Dilimizə çevirdi: Azad Yaşar
O, XX yüzil macar ədəbiyyatında və incəsənətində ən müxtəlif avanqard cərəyanların (konstruktivizmin, ekspressionizmin, futurizmin, dadaizmin və sürrealizmin) təbliğ və tətbiqində danılmaz xidmətləri olan sənət adamıdır.
Şair, nasir, esseçi, jurnalist, memar, tərcüməçi və siyasi xadim kimi tanınıb.
Bir çeşmənin başındayam
Cürətim yetsəydi,
bəlkə də ölüb-gedərdim.
Əgər imkan versəydilər,
bəlkə... yaşayardım.
Bir dəli misalı
durmadan dünyanın gah o,
gah da bu başına çovuyuram -
hərçənd zır dəli də sayılmaram.
Yəni ağlıma zaval gəlməyib hələ.
Körpünün altında çağlayan sulara baxır,
qülləyə çıxıb, qıyyalar çəkirəm.
Görünür, bu lənətəgəlmişlik -
bir yerdə heç cür qərar tutmamaqdır,
səbirsizlikdir,
gözgörəsi uçuruma atılmaqdır.
Olmayan bir şeyi aramaqdır,
əziz-girami sayılacaq birisini görüncə...
gözlərini yummaqdır.
Amma mənə rəhminiz-filan da gəlməsin,
çünki sizdən heçcə nə ummuram.
Mən sırf öz uğrumda
qurban getmişəm.
Ona görə də özümü aramsız öldürüb,
təkrar diriltməklə girincəm.
Yaxşı, bəs bu gedişlə axırım necə olacaq?
Bilirəm, burada, yaxınlıqda
dupduru bir çeşmə çağlayır.
Mənim taqəti kəsilən ayaqlarımın
bu torpağa kök atmasına da
elə o, yardım edir.
Yox
Yarı yoldan geri dönməyim deyə,
olan-qalan təpərimi düşmənin gücüylə
durmadan tutuşdururam.
Həm də seçdiyim yola
davam etməyə çalışıram
hə, yoluma davam etmək niyyətindəyəm,
hə, bu sıldırım və sürüşkən yola,
gecənin divarlarından o üzə,
gələcək yüzillərin
uzaq üfüqlərinə qədər uzanan
yola davam etməkdə israrlıyam.
Əcəb gülünc arzudur bu -
həm dəli istəyidir,
həm tövbəgötürməz bir günah,
həm də göylərdən,
orada cövlan edən hansısa atın
öz ətrafına saçdığı işıq dəmətidir bu.
Tutduğum bu yolu da
sırf özüm seçmişəm,
ondan dönməyə də
əsla niyyətli deyiləm.
Hə, bax, bunu əsla istəmərəm.
Bir fotoşəklimin
ardına yazdıqlarım
("Süfrə başına keçək"
kitabından, 1967)
Aynada öz əksimə baxmağı,
içimdə nəyin doğulduğunu,
nəyinsə öldüyünü görüb,
üzülməyi heç sevmirəm.
Amma tanıdığım bir fotoqraf
aparatın önünə keçim deyə,
bu səfərlik dilə tutub məni.
İndi həmin fotodakı adamı süzüb,
heyrət içində boynuma alıram ki,
hə, bu gördüyüm - mənəm.
Üzündə amansız ifadə donan,
başına əndirəbadi şlyapa qoyan
bir kişi baxır şəkildən.
Səksən yaşlarında olar,
amma hələ də şaxı sınmayıb.
"Vəhşi Qərb"də tikilən
kovboy şalvarına baxınca,
onu bir avaraya,
ya da kilsə icmasından qovulan
hansısa zındığa da bənzədərsiniz.
Nədənsə dünyanın bu uzaq guşəsinə
gəlib, düşüb o. Bilinmir ki,
yer üzündə yaşadığına görədir bu ovqatı,
yoxsa yer üzündə... heç yaşamadığına görə.
Əsl məğzini bu adam
çuxurdan baxan gözlərinin,
kip sıxılan dodaqlarının ardında gizlədib.
Yəni bu adam mənəm ki?!
Səmimi etiraf edərmiş kimi cavab verirəm:
hə, mənmişəm.
Bir kitaba
"Giriş sözü" əvəzi
1
Əgər musiqiçi kimi doğulsaydım,
ahəngdar səslərin köməyi ilə
dünyadakı bunca hay-küyü
bəlli bir nizama salardım.
Memar kimi gəlsəydim bu dünyaya,
insanlara soyuq mənzillər yox,
imisti ailə yuvaları bəxş edər,
evin bütün guşələrini işıqla, rənglə,
hüzurla bəzəyərdim.
Amma şairəmsə -
əlimdən başqa nə gələr axı?!
riyaziyyatçılar rəqəmlərin diliylə
fikirlərini necə səlis və rahat çatdırırsa,
mən də sözlərdən o cür yararlanmalıyam.
2
Adətən deyirlər ki, mən
sərt və tərs biriyəm -
hərçənd içimdə hələ də
bapbalaca, ürkək bir oğlan uşağı yaşayır.
Başqaları şeirlərimi
uca səslə oxuduğu vaxt
o gizli oxşarım
hələ də həsədlə köks ötürür:
"İlahi, deməli, mən bu dərəcədə tənha,
qüssəli, kimsəsiz biriymişəm,
yəni bu geniş dünyada bunca yalqızmışam!"
3
Ağlama, qəm yemə, balası -
hələlik mən sənin sipərin,
zirehin, silahınam
və dünyadan köçdüyümdə
şeirlərimin ruhunda da təkcə elə
sən yaşayacaqsan.
Əməkdaşlığa dəvət
Ey düşmənlərim, məni bu cür atıb getməyin,
axı sizin zərbələrdir mənə bu təpəri verən.
Bir vaxtlar mən
yüzillik palıdlar kimiydim,
sonradan budaqlarım qoparılınca
gövdəm təzə pöhrələr verməyə başladı.
Bir vaxtlar sıldırım qaya kimiydim
məni siz dağıdıb-parçaladınız,
həm də tikələməklə çoxaltdınız.
Yoxsa heç vaxt qəhrəmanlığa can atmazdım.
Sürüyə çobanlığı da özümə rəva bilmədim,
məni ön sıralardan siz sıxışdırıb-çıxartdınız,
o təntənəli yürüşünüzün
nəinki hay-küyünə qulaq vermiş,
hətta yolu harada azacağınızı,
hansı yanlış dalana girəcəyinizi də
mən əvvəlcədən sezmişdim.
Sizləri mən əsla sevmədim, sevəmmədim,
ancaq varlığımı sizsiz də düşünmürəm.
Məni duzsuz çörəklə,
bulanıq su ilə bəslədiyinizə görə də,
bir az da bərkiyim deyə,
vurduğunuz o çəkic zərbələrinə görə də,
səmimi sözümdür,
məhz sizlərə ürəkdən minnətdaram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!