XIX əsrdən XXI əsrə - tərcümə tarixinə qısa nəzər - Marie LEBERT

"Ədəbiyyat qəzeti" fransız tərcüməçi və kitabxanaçı Marie Lebertin məqaləsini təqdim edir

XIX əsrdə tərcümə anlayışı 

 

XVIII əsr boyu kitabların orijinal mətnə uyğunluğundan daha çox bir mətnin rahat oxunub-oxunmamasını ön planda tutan və bu məqsədlə bəzi ixtisarların edilməsində heç bir qəbahət görməyən tərcümə anlayışı XIX əsrin birinci rübündə tədricən dəyişməyə, tərcümə mətnləri ilə bağlı yeni standartlar ortaya çıxmağa başladı.

Lakin orijinal mətnə uyğunluq mövzusunda ən diqqətəlayiq istisnalardan biri, ingilis yazıçısı və şairi Edvard Fitsceraldın fars dilindən etdiyi tərcümələrdir. Fitsceraldın dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyamın şeirlərindən seçmələri sərbəst formada tərcümə edib "Ömər Xəyyamın rübailəri" ("The Rubaiyat of Omar Khayy?m") adı ilə nəşr etdirdiyi kitab qısa müddətdə bestseller oldu. Maraqlıdır ki, Fitsceraldın tərcüməsi hələ də Ömər Xəyyam deyəndə ağıla gələn ilk tərcümələrdən biridir və orijinala sadiq olan çox daha keyfiyyətli tərcümələrə baxmayaraq, yenə də ən çox üstünlük verilənlər sırasındadır.

Yenə XIX əsrin birinci rübündə alman romantizmin mühüm simalarından olan ilahiyyatçı və mütəfəkkir Fridrix Şleyermaxer "Xarici tərcümə" nəzəriyyəsini inkişaf etdirir. Şleyermaxer 1813-cü ildə "Tərcümənin müxtəlif üsulları haqqında" verdiyi məşhur mühazirəsində müəllifi oxucuya aparan tərcümə üsulları ilə oxucunu müəllifə aparan tərcümə üsulları arasında fərqlərdən danışaraq özünün sonuncu üsula üstünlük verdiyini bildirib. Şleyermaxerin yerliləşdirmə (yazıçını oxucuya aparmaq) və yadlaşdırma (oxucunu yazıçıya aparmaq) arasında qoyduğu bu fərq növbəti əsrin Antuan Berman və Lourens Venuti kimi görkəmli nəzəriyyəçilərinə də işıq salır. 

XIX əsrin sonlarında çinli tərcüməçi Yan Fu öz tərcümə nəzəriyyəsini inkişaf etdirərək "Üç tərcümə prinsipi" adını verir. Funun dilə gətirdiyi bu üç prinsipdən birincisi sadiqlikdir, yəni istənilən tərcümə məna və düşüncə baxımından orijinal varianta uyğun olmalıdır. İkinci prinsip ifadə gücüdür ki, bu, bir tərcümənin oxucu tərəfindən asanlıqla başa düşülüb-düşülmədiyi məsələsinə uyğun gəlir. Üçüncü prinsip isə zəriflikdir, yəni tərcüməçinin və tərcümə olunan dilin (texniki) imkanları.

Yan Fu inkişaf etdirdiyi bu üç tərcümə nəzəriyyəsini öz təcrübələrinə və ingiliscədən Çin dilinə tərcümə etdiyi sosial elm mətnlərinə əsaslandırıb. Fuya görə, üç prinsipdən ən mühümü ikinci prinsip, yəni ifadəlilikdir. Çünki tərcümənin mənası oxucu üçün anlaşılan deyilsə, yəni tərcümədən heç nə başa düşülmürsə, o mətnin tərcümə edilib-edilməməsinin heç bir fərqi yoxdur. 

Yan Fu mətnin anlaşılan olması üçün sintaksisin dəyişdirilə biləcəyini, İngilis nümunələri yerinə Çin nümunələrindən istifadə edilə biləcəyini və çincə xüsusi adların daha başa düşülən olması üçün dəyişdirilə biləcəyini bildirir. Funun "Üç tərcümə prinsipi" bütün dünyada diqqətəlayiq təsir yaratsa da, təəssüf ki, ədəbi əsərlərin tərcüməsində çox yanlış üsullarla tətbiq olunub.

