Tərcümə etdi Həmid PİRİYEV
Bir aktyor üçün pyes
Qaranlıq.
Uzaqdan addım səsləri eşidilir. Səslər getdikcə yaxınlaşır. Yaxınlaşıb dayanır. Dəmir qapı açılır. Qapıdan düşən işıqda bir nəfəri içəri itələdikləri və həmin adamın yerə yıxıldığı görünür. Qapı cırıldayıb bağlanır. Qaranlıq. Addımlar uzaqlaşıb kəsilir.
Kameradakı lampa yanır.
Üzüqoylu yerdə uzanmış dustaq geyimli adam yavaş-yavaş başını qaldırıb ətrafa baxır. Kamerada ancaq dəmir naralar və dəmir stol var.
Adam ağır-ağır ayağa durur. Əliylə başının əzilən yerinə toxunur. Qapıya tərəf gedir, qapıya diqqətlə baxır. Naranı yoxlayıb ehtiyatla oturur. Stola toxunur. Elə bil nəsə axtarır, heç nə tapmayıb başını bulayır. Başqa dustaqların divarda cızdığı yazıları oxuyur...
Birdən əlləriylə başını tutub stolun üstünə əyilir, bərkdən inildəyir. Sonra ayağa sıçrayıb qapıya tərəf qaçır, qapını döyə-döyə qışqırır... Susub qulaq asır... Sükut... Nəfəsi çatmır, bütün bədəni əsir, skamyaya çökür, başını stolun üstünə qoyub əlləriylə tutur.
İşıq sönür.
Yanır.
Adam narada uzanıb. Dəhlizdən addım səsləri eşidilir. Kimsə qapıya yaxınlaşıb dayanır. Qapıdakı göz açılır...
Adam yavaş-yavaş durub narada oturur. Qapının dalından gülüş səsi gəlir. Gup! - Qapının aşağısındakı nəfəslik açılır, nəfəsliyin üstünə dəmir qab qoyurlar. Qaba su tökürlər.
Adam naradan durub qapıya tərəf getməyə başlayır. Əyilib dəmir qabı götürmək istəyəndə qab yoxa çıxır. Gülüş səsi eşidilir...
Adam hirslə qapını döyməyə başlayır. Nəfəslik bağlanır. Adam artıq qapını yavaşdan, xahiş edirmiş kimi döyür. Nəticə yoxdur: addımlar uzaqlaşıb kəsilir.
Adam qayıdıb narada uzanır.
İşıq sönür.
Yanır.
Adam narada uzanıb. Hardasa su damcılayır. Adam qulaq asır, susadığı bilinir. Dodaqlarını yalayıb ağzının suyunu udur. Divara yaxınlaşır, divarı yalayır.
Uzaqdan addım səsləri eşidilir. Adam yerindən sıçrayır, qapının yanında sakit dayanıb qulaq asır.
Addımlar yaxınlaşır... Adam həsrətlə gözləyir... Amma addımlar qapının yanından keçib gedir.
Adam qışqırır, qapını döyür.
Addımlar dayanır. Adam ümidlə qapını döyür, bu artıq qapı döymək deyil, yalvarmaqdır.
Addımlar qapıya tərəf qayıdıb dayanır. Göz açılır. Adam yalvarışla gözə baxır. Elə bil onun boyu da balacalaşır, bayaq hirslə qışqırıb qapını döyən adamdan əsər-əlamət qalmayıb.
Nəfəslik açılır, dəmir qab qoyulur. Su səsi gəlir. Adam sevinclə qabı götürmək üçün əyilir. Amma çatdırmır. Qab yenə yoxa çıxır. Adam çaşqın halda qalır, bilmir nə etsin.
Qab yenə peyda olur. Fit səsi gəlir, elə bil it çağırırlar.
Adam heç nə başa düşmür.
Yenə fit çalırlar.
Adam nəhayət, nə baş verdiyini başa düşür. Hirslənir. Bir müddət dayanır, daxilində mübarizə getdiyi məlumdur. Nəhayət, məcburi təbəssümlə yavaş-yavaş dörd ayaq üstünə düşüb qaba tərəf gedir.
Xəfif gülüş və fit səsi eşidilir.
Adam əlini qaba uzadır, amma qab yenə yoxa çıxır.
Və yenə fit çalınır.
