Tərcümə etdi: Nilufər Hacılı
Sesiliya Vikunya 1948-ci ildə Çilinin Santyaqo şəhərində anadan olub. Şair, rəssam, rejissor və ictimai fəal kimi tanınan Vikunya, Latın Amerikasının və dünyanın aparıcı sənətkarlarından biridir. Yaradıcılığında yerli xalqların mirasını, ekologiya və qadın hüquqları kimi mövzuları mərkəzə alan sənətçi, həm poetik, həm də vizual ifadə vasitələri ilə güclü sosial mesajlar verir.
1973-cü ildə Salvador Alyende hökumətinin devrilməsindən sonra Çilidən sürgün olunan Vikunya əvvəlcə Londonda, daha sonra Nyu-Yorkda yaşayıb və fəaliyyət göstərib. Onun çoxşaxəli yaradıcılığı - şeirdən rəsm və instalyasiyalara, performans sənətindən filmə qədər - bəşəriyyətin təbiət və tarixlə olan münasibətlərini sorğulayır.
Sesiliya Vikunya bir sıra nüfuzlu mükafatların da laureatıdır. O, 2019-cu ildə İspaniyanın ən yüksək sənət mükafatı olan "Premio Velazquez de Artes Plasticas"a, 2022-ci ildə isə Venesiya Biennalesində Qızıl Aslan (Leon de Oro) mükafatına layiq görülüb. Bundan başqa, o, Çili Milli Plastik Sənətlər Mükafatı (2023), "Andy Warhol Foundation Award", "Anonymous Was A Woman Award" və "Herb Alpert Award" kimi prestijli mükafatlarla da təltif olunub. Onun "Quipu Womb" (2017) kimi əsərləri, qədim və çağdaş mədəniyyətlərin qovşağında bənzərsiz bir sənət dili yaradır və Vikunyanı dünya müasir incəsənətinin ön sıralarında möhkəmləndirir.
"Ədəbiyyat qəzeti" çilili yazıçının professor Caoimhin Mac Giolla Leith ilə müsahibəsini təqdim edir.
C.M.G.L.: - İncəsənət yaratmaq, yazmaq və aktivistliyiniz arasındakı əlaqəni necə təsvir edərdiniz? Bu əlaqə illər ərzində dəyişibmi?
Sesiliya Vikunya: - Bu, hərəkətdə olan, amma eyni qalan bir əlaqədir. Birini digəri olmadan düşünə bilmirəm, belə ki, onların arasındakı sərhəd dəyişkəndir. İçimdə nəyin nə olduğunu bilən bir şey var. O bilir ki, istiqamət yazı tərəfədir, ya rəsmə... Aktivistlik haqqında isə bunu deyə bilərəm ki, mən gənc ikən, yaşımda olan bütün gənclər tamamilə Çili siyasətinə qarışmışdılar. Mədənçilərin tətili olduqda küçəyə çıxardıq. Biz düşünmürdük: bunlar mədənçilərdir və biz lisey şagirdləriyik. Bizim mübarizəmiz eyni amallar uğrundaydı.
Dünən Karl Marksın məzarına getdim və ümidsizcə ağladım. Onun, o vaxtlar sloqan olan "Dünya zəhmətkeşləri birləşin" sözləri bizim üçün sadəcə söz deyildi, dərin mənası vardı, biz o sözləri yaşayırdıq. Məncə, mən bu birliyi yaradıcı prosesimə çevirmişəm.
C.M.G.L.: - Feministlik, şübhəsiz, həyatımızın ən vacib sosial və intellektual hərəkatlarından biridir. Bununla əlaqəniz barədə nələrsə deyə bilərsinizmi?
S.V.: - Həm nənələrim, həm də anam əslində olduqları kimi ola bilmədiklərinə görə çox məyus olurdular. Mən bunu içimdə heyvani qüvvə kimi hiss edirdim. Feminizm deyilən bir şeyin olduğunu eşitdiyim anda onlardan biri olduğumu bildim. Azadlıq qüvvəsi o qədər böyük idi ki...
