Kudım-Oş haqqında rəvayətlər (2) - Aleksey Domnin

Tərcümə etdi:Həmid PİRİYEV

2

 

Ağsaqqalların iradəsi ilə

Döyüşçü özünə arvad seçirdi.

Amma bu ənənə sıxırdı Oşu,

Dar gəlirdi balaca paltar kimi.

Şaman Çikış əsəbləşirdi buna,

Oşun taleyinə cadu edirdi.

Baldan şirin sözlər ilə aldadıb

Ona tələ qurmağa çalışırdı.

 

- Şimalda çay axır. Orda yerləşir

Vəhşi voqulların* yurdu-yuvası. 

(Voqullar - Rusiyanın Xanti-Mansiski vilayətində yaşayan mansi 

xalqının qədim adı)

Voqul knyazının bir qızı da var,

Bahar çiçəkləri qədər gözəldi.

Əgər pam o qızla evlənə bilsə,

Oğulları olar igid, bahadır.

 

Həsrət yuva qurdu Oşun qəlbində

Balıqlar tilova ilişən kimi.

Qayıq süzür qaz kimi çay boyunca,

Oş tələsdirir avar çəkənləri.

Bacarsaydı, quş kimi qanadlanıb

Voqulların yanına uçardı o.

Amma yol həm uzun, həm də çətindi.

 

Suları ağırdı Kama çayının,

Şimal küləyi də sərt və soyuqdu.

Qayıq gedir ox kimi yara-yara

Gündüzlərin, gecələrin içindən.

Sahilə yan aldı qayıq, nəhayət,

Çudların qəbiləsinə çatdılar.

Və sahildə dayanıb gözləyirdi

Pam Oşun yolunu Vico cadugər.

 

- Bilirəm, şaman Çikış tələ qurub

Başını əkmək istəyir gənc pamın.

Arvad həvəsinə düşüb getmə sən

Vəhşi voqulların yurd-yuvasına.

Bataqlıqdı o diyarın yolları,

Marallar da gedə bilmir ora heç.

Girdab udacaq səni, boynunasa

Dolanacaq bataqlığın otları.

 

Yarı yoldan qayıtmağa çudinlər

Adət etməyiblər, öyrəşməyiblər.

İki qovaq ağacını kəsdi Oş,

Qayıq kimi yonub hazır elədi,

Qayışlarla bağladı ayağına.

 

Cadugər Vico Oşa belə dedi:

- Hiyləgərsən, lap qoca bayquş kimi.

Amma dediyimi yadında saxla:

Adaxlını görüb seçəndən sonra

Hər nə baş versə də, hər nə olsa da,

Vədinin üstündə dayanmalısan.

Yoxsa, başın qoparılar bədəndən,

Nizənin sivri ucuna sancılar.

 

Və cadugər qulluqçu Vayasini

Cavan pama qoşdu yoldaş olsunlar.

Yol aldılar üzü şimala tərəf,

Uzun müddət bataqlıqla getdilər.

Bataqlıq aramla pıqqıldayırdı,

Palçıq qabarırdı, köpüklənirdi.

Bataqlığın soyuq, donuq gözləri

Elə bil ki, onları izləyirdi.

 

Otlar dolaşırdı ayaqlarına.

Taxta xizəkləri batırdı çox vaxt,

Güc qalmırdı qamışları qırmağa.

Nəhayət, Vayasi gətirdi Oşu

O yerə ki, dağların zirvələri

Buludların içində gizlənirdi.

O yerə ki, gecə yarısı göydən

Sirli-sehrli işıq süzülürdü.

 

Amma qonaqları vəhşi voqullar

Dəvət etmədilər məskənlərinə.

Knyaz bağlatdırdı qapıları da.

Onlar hasarın yanında qaldılar

Yurd-yuvası olmayan itlər kimi.

Hündür hasar dirəklərinə isə

İnsan kəllələri keçirilmişdi.

 

Hirs bürüdü Oşu. Bütün gecəni

Maral kimi meşələrdə dolaşdı,

Ağacları sındırdı hirs içində.

Səhər oldu. Amma yenə onları

İçəri qoymadı vəhşi voqullar.

Qarğalar fırlanırdı üstlərində,

Diş ağardan kəllə sümüklərini

Qarğalar dəf kimi döyəcləyirdi.

 

Bir gecə də keçdi, qəzəbli knyaz

Nəhayət, Oşun qabağına çıxdı:

- Sən bura qızımla evlənməyə yox,

Məni biabır etməyə gəlmisən!

Çox elçilər gəlib, qızım Kosteni

Görəndə qorxudan tir-tir əsiblər.

Mənim qızım o qədər qorxuludur!

Mən də vurdurmuşam boyunlarını.