Adam dörd ayaq üstündə dayanıb... Fit. Nəhayət, adam ondan nə tələb olunduğunu başa düşüb gülümsəyir və qaba yaxınlaşıb it kimi diliylə suyu içməyə başlayır...
Bərk gülüş eşidilir.
Adam da başını yuxarı qaldırıb gülür. Nəhayət, bir qab su ilə bir tikə qara çörək qazanır. Adam gülüş səsi altında it kimi suyu içir, çörəyi yeyir.
Addımlar uzaqlaşır. Adam oturub addım səslərinə qulaq asır. Səs uzaqlaşıb kəsilir.
İşıq sönür.
Yanır.
Adam uzanıb. Addımlar... Adam cəld yerindən durub boş qabı nəfəsliyə qoyur, çəkilir. Göz açılır. Gülüş eşidilir. Adam da gülməyə başlayır. Bu, qapının dalındakı adama daha da təsir edir, o, qəhqəhə çəkir. Adam da var gücüylə gülür...
Birdən qapının dalındakı gülüş kəsilir. Sükut çökür... Adam da səsini kəsir. Günahkar görkəm alır...
Nəfəslik açılır... Dəmir qab... Su səsi...
Adam yavaş-yavaş dörd ayaq üstünə çökür, qaba tərəf gedir. Əlini uzadanda nəfəslik çırpılıb bağlanır...
Adam ayağa sıçrayır, qapını döymək üçün yumruğunu düyünləyir, amma yumruğunu havada saxlayır... Gülüş eşidilir... Addımlar uzaqlaşır...
Adam başını tutub halsız şəkildə naraya tərəf gedir, uzanır. Uzun müddət uzanır... Birdən inildəməyə başlayır.
İşıq sönür.
Yanır.
Adam uzanıb. Addımlar... adam uzanıb... Göz açılır... Adam uzanıb... Gülüş... Adam üzünü divara çevirir... Nəfəslik açılır. Qaba tökülən su səsi... Adam uzanıb... Gülüş... Su dolu qabla bir tikə çörək nəfəsliyə qoyulur. Addımlar uzaqlaşıb itir.
Adam yavaş-yavaş ayağa durur, su ilə çörəyi götürüb stolun üstünə qoyur. Mexaniki tərzdə sudan bir qurtum içir, çörəyi dişləyib çeynəyir. Birdən fikir onu aparır. Gözlərini bir yerə dikib baxır, amma barmaqları çörəyin bir hissəsini əzir...
Adam özünə gələndə əlindəki çörəkdən insan fiquru düzəltdiyini görür. Pıqqıldayır, lağla fiquru o tərəf-bu tərəfinə çevirib baxır. Fiquru qalan çörəyə qatıb təzədən yoğurur. Sonra bütün çörəyi əzib daha böyük insan fiquru düzəldir...
Nəhayət, çörəkdən insan hazır olur. Adam onu stolun üstünə qoyur, bir addım uzağa çəkilib diqqətlə baxır.
Adam (barmağıyla sinəsinə vurur): - Bu mənəm! (Barmağını çörək-insana uzadır) Bu isə sən!.. Mən insanam! Sən isə... sən də insansan. Amma mən canlıyam... canlı insanam. Sən isə yox! Canlı deyilsən. Sən fiqursan. Sən çörək insansan, mən əsl insanam. Başa düşdün? Səni mən düzəltmişəm, mən! Mən yaratmışam... Həəə... Demək, mən sənin atanam. Sənsə, mənim balamsan. Belə çıxır da. Elə deyil?! Burada başqa heç kim yoxdur. Burada ancaq ikimizik - sən və mən...
Əvvəl-əvvəl burada tək idim. Həə... Tamamilə tək! Təsəvvür edirsən? Tək-tənha, bu daş kisəyə basmışdılar məni. Tamamilə tək! Özümü boğmağa bir parça ip, damarımı kəsməyə bir şüşə qırıntısı da yox idi. Başa düşürsən? Tək, təmtək, özümlə baş-başa... Amma indi sən varsan. İndi biz ikimizik. Yəni ki, bundan sonra özümü tək hiss etməyəcəyəm. Düz demirəm? Yaxşı, vaxt keçdikcə daha yaxşı başa düşəcəksən... Yavaş-yavaş... Sənə həyatın nə olduğunu öyrədəcəyəm. Mən bilirəm o nədir. Səni əsl adam eləyəcəyəm. Nə üçün də yox? Lazımi qaydada çalışsaq, alınar. Ancaq sən mənə qulaq asmalısan. Başa düşdün? Bax, belə!.. Hazırkı vəziyyət belədir... Həə...
