Kudım-Oş haqqında rəvayətlər - Aleksey Domnin

Aleksey Domnin (1928-1982) - şair, yazıçı, jurnalist, folklor araşdırmaçısı. Ömrünü "İqor polku dastanı"nın araşdırmasına həsr edən atası Mixail Domninin təsiri ilə o da folklor araşdırmalarına başlayıb. Universitetdə diplom işini də həmin dastandan yazıb, 1967-ci ildən 1977-ci ilə qədər isə dastanın tərcüməsi ilə məşğul olub. Tarixi povestlərin, böyüklər və uşaqlar üçün şeirlərin, nağılların müəllifidir. Bir müddət Rusiyada yaşayan etnik azlıq komilərin və permyakların folkloru ilə maraqlanıb, həmin motivlər əsasında "Kudım-Oş haqqında rəvayətlər" və "Ovçu Per haqqında rəvayətlər" poemalarını yazıb.

Kudım-Oş komilərin və permyakların əfsanəvi qəhrəmanıdır. Əfsanəyə görə, bu xalqlar Oşdan törəyib.

 

Kudım-Oş haqqında rəvayətlər

1

Nəğmələrin geniş qanadlarında

Sizi qədim rəvayətlər yurduna

Aparacağam ki, mənim sözlərim

Toxum kimi qəlbinizdə cücərsin.

Qədim nəğmələrin nəqarəti var,

Hər xalqın da başlanğıcı mövcuddur.

Qədim-qədim zamanlarda parmada*

(Parma - tayqa)

Boz gözlü çudinlər* yaşayırdılar.

(Çudinlər və ya çudlar -

komilərin əcdadları, qədim xalq)

Dar və qaranlıq idi kor qazmalar,

Geniş idi ətrafdakı meşələr.

Dadlı idi maralların ciyəri.

Onlara istilik verirdi günəş,

Quşlar xəbər gətirirdi uzaqdan.

Rəqs edirdi gur alovun dilləri,

Qovlayırdı gecənin ruhlarını.

Əcdadların adəti necəydisə,

Elə də yaşayıb ömr edirdilər.

Qocalıqdır insanı əldən salan

Və əgər hansısa qərib qocanı

Ölüm unudurdu, aparmırdısa,

Həmin qoca gizlincə bir cığırla

Dağa gedib mağara qazıyırdı

Və özünü orada dəfn edirdi.

Cavan Oş öz doğma qəbiləsində

Bahar vaxtı oyanan torpaq kimi

Güc-qüvvətə dolub yetkinləşirdi.

İti ağıl verilmişdi gənc Oşa.

Ölülərin kölgəsini görürdü,

Uçan oxu havadaca tuturdu,

Gözbağlıca oynayırdı ayıyla.

Onun anasısa - cadugər Pevsin

Bacarırdı yuxuları yozmağı.

Bilirdi ki, harda dincəlir Oypel -

Meşələrin və çayların tanrısı.

Əgər kimsə pis niyyətlə gəlsəydi,

Onu kor edərdi gizli sehrlə.

Heyvanı tələyə sala bilərdi,

Yumşaldardı düşmənin qılıncını.

Qəbilənin şamanı Çikış qarı

Gecə dağa çıxıb söhbət edirdi

Süra-Peley adlı hiyləgər ruhla.

Cadu edib diriltməyi bilirdi

Öldürülmüş adamları bu şaman.

Göbələk çəkirdi, dəfinə vurub

Qovlayırdı xəstəliyi və şəri.

Oşun atası pamdı* qəbilədə

(Pam - başçı, kahin)

Gedərdi Yuqranı yağmalamağa.

Bir gün onu gətirdilər yürüşdən

Ürəyində lələkli bir ox ilə.

Şaman Çikış uzun müddət dəf çaldı,

Quş kimi çırpındı ocaq başında.

Amma onu ölülər diyarından

Qaytara bilmədi, çəkə bilmədi.

Onlar pamı torpağa tapşırdılar,

Ayağına ayı başı qoydular,

Üzünü də maska ilə örtdülər,

Gecə düşənəcən şənlik etdilər.

Onlara baxırdı kor gözlərilə

Taxta boz büt. Qanlı dodaqlarından

Axıb yerə tökülürdü piy və bal.

Qəbiləyə təzə pam lazım idi.

Ağsaqqallar ocaq başında Oşu

Pam təyin etdilər. Ona verdilər

Hakimiyyət nişanəsi əsanı

Və bürünclə bəzədilmiş kəməri.

Hamı ilə birgə Pevsin qarı da

Yerə qədər təzim etdi oğluna.

Qurd tanıyır maral cığırlarını.

Düşmən bilir qənimətin yerini.

Düzəngahda çudların qəbiləsi

Quş yuvası kimi açıq-aşkardı.

Vaxtaşırı düşmən qəbilələri

Pusqu qurub hücuma keçirdilər,

Günü-gündən əriyirdi qəbilə.

Oş məsləhət tonqalını qaladı.

- Düşmən ona görə hücum edir ki,

Bizdən uzaq dağlardadır tanrılar.

Biz onların yanına köçməliyik,

O məskəndə qazmaları qazıyıb

Ətrafına hasar da çəkməliyik.

Oypel bizi qoruyacaq. Necə ki,

Torağay qoruyur balalarını.

Bu cəsur sözləri eşidənlərin

Dilləri qurudu ağızlarında.

Hətta İnva çayı da sakitləşib

Tanrıların qəzəbini gözlədi.

Şaman Çikış hirs içində kükrədi:

- Hər kimsə ki müqəddəs dağa gedib

Haram qatar torpağın yuxusuna,

Qoy elə əlləri qurusun onun!

Oş qəzəblə qışqırdı:

- Siz özünüz

Mənə əsa verib pam elədiniz.

Cəsurları səsləyirəm özümlə,

Amma kim ki siçan kimi gizləndi,

Qəniməti olsun qoy düşmənlərin,

Qorxudan sıxılsın qabırğaları.

Adamları sarsıtdı bu kəlmələr,

Çayın dalğaları kükrəyib coşdu.

Oş qaldırdı əllərini günəşə:

- Günəş, sən aç bizim gözlərimizi,

Vəhşi ağlımızı nura qərq elə!

Və qaranlıq çökdü yerin üzünə,

Təkcə çılpaq zirvə nura qərq oldu.

Birinci Oş çıxdı sıldırımları,

Göstərdi ki, harda şam ağacından

Ucaltmaq lazımdır möhkəm qalanı.

Zaman keçər, ağacları çürüdər,

Amma həyat çayı axar, qurumaz.

Beləliklə, ilk kötük və ilk qazma

Oşun şəhərinin əsası oldu -

Bu diyarın paytaxtı Kudım-Karın*.

(Kudımkar - Rusiyanın Perm

vilayətində şəhər. Adını qədim

komi dilində mənası "ölü su" olan

Kuva çayından götürüb)


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!