı bakenbardlara malikdir. Özünü təqdim edir:
- Mən - kollej asessoru Kiryakovam. Arvadıma baxasınız deyə, qapınıza gəlmişəm. Bircə xahişim olacaq - bacardıqca tələsin.
Mamaça razılaşır:
- Yaxş-şı-ı... Əynimi geyinənə qədər, zəhmət olmasa, siz məni qonaq otağında gözləyin.
Kiryakov şinelini soyunaraq, qonaq otağına keçir. Lampadan yayılan o yaşılımtıl işıq bu səfər də ucuzvarı mebelin ağ və yamaqlı örtüyünə, baxımsız dibçək güllərinə, qapının plüş basmış yan taxtalarına düşür... Ətirşah ilə karbol turşusunun qoxusu vurur burnuna. Divar saatı da, bu yad kişidən çəkinirmiş kimi, ürkək bir tərzdə çıqqıldayır.
Beş dəqiqə sonra geyinmiş halda, həm də üz-gözünə su vurduğu üçün gümrahlaşan Mariya Petrovna qonaq otağına girərək bildirir:
- Hə, mən hazır! Gedə bilərik!
Kiryakov deyir:
- Hə, tələsməliyik... Yeri gəlmişkən, bir vacib məqamı da öyrənim: görəcəyiniz iş qarşılığında məndən nə qədər pul istəyəcəksiniz?
Mariya Petrovna karıxmış halda gülümsəyir:
- Vallah, hələ bilmirəm... Bəs siz nə qədər verərdiniz?
Hərəkətsiz duran Kiryakov soyuqqanlı baxışlarla mamaçanı süzüb, deyir:
- Mən belə şeyləri xoşlamıram, çünki razılaşma puldan daha vacibdir. Nə mənim sizin qazancınızda gözüm var, nə də sizin mənimkində. Sonradan anlaşılmazlıq yaşanmasın deyə, bəri başdan bir razılığa gəlməmiz məsləhətlidir.
- Düzünə qalsa, heç bilmirəm ey, nə deyim... Dəqiq bir qiymət yoxdur axı?!
- Özüm də işlədiyim üçün mən başqasının əməyinə qiymət biçməyə alışmışam. Haqsızlığı da görməyə gözüm yoxdur. Məndən əlavə pul qoparmanıza da, haqqınızı kəsməyə də mən eyni dərəcədə qarşıyam. Odur ki, mənə indidən bəlli bir qiymət söyləmənizdə israrlıyam.
- Amma qiymət də işdən asılı olaraq dəyişir axı!
- Hm-m!.. Tərəddüdlərinizi nəzərə alaraq, özüm bir qiymət söyləməyə məcburam artıq. Mən sizə iki manat ödəyə bilərəm.
Sir-sifəti pörtən və geri-geri gedən Mariya Petrovna deyir:
- İnsafınız olsun da!.. Məni lap utandırırsınız ey... O iki manatı götürməkdənsə, işimi pulsuz görməm daha məsləhətlidir. İzninizlə, beş manata razılaşaq...
- İki manatdan bircə qəpik də artıq verən deyiləm. Haqqınıza göz dikmədiyim kimi, sizə artıq pul ödəmək niyyətindən də uzağam.
- Özünüz bilən məsləhətdir, amma mən də ikicə manata görə durub qapınıza qədər gedən deyiləm...
- Amma qanuna görə, bundan imtinaya da haqqınız çatmır.
- Onda, izninizlə, pulsuz gedim.
- Pulsuz da... mən istəmirəm. Hər əməyin qarşılığı mütləq ödənməlidir. Özüm də çalışdığım üçün fərqindəyəm ki...
Mariya Petrovna ürkək tərzdə bildirir:
- İki manata görə əsla getmərəm. İzninizlə, bunu pulsuz edim...
- Elə isə əbəs yerə rahatsız etdiyim üçün sizdən üzr istəyirəm... Qarşınızda təzim edirəm.
Kiryakovu girişə qədər ötürən mamaça deyir:
- Amma siz də əcəb... Əgər təklifimi uyğun sayırsınızsa, üç manata gedərəm.