Nə oldu? Kefin nə üçün pozuldu? Gəl ətraf mühitlə tanış olaq. Bax, bura karserdir. Karser... Dörd tərəf daş divar. Beton döşəmə. Beton tavan. Bu sənin günəşindir - lampa. Bu, naradır. Bu, stoldur. Bu, təbii ehtiyac üçün vedrə. Bu da mən. Bu dünya belə dünyadır. Nə edə bilərsən? Bu da sənin taleyindir də, bəxtin belə yazılıb. Sənə başqa kartlar düşüb, başa düşürsən? Özünü qoruya bilməsən, məhv olarsan... Mənə qulaq assan, yaşayarsan... Çünki mən sənin Tanrınam. Sənin dünyadakı yeganə Tanrın. Demək, sənin Yaradanınam. İlahin. Xaliqin. Bax, belə, cavan oğlan. Amma əgər mənə qulaq asmasan, özbaşınalıq eləsən, özündən küs. Səni mən yaratmışam, mən də məhv edərəm. Sonra demə ki, demədi...
Yaxşı, zırıldama. Hələ on gün buradayam. Vaxtımız çoxdur. Yaxşı da, nolub mısmırığını salladın? Yaşayarıq... Orada isə... Çıxmayan cana ümid çoxdur, nədən qorxursan? Nə olmalıdırsa, o da olacaq. Elə deyil? Başa düşmürəm, nə üçün kədərlənirsən? Sən çörəkdən düzəlmisən e, xəmirsən, başa düşürsən? Sən sadəcə çörək-adamsan! Belə! Sənin başına nə gələ bilər ki?! Xəmirsən, xəmir də qalacaqsan. Mənə bax. Mən canlı adamam, əsəblərim var, canım ağrıyır, amma yenə də şikayətlənmirəm (Çörək adamın üzünə diqqətlə baxır). Nə oldu, darıxdın? Mən ki buradayam, mən - sənin Atan, Tanrın, Xaliqin!
Pauza
- Nə, nə? Ciddisən?.. Ee-e, cavan oğlan, nədir, arvad istəyirsən? Hə? De də. İstəyirsən? Yüz faiz istəyirsən! Döz, cavan oğlan, hətta mən - sənin Tanrın da üç ildir ki, qadın üzü görmürəm. Sənsə hələ indi yaranmısan, amma özünü saxlaya bilmirsən... Nə? Nə olub? Bir də de, görüm!.. Amma ay axmaqsan, ha! Başa düş e, bütün dünyada, yəni ki, dörd divar arasındakı dünyada hamı oturub qadın üçün banlayır. Hamı bir nəfər kimi! Hara fırladırsan-fırlat, onsuz da bütün işlərin başı gedib qadınlara çıxır. Belədir də. Başa düşdün? Hə, belə!.. Sən də durmusan... Eh, sənə nə deyim!.. Yaxşı, darıxma, qadın da olacaq... Yoğuraram səninçün... Amma sabahkı payımdan. İşə bax e bir, bunun Tanrısı da burada qadınsız oturub, amma bu... İşə bax da... Yaxşı, yatmaq vaxtıdı. Gecdi.
Adam naraya uzanıb qurcalanır.
İşıq sönür.
Yanır.
Adam stolun dalında oturub çörəyi yoğurur.