C.M.G.L.: - 1960-cı illərdə ekoloji mövzularda şüurun artması müşahidə edildi, baxmayaraq ki, bu növlərimizin planetimizdə dağıdıcı varlığına dair sübuta malik olduğumuz indiki illərlə müqayisə belə edilə bilməz. Sizin tətbiq etdiyiniz təcrübələr, bizim daha böyük ekosistemdəki yerimizə dair dəyişən qavrayışımıza necə uyğunlaşdı?
S.V.: - Əgər əvvəl bu təcrübələrin bütün elementləri bir-biri ilə əlaqəli idisə, indi onlar daha intensiv şəkildə bir-birinə sıx bağlanıb, həyatda qalmağın davamlılığına yönəlmiş bir şüur axını kimi birləşib. Bu, mənim üçün, yerli mədəniyyətin qərb mədəniyyətindən fərqli olmasının əsas yoludur. Əgər bütün fəlsəfi və konseptual fikirləri uzaqlaşdırsanız, yalnız əvvəllər və sonra gələnlərə qarşı güclü sevgi, ona qarşı çox böyük bir ehtiras qalar. Həmin ötürmə davamlılığına yönəlmiş bu istiqamət indi hamımızın öləcəyimizi bildiyim üçün daha güclü olub.
C.M.G.L.: - Məsələn, bunlara dair bir nümunə verə bilərsinizmi?
S.V.: - Mənim Santyaqoda "Minga del Cielo Oscuro" ("Qaranlıq Gecənin Minqası") adlı bir sərgim oldu. "Minga" yerli anlayışdır, Keçua dilində "ortaq bir məqsəd üçün kollektiv iş" deməkdir. Buradakı məqsəd, gecənin qaranlığının yox olmasının bizi və minlərlə başqa canlını öldürdüyünə diqqət çəkmək idi.
C.M.G.L.: - Süni işığın hər yerə yayılmasına görə?
S.V.: - Dəqiq. Texnologiya, ekranlar vasitəsilə mavi işıq ötürür. Mavi işıq xərçəngə səbəb olur və həşəratları öldürür. Süni işıq, quşların miqrasiya etməsinə təsir edir. Ən əsası isə, bizim insan gələcəyimizlə bağlı - əgər gələcəyimiz varsa - bu, hissiyyat sistemimizə təsir edir. Biz, qaranlığın, gecənin olmaması səbəbindən duyğusuzlaşırıq. Bunu kəşf edəndə - Aman Tanrım! - bu o qədər böyük bir aydınlanma idi ki... Mən, alimlər, sənətçilərin bu fikrə diqqət yetirməsi üçün bir "minga" çağırdım. Bu çağırış uğurlu olarsa, qanunu dəyişdirəcək. Bu, çox qədim bir anlayışdır, burada şair qanunlara təsir edir. Şəxsən mənim belə bir ambisiyam yoxdur, amma kollektiv zəka bu istiqamətdə irəliləyir.
C.M.G.L.: - "Witte de With" sərginizin adındakı söz oyunu həm şeirlərinizin, həm də vizual sənətinizin xarakteristikasıdır. Məsələn, 1970-ci illərdə Londonda və Bogotada yaradılmış rəngarəng, bayraq kimi əsərlərdən ibarət olan "Palabrarmas" seriyasını düşünürəm. Bu neologizm, "palabras" (sözlər) və "armas" (silahlar) sözlərini birləşdirərək, dilin silah kimi istifadə olunmasını təklif edir.
S.V.: - 17 yaşımda Santyaqoda yaşarkən ilk dəfə bir sözün, Vilyam Bleykin təbirilə desək, sanki canlandırılmış formada animasiya kimi canlı bir şey olduğunu hiss etdim. Məndə sözləri hiss etməyə imkan verən bir növ korporeallıq var. Zamanla yerli dillər haqqında çox araşdırma apardım və gördüm ki, mənanın bu bədənləşməsi, əslində əsl mənanı, niyyəti gizlədir. Beləliklə, niyyətin - sözə yığılmış olan niyyətin - canlı varlıqlara təsir edə biləcəyi düşüncəsini yalnız yerli dillərdə deyil, artıq kvant fizikasında və kvant biologiyasında da görmək mümkündür.
