Dilimizə çevirdi: Azad Yaşar
Nikolayev dəmir yol xətti üzərindəki Boloqoye stansiyasından bir sərnişin qatarı yola düşür. Alaqaranlığa bürünən və "Tütün çəkməyənlər üçün" ayrılan ikinci sinif vaqonların birində beş sərnişin mürgüləyir. Onlar yeməklərini təzəcə yeyib-bitiriblər və indi, divanların arxalığına söykənərək mürgüləməyə çalışırlar. Səssizlikdir.
Qapı açılır və başında kürən rəngdə şlyapa, əynində isə son dəbli palto olan, zahirən Jül Vernin təsvir elədiyi və operetta qəhrəmanı qəzetçiləri xatırladan, uca boyuna görə bir dəyənəyi xatırladan bir qaraltı içəri girir.
Qaraltı vaqonun tən ortasında durub, fınxırır və baxışlarını divanların üzərində gəzdirərək donquldanır:
- Yox, bu da ora deyil! Bircə Allah bilir, necə işə düşmüşəm! Bu, sadəcə, dözülməzdir! Yox, bura da deyilmiş!
Bu qaraltını zənnlə süzən sərnişinlərdən biri sevinc dolu səslə çığırır:
- İvan Alekseyeviç! Nə əcəb belə? Sizsiniz?
Dəyənəyi xatırladan İvan Alekseyeviç diksinir, küt-küt qarşısındakını süzür və onu tanıyınca, əllərini bir-birinə vurub:
- Bax ha! Pyotr Petroviç! - deyir. - Gör, nə vaxtdır görüşmürük! Heç ağlıma gəlməzdi ki, siz də bu qatarda gedərsiniz.
- Sağ-salamatsınız, barı?
- Babatam ey, ancaq qardaş, sırf axmaqlığım ucbatından öz vaqonumu itirmişəm və indi nə illah eləsəm də, onu tapa bilmirəm. Buna görə məni yaxşıca əzişdirəcək birisini axtarıram!
Bunu deyərək o dəyənəyəbənzər İvan Alekseyeviç yırğalanır və xısın-xısın gülür. Sonra isə sözünə davam edir:
- Başıma qəribə oyun gəlib! İkinci zəngdən sonra konyak içməkdən ötrü vaqonumu tərk elədim. Söz yox ki, içdim. Sonra düşündüm ki, növbəti stansiyaya qədər hələ çox varsa, bəlkə ikinci qədəhi də gillədim, getsin? Qayğılı halda bunu içərkən, üçüncü zəng də çalındı... və mən dəli kimi götürülərək, rastıma çıxan ilk vaqona minməli oldum. İndi siz deyin: mən axmağam, ya yox? Ördəyin biriyəm, ya yox?
Pyotr Petroviç dilləndi:
- Amma hiss olunur ki, kefiniz yerindədir. Keçin, oturun! Sizi gördüyümə hədsiz şadam!
- Yox, yox... mən gedim, öz vaqonumu axtarım! Xudahafiz!
- Bu cür alaqaranlıqda, Allah qorusun, vaqondan yerə yıxılarsınız ey. Əyləşin, canım, vaqon stansiyaya çatanda öz vaqonunuzu axtararsınız da. Əyləşin!
Köks ötürən İvan Alekseyeviç yarıkönül də olsa, Pyotr Petroviçlə üzbəüzdəki yerdə oturur. Deyəsən, adamın qanı bir az qaradır və buna görə ehtiyatla davranır.
Pyotr Petroviç soruşur:
- Hara gedirsiniz belə?
- Mənmi? Əşşi, haraya oldu. Başımda necə qarmaqarışıqlıq yaranıbsa, heç özüm də bilmirəm ki, baş götürüb, haraya gedirəm belə. Bəxtim gətirib, ona görə də gedirəm. Ha-ha... Əzizim, siz ömrünüzdə heç sarsaq bəxtəvərə rast gəlmişdiniz? Yox? Elə isə, indi o - tam qarşınızdadır! Gördüyünüz bu adam fani bəndələrin ən bəxtəvəridir! Bə-ə-li! Bəyəm, həmin bəxtəvərlik üz-gözümdən oxunmur ki?!