Darıxma, hasarın dirəklərində

Sənin kəllənə də bir yer tapılar!

Oş isə qorxmadı hədə-qorxudan:

- Mən evlənəcəyəm sənin qızınla.

Tutacağam sözümü. Kəlləmisə

Olsa-olsa, şadlıqdan itirərəm.

Knyaz təəccübləndi və cavan pamı

Qızı Kostenin çumuna* apardı. 

(Çum - alaçıq)

 

Oş örtüyü qaldırıb çuma girdi.

İçəridə yumşaq dəri üstündə

Koste oturmuşdu. O, doğrudan da,

Oxşayırdı meşə həyuləsinə.

Əlləri hörümçək əlləri kimi,

Üzü vəhşi heyvan sifəti kimi.

Bircə gözləri gözəldi Kostenin,

Kədərlə doluydu gözəl gözləri.

Sanki dünya qopdu, göy parçalandı,

Çiliklənib çökdü Oşun üstünə.

Bəlkə onun xoşbəxt olmaq arzusu

Tanrıları belə qəzəbləndirib?!

Oşun ürəyini qəm-qüssə diddi,

Qurd quzunu parçaladığı kimi.

Lənətlənməkdənsə bir ömür boyu

Kəllə nizədə çürüsə yaxşıdı!

 

Pam Oş bu vaxt incə bir səs eşitdi:

- Məndən qorxub-çəkinmə, ey adaxlım.

Mənim bu görkəmim həqiqi deyil.

Əgər məni təmiz ürəklə sevsən,

Bu cadu da üstümdən götürülər,

Yenə dönüb adi qız olaram mən.

Qızın gözlərində parıldayırdı

Qorxu, kədər və sevgi eyni vaxtda.

 

Ürəyi sarsıldı Oşun bu sözdən,

Qızın dərdi ona yaman yer etdi,

Öz dərdləri təmiz çıxdı yadından.

Bu nədir? Bəlkə tanrılar onunla

Gözbağlıca oynamaq istəyirlər?!

Elə bil ki, yerinə mıxlanıb Oş,

Çumdan çıxa bilmir. Nə də ki, qızın

Gözlərindən gözünü çəkə bilmir.

 

Qıza acı söz deyə bilmədi pam,

Onu şirin sözlər ilə dindirdi:

- Qoy görməyim qadın nəvazişi mən,

Qoy məni tərk etsin bütün dostlarım.

Qoymayacağam ki, səni incidə

Nə hiyləgər yomlar*, nə cadugərlər. 

(Yomlar - meşə ruhları)

Nə də ki, qorxunc Tanvarpekva qarı*. 

(Tanvarpekva - mansi 

mifologiyasında cadugər tanrıça)

Tək sən mənim arvadım olacaqsan!

 

Yaxınlaşıb adaxlısını aldı

Güclü qollarının arasına o.

Qızsa birdən qışqırıb üzü üstə

Yumşaq dərinin üstünə yıxıldı.

Dağlarda fırtına qopdu bir anda,

Yarğanlarda əks-səda dolaşdı.

Bu, yomları mağaralardan qovan

Tanvarpekva qarının gülüşüydü.

 

Knyaz əmr etdi başlasın toy-düyün,

Toy üçün ağ marallar gətirilsin.

Müqəddəs ağ qaya yuyulsun gərək

Toy marallarının isti qanıyla.

Ana qızı ocağa apardı ki,

Alov təmizləsin, qovsun qızından

Tanvarpekva qarının lənətini,

Çıxartsın canından bu xəstəliyi.

 

Ocaq başında anası qızının

Üzünü dağ suları ilə yudu.

Guruldadı göy, çaxdı ildırımlar,

Yer üzü titrədi bu həngamədən.

Qopub yerə düşdü heyvan dərisi,

Kostenin gözəl üzü aşkar oldu.

Qopub düşdü hörümçək əlləri də,

Qızın gözəl ağ əlləri göründü.

 

Koste çıxdı əri Oşun yanına,

Təravətli idi yaz çiçəyitək.

Üzü dan yeri kimi parlaq, aydın,

Gözləri bərq vururdu göllər kimi.

Təbəssümü axan çayın nəğməsi.

Knyaz ata dondu qızını görcək.

Oş da duruxdu, söz deyə bilmədi,

Qızın gözəlliyi kor etdi onu.

 

Knyaz ziyafət verdi günlər boyu,

Sonra qızını yola hazırladı.

Güc-qüvvətli qırx pəhləvan döyüşçü

Qayıq-qayıq hədiyyələr apardı.

Yol uzun, amma şirindi vüsal.

Koste və Oş doğma yurda qayıtdı.

Qəbilə onları şadyanalıqla,

Əllərində şirin bal qarşıladı.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!