Adam: - Tələsdirmə, tələsdirmə, dedim. Gözlə də!.. Qadın istəmirsən? Onu düzəldirəm də... Məncə, çörək çatar. Nə olub? Nə xoşuna gəlmir? Çörək çoxdur? Doğrudan e. Xəmirin hamısını işlətsəm, qadının səndən iki dəfə böyük çıxacaq. Nəfəsini kəsər e, sənin. İşə düşmədik... Yaxşı alınmayacaq... Yaxşı, indi balacalaşdırarıq. Beləəə... Hə. Necədir, belə yarayar? Nə bir qram çox, nə bir qram az. Qramı-qramına. Aptekdəki kimi. Yeri gəlmişkən, deyirlər, Tanrı qadını kişinin qabırğasından yaradıb. He-he! Ola bilməz e. İnanmıram. Necə ola bilər ki, bapbalaca qabırğadan o boyda qadın yaransın? Ola bilməz. Hə, bax. Gör qadının necə alındı? Ey, özünü saxlaya bilmirsən? Gözlə də!.. Yaman şeysən, ha! (Başını bulayır.) Hələ qadın hazır deyil, amma bu özünü atmaq istəyir üstünə... Bir az gözləyə bilmirsən? Hələ ayaqları hazır deyil. Heç baldırları ilə döşlərini də düzəltməmişəm. Nə danışırsan? Heç elə şey olar? Çəkil qırağa görüm!.. Hara soxursan özünü? İmkan verəcəksən adam kimi işimi görüm? Ayaqları necə olsun? Uzun, ya qısa? Düz, yoxsa əyri? (Gülür.) Bəs döşləri? Balaca, ya böyük? Gözlə də! Səbir elə, necə lazımdır, elə də olacaq! Heç səninçün pis qadın düzəldərəm?! Beləə... Belə... Özün bax. Nə qəşəng döşləri var! Baldırlarına söz ola bilməz! Dayan, gilələrini də qoyum. Onsuz olmaz ki (Döşlərə gilə də düzəldib yapışdırır). Belə! Hazırdır! Götür! (Qadını kişiylə üzbəüz qoyur.) Necədir? (Gülür.) Ee, dostum!.. Nədən utanırsan? Nə oldu birdən-birə? Kişimə bax da mənim! O özü istəyir axı. Qadınların hamısı belədir... Nə dayanmısan, get də (Kişini qadına tərəf sürüşdürür). Nə üçün dayandın? Sən ona inanma, oyunbazlıq edir ki, guya istəmir. Elə istəyir ki, sadəcə oyun çıxarır. Onlar hamısı belədir... Şeytanlıq eləməsələr, olmur. Amma özləri bizdən çox istəyir. Onları nə qədər çox sıxsan, incitsən, bir o qədər ləzzət edir, xoşlarına gəlir... Nə dayanmısan, get də! Hə! Hə!.. Bilmirsən nədən başlayasan? Mən sənə öyrədərəm... Yaxın get, yaxın!.. Qorxma, dişləməyəcək. Belə... Sıx onu özünə. Qucaqla! Hə, nə hiss edirsən? (Hirslə gülür.) Tər yudu apardı səni... Əsas odur, tələsmə... (Adam özü tərləyir, alnını silir.) Belə, belə... Əla... Hər şey əla gedir... Oho! Yıxdın onu yerə ki! Bayaqdan elə bil utanan bu deyildi! Təbiət öz işini görür də. Təbiət hər şeyi yerbəyer edir... Sən, şeydi, tələsmə... Tələsmə, deyirəm... Nə oldu, nəfəsin kəsildi? (Özünün nəfəsi ağırlaşır.) Tələsmə... (Onları bir-birinə sürtür.) Belə, bax, belə... Hə, dayanma... Ay sağ ol! Əla! Yenə, dayanma! (Özü orqazma çatır, inildəyir. Tərini silib özünə gəlməyə çalışır.) Hə, necədir? Yaxşıdır, hə?.. İndi sənin qadının da var... "Çox sağ ol" de... Mən olmasaydım, qadını haradan tapacaqdın? İndi artıq qadının var, istədiyin vaxt sənin olacaq... Bəs mən? Mən Tanrıyam axı. Mən qadınsız da keçinərəm. Bir də ki, qadın nəyimə lazımdır? Mən Tanrıyam axı. Başa düşürsən, ay xəmir? Bunu başa düşürsən? (Ayağa sıçrayıb kişi fiqurunun üstünü dəmir qabla örtür.) Qal burada, ağlın başına gəlsin!.. Buna bax!.. Otur, papağını qoy qabağına, fikirləş. Bəlkə onda başa düşərsən, nə nədir... Ay quşbeyin, səni mən, mən düzəltmişəm. Nədən? Xəmirdən. Başa düşürsən? Öz çörək payımdan keçmişəm sənin üçün. O çörəyi bilirsən, necə almışdım? Alçalmışdım ona görə, it kimi alçalmışdım. Bəs sən nə bilirdin? Hamısı da sənə görə! (Hirslə kamerada gəzişir.) Otur, otur!.. Mən özüm də bu daş çuxurda oturmuşam. Mən, canlı insan... Bəs sən? Guya sən də adamsan? He-he! Adamıma bax da, mənim! Sən sadəcə xəmirsən. İnsanın geydirməsi... Tfu sənə!