Mısmırığını sallayan Kiryakov baxışlarını yerə zilləyir, sonrakı iki dəqiqə boyu təklif barədə düşünür, sonra qətiyyətlə: "Yox!" cavabı verməklə, küçəyə çıxır. Heyrət və çaşqınlıq hissinə qapılan mamaça qapını onun ardınca örtb, öz yataq otağına üz tutur.
Yerinə girərkən fikrindən keçir: "Yaraşıqlı və ciddi adamdır, amma davranışına bax bunun: özü bilən məsləhətdir".
Aradan heç yarım saat keçməmiş qapı zəngi təkrar çalınır və qadın kandarda yenə Kiryakovu görür.
O, deyir:
- Heyrətamiz özbaşınalıqdır ha! Mamaçaların yaşadığı ünvanları nə əczaxanadakılar bilir, nə polis, nə də süpürgəçilər. Bu səbəbdən də bayaqkı təklifinizlə barışmaqdan başqa bir çarəm qalmır. O üç manatı sizə ödəyəcəyəm, amma… bir xidmətçi və xidmətindən yararlanacağım hər hansı birisini tutduğumda olduğu kimi, bu səfər də bəri başdan bildirməliyəm ki, ödəmə vaxtı məndən çaypulu və sair əlavə məbləğ istəməyəcəksiniz. Çünki hər kəs sadəcə haqq etdiyini almalıdır.
Mariya Petrovna durub uzun-uzadı Kiryakovu dinləmir, çünki artıq ondan tamamilə bezdiyinin fərqindədir. Bu kişinin təmkinli və ahəngdar danışığı qadının qəlbinə ağır bir yük kimi çökməkdədir.
Əynini geyinən qadın kişi ilə birgə küçəyə çıxır. Hava sakit olsa da, soyuqdur, həm də necə tutqundursa, fənərlərin işığı güclə sezilir. Mamaça yaxın ətrafa baxsa da, arabaçı-filan görə bilmir...
Maraqlanır:
- Yəqin yaxında olursunuz?
Kiryakov qaşqabaqla dillənir:
- Hə, yaxında oluruq.
Əvvəlcə bir, sonra iki, ardınca üç dalanı geridə qoyurlar... Kiryakovun, hətta yerişindən də müəyyən ciddiyyət və nəciblik oxunur.
Mamaça söhbətə cəhd edir:
- Əcəb iyrənc hava var!
Təmkinini qoruyaraq susan kişinin, qaloşları aşınmasın deyə, illah şümal daşların üstüylə yeridiyi qadının diqqətini çəkir.
Xeyli yol getdikdən sonra, ən nəhayət, mamaça bir artırmadan içəri keçir. Oradan boylandığı zaman qarşısında iri və səliqəli qonaq otağı görür. Otaqlarda, hətta yataq otağında belə, zahıdan başqa bir kimsə gözə dəymir... Yaşadığı şəhərdə doğuma hazırlaşan qadının başına, adətən qohum-əqrəbası və ağbirçək qadınlar yığılır, burada isə heç kəs yoxdur. Bircə aşpaz qadın əlimyandıda ora-bura vurnuxur, onun da üzündə təlaş ifadəsi donub. Qəfil uca nalələr yüksəlir.
Aradan üç saat ötür. Doğmuş qadının yatağının böyründə oturan Mariya Petrovna ona nələrsə pıçıldayır. Qadınlar tanışlıq qurmağa artıq fürsət tapıblar, qeybətləşir, dərdləşirlər... Mamaça hərdən:
- Sizə danışmaq olmaz ey! - deyə xəbərdarlıq eləsə də, zahıya fasiləsiz suallar yağdırmağından da qalmır.
Budur, qapı açılır və Kiryakov özünəxas təmkinlə yataq otağına daxil olur. Keçib stulda əyləşərək, bakenbardlarını sığallamağa başlayır. Otağa sükut çökür... Mariya Petrovna ürkək baxışlarla ev yiyəsinin yaraşıqlı, təmkinli və donuq sifətinə göz qoyur, onun nə deyəcəyini gözləyir. İnadla susan kişi nə barədəsə düşünür. Səbri daralan mamaça özü söhbətə ayaq qoymaq niyyətinə düşür və söhbətə oralarda alışılmış bu giriş cümləsiylə başlayır:
- Tanrıya şükürlər olsun: daha bir insan da dünyamıza qədəm qoydu!