 

XX əsrdə tərcümə anlayışı

 

XX əsrin əvvəllərinə hakim olan tərcümə anlayışı çərçivəsində əksər tərcüməçi, xüsusən də, akademik, elmi və tarixi mətnlərin tərcümələrində idiomatik tərcümə yaratmamaq üçün mənbə mətnə uyğunluğu ön planda tutaraq, hədəf dilin sərhədlərini aşaraq sözbəsöz tərcüməyə üstünlük verirdilər. Bununla belə, bədii mətnlərin tərcüməsində daha fərqli baxış bucağı mövcud idi və bunu ən yaxşı şəkildə ümumiləşdirən, əsərləri qardaşı qızı Aniela Zaqorska tərəfindən polyak dilinə çevrilən ingilis-polşa yazıçısı Cozef Konraddır. 

Konrada görə tərcümə, eynən digər sənətlər kimi, müəyyən seçimləri ehtiva edirdi və bu seçimlərin mümkün mənalarından biri də təsfir etmək idi. Məhz buna görə də Konrad məktublarının birində qardaşı qızına belə bir tövsiyə vermişdi: "Sözbəsöz tərcümə etməkdənsə, öz təsfirini əlavə etmək daha yaxşı nəticələr verər. Yəni, bu, əslində sözlər üçün ekvivalentlər tapmaq məsələsidir. Odur ki, əzizim, sənə yalvarıram, tərcümə edərkən sənə rəhbərlik edən güclü vicdan deyil, doğuşdan bəri səninlə gələn xarakter olsun (Zdzislav Najderin Cozef Konradın tərcümeyi-halından gətirdiyi sitat).

Bəlkə də XX əsrin ən məşhur tərcüməçilərindən biri argentinalı şair, yazıçı və esseist Xorxe Luis Borxes idi. Borxes 1960-cı illərdə ingilis, fransız və alman dillərindən ispan dilinə çoxsaylı ədəbi əsərləri tərcümə edib və bu tərcümələr - əslində daha çox yenidən yazılan əsərlər arasında Vilyam Folkner, Andre Gide, Heman Hesse, Frans Kafka, Rudyard Kiplinq, Edqar Alan Po, Volt Vitman və Virciniya Vulfun əsərləri vardı.

Borxes tərcümə sənəti haqqında tez-tez yazır və iştirak etdiyi seminar, konfranslarda iddia edirdi ki, "bəzən tərcümə orijinal əsəri daha keyfiyyətli mətnə çevirə bilər, ona görə də orijinal mətnə sadiq qalmaq həmişə yaxşı seçim deyil və eyni əsərin alternativ, ziddiyyətli şərhləri də eyni dərəcədə etibarlıdır".

1970-ci illər Tərcüməşünaslıq (Traductologie) adlı yeni bir elm sahəsinin yaranmasına şahidlik etdi və ingilis dilində orijinal adı "Translation Studies" (Tərcümə elmləri) olan bu termini ilk istifadə edən 1972-ci ildə nəşr olunan "Tərcüməşünaslığın adı və təbiəti" adlı məqaləsi ilə şair Ceyms S. Holms olub. Onu da qeyd edək ki, Ceyms S. Holms təkcə şair deyil, həm də müasir holland və Belçika şairlərinin tərcüməçisidir və 1964-cü ildə Amsterdam Universitetinin təsis etdiyi Tərcüməçilər İnstitutunda bu gün də tərcümə sənətindən dərs deyir. 

Tərcümə üsulları və tərcüməçi peşəsi baxımından XX əsrdə gedən proseslərin ən diqqətçəkən cəhətlərindən biri də əsrlər boyu bir dam altında olan yazılı tərcümə ilə şifahi tərcümənin ayrı-ayrı fənlərə çevrilməsi, internetin ixtirası ilə tərcüməçi peşəsində köklü dəyişikliklərin baş verməsidir.

 

XXI əsrdə tərcümə anlayışı

 

Keçmişdə olduğu kimi, bu gün də tərcüməçilərin mühüm rolları var və yazıçılarla yanaşı, tərcüməçilərin də adlarını unutmamaq lazımdır. Amma təəssüflər olsun ki, bu gün tərcüməçilərin sosial inkişafımızdakı mühüm rolu getdikcə diqqətdən kənarda qalmağa başlayıb və diqqətdən kənar qalmaqla yanaşı, etibarsızlığın baş alıb getdiyi bu dövrdə, xüsusən də, onlayn mediada bu etinasızlıq daha çox yayılaraq, adiləşib. 

Bununla belə, həmişə yadda saxlamaq lazımdır ki, tərcüməçilər və onların üzərinə götürdüyü rollar olmasaydı, qədim bilik mənbələrinin böyük hissəsi bu günə çatmadan itiriləcək, müasir bilik mənbələrinin böyük hissəsi isə məhdud çərçivədəki insanların, yəni əsəri orijinal variantında oxuya bilənlərin əlində qalacaqdı və indi texnologiyasına arxalandığımız müasir cəmiyyət tamamilə başqa bir cəmiyyətlə əvəzlənəcəkdi.

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!