Adam naraya uzanıb üzünü divara çevirir.
İşıq sönür.
Yanır.
Adam: - Hə, necəsən? Fikirləşdin? Başa düşdün nə var, nə yox?.. Nə olub, ağzına su alıb oturmusan?.. İncimisən? He-he!.. Görürsünüz? O hələ inciməyi də bacarır!.. Cəmisi bir gecəyə görə! Bəs heç bilirsən mən burada nə qədər oturacağam? On il! Başa düşürsən? Eh, haradan?.. Sən bunu necə başa düşəsən e? (Dəmir qabı fiqurun üstündən götürür, fiquru ayaq üstə qoyur.) Nə baxırsan? Sevin də. Əfvə düşdün! Mən sənə əfv verməkdən başqa nə edə bilərəm ki?! Get yaşa özünçün. Bəlkə haçansa məni başa düşərsən... Bəsdir mısmırığını salladın... Nə var, nə var, bir gecəni dustaq kimi keçirtmisən, özündən əzabkeş düzəltmə... Elə mən özüm də heç nəyin üstündə on il almışam. Günahsız ola-ola! Bəs sən?.. Deyirlər, Tanrı insanı cənnətdən bircə dənə almaya görə qovub. Gör ha, bir dənə çürük, qurdlu almaya görə! Deyib ki, almanı yeməyin, onlarsa hərəsi bir dişləm vurub... Yenə də qadına görə. Dilə tutub da... Demişdim axı sənə, dünyadakı bütün bəlalar qadınların ucbatından baş verir!..
Dayan, dayan... Bəlkə səni də qadın yoldan çıxardıb? Dəng eləyib səni, hə? Ki mənə qulaq asmayasan, saymayasan? Belə deyil? Gözümün içinə düz bax! Həə, düz deyirəm!.. Əşşi, olub keçib daha. Qadın çərənləmələridir də. Qadın...
Bəs o birisinə nə deyəsən? Qadın ki qadın, axmaq-axmaq gedib ilana inanıb. Bu isə, bağışlayasınız, amma kriminaldır! Cinayət! Maddə! Hələ üstəlik, ərinə də verib yesin. Qurtardı, getdi! 105-ci maddə! Məlum məsələdir... İndi özün de, Tanrı hirslənməsin, neyləsin? Aydın məsələdir... Tutub qulaqlarından, etapla birbaşa göndərib bu dünyaya. O vaxtlar da dünyada heç nə yox idi, dee, bizim kameradakı kimi. Qısası, türməyə göndərib də onları... Odur-budur, bütün yer əhli Dünya adlı türmədə can çürüdür. Bax, belə! (Adam fikrə gedir, başını bulayır.) Sən bir o prokurora bax da, Tanrını deyirəm. Bir dənə çürük almaya görə...
Amma bir tərəfdən onu da başa düşmək olar. Əgər ona qulaq asmırdılarsa, başqa cür ola da bilməzdi. Cənnəti döndəriblər nə bilim, nəyə. Sirkə. Əxlaqsızlıq yuvasına. Sodomla Qomorraya. Belə... Gör ha! Bir dənə almaya görə! Bilmirəm, heç onlar bu alma məsələsinə qədər yatmışdılar, ya yox. Yaxşı, bəs onda nə üçün O insana bu aləti verib? Veribsə, onda bəs nəyə hirslənir? Nə var, nə var, sevişiblər. Sevişiblər sevişiblər də, nə var ki bunda? Özü yaradıb, özü də hirslənir. Tanrıya bax da!.. Biz də ona dua edirik, alnımızı döşəməyə sürtməkdən yara basır... Amma məni çıxın! Buna bax! Hirslənibmiş! Belə də ki, dünən mən də sənə hirslənib səni bir gecəlik dustaq elədim. Bir gecəlik! Bu olar da. Hamı yerini bilsin deyə. Cəmisi bircə gecə! Bunsuz olmaz ki. Bəs O? Cənnətdən qovdu bizi, Dünya adlı lagerə göndərdi və unutdu. Unutdu! Bəs O bizi haçan bağışlayacaq, haçan bizi yenə Cənnətə qaytaracaq? Vaxt tamam olub axı... Haçan?..
