Qoca aşpaz - Konstantin Georgiyeviç PAUSTOVSKİ

Dilimizə çevirdi: Azad Yaşar

1786-cı ilin bir qış gecəsində Vyana yaxınlığında yerləşən kənddəki darısqal və taxta daxmada kor bir qoca can verirdi: bu kişi qrafinya Tunun keçmiş aşpazı idi. Bura heç daxma da demək olmazdı, çünki bağın dərinliyindəki xırda tikili adama köhnəhal gözətçi köşkünü xatırladırdı. Küləyin qırıb-tökdüyü çürümüş budaqlarla doluydu bağ. Hər addımda ayaq altda qalan budaqlar xırçıldayırdı deyə, öz yuvasına çəkilən zəncirli it də xəfifcə mırıldanmağa başlamışdı. Sayılı günləri qaldığından heç hürməyə də heyi-həvəsi yox idi. 

Sobalardan vuran yüksək hərarət ucbatından bir neçə il əvvəl aşpazın gözləri tutulmuşdu. Həmin vaxtdan bəri qrafinyanın işlər müdiri bu kişini gözətçi köşkünə köçürmüşdü və ara-sıra ona bir neçə forint xərclik verirdi. 

On səkkiz yaşına dolmuş Mariya adlı qızı da aşpazla birgə yaşayırdı. Köşkün bütün avadanlığı isə çarpayıdan, sınıq-salxaq skamyalardan, kor-kobud masadan, səthi tor kimi çatlarla örtülən fayans qab-qacaqdan və ən nəhayət, Mariyanın yeganə sərvəti sayılacaq klavesindən ibarət idi. 

Klavesin necə köhnəlmişdisə, öz ətrafında yaranan hər cür titrəşimə pəsdən və uzun-uzadı bir qarşılıq verirdi artıq. Aşpaz bu alətə məzə ilə "evimin qarovulçusu" ayamasını taxmışdı. Hər kim bu daxmaya girsəydi, klavesindən qopan titrək və çarəsiz inilti mütləq o adamı müşayiət edirdi. 

Can üstə olan qocanı yuyundurub, əyninə təmiz və sərin köynək geyindirən Mariyaya atası dedi:

- Keşişlər ilə rahibləri ömrüm boyu görən gözüm olmayıb. Ona görə də tövbə üçün heç kəsi qapıma çağırmaq istəmirəm. Bununla yanaşı, canımı tapşırmazdan öncə vicdanımı təmizləməm də vazkeçilməz şərtdir.   

Mariya təlaşla soruşdu:

- Bəs indi neyləyək?

Qoca dedi:

- Dur, tez küçəyə çıx və can verən birisinin tövbəsini dinləməkdən ötrü rastına çıxacaq ilk adamı daxmamıza dəvət elə. Bundan heç kəs imtina eləməz. 

- Amma küçəmiz də elə kimsəsizdir ki... - deyə pıçıldayan Mariya şalını başına salaraq, qapıdan çıxdı.  

Bağı qaçaraq keçən qız pas bağlamış doqqazı çətinliklə açandan sonra karıxıb, qaldı. Küçə bomboş idi. Külək xəzəlləri ora-bura uçurduqca, qaranlıq səmadan yerə soyuq yağış damcıları səpələnirdi. 

Mariya uzun-uzadı durub gözlədi, ətrafa qulaq kəsildi. Ən nəhayət, ona elə gəldi ki, çəpərin dibiylə irəliləyən birisi özü üçün zümzümə eləyir. Həmin səmtə doğru bir neçə addım atınca, qız adamla toqquşduğu üçün xəfifcə çığırdı. 

Kişi ayaq saxlayıb, soruşdu:

- Kim var burada?

Onun əlindən yapışan Mariya atasının xahişini titrək bir səslə ona çatdırdı. 

Kişi təmkinini pozmadan dedi:

- Razıyam. Düzdür, mən keşiş-filan deyiləm, amma heç fərq etməz. Gedək.

Birlikdə evə girdilər. Şam işığında Mariya bu adamın bəstəboy və arıq biri olduğunu seçə bildi. Kişi yamyaş bürüncəyini skamyanın üstünə atdı. Geyimi sadə olsa da, zövqlü idi: şam işığında onun qara rəngli kamzolu (qolsuz qısa paltarı - A.Y.), büllur düymələri və krujevalı dik yaxalığı göz qamaşdırırdı.  

Bu yad kişi xeyli cavan idi. Başını əsl oğlan uşağı kimi silkələyib, pudralanmış parikini səliqəyə salandan sonra o, tabureti çevik hərəkətlə  çarpayıya tərəf çəkib, əyləşdi. Önə əyilməklə, özünün şux və nüfuzedici baxışlarını can üstə olan qocaya dikib dedi:

- Hə, ürəyinizi boşaldın! Tanrının yox, aşıqi olduğum sənətin mənə verdiyi iqtidar sayəsində bu son dəqiqələrinizdə sizə həmdəm olmağa və qəlbinizdəki yükü bir ləhzə xəfiflətməyə hazıram.         

Əlindən tutmaqla, bu tanımadığı cavanı özünə tərəf çəkən qoca pıçıltıyla dedi:

- Gözlərim tutulana qədərki ömrüm boyu mən fasiləsiz işləmişəm. Başı daima işə-gücə qarışanlar isə, adətən günah işləməyə macal tapmırlar. Xanımım Marta vərəm xəstəliyinə tutulanda əczaçı ona cürbəcür, həm də bahalı dərmanlar yazdı, xəstəni qaymaq və şərab çəkilməyə yarayan giləmeyvələrlə bəsləməyi, ona qırmızı şərab içirməyi tapşırdı. Mən də bu səbəbdən qrafinya Tunun servizindən kiçicik qızıl bir nimçə oğurlamağa məcbur qaldım. Sonra onu tikələrə ayıraraq, satdım. İndiki durumda bunu yada saldım, öz günahkar işləyimi qızıma etiraf etməm əsl müşkülə döndü, çünki mən övladımı başqasının heç nəyinə göz dikməyəcək bir ruhda böyütmüşəm.     

Yad kişi maraqlandı:

- Bu əməlinizə görə qrafinyanın qulluqçularından kimsə cəzalandımı?

Qoca hönkürərək dilləndi:

- And içirəm ki, heçcə kim, cənab. Hətta bilsəydim ki, həmin qızıl nimçə sayəsində Martam sağalmayacaq, heç onu oğurlayardımmı?!

Yad kişi soruşdu:

- Adınız necədir?

- Deməli, belə, İohann Meyer, - yad kişi ovcunu qocanın dünya işığına həsrət qalan gözlərinin üstünə qoydu. - Dediyiniz o əməl nə günahlara aiddir, nə də oğurluğa. Əksinə, o - sevgi uğrunda sizin göstərdiyiniz misilsiz bir hünərdir.  

Qoca pıçıldadı:

- Amin!

Yad kişi də təkrarladı:

- Amin! İndi isə mənə öz vəsiyyətinizi bildirin.

- Kiminsə Mariyamın qeydinə qalmasını arzulayıram.

- Bu işi mən öz öhdəmə götürürəm. Başqa bir istəyiniz varmı?  

Bunu eşidən qocanın qəfildən üzü güldü və o, uca səslə dedi:

- Bir də Martamı cavanlıqdakı, yəni ilk  rastlaşdığımız vaxtdakı kimi bir daha görmək istərdim. Günəşi və bu köhnə bağın yazda necə təkrar çiçəklədiyini görmək arzusundayam. Amma bunlar mümkün deyil axı, cənab. Belə sarsaq istəklərə görə mənə acığınız tutmaz hər halda. Görünür, xəstəlik ağlımı tamamilə azdırıb.  

Yerindən qalxan yad kişi dedi:

- Yaxşı. - Ardınca təkrarladı: - Yaxşı. 

Sonra klavesinə yanaşdı və onun qarşısında duran kətildə əyləşərək, uca səslə üçüncü kərə: - Yaxşı! - dedi və bu gözətçi köşkündə qəfildən necə oynaq, əsrarəngiz və cingiltili səslər silsiləsi qanadlandısa, deyərdin ki, döşəməyə yüzlərlə büllur kürəcik töküldü. Yad kişi dedi:

- Qulaq asın. Dinləyin və görməyə çalışın.

Kişi çalmağa başladı. İlk klavişə toxunduğu an onun üzündə yaranan ifadə hələ sonralar da Mariyanın xatirində dəqiq canlanasıydı. Adamın alnının rəngi inanılmaz dərəcədə avazıdı, tündləşən göz bəbəklərində isə şam işığının titrəyişi sezildi.  

Uzun fasilədən sonra klavesinin bütün dilləri səslənməyə başlamışdı. Onlardan süzülən səs dalğaları nəinki gözətçi köşkünü, hətta bütün bağı başına götürmüşdü. Təlaşla yuvasından bayıra çıxan qoca it də başını yana əydi, sonra yerə çökərək, quyruğunu ehmalca yelləməyə başladı. Sulu qar yağsa da, it sadəcə, qulaqlarını silkələməklə buna qarşılıq verirdi. 

- Görürəm, cənab! - deyən qoca yatağında dikəldi. - Marta ilə rastlaşdığım günü və onun həyadan rəng verib, rəng alarkən, süd dolçasını əlindən necə salıb-sındırdığını aşkar görürəm. Həmin vaxt dağlara qış gəlmişdi. Səma göyümtül şüşə kimi bərq vururdu, Marta isə mənə baxıb, gülümsəyirdi. Hə, hə, gülümsəyirdi, - deyə təkrarlayan qoca təkrar simlərin titrəyişinə qulaq kəsildi.  

Yad kişi isə gözlərini qaranlıq pəncərəyə zilləyərək, hələ də çalırdı. Bir ara soruşdu:

- Bəs indi necə, nə isə görürsünüz?

Musiqiyə köklənən qoca susurdu. 

Çalğısına ara verməyən yad kişi cəld əlavə elədi:

- Yoxsa, siz gecənin qaradan əvvəlcə göyə, sonra isə mavi çalara necə keçdiyini görmədiniz? Odur, ilıq bir işıq şüası haradasa yuxarılardan süzülüb, gəlir. Yoxsa, siz bağınızdakı ağacların qupquru budaqlarını bəmbəyaz çiçəklərin necə bürüdüyünü də görmürsünüz?! Yanılmıramsa, bunlar alma ağacının çiçəkləridir, hərçənd buradan, otaqdan baxınca, onlar adama iri zanbaqları xatırladırlar. Görürsünüz, ilk günəş şüaları üstünə düşdükləri daş hasarı isindiriblər və ondan buğ dalğaları yüksəlir. Yəqin bu, əriyən qarı özünə hopduran mamırın qurumağa başladığından bizə xəbər verir. Səma isə getdikcə daha yüksək, daha göy, daha misilsiz olur, artıq quşlar da dəstələr şəklində bizim qədim Vyananın üzərindən şimala doğru uçurlar.      

Qoca sevincək çığırdı:

- Mən bunların hamısını açıq-aşkar görürəm!

Bu yerdə pedalı cırıldayan klavesin təntənəli ifaya keçdi, sanki indi təkcə o yox, yüzlərlə çılğın səs də bu şux nəğməyə qoşulmuşdu. 

Mariya yad kişiyə üz tutub dedi:

- Yox, cənab, o çiçəklər zanbağa heç bənzəmirlər axı. Onlar bircə gecədə alma ağaclarını bürüyən çiçəklərdir.

- Hə, onlar - alma ağaclarıdır, amma nədənsə yarpaqları hədsiz iridir.

Qoca xahiş elədi:

- Mariya, pəncərəni açsana. 

Mariya pəncərəni açdı. Soyuq hava bir göz qırpımındaca otağa doldu. Yad kişi klavesini pəsdən və ağır templə çalmağa başlamışdı artıq.  

O ara qocanın başı yastığa düşdü. Havanı acgözlüklə ciyərlərinə çəkdiyi anlarda onun titrəyən əlləri elə hey yorğanın üzərində dolaşırdı. Mariya ona tərəf cumdu. Yad kişi ifasına ara versə də, klavesinin arxasından qalxmadı, sanki adam hələ də öz çalğısının tilsimindən ayrıla bilmirdi. 

Mariya acı fəryad qopardı. Yad kişi yerindən qalxıb, yatağa yanaşdı. Nəfəsi daralan qoca dedi:

- Mən hər şeyi, eynilə illər öncə olduğu kimi, açıq-aşkar gördüm. Amma mən sizin adınızı öyrənmədən ölmək də... istəməzdim. Adınız necədir?   

Yad kişi dilləndi:

- Ad-soyadım Volfqanq Amadey Motsartdır. 

Çarpayıdan aralanan Mariya böyük musiqiçinin qarşısında o an necə dərin təzimə keçdisə, dizləri az qaldı döşəməyə dəyə.

Qız qəddini düzəltdiyi an qoca artıq keçinmişdi. Pəncərələrin digər üzündə isə dan yeri təzəcə sökülürdü, sabahın nurunda üzən bağ-bağça isə ağappaq ləçəkləri xatırladan sulu qarla örtülmüşdü.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!