- Əslində oxunur, sanki siz... bir az... o məsələ.
- Görünür, indi mənim sifətimdə hədsiz axmaq bir ifadə donub! Heyf ki, burada güzgü-zad yoxdur, yoxsa, hansı sifətə düşdüyümə özüm də bir nəzər salardım! Əzizim, necə bir axmağa çevrildiyimin mən tamamilə fərqindəyəm! Səmimi sözümdür! Ha-ha... Heç təsəvvürünüzə də gəlməz, amma hazırda mən ilk toy səyahətimə çıxmışam. Səmimi deyin: mən əsl ördəyəm, ya yox?!
- Siz? Bəyəm, evlənmisiniz ki?
- Hə, bu gün evlənmişəm, əzizim! Nikaha girən kimi də qatarla səfərə çıxmışam.
Təbriklərdən sonra sıra ən bəsit suallara gəlir.
Pyotr Petroviç gülümsəyir:
- Buna bax, ha... Mən də deyirəm: qardaşım nə yaxşı belə bəzənib-düzənib?!
- Bə-ə-li... Əsl nikah havasına girim deyə, hələ ətirlənmişəm də. Özümü tamamən bu havaya qapdırmışam! Nə bir dərd-sərim var, nə də qayğım, başımda sadəcə... nə olduğunu deyə, ifadə edə bilmədiyim bir təəssürat doğub... Yəqin bu, bir könülxoşluğudur! Dünyaya gələndən bəri özümü hələ bunca misilsiz hiss eləməmişdim!
Gözlərini qapayan İvan Alekseyeviç başını yırğalayır.
Həmsöhbəti deyir:
- Ağlasığmaz dərəcədə bəxtəvərəm ey! Bir özünüz düşünün də. Baxın, indicə mən durub, öz vaqonuma gedəcəyəm. Oradakı pəncərənin önündəki divanda bir məxluq əyləşib və o, bütün varlığıyla mənə bağlıdır. Zərif burunlu... şirmayı barmaqlı sarışın xanım... Canımın içidir o! Mələyimdir mənim! Totuğumdur! Könlümün kəpənəyidir o! Hələ ayaqlarını görəsən! İlahi! "Ayaq" deyəndə, bizimkilər kimi qaba ayaqlar yox, nə isə, belə incə-mincə, ecazkar... alleqorik bir şey gətir ey, sən xəyalına! Mən o cür ayağı yavan-yavan basıb-yeyərəm, vallah! Hə də, siz belə şeylərdən nə anlayarsınız ki?! Materialist biri olduğunuz üçün ağlınız sırf təhlilə köklənib sizin! Quru-qaxac subaylarsınız siz... və başqa da heç nə! Evləndiyiniz vaxt bu sözlərimi xatırlayacaqsınız, əlbət! Ancaq deyəcəksiniz ki, hardaydı bizdə elə bəxt, İvan Alekseyeviç?! Nə isə, mən durub gedim öz vaqonuma. Orada yolumu dərin intizarla gözləyən birisi var... gəlişim üçün hədsiz səbirsizlənən biri. Mənə gülümsəyəcək yarım var orada. Yanına əyləşəcək və ikicə barmağımla onun zərif çənəsindən...
Bunu deyən İvan Alekseyeviç başını yana fırladaraq, bəxtəvərcəsinə bir qəhqəhə çəkir.
- Sonra öz başımı onun o zərif çiyninə qoyaraq, incə belini əllərimlə qucacağam. Ətrafımıza isə səssizlik... həm də şairanə bir alaqaranlıq çökəcək... Həmin dəqiqələrdə mən sanki bütün dünyanı ağuşuma basmağa hazır oluram... Pyotr Petroviç, izninizlə sizi də bir bağrıma basım!
- Etirazım yoxdur.
