Tərcümə edəni: Nilufər Hacılı
Keti Fitzpatrik (Katie Fitzpatrick) Yeni Zelandiyanın tanınmış təhsil tədqiqatçılarından biridir. O, hazırda Oklend Universitetində professor kimi çalışır, sağlamlıq, fiziki tərbiyə, cinsi təhsil və sosial ədalət mövzularında araşdırmaları ilə beynəlxalq miqyasda tanınır. Karyerasına orta məktəb müəllimi kimi başlayan Fitzpatrik, təhsilin praktik aspektlərini dərindən öyrəndikdən sonra akademik sahəyə keçib. Fitzpatrik 2010-cu ildə Vaikato Universitetində doktorluq dissertasiyasını müdafiə edib. Onun dissertasiya mövzusu sağlamlıq və fiziki tərbiyə təhsilinin sosial və mədəni kontekstlərinə tənqidi etnoqrafik yanaşma olub. 2014-cü ildə o, prestijli Ruterford Araşdırma Təqaüdünü qazanaraq, gənclərin sağlamlıq bilikləri və praktikaları sahəsində genişmiqyaslı tədqiqatlar aparmağa başlayıb. Onun araşdırmaları, xüsusilə şəhər məktəblərində sosial ədalət, rifah və sağlamlıq siyasətlərinin yenidən düşünülməsi üçün dəyərli töhfələr verir.
Fitzpatrik həm də bir neçə elmi monoqrafiyanın müəllifidir. Onun "Tənqidi pedaqogika, bədən tərbiyəsi və şəhər təhsili" ("Critical Pedagogy, Physical Education and Urban Schooling") (2013) adlı kitabı Şimali Amerika İdman Sosiologiyası Cəmiyyəti tərəfindən "İlin Ən Yaxşı Kitabı" mükafatına layiq görülüb. Sonrakı əsərləri "Tənqidi etnoqrafiya və təhsil" ("Critical Ethnography and Education") və "Şeir, metod və təhsil araşdırmaları" ("Poetry, Method and Education Research") təhsil tədqiqatlarında metodoloji yeniliklərə töhfə verən əsərlərdəndir. Akademik fəaliyyəti ilə yanaşı, Fitzpatrik Yeni Zelandiyada təhsil siyasətinin formalaşdırılmasında da fəal iştirak edir. O, Təhsil Nazirliyinin "Münasibətlər və cinsəllik təhsili" üzrə milli təlimat sənədlərinin hazırlanmasında baş məsləhətçi olub.
Keti Fitzpatrikin "Özünüzü deyil, cəmiyyəti dəyişdirin" adlı məqaləsini ilk dəfə dilimizdə təqdim edirik.
Arendt (yəhudi əsilli alman-amerikan filosofu, siyasi nəzəriyyəçi və tarixçi - tərcüməçi), hesab edir ki, hər hansı bir qanunun pozulmasının vətəndaş itaətsizliyi sayılması üçün bu hərəkət açıq və ictimai şəkildə həyata keçirilməlidir.
Məhəllə davaları tez-tez dünya tarixinə düşmür, amma Henri Devid Toro (Amerikalı idealist filosof və yazıçı - tərcüməçi) 1846-cı ilin yayında ödəməli olduğu vergini polis əməkdaşına ödəmədiyi üçün bir gecə həbsdə qalır və bu fərdi etirazını daha sonra "Vətəndaş itaətsizliyi vəzifəsi haqqında" (1849) adlı essesi ilə ölümsüzləşdirir. Yazısında Toro ədalətsizliyin yayılmasına səbəb olan federal hökuməti, köləliyi və Meksika ilə müharibəni (soyuq) davam etdirən hakimiyyəti tənqid edir, bu hökumətə maddi dəstək vermək istəmədiyini bildirirdi. Toronun sağlığında bu esse geniş yayılmasa da, onun ortaya qoyduğu vətəndaş itaətsizliyi nəzəriyyəsi sonralar L.Tolstoy, Mahatma Qandi və Martin Lüter Kinq kimi bir çox mütəfəkkirə ilham qaynağı oldu.
Lakin Toronun müxalifliyinin də öz müxalifləri var idi. Siyasət nəzəriyyəçisi Hanna Arendt 1970-ci ilin sentyabrında "The New Yorker" jurnalında dərc olunan "Vətəndaş itaətsizliyi" adlı məqaləsində Toronun əslində gerçək bir vətəndaş itaətsizliyi nümunəsi ortaya qoymadığını bildirmişdi. Onun fikrincə, Toronun əxlaq fəlsəfəsi ictimai müqavimətə rəhbərlik etməli olan kollektiv ruhla ziddiyyət təşkil edirdi. Bəs necə oldu ki, vətəndaş itaətsizliyi deyildikdə, ağla gələn ilk adlardan biri, məhz özü tərəfindən irəli sürülmüş bu nəzəriyyəni bu qədər dərin şəkildə yanlış anlamaqda ittiham olundu?
