Şüşə ilbiz - Milorad PAVİÇ

Tərcümə etdi: Həmid Piriyev

Miladqabağı hekayə


 

Oxucu ilk iki fəslin hansından istəsə, oxumağa başlaya bilər, eyni qaydada axırıncı iki fəsli də. Hekayənin necə alınması və necə qurtarması oxucunun hansı fəsilləri seçməsindən asılıdır. Ümumiyyətlə, hekayəni müxtəlif 

üsullarla ürəyiniz istəyən qədər oxuya bilərsiniz. Qalanı yazıçının işidir.


 

Mademuazel Hatşepsut

 

Qadın alt paltarı mağazasında satıcı işləyən mademuazel Hatşepsut yenə yuxudan gec və əzgin oyandı. O, özünü olduqca tənha hiss edirdi. Yuxuda iki lüləyi olan dolça görmüşdü. Dolçadakı şərab eyni vaxtda iki bokala axırdı.

O başa düşdü ki, həmişə özünü tənha hiss edəndə elədiyi şeyi eləməlidir. Əvvəlcə çayın haçalandığı yerə baxdı. Həmin gün buludlar heç cür çayın üstündə yığışa bilmirdi. Onlar Dunayın sağ sahili boyunca axının əksinə süzüb düz Savanın mənsəbinə gedirdilər.

Axşam mademuazel Hatşepsut işə yollandı. O, ikinci növbə işləyirdi və evə gecənin bir aləmi qayıdırdı. Həmin gün o, tindəki qəzet köşkünün qabağında qara lak rəngli palto geyinmiş yaraşıqlı cənab gördü. Qız ona yaxınlaşdı, sağ əliylə satıcıya qəzetin pulunu verdi, sol əliyləsə cənabın sağ cibindən əlinə keçən ilk əşyanı çəkib çıxartdı. Satıcı qəzeti ona uzatdı, o da alıb cinayət yerini tərk etdi. Cənab paltosu rəngdə maşına oturub getdi.

Mademuazel Hatşepsutun indi eləməli olduğu şey isə qətiyyən çətin deyildi. Terazie meydanında çantasından balaca güzgünü çıxarıb əksinə baxdı. Güzgüdə gördüyündən razı qaldı.

Heyif ki, onun əksi güzgüdə qala bilməz. "Amma bilmək olmaz, birdən qaldı? Hər ehtimala qarşı güzgüyə imzamı qoyum", - deyə fikirləşdi. Və o, güzgünü öpüb üstünə dodaq boyası ilə iz qoydu. Yeraltı keçidin eskalatoruna minəndə güzgünü yanından keçən qadının çantasına atdı.

Beləliklə, işini tamamladı. Mademuazel Hatşesput dərindən nəfəs aldı. İşlədiyi alt paltarı mağazasına ruh yüksəkliyi ilə girdi, elə bil, bir neçə saatlıq sauna və masajdan və ya idman zalındakı məşqdən gəlirdi. Həmişə belə hallarda olduğu kimi, tənhalıq hissi yoxa çıxmışdı. Həmişə belə olurdu. Kimdənsə nəsə oğurlayıb, kiməsə nəsə verirdi, özü də mütləq başqa-başqa adamlara. Nə oğurlamaq, nə bağışlamaq barədə isə qətiyyən fikirləşmirdi. Hərdən vəziyyət elə gətirirdi ki, o, tərsinə iş görməli olurdu: əvvəlcə verirdi, sonra oğurlayırdı. Bu dəfə hər şey qaydasında getmişdi.

Qız bir müddət sonra mağazada tək qaldığı bir neçə dəqiqədən istifadə edib cənabın cibindən oğurladığı əşyaya baxa bildi. Bu, alışqan idi. Bahalı və qəttəzə. Alışqanın dəri kisəsinin içində qarantiya kağızı görünürdü. Sarı dəvə dərisinin üstünə "III Moisey" yazılmışdı. Yəqin, sahibinin adı idi. Alışqanın qapağında isə bu sözlər həkk edilmişdi: "Üç dəfə yandır və sənin ən ülvi arzun yerinə yetəcək".