Pauza. Adam heyrətlə başını bulayır.
- Başa düşdüm... Axır ki, başa düşdüm... Kimin ağlına gələrdi?! Demək, Tanrı da bizim kimi... Dustaqdır... Hə, hə, o da bizim kimi türmədədir... O da bizim kimi dörd divar arasında oturub... Ondan yuxarıda olan güclər, daha üstün Tanrılar da onu türməyə salıb... Onu da mənim kimi karserə salıblar!.. O da mənim kimi tək-tənha oturub dörd divarın arasında, ona görə bizi yaradıb ki, başına hava gəlməsin... Necə mən səni yaratmışamsa, O da bizi yaradıb... Hə, hə... Sonra da cənnətlə cəhənnəmi uydurub... Amma belədirsə... (Dəhşət içində titrəyir.) Onda... O heç vaxt gəlməyəcək... O! Gəlməyəcək! Heç vaxt! Onu karserdən çıxardıblar! O indi şaddır... Azadlığa çıxıb... Biz isə qalmışıq... O bizi burada qoyub... Biz burada qalmışıq... Tək... Tanrısız... Yox... Bu ola bilməz... Yox!.. Mənə yaratdıqlarını taleyin ümidinə qoyan Tanrı lazım deyil! Yox, lazım deyil... Mənə bizi tərk edən, unudan Tanrı lazım deyil... E-ey, Tanrı, məni eşidirsən? Tüpürüm sənin sifətinə! Sən bizi atmısan! Al sənə! (Göyə barmaq göstərir.) Al, ye! Ye, ye! Yedin? Hə, nə oldu? Xoşuna gəlmədi? Onda parçala məni! Parçala, öldür məni bir zərbəylə, yerlə-yeksan elə! Gəl də! Gəl bura! Yoox, gəlməyəcəksən... Gəlməyəcəksən... Onda nə üçün sənə yalvarım? Vaxtikən çox yalvarmışam, axmaq kimi yalvarmışam... İndi hər şeyi başa düşdüm... Axır ki, hər şey mənimçün aydınlaşdı. Özün heç nə edə bilmirsən, yanımıza qayıtmaq isə səndən asılı deyil. Gəlsən, səni yenə tutub türməyə basacaqlar. Bəlkə onda yenə yadına düşərik... Amma hələ onu da bilmək olmaz...
Adam başını tutub yıxılır.
İşıq sönür.
Yanır.
Adam (çörək-adamları əlində tutub baxır): - On gün keçdi... Bu gün məni buradan çıxardacaqlar. Burada çox şeyi fikirləşdim... Sizin ikinizə də minnətdaram. Siz olmasaydınız, dözməzdim. Açığı, sizinlə olmaq xoşuma gəldi... Sizi qoyub getmək istəməzdim... Çünki burada Tanrı mənəm. Sizin Tanrınız. Öz Tanrım... Bəs orada, yüzlərlə başqa dustağın içində necə olacağam? İndi bunu heç təsəvvür də edə bilmirəm. Amma nə edəsən?! Aparırlar... Güclə... Məndən daha üstün olan Tanrılar... Amma mən bizi unudan, yaddan çıxaran Tanrı kimi deyiləm... Mən sizi burada tənha qoymaq istəmirəm... Çünki mən sizi sevirəm... Sevirəm və sizə yazığım gəlir... (Kövrək səslə.) Siz məni başa düşərsiniz... Sizi bu dörd divarın arasında tək qoymaq istəmirəm. Bacarsaydım, sizi də özümlə aparardım... Amma üstümü yoxlayacaqlar... Sizi məndən alıb məhv edəcəklər. Yoox!.. Siz... siz... bağışlayın məni... Məni, öz Tanrınızı... Yeganə Tanrınızı...
Adam xaç çəkib yavaş-yavaş fiqurları götürür... Sinəsinə sıxır... Gözlərini silir... Yavaş-yavaş fiqurları yeyir... Çeynəyir... Udur...
Musiqi səslənir... Qapı açılır... Qapıdan güclü İşıq vurur... Adam o İşığın içində itir.
Bəyəm bu, Apokalipsis deyil?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!