Toro öz yazısında bir tərəfdən, dövlət hakimiyyətini tənqid edir, digər tərəfdən isə fərdi vicdanı müdafiə edir. "Volden" (1854) əsərində insanın izləməli olduğu yolun onun şəxsi istedadına uyğun olduğunu qeyd edərkən, "Vətəndaş itaətsizliyi vəzifəsi haqqında" adlı essedə ölkədəki qanunlar əvəzinə vicdanımıza tabe olmalı olduğumuzu deyir. Onun sözlərinə görə, vətəndaş heç bir halda vicdanını qanunlara təslim etməməlidir. Toro üçün bu prinsip, qanun öz legitimliyini demokratik bir seçkidən və ya referendumdan alsa belə keçərli olmalıdır. Hətta o, demokratik iştirakın əxlaqi xarakterimizi zədələdiyini düşünür. Bu fikrinin səbəbini isə belə izah edir: Onun fikrincə, biz səs verdikdə əlbəttə ki, doğru olduğuna inandığımız bir prinsipə səs veririk. Amma bunu etməklə, eyni zamanda çoxluğun seçəcəyi prinsipi - istər doğru, istər yanlış olsun - qeyd-şərtsiz qəbul edəcəyimizə dair bir iradə ortaya qoyuruq. Yəni əslində kütləvi fikir, yanlış olsa belə, əxlaqi doğru anlayışından üstün tutula bilər. Öz vicdanına sonsuz inam bəsləyən Toro dövlət hakimiyyətinə və demokratiyanın gətirdiyi dəyərlərə inanmadığı üçün, köləlik kimi öz inancına zidd olan qanunlar qarşısında vətəndaş itaətsizliyini müdafiə edirdi.
Toronun 1846-cı ildə federal hökumətə maddi dəstək göstərməmək qərarı, əlbəttə ki, doğru bir addım idi. Onun bu itaətsizliyinə ilham verən nəzəriyyə isə sonrakı dövrlərdə bir çox məsələdə nümunəyə çevriləcəkdi. Lakin bu diqqətəlayiq uğura baxmayaraq, Arendt Toronun nəzəriyyəsinin səhv olduğunu düşünür və səhvin xüsusilə itaətsizliyin vicdana əsaslandırılmasından qaynaqlandığını müdafiə edirdi. Arendtin fikrincə, vicdan siyasi bir hərəkəti qanuniləşdirmək baxımından son dərəcə subyektiv bir kateqoriyadır. Məsələn, ABŞ-ın miqrasiya idarəsindəki işçilərin qaçqınlara münasibətini etirazla qarşılayan sol düşüncəli şəxslər öz vicdanlarına əsasən hərəkət edirlər. Amma eyni şəkildə, 2015-ci ildə Kentukidə homoseksual cütlüklərə nikah icazəsi verməyən mühafizəkar məmur da öz vicdanına əsaslanaraq qərar vermişdi. Vicdan təkbaşına istənilən siyasi inanca qanuni əsas qazandırmaq üçün istifadə oluna bilər və bu səbəbdən də əxlaqi bir hərəkət üçün hər hansı zəmanət vermir.
"Vicdan insana "nə etməli
olduğunu deyil, nə etməməli
olduğunu" söyləyir"
İkincisi, Arendt hesab edir ki, insan əxlaqi baxımdan qüsursuz olsa belə, vicdan "siyasi deyil" və bizi dəyişiklik yarada biləcək kollektiv fəaliyyətlərdən çox, öz daxili aləmimizə yönəltməyə təşviq edir. Lakin Arendt vicdanın siyasi olmadığını deyərkən onun faydasız olduğunu nəzərdə tutmur. Əksinə, o, vicdanın səsinə qulaq asmağın çox zaman həyati əhəmiyyət daşıdığına inanır. Məsələn, onun fikrincə, nasist zabiti Adolf Eyxmanın təsəvvüredilməz qəddarlıqların bilavasitə iştirakçısına çevrilməsinin səbəblərindən biri etik daxili düşüncə qabiliyyətinin olmamasıdır. Arendt, birbaşa təcrübə etdiyi faşizm dövründə vicdanın insanı hər cür ədalətsizliyi daha da dərinləşdirməkdən çəkindirəcəyini yaxşı bilirdi. Amma bunu əlavə bir dəyər kimi deyil, insanın onsuz da malik olmalı olduğu minimum əxlaqi xarakter kimi qiymətləndirirdi. Çünki onun fikrincə, vicdan insana "nə etməli olduğunu deyil, nə etməməli olduğunu" söyləyir. Başqa sözlə desək, şəxsi vicdanlarımız bəzən bizi şərdən çəkindirə və ya pisliyə yardım etməyimizin qarşısını ala bilər, lakin ədaləti təmin etmək üçün bizi mütləq şəkildə aktiv siyasi hərəkətə keçməyə vadar etmir.
İndi Toro bu fikirləri eşitsəydi, öz vətəndaş itaətsizliyi nəzəriyyəsinin insanlara yalnız nə etməli olduqlarını söylədiyini yəqin ki, qəbul edərdi, çünki o, fərdin dünyanı dəyişmək və onu daha yaxşı yerə çevirmək kimi bir məsuliyyət daşıdığına inanmırdı. "Şübhəsiz ki, insanın borcu hər hansı bir səhvin, hətta ən böyük səhvin belə aradan qaldırılmasına özünü həsr etmək deyil", - deyə yazır, - "amma elə hallar ola bilər ki, onun iştirakı tələb olunsun və belə vəziyyətlərdə heç olmasa, əllərini təmiz saxlamaq onun borcudur". Arendt də ədalətsizliyə şərik olmaq əvəzinə, ondan uzaq durmağın daha doğru olduğu fikrində Toro ilə həmfikirdir. Lakin o, Toronun ortaya qoyduğu fəlsəfənin, şəxsən cinayətə ortaq olmadığımız təqdirdə bizi hər cür pisliyə qarşı laqeyd buraxacağından narahatdır. Arendtin ifadəsi ilə desək, Toronun itaətsizliyi yanlış əməllərin baş verdiyi xarici dünyaya deyil, şəxsi vicdanın qərarlaşdığı daxili aləmə yönəlir və ədalətli bir cəmiyyət qurmaqdan çox, fərdin əxlaqi təmizliyinə üstünlük vermək riskini daşıyır.
Yəqin ki, Toro ilə Arendt arasındakı ən mühüm fikir ayrılığı, Toronun itaətsizliyi fərdi və zəruri bir hərəkət kimi görməsi, Arendtin isə itaətsizliyi təbiəti etibarilə ictimai bir fəaliyyət hesab etməsidir.
Arendt hesab edir ki, hər hansı bir qanunun pozulması sivil itaətsizlik sayılmaq üçün bu pozuntunun açıq və aşkar şəkildə həyata keçirilməsi vacibdir. Daha sadə dillə desək, hakimiyyət tərəfindən tətbiq olunan qaydaları təkbaşına pozmaq, sadəcə, şəxsi bir cinayət sayıla bilər. Lakin bu qaydaların bir etiraz aksiyası zamanı kollektiv şəkildə pozulması artıq cinayət deyil, əksinə, dəyişdirilməli olan bir məsələyə diqqət çəkən bir akt sayılır. Toronun seçki vergisini ödəməkdən imtina etməsi bu tərifə uyğun gəlir, lakin burada Arendt bir fərq qoyur: Qanunu açıq şəkildə, lakin şəxsi səviyyədə pozan hər kəs vicdanından imtina etmiş sayılır, qanunu həm açıq, həm də ictimai şəkildə pozmaq isə sivil itaətsizlikdir.
Arendt qeyd edir ki, əsl dəyişiklik yaratmaq potensialına sahib olanlar Toronun kənarda saxladığı ikinci qrup - yəni kütləvi hərəkət edənlərdir. Kütləvi sivil itaətsizlik aksiyaları impuls yaradır, təzyiq göstərir və siyasi diskursu dəyişməyə məcbur edir. Arendtin fikrincə, Hindistanın müstəqillik qazanması kimi böyük sivil itaətsizlik hərəkatları ilhamını Torodan alsa da, bu hərəkatlara xalqın kütləvi iştirakı hərəkətə ictimai bir bağlılıq qatır. Halbuki Toro bunun əksinə olaraq, kütləvi aksiyalarda fəzilətin, ya ümumiyyətlə olmadığını, ya da çox aşağı səviyyədə təzahür etdiyini düşünürdü.
"Vətəndaş itaətsizliyi vəzifəsi haqqında" - nadir rast gəlinən bir əxlaqi baxış təcrübəsidir. Toro bu məqaləsində həm federal hökuməti sərt tənqid edir, həm də vətəndaş itaətsizliyinin əsasını təşkil edən güclü etik dəyərləri gündəmə gətirir. Bununla belə, Arendtin itaətsizliklə bağlı düşüncələri praktik baxımdan daha ümidvericidir, çünki o, şəxsi vicdanımıza qapılmaqdansa, baş verən ədalətsizliyə və bunun doğurduğu zərərlərin aradan qaldırılmasına yönəlməyin vacibliyini vurğulayır. Lakin bu, əlbəttə ki, sivil itaətsizliyin mülayim və asanlıqla həyata keçirilə biləcək bir hədəfi olmalı olduğu anlamına gəlmir, əksinə, onun dəyişdirmək gücünə malik olduğu bir dünyaya yönəlməsi lazım olduğunu göstərir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!