Amma mademuazel Hatşesput öz qənimətinə yaxşı-yaxşı baxa bilmədi, çünki mağazaya müştəri girdi. Qız arxasında sağ biləyini sol əliylə tutub gələn adama baxmağa başladı.

Bu, cins şalvar, mavi köynək, qəhvəyi pencək geyinmiş cavan oğlan idi. Ayağında içi tüklü çəkmə, qolunun üstündə plaş var idi, ovcunda qızılı kağıza bükülüb lentlə bağlanmış balaca qutu var idi. Mademuazel Hatşesput ən əvvəl onun ciblərinə baxdı. Əsl o istəyən vəziyyətdə idilər: ağızları bir az aralı idi. Cavan olsa da, saçları ağarmağa başlamışdı, amma səliqəylə daranmışdı. Gözlərində qəribə ifadə olan səliqəli geyimli cənab.

"Onun, yəqin, yuxuda da gözləri zəif görür", - satıcı ağlından keçirib müştəridən necə kömək edə biləcəyini soruşdu.

Oğlan plaşı ilə bağlamanı qızın kreslosunun yanındakı balaca stolun üstünə qoyub isti və utancaq səslə dedi:

- Gecə köynəyi almaq istəyirdim. Arvadıma milad hədiyyəsi. O, dördölçülü geyinir.

"Belə isti səsi, hətta gecə hansısa hündürlükdə də tanımaq olar, lap elə küçənin kimsəsizliyində əks-səda verən tənha qadın addımlarının aralığında da", - mademuazel Hatşesput fikirləşdi və dedi:

- O ölçülər yuxarı rəfdədir. 

Açılıb-yığılan nərdivanı söykədib yuxarı çıxdı, çıxa-çıxa oğlanın baxışlarını üstündə hiss etdi. Baxışlar hardasa baldırlarında dayanmışdı. Aşağı düşəndən sonra isə nərdivanı qatlayıb, stoldan kresloya sürüşüb düşmüş qızılı bağlamanın üstünə qoydu. İndi plaşla bağlama bir-birindən ayrılmışdı. Satıcı ümid edirdi ki, cavan oğlan bağlamanın yoxa çıxdığını hiss etməyəcək və onu mağazada unudacaq.

Amma bu vaxt elə gözlənilməz şey eşitdi ki, nərdivanı qoyub cavan oğlanın düz gözünün içinə zilləndi. Oğlan da bir neçə minilliyin ardından ona baxırdı. Baxdığı zamanın uzaqlığından oğlanın göz bəbəkləri göyərmişdi.

- Yəqin, xahişim sizə hədsizlik kimi görünəcək, - dedi, - amma mən indiyə qədər qadın üçün gecə köynəyi almamışam. Siz onu yoxlaya bilərsiniz? Görüm, bu mənə lazım olan şeydir, ya yox. Arvadımın fiqurası da sizdəki kimidir...

Əgər bağlama kreslonun üstündə olmasaydı, mademuazel Hatşesput bu təklifdən qətiyyətlə imtina edərdi. Amma belə cavab verdi:

- Tez-tez məndən belə şey xahiş edirlər. Yaxşı. Gedim kabinədə geyinim, baxın. Amma əvvəlcə nərdivanı götürüm.

Qadın nəzərlərinin kişi nəzərlərinə nisbətən daha sürətli olduğuna şübhə etməyən mademuazel Hatşesput nərdivanı yüngülcə oğlana vurdu və bu vaxt alışqanı gizlincə onun cibinə atdı.

Qız dördölçülü gecə köynəyi ilə oğlanın qabağına çıxanda onun nəfəsi tutuldu. Onun gözlərindən təxminən, bu sözlər oxunurdu: "Bu gecə aydın səhərlə bitəcək və o, çox gözəl olacaq".

Amma o, kədərli səslə başqa şey dedi:

- Bağışlayın, çox istəsəm də, bu köynəyi ala bilmərəm. O sizə çox yaraşır. Arvadım yatmamışdan qabaq bunu geyinən kimi sizi fikirləşməyə başlayacağam... Belə olmaz. Çox sağ olun. Gecəniz xeyrə qalsın...