C.M.G.L.: - Sizin heykəltəraşlıqda az qala marka nişanınıza çevrilmiş forma (ip düyünləri vasitəsilə məlumatı qeyd etmək və ötürmək metodu) haqqında nə deyə bilərsiniz? Bu "quipu" metodunu necə qəbul etdiyiniz və onu necə uyğunlaşdırdığınız barədə danışa bilərsinizmi?
S.V.: - Bu, bir növ möcüzədir. Mən Çilidə yeniyetmə olanda "quipu" haqqında bir neçə nəfər bilirdi. Amma mənim möhtəşəm heykəltəraş olan bir xalam vardı. O artıq vəfat edib. Adı Roza Vikuna idi, mən onun vasitəsilə bu anlayışla tanış olmuşdum və evə qayıdanda dəftərimə "heç nəyi xatırlamayan "quipu" yazmışdım.
C.M.G.L.: - Bu, bir az təzadlı ifadədir, çünki "quipu" əslində bir yaddaş cihazıdır...
S.V.: - Dəqiq. Bu, əslində müstəmləkəçilik haqqında bir bəyanat idi.
C.M.G.L.: - Yaddaşın silinməsi?
S.V.: - "Quipu"nun yaddaşı silindi, yəni indi yalnız "xatırlamıram" deyən "quipu" var. Əslində bu çox siyasi bir bəyanat idi. Hətta "quipu" İnkalardan çox daha əvvəl yaranmış olsa da, İnkalar onu yeni bir ölçüyə və düşüncə səviyyəsinə gətirdilər. Onlar görünməyən "quipu" yaratdılar, yalnız ağılın içində olan "quipu". Mənə maraqlı olan bu "quipu" idi.
C.M.G.L.: - Rəsmləriniz folklor, siyasət və pop mədəniyyətindən olan müxtəlif dünyaları təlqin edən fiqurlarla doludur. Onların işinizin ümumi quruluşuna necə uyğunlaşdığı barədə nə deyə bilərsiniz?
S.V.: - Anam deyir ki, danışmağa başlamazdan əvvəl mən də hər uşağın etdiyi kimi rəsmlər çəkirmişəm, amma fərq onda olub ki, mən sənətkar ailəsində böyüdüyüm üçün mənə materiallar verilirmiş. Atam İntibah dövrü (Renesans) və Yunan dövrü rəssamlığını çox sevirdi, buna görə də mənim qərb sənəti ilə tanışlığım çox erkən yaşlarda başlayıb. Mən hiss edirdim ki, bu sənətin ustalığını - xüsusilə də, İeronim Bosx kimi rəssamları həqiqətən, sevirdim - mənim kimi, heç bir ənənəsi, təhsili, texnologiyası və metodları olmayan biri üçün çətindir. Rəssam olmağın yeganə yolu ola bildiyin qədər axmaq, bacarıqsız, necə deyim, heç bir yerə aid olmamaqdır. Buna görə də mən kilsə obrazlarına baxıb öz versiyalarını yaradan, bəlkə də onları sehrli şəfa gücünə sahib hesab edən yerli insanlar və kəndlilərdən ilham aldım. 20 yaşım olanda Müasir İncəsənət Muzeyinə getdiyimi xatırlayıram. Ora aid olmadığımı bilirdim, amma orada amerikalı Moris Hörskfild tərəfindən hazırlanmış, XX əsrin əvvəlinə aid olan sadə bir rəsm əsəri vardı. Onu gördüm və belə düşündüm: Niyə bu əsər Müasir İncəsənət Muzeyindədir? Açıq şəkildə ora uyğun gəlmirdi. Sanki səhvən qoyulmuşdu. Mən bu səhvlə bütünlüklə əlaqə qurdum! Mən elə o səhvəm! Yalnız 1969 və 1997-98-ci illər arasında rəsm çəkdim, sonra isə tamamilə dayandım. Rəssamlıq məni tərk etdi. Səbrimi itirdim. Mən çox kiçik bir fırçayla rəsm çəkirdim və həyatım sürətlə gedirdi. Amma 2013-cü ildə yenidən fırça götürdüm. Çünki gənc yaşlarımda bilirdim ki, qocalanda yenidən rəsm çəkəcəyəm. Və necə oldusa, yaşlandım!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!