Üzündəki donuq ifadəni qoruyan Kiryakov dillənir:
- Hə-ə, bax, bu - xoş xəbərdir. Digər tərəfdən isə, bir çətən övlada baxmaqdan ötrü adam gərək pula da pul deməyə. Axı övlad dünyaya gələndə onun qarın toxluğu və əyin-başıyla bağlı sənə hər hansı təminat verilmir.
Zahı qadının çöhrəsində günahkar bir ifadə peyda olur: sanki o, bu dünyaya iznsiz və ya sırf öz şıltaqlığı ucbatından canlı bir məxluq gətirib.
Köks ötürən Kiryakov yerindən qalxaraq, təmkinlə otağı tərk edir.
Mamaça zahı qadına deyir:
- Əcəb adamdır bu, Tanrıya acıq getməsin... Necə ciddidirsə, heç gülümsəyə də bilmir.
Zahı qadın ərinin həmişə bu cür olduğunu etiraf eləyir... O - dürüst, adil, düşüncəli və bəlli məntiq çərçivəsində qənaətcildir, ancaq bütün bu özəlliklər indi fani bəndələrin anlamayacağı bir həddə çatıbdır. Qohum-əqrəba bu ailədən uzaqlaşıb, xidmətçilər bir aydan çoxdur evi tərk edib, tanış-bilişləri yoxdur, hər addımda səhv edəcəklər deyə, evin xanımı və uşaqlar daima qorxu-hürkü içində yaşayırlar. Əri dava-şava salmır, çığırıb-bağırmır, üstün cəhətləri də qüsurlarından qat-qat çoxdur, amma o, evdən çıxan kimi hamının içini hüzur və yüngüllük hissi bürüyür. Bunun niyə belə olduğunu isə heç evin xanımı da anlamır.
Təkrar yataq otağına baş çəkən Kiryakov xatırladır:
- O ləyənləri yaxşıca yuyub-təmizləmək və anbara qoymaq lazım gələcək. Bu flakonları da bir yerdə gizlədin, əlbət, lazım olar.
Deyilən sözlər son dərəcə bəsit və adi xüsuslardır, bununla yanaşı, mamaçanın canına nədənsə bir üşütmə düşür. Qadın artıq bu kişidən qorxmağa başlayır və hər dəfə onun addım səslərini eşidincə, səksənir.
Səhər çağı evinə getməyə hazırlaşanda o, Kiryakovun gimnaziyada oxuyan, qırxıqbaş və rəngi soluxmuş kiçik oğlunun mətbəxdə çay içdiyini görür... Onun qarşısında dayanan Kiryakov özünün o ahəngdar, amiranə səsiylə uşağa bunları deyir:
- Əgər yeməyi bacarırsansa, işləməyi də bacar. Bax, az əvvəl içdiyin o bir qurtum çayın da pulla satın alındığı barədə, pulun isə zəhmət bahasına qazanıldığı barədə sən, yəqin heç düşünməmisən. Odur ki, yeyərkən də, düşün...
Oğlanın kütləşən sifətini süzən mamaçaya elə gəlir ki, otaqdakı bu bənzərsiz kişinin öz varlığıyla ətrafındakı hər şeyə göstərdiyi basqı ucbatından mətbəxdəki hava da gərginləşib, sanki az sonra divarlar uçub-dağılacaq. Qorxudan özünü itirən və bu kişiyə görünməmiş nifrət bəsləyən Mariya Petrovna boğçasını əlinə almaqla, əlüstü evdən çıxır.
Yolu yarı edincə yadına düşür ki, kişidən o halalca üçlüyünü almağı da unudub. Ayaq saxlayır, bir az düşündükdən sonra əlini yelləməklə, yoluna davam edir.
Dilimizə çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!