Bu sözləri deyib plaşını geyinə-geyinə mağazadan çıxdı. Mademuazel Hatşesput həyəcanla onun dalınca baxdı. Sonra, heç paltarını dəyişməmiş ehtiyatla qızılı bağlamanı açdı, hər ehtimala qarşı kağızla lenti də saxladı.

Bağlamada qutu var idi, qutunun içindənsə nə olduğunu hələ-hələ kəsdirə bilmədiyi sehrli bir şey çıxdı. Bu, şüşə ilbiz idi, içinə gümüşü rəngdə toz doldurmuşdular, ağzında isə fitil vardı. Dekorativ şam kimi bir şey. Mademuazel Hatşesput onu yandırmaq istədi, amma yadına düşdü ki, o, gecə köynəyindədir, mağazada təkdir və artıq onun alışqanı yoxdur.

 

Cənab memar David Senmut

 

Elə həmin gün gənc memar David Senmutun boşanmış arvadı özünü xüsusilə tənha hiss etdi. O başa düşdü ki, həmişə özünü tənha hiss edəndə elədiyi şeyi eləməlidir. Əvvəlcə çayın haçalandığı yerə baxdı. Həmin gün buludlar heç cür çayın üstündə yığışa bilmirdi. Onlar Dunayın sağ sahili boyunca axının əksinə süzüb düz Savanın mənsəbinə gedirdilər.

Keçmiş madam Senmut titrək barmaqları ilə qızılı kağıza bükülmüş kiçik qutunu tələsik açdı. Qutunun içində əşyanı aldığı büllur mağazasında görəndə nə olduğunu hələ-hələ kəsdirə bilmədiyi sehrli bir şey vardı. Bu, şüşə ilbiz idi, içinə çəhrayı rəngdə toz doldurmuşdular, ağzındakı çəhrayı mumun üstündə isə fitil vardı. Dekorativ şam kimi bir şey. Keçmiş ərə gözəl bir hədiyyə. Əvvəlcə şüşənin üstündə nəsə ithaf sözləri cızmaq istədi, lakin sonra fikrini dəyişdi. O, dilə etibar etmirdi.

O, bilirdi ki, dil yalnız insan düşüncələrinin, hisslərinin və xatirələrinin xəritəsidir. Və bütün xəritələr kimi, dil ötürməyə çalışdığı şeyin yüz min dəfə kiçildilmiş təsviridir. İnsan hisslərinin, düşüncələrinin və xatirələrinin yüz min dəfə daraldılmış təsviri. Bu xəritədə dənizlər duzlu deyil, çaylar axmır. Dağlar düzdür, üzərindəki qar isə heç də soyuq deyil. Fırtınalar və boranlar əvəzinə isə - çəkilmiş, kiçik külək gülü…

Beləliklə, yazı yazmaq yerinə, keçmiş madam Senmut diqqətlə mum tıxacı çıxartdı, şüşə ilbizin içindəki çəhrayı tozu tualetə boşaltdı və onun yerinə üstündə "Güclü partlayıcı maddə. Tez alışır!" yazısı olan şüşədən gümüşü rəngli ölümcül tozu doldurdu. Sonra təzədən şüşə ilbizin ağzını mum tıxacıyla möhürlədi. İlbizi qutunun içinə yerləşdirdikdən sonra, keçmiş madam Senmut hədiyyəsini qızılı kağıza büküb, lentlə bağladı.

- Şübhəsiz, Davidin xoşuna gələcək, - qutunu yaxın vaxtlara qədər ərinə məxsus olan çertyoj masasına qoyanda pıçıldadı. Sonra isə evdən çıxdı.

Hörmətli cənab David Senmut artıq bu mənzildə yaşamırdı. Boşandıqdan sonra özünə başqa bir sığınacaq tapmağa məcbur olmuşdu, lakin keçmiş arvadının yaşadığı bu evin açarlarından biri hələ də onda qalmışdı. O, keçmiş madam Senmut evdə olmayanda istədiyi vaxt bura gələ bilərdi. Ona televizora baxmağa, bir qədəh içki içməyə icazə verilmişdi, lakin evdən nəsə götürməyə ixtiyarı yox idi. Belə razılaşmışdılar. Əks halda - və memarın keçmiş həyat yoldaşı bunu niyə etdiyini çox yaxşı bilirdi - o, dərhal kilidi dəyişdirib polisə oğurluq barədə xəbər verəcəkdi.