Digər sərnişinlərin gülüşləri altında bu köhnə tanışlar qucaqlaşırlar və bəxtəvərlik saçan təzə bəy sözünə davam eləyir:
- Daha böyük axmaqlıq etməkdən və ya o romanlarda deyildiyi kimi, böyük illüziyalara qapılmaqdan ötrü gərək indicə bufetə gedib, iki-üç qədəh də gillədim. Belədə öz ağlında və köksündə baş verən şeylərə insanoğlu heç nağıllarda da rast gəlməz. Əslində cılız və əhəmiyyətsiz biri olsam da, elədə sanıram ki, azman birisiyəm... və bütün dünyanı öz ağuşuma ala bilərəm...
Bu içkili və bəxtəvər təzə bəyin şuxluğu onu süzən sərnişinlərə də sirayət eləyir və artıq hamının mürgüsü dağılıb, gedib. Bayaqdan bəri İvan Alekseyeviçi dinləyən bir nəfər var idisə, tezliklə onların sayı beşə yüksəlir. O isə yerində ora-bura dönür, hava ataraq, elə hey əl-qolunu ölçür və ara vermədən danışır. O güldüyü zaman hamı qəhqəhə çəkir.
- Cənablar, ən başlıca məsələ - az düşünməkdir! Rədd eləyin o hər cür götür-qoyları... Könlünə içmək düşübsə, iç, bunun xeyir və ya zərəri barədə filosofluğa gərək yoxdur. Bütün o fəlsəfələri və psixologiyaları birdəfəlik başınızdan qovun, getsin!
Təzə bəy vaqonun içiylə keçib-gedən konduktora üz tutur:
- Nəcib insan, zəhmət olmasa, 209-cu vaqondan keçərkən orada boz şlyapasında bəyaz quş təsviri olan xanımı tapıb, ona deyin ki, mən buradayam!
- Baş üstə. Ancaq bu qatarda 209-cu vaqon yoxdur ha. 219-cu vaqon var!
- Qoy olsun 219! Nə fərqi varmış?! O xanıma elə belə də deyin: əriniz sağ və salamatdır!
İvan Alekseyeviç qəfildən başını əlləri arasına alıb, zarıyır:
- Ər... Arvad... Bu xəyallar nə vaxt çin oldu axı? Ha-ha... İndi sənin sümüklərini yaxşıca islatmaq lazım idi, sən isə artıq ər olubsan! Vay səni, sarsaq! Bəs o? Dünənə qədər qızcığaz idi... böcək boyda idi... Adamın buna heç inanmağı gəlmir!
Sərnişinlərdən biri dillənir:
- Bizim zəmanədə bəxtəvər insana rast gəlmək adama nədənsə qəribə gəlir. Bəyaz fillə rastlaşmaq ehtimalı bundan qat-qat güclüdür.
Şişburun çəkmələr taxılan uzun ayaqlarını qabağa uzadan İvan Alekseyeviç deyir:
- Bəs görəsən, bunun günahı kimdədir? Əgər siz bəxtəvər ola bilmirsinizsə, bunun günahı ancaq özünüzdədir! Bə-ə-li, bəs necə bilmişdiniz?! İnsanoğlu öz taleyinin də yaradıcısıdır! İstəsəniz, xoşbəxt ola bilərsiniz, ancaq siz bunu istəmirsiniz. Sanki qəsdən bəxtəvərliyinizdən qaçırsınız!
- Bax ha! Necə olur bu?
- Xeyli bəsit!.. İnsanın bəlli bir yaş dövründə sevib-sevilməsini təbiət də nəzərdə tutur. Əgər həmin dövrə gəlib çatdınsa, nəyi var, sevməlisən. Siz isə təbiətin bu diktəsiylə hesablaşmırsınız, daima daha nələrsə umursunuz... Sonra... Qanunlarda da deyilir ki, hər normal insan nikaha girməlidir... Nikahdan kənarda xoşbəxtlik yoxdur. Uyğun bir şərait yaranıbsa, evlən, getsin də, axı niyə öz şadlığına şitlik edirsən?! Siