Anna Maria Oviedo Palomares və onun "Söyüd krallığı" kitabı haqqında düşüncələr

Azərbaycan-Venesuela diplomatik münasibətlərimizin 30 ili

Bu ilin may ayında ölkələrimiz arasında diplomatik münasibətlərin 30 ili tamam olur. Ötən müddətdə sosial-siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimiz genişləndiyi kimi, xalqlarımız arasında mədəni münasibətlərin canlandırılıması və inkişafı istiqamətində də müəyyən işlər görülüb. Ötən il Venesuelanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə çağdaş Venesuela ədəbiyyatının tanınmış nümayəndəsi, Venesuela Sosialist Yazıçılarının Milli Şəbəkəsinin rəhbəri Anna Maria Palomares Azərbaycanın qonağı olmuş, Bakıda nəşr olunan şeirlər kitabının təqdimat mərasimində iştirak etmiş, Tərcümə Mərkəzi və Azərbaycan Dillər Universitetində görüşlər keçirmişdi. Eyni zamanda ötən ilin noyabr ayında Karakasda keçirilən I Beynəlxalq Poeziya Festivalına ispandilli ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycan təmsilşisi də dəvət olunmuşdu. 

Diplomatik münasibətlərimizin 30 illiyi ilə əlaqədar həm Bakıda, həm də Karakasda bir sıra ədəbi-mədəni tədbirlər planlaşdırılıb. Hazırda görkəmli Venesuela yazıçısı Migel Otero Silvanın romanı Azərbaycan dilində, Xalq yazıçısı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı isə ispan dilində çapa hazırlanır, həmçinin Venesuela şairi Xorxe Rodrigesin poetik toplusunun tərcüməsi üzərində iş gedir. May ayında Bakıda təşkil olunacaq tədbirlər çərçivəsində müəllifin iştirakı ilə həmin kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.

 

Anna Maria Oviedo Palomares...

 

Poetik bir misra kimi səslənən bu gözəl adın sahibi dəyərli bir xanım, tanınmış Venesuela şairidir. Azərbaycan oxucusuna Venesuela şairlərindən Andres Bello, Arturo Pietri, Enrike Moya kimi adlar, imzalar tanışdır, Azərbaycanda ilk dəfə kitabı işıq üzü görən Venesuela şairi isə məhz bu dəyərli xanım oldu. 

Təkcə şair deyil, həm də gözəl musiqiçi və kulturoloq olan Anna xanım, həqiqətən, öz ölkəsində tanınmış bir şəxsdir. O, 2007-ci ildə Venesuela Sosialist Yazıçılarının Milli Şəbəkəsini təsis edib və qurumun rəhbəri kimi ölkəsini milli və beynəlxalq tədbirlərdə - Havanada, Karakasda, Medelində, Mexikoda, həmçinin Yunanıstanda keçirilən Poeziya festivallarında uğurla təmsil edib. Milli  mədəniyyətin dünyada uğurlu təbliğinə görə 2022-ci ildə Venesuelada keçirilən XVI Dünya Poeziya Festivalında Əməkdar Şair fəxri adına layiq görülüb. 

Müəllifin "Od və kül", "Duz çiçəyi", "Dualar", "Otuz yeddi mahnı və bir sevgi" kitablarında toplanmış əsərləri indiyəcən ərəb, italyan, yunan və portuqal dillərinə çevrilib. İndi artıq Azərbaycan oxucusu da bu gözəl şairin şeirlərini, "Söyüd krallığı" kitabını öz dilində oxuya biləcək.

Əminəm ki, bu nəşr oxucularımız tərəfindən maraqla qarşılanacaq. Əvvəla, ona görə ki, oxucu Venesuela poeziyasının mənzərəsi ilə daha geniş ölçüdə tanış ola biləcək, digər tərəfdən, kitaba daxil edilən şeirlərdə yaxın keçmişimizdən bizə yaxşı tanış olan müharibə, qaçqınlıq, köçkünlük mövzuları üstünlük təşkil edir. Misal olaraq bir neçə nümunəni diqqətinizə çatdırmaq istəyirəm:

 

Əslində mən 

mahnılar diyarından, 

melodik sözlər ölkəsindənəm.

Bu gün isə 

müharibənin bu qızğın vaxtında 

çarəsiz bir nida,

faydasız bir duayam. 

 

Yaxud:

Çiçəklərini göz yaşı kimi tökən 

söyüd krallığında 

bir ağacın yarpaqları arasında gizlənmişdim.   

Qəmli adamlara baxıb

mən də qüssələnmişdim.

 

Dərdim həminki idi,

acınacaqlı dərilərdən ən betəri mənimki idi. 

 

Ağzını çar-naçar,

yalnız küləyin köməyi ilə açan

acınacaqlı analar

çörək paylayırdı ac uşaqlara... 

 

Yaxud:

 

Otuz beş min səs 

səhər-axşam mənimlə danışır

okeanın dibindən.

 

Arxa planda 

uşaqların qumda gəzdiyini görürəm -

bəlkə də, analarını axtaran itkin uşaqlardır...

 

Amma nə yaxşı ki, müharibənin dəhşətlərini qələmə alarkən müəllif pessimizmə qapılmır, hər şeyin yaxşı bitəcəyinə inanır, buna nikbin ovqatla ümid edir:

 

Mənə sülhdən danış,

barışdan danış.

Meyvə gətirənə qədər 

böyüyən ağaclardan,

aydın səmadan danış...

 

Kitabı bizim oxucu üçün maraqlı edəcək digər vacib nüans isə onun Şərq motivlərinə köklənməsidir. İspandilli poeziyada biz bunun ən bariz nümunəsini ispan şairi Qarsia Lorkanın sırf Şərq motivləri əsasında yazdığı "Tamarit Divanı" kitabında  görmüşük. Eyni münasibəti Anna xanımın şeirlərində də aşkar müşahidə edirik. Elə Palomaresin sonuncu şeirlərinin toplandığı "Söyüd krallığı" kitabının leytmotivini açıqlayan epiqraf da Mahmud Dərvişdən gətirilib: "Qamçıların, zəncirlərin ağırlığı altında bir milyon quş döyüş himni bəstələyir qəlbimin budaqlarında..."

Bu, təsadüfi deyil, çünki kitabdakı üç fəslin biri "Nakba" (ərəb dilində "fəlakət" mənasını verən bu termin daha çox fələstinlilərin köçünü göstərmək üçün istifadə olunur), digəri "Hayma" adlanır. (Hayma - Şimali Afrikada köçəri xalqların istifadə etdiyi çadırdır). "Yəmən", "Somali çobanı", Birhürgüclü dəvə", "Melfa" (Qərbi Saharada qadın geyimi) şeirləri də bu qəbildəndir.   

Palomares poeziyasından bir neçə nümunə


 

Nakba

                                                         

Havada 

qoxusu qalıb

saçlarına taxdığı güllərin.

 

Hər şey 

keçib gedəndən sonra,

dünya dağınıq halda, 

qarışıq vəziyyətdə olanda

hər şeyi unudur hamı -

 

külə dönən həyat naminə 

qorxular haqqında danışmağı yox,

susmağı üstün tutur hamı.

 

***

Çəkisi nə qədərdir bir qum dənəsinin? 

Mənim ölkəmdə, 

hətta bulud kölgəsinin də 

dəqiq ölçüsü var.

 

Bir damla suyun çəkisi nə qədərdir?

Mənim xalqımın susuzluq ölçüsüdür

üstünə düşən göz yaşından

daşın əyilməsi.

 

Birhürgüclü dəvə

 

Birhürgüclü dəvə

dərin sığınacaq kimidir. 

 

Qiymətli evlərin divarları 

onun dərisindən tikilib.

O evlər ki 

səhrada işıq zərrələri kimidir. 

 

Saharanın qumları 

sənin ağ südünlə, 

qırmızı qanınla suvarılıb.   

 

Sən bizi belində aparansan,

Sən bizimçün otlaqların yolunu tapansan.

Sən bizə suyun sirrini açansan.

Sən bizə vəfalı dost,

müdrik qardaşsan.

 

Hazırladı: 

Mahir N.QARAYEV

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!