Həmin gün cənab Senmut keçmiş arvadının bu vaxtlar evdə olmadığını bildiyi üçün mənzilə daxil oldu. Köhnə diş fırçası ilə dişlərini təmizlədi, soda ilə viski içdi və yerini rahatladı. Amma çox oturmadı. Otaq alaqaranlıq olsa da, çertyoj masasında qızılı kağıza bükülüb lentlə bağlanmış qutunu gördü. O, tab gətirə bilmədi. Oğru kimi qutunu götürüb - və həqiqətən, oğurlayıb - küçəyə çıxdı.

O, başqa nəsə çırpışdıra və arvadından oğurladığı qutunun içində nə olduğuna baxa biləcəyi məkan axtara-axtara bir qədər şəhərdə gəzdi. Qadın alt paltarı mağazasının vitrini arxasından piştaxtada səliqə ilə düzülmüş gecə köynəklərini gördü və tərəddüd etmədən içəri girdi.

Mağazada gənc bir satıcı qız var idi. O, Senmuta düşündüyü iş üçün tam uyğun namizəd kimi göründü. Təcrübədən bilirdi ki, əgər nəsə oğurlamısansa, qabağına çıxan birinci adamı salamlaşmağa macal vermədən aldatmalısan. Yoxsa, sonra gec olar.

Mağazaya daxil olan kimi piştaxtada qutuların içində səliqə ilə düzülmüş gecə köynəklərinə baxdı. Aralarında dörd ölçülüsü yox idi. O, salam verdi, əlindəkiləri stolun üstünə qoydu və satıcıdan gecə köynəklərini göstərməsini xahiş etdi.

- Dördölçülüsü. Bu mənim arvadımın ölçüsüdür, - dedi.

- Piştaxtadakılar ancaq üçölçülüdür. Dördölçülü yuxarıdakı rəfdədir, - qız dedi. O, nərdivanı söykədib yuxarı çıxdı, cənab Senmut isə üçölçülü köynəklərdən birini çırpışdırmağa çalışdı. Amma qız artıq qutunu götürüb aşağı düşmüşdü. Qız nərdivanı yerinə qoyanda ona yüngülcə toxundurdu və xarici ətri ilə oğlanın ağlını başından aldı. Bu, köynəyi oğurlamağına mane oldu. Oğlan utana-utana qıza dedi:

- Bilirsiniz, mənim belə şeylərdən başım çıxmır. Siz bu gecə köynəyini geyinə bilərsiniz? Arvadımın fiqurası da sizinkinə oxşayır... Mənə kömək etsəniz, sevinərəm.

Qız onu ağır baxışlarla süzdü, təxminən, kilo yarımlıq baxışlarla. Amma təəccüblü də olsa, razılaşdı və kabinədə gözdən itdi. Hörmətli cənab memar Senmut ikinci dəfə cəhd etdi və bu cəhdi uğurlu alındı. O, üçölçülü gecə köynəklərindən birini səliqəylə götürüb cibinə qoydu və boş qutunun ağzını bağladı. 

Qız gecə köynəyində kabinədən çıxanda oğlan yerində donub qaldı və özlüyündə fikirləşdi: "Mən axı onu birinci dəfədir görürəm. Amma belə hallarda adama elə gəlir ki, elə bil, bu qadını keçmiş həyatında görmüsən. Belə gözəl qadın üçün şəhərlər salmağa, ona heyran olmağa, dostu, hamisi, nəyi olursa-olsun, olmağa dəyərdi. Lap elə uşaqlarının tərbiyəçisi..."

Belə fikirləşdi. Amma bunu dedi:

- Üzr istəyirəm, amma bu köynəyi ala bilmərəm. O mənim üçün çox bahadır. - Və qənimətiylə bir yerdə mağazadan çıxdı. Az qalsın, plaşı yadından çıxacaqdı.

Vaxt öldürmək üçün bir neçə kafedə veyillənib bir neçə qutu siqaret oğurlayandan sonra kirayələdiyi mənzilə gəldi, amma telefonunun qapının ağzına qoyulduğunu gördü. Kirayə pulunu vermədiyi üçün onu evdən qovmuşdular. Dərin təəssüflə qonşuluqdakı kafeyə gedib, ismarıclara qulaq asmaq üçün avtosekretarı qoşa bildi. Bircə ismarıc var idi. Keçmiş arvadı zəng eləmişdi. Onun səsi yumşaq idi:

- Bilirəm, gəlmişdin. Nə elədiyini də bilirəm. Yenə bir əşyanı çırpışdırmısan. Qızılı kağıza bükülmüş balaca qutu. Qorxma, polisə xəbər verməmişəm. Hələlik, xəbər verməmişəm. Bu dəfə sənin üçün aldığım milad hədiyyəsini götürmüsən...

O, avtosekretarı söndürüb ciblərini eşələməyə başladı. Qızılı kağıza bükülmüş qutu yox idi. Onu harada qoya biləcəyi haqqında xeyli fikirləşdi, amma yadına sala bilmədi. Yenə ciblərini eşələməyə başladı və bu dəfə toxunanda formasını bilə bilmədiyi bir şey tapdı. Pencəyinin cibində dəri qabın içində bahalı alışqan var idi, amma David Senmud onu harada və kimdən oğurladığını heç cür yadına sala bilmədi... Alışqanın üstündə yazı var idi: "Üç dəfə yandır və sənin ən ülvi arzun yerinə yetəcək".

 

Adı Nefertiti ola bilərdi

 

O, gecəni yaxınlıqdakı mehmanxanada keçirtdi, səhər kreditə təzə ev kirayələdi və axşamüstü dünən getdiyi kafelərə baş çəkməyə getdi. Heç yerdə qızılı kağıza bükülmüş hədiyyəni tapa bilmədi. Bu vaxt qadın alt paltarı mağazasındakı qız yadına düşdü. Dəftərxana ləvazimatları mağazasına girib üstündə ulduzlar olan tünd göy rəngli paket aldı və dünən oğurladığı gecə köynəyini paketə qoydu. Sonra qadın alt paltarı mağazasına getdi və paketi satıcıya uzadıb dedi:

- Mademuazel, mən sizdən üzr istəməliyəm. Dünən özümü çox da yaxşı aparmadım. Sizi aldatdım. Mənim arvadım yoxdur və mən köynək almaq istəmirdim. Sadəcə, o köynəyi sizin əyninizdə görmək istədim. Elə gözəl idiniz ki, bütün gecəni gözümü qırpmamışam. Mağazalar açılan kimi gedib sizə eyni o cür köynək aldım.

- Bu eyni cür deyil axı, - qız gülümsəyib dedi, - bunun ölçüsü üçdür.

Oğlan kresloya çökdü. Onu məğlub etmişdilər. Nəhayət, qıza müraciət etmək qərarına gəldi. Səsində kədər var idi:

- Bir də bir şey soruşacaqdım... Dünən qızılı kağıza bükülmüş qutu yadımdan çıxıb burda qalmayıb?

- Qızılı kağıza bükülmüş qutu? Lentli?

- Hə, hə!

- Yox, siz onu burda qoymamısınız. - Qız qətiyyətlə dedi. - Yoxsa, mən onu tapıb sizə qaytarardım. Müştərilərimizin yadından nəsə çıxanda həmişə qaytarırıq... Mən də sizdən bir şey soruşmaq istəyirəm. Milad bayramında özünü tənha hiss edirsinizsə, onda neyləyirsiniz? Bir də ki, bu dünyadan sakitcə yoxa çıxmaq mümkündür?

Oğlan gözlərini ondan çəkə bilmirdi. Qızın kirpikləri qaşlarına dəyirdi. Gözləri deyirdi ki, əbədiyyət asimmetrikdir. Oğan soruşdu:

- Sizin haçansa qızınız olub? Çoxdan. Uzun illər əvvəl.

- Dörd min il qabaq demək istəyirsiniz? Ola bilər. Amma indi yoxdur. Buna görə bayramları tək keçirirəm. Milad bayramında bizə gəlib onunla vaxt keçirmək istəyirsiniz?

- Kiminlə?

- Olmayan qızımla. Buyurun, mənim ünvanımdır.

- Məmnuniyyətlə gələrəm, - oğlan dedi. O, satıcının qulağından öpüb qapıya tərəf getdi, kandarda dayanıb dedi. - Mən bilirəm onun adı nə idi.

- Kimin?

- Olmayan qızınız da. Onun adı Nefertiti idi.

 

Dekorativ şam

 

Mademuazel Hatşepsutun heyvanlardan, xüsusən, pişiklərdən, xarici ətirlərdən və güllərdən xoşu gəlirdi. Amma onun gəliri bunlara çatmırdı. Onun heç lap balaca itlərdən də saxlamağa imkanı yox idi. Miladdan qabaq birtəhər pul yığa bilmişdi ki, qara gavalı ilə bişirməyə balıq və əriştə ala bilsin. Hədiyyədən danışmağa da dəyməzdi. Şam yeməyi hazırlığını qurtarandan sonra paltarını dəyişdi, gözlərinə sürmə çəkdi. Alnına lent bağladı. Dodaqlarını boyadı. Xarici görünüşündən razı qaldığı üçün kefi kökəldi, hərbi səfərə çıxan fateh kimi. Pəncərəyə yaxınlaşıb çayın haçasına baxdı.

- Buludlar çayın üstündə toplaşa bildilər, - dedi.

Sonra qızılı kağızı ehtiyatla açıb şüşə ilbizi çıxartdı. İlbizin şüşə bədənini dolduran gümüşü toz onun xoşuna gəlmədi. Ehtiyatla mumu çıxarıb şüşənin içindəki tozu unitaza boşaltdı. Şüşəni yudu, qurutdu və içini mavi vanna duzu ilə doldurdu. Sonra mumu yerinə bərkitdi. İlbiz yenə dekorativ şama çevrildi. İlbizdən sehrli mavi işıq süzülürdü. Onun rəngi mademuazel Hatşepsutun gözlədiyi cavan oğlanın gözlərinin rəngini xatırladırdı.

- Mavi Atlantidanın rəngidir, - dedi və öz sözlərinə özü təəccübləndi. - Çərənləmə. Hardan bilirsən ki, Atlantidanın rəngi məhz mavidir?

Bir neçə dəqiqə sonra ilbiz yenə öz qutusunda idi, qızılı kağıza bükülüb lentlə bağlanmışdı. Hədiyyə edilməyə hazır vəziyyətdə.

Bu vaxt qapı döyüldü. Qonaq bir şüşə şərabla içəri girdi. Və öz isti səsiylə. Hatşepsut ona yer göstərdi, özü də yanında oturdu. Dörd dənə yunan qozu götürüb hərəsini otağın bir tərəfinə atdı, beləliklə, otağı xaçla şərəfləndirdi. Sonra siyirtmədən bağlamanı götürüb oğlana verdi.

- Bu da mənim sənə milad hədiyyəm, - dedi və oğlanı öpdü. Onun gözləri parıldadı. Həyəcanla qızılı kağızı açıb qutunu çıxartdı və şüşə ilbizi əlinə götürdü. Məyus olduğu üzündən görünürdü.

- Sən guya qutuda nə olduğunu bilmirdin? - mademuazel Hatşepsut soruşdu.

- Bilmirdim.

- Məyus oldun?

- Hə.

- Hə?

- Yox. Bu çox gözəldir. Çox sağ ol! - Oğlan qızı qucaqladı. - Mənim də sənə hədiyyəm var. - O, vəziyyəti yumşaltmağa çalışırdı. Oğlan üstü güzgü qırıntıları ilə bəzədilmiş ağ-qırmızı kağızlı balaca paketi stolun üstünə qoydu. Mademuazel Hatşepsut paketi açdı və içindən artıq tanıdığı, üstünə arzuların çin olması barədə yazı həkk edilmiş alışqanı çıxartdı. Hadisələrin gedişatı mademuazel Hatşepsutu bir az çaşdırmışdı. İndi o, özünü məyus hiss edirdi. Öz növbəsində vəziyyəti yumşaltmaq üçün dedi:

- Mən sənin soyadını bilirəm.

- Hardan bilirsən?

- Bilmirəm hardan, amma bilirəm. Özü də çoxdan. Bəlkə də, qoxundan bilirəm. Sənin soyadın Senmutdur.

- Birinci dəfədir eşidirəm. Bunu hardan çıxartdın? - O, şüşə ilbizi gümüş nimçənin içinə qoydu. Şamı yandırıb işığında şam yeməyi yemək qərarına gəlmişdi.

- Gözəl! - mademuazel Hatşepsut alışqanı ona uzatdı. - Hə, hə, sən bu ilbizi yandır, mən də gedim yeməyi gətirim.

Memar Senmut alışqanı götürüb üstündəki yazını bərkdən oxudu: "Üç dəfə yandır və sənin ən ülvi arzun yerinə yetəcək".

- Yetəcək, yetəcək, yəqin bil! Özü də elə bu gecə, - qız gülümsəyib dedi.

Oğlan alışqanı yandırdı. Hatşepsut əl çaldı. Senmut alışqanı şamın fitilinə yaxınlaşdırıb onu yandırdı. Şüşə ilbiz qəşəng dekorativ şama dönüb bərq vurdu. Otaq elə bil ki, döşəmədən ayrıldı və yumşaq işıq şarında üzməyə başladı.

- Nə edirsən? - Qız təəccüblə dedi. - Sən axı üç dəfə yandırmalısan.

- Şam birinci dəfədən yandı da. Alışqanı nə üçün üç dəfə yandırım?

- Axı üstündə elə yazılıb! Bəyəm bilmirsən? Əgər istəsən ki, səni bir dəfə eşitsinlər, onda sözünü üç dəfə təkrarlamalısan.

Oğlan alışqanı ikinci dəfə yandırdı. Alışqanın ağzından yaşılımtıl alov dili püskürdü.

- Bravo! - qız bərkdən qışqırdı.

Alışqan üçüncü dəfə yananda güclü partlayış dalğası bütün mənzili dağıtdı və Hatşepsutla Senmutu özüylə apardı. Təkcə adlar qaldı. O adları istənilən qədim Misir tarixində tapmaq olar (fironların XVIII dinastiyası).

 

Alışqan

 

Milad günü memar David Senmut yenə keçmiş arvadının mənzilinə getdi, arvadı səfərdə idi. Vanna qəbul etdi, dişlərini fırçaladı, yaş saçlarını arxaya daradı və oturub dizlərini qucaqladı. Bir neçə dəqiqə kubik formasında oturub dincini aldı. Bir anlıq istədi ki, kaş əlində balaca bir canlı olaydı, körpə uşaq, qız uşağı da ola bilər, o da uşağı qoruyardı, müdafiə edərdi... Sonra cibindən alışqanı çıxarıb üstü güzgü qırıntıları ilə bəzədilmiş ağ-qırmızı paketə qoydu. Viski içdi və keçmiş arvadının barından bir şüşə italyan şərabı götürdü. Fikirləşdi ki, "Blyu" şampanı yarayar, qadınlar üçün yaxşıdır, şirindir, Muskat markasındandır, Bryut markalı şərablar kimi tünd deyil. Şüşəni ağ kağıza bükəndə fikirləşdi ki, şərablar da qadınlar kimi heç vaxt özlərini yaxşı hiss etmirlər, amma öləndə kişi kimi ölürlər və çox az şərab insandan çox yaşaya bilir....

Qadın alt paltarları mağazasının satıcısının verdiyi kağızdan evinin ünvanını oxudu və şampan əlində onlara yollandı. Qız döşəməyə səpilmiş samanın üstüylə gəlib onu qarşıladı. Öpdü, sonra da qızılı kağıza bükülmüş qutunu ona verdi.

- Ola bilməz! - oğlan qışqırdı.

- Bu mənim sənə milad hədiyyəmdir.

O, heyranlıqla qıza baxdı və fikirləşdi ki, gecənin zülməti səhərəcən dincəlmək üçün göylərdən onun gözlərinə düşüb. Elə ucuz qolbaqların zınqırovlarının səsi ən bahalı itin səsindən də yuxarı idi.

O, qızılı kağızı açdı və paketdən hansısa balıqqulağına oxşayan, içinə mavi toz tökülmüş birdəfəlik şam çıxdı.

"Hə, mənim keçmiş arvadım doğrudan da, kişilərin qüruruna toxunmağı bacarır. Bu nə hədiyyədir belə?" - fikirləşdi.

- Məyus oldun? - Qadın alt paltarları satan qız soruşdu.

- Yox, yox, əksinə, - o, cibindən üstü güzgü qırıntıları ilə bəzəilmiş ağ-qırmızı paketi çıxarıb dedi, - mən də sənin üçün hədiyyə gətirmişəm.

Qız bir neçə gün qabaq qara lak rəngli palto geyinmiş cənabdan oğurladığı alışqanı paketdən çıxartdı.

- Əla! Mənə elə alışqan lazım idi! - Qız memar David Senmutu qucaqlayıb öpdü, sonra dedi. - Sən bu şüşə ilbizi yandır, mən gedim yeməkləri gətirim. Onun üstündə nə yazılıb?

- Nəyin üstündə?

- Alışqanın.

- İnstruksiya kağızını deyirsən? Bilmirəm. Onu tullamışam. Alışqana instruksiya kağızı lazım deyil axı.

- Yox e, soruşuram, alışqanın üstündə nə yazılıb?

- Yadımda deyil. Dayan, baxım.

Qız onu qabaqlayıb yazını əzbərdən dedi:

- "Üç dəfə yandır və sənin ən ülvi arzun yerinə yetəcək". Belə yazılıb da, hə?

Memar David Senmut bu gecə ərzində ikinci dəfə təəccübləndi. Heç cür yadına sala bilmirdi ki, qadın alt paltarı satan qızdan alışqanı haçan oğurlayıb? Əgər alışqan onun deyildisə, üstündə nə yazıldığını haradan bilirdi? Üçölçülü gecə köynəyi yadında idi, amma alışqanla bağlı məsələ heç cür ağlına batmırdı. Hədiyyələrlə bağlı məsələ gözgörəsi başqa cür cərəyan edirdi. Gecəni korlamamaq üçün nəsə fikirləşmək lazım idi. Və o, ağlına gələn birinci şeyi dedi:

- Mən bilirəm, sənin adın nədir.

- Doğrudan? - qadın alt paltarı satıcısı təəccübləndi: - Hardan bilirsən?

- Bilmirəm hardan, amma bilirəm. Sənin adın Hatşepsutdur.

- İndiyə qədər məni heç kim belə çağırmayıb, - qız şüşə ilbizi stolun üstündəki gümüş nimçəyə qoyanda dedi.

Və memar David Senmut alışqanı yandırdı. Birinci dəfədən alışqanın ağzından göyümtül alov fışqırdı və cənab Senmut şamı yandırdı. İşıq stolun üstünə yayılıb otağı aydınlatdı. Hər şeyin üstünə qızılı rəng düşmüşdü, hətta onların dodaqlarının da. Onlar danışmağa başlayanda bilinirdi.

- Bir də yandır, - qız dedi, - orda yazılıb axı, üç dəfə!

Alışqan ikinci dəfə də yandı. Amma üçüncü dəfə yanmadı.

- Demək, qismət deyilmiş, - memar Senmut mademuazel Hatşepsuta dedi. - Mənim ən ülvi arzum yerinə yetməyəcək.

- Yetəcək. Özü də necə yetəcək!

Mademuazel Hatşepsut bunu deyib memar David Senmutu elə öpdü ki, heç kim onu indiyə qədər belə öpməmişdi.

Bu, çox uzun öpüş oldu. Alışqanın instruksiya kağızı isə bu vaxt yerdə, stolun kölgəsində düşüb qalmışdı: "Diqqət! Həyat üçün təhlükəlidir! Oddan uzaq tutun. Bu alışqan deyil, xüsusi təyinatlı silahdır. Dinamit tərkib alışqan üçüncü dəfə yananda işə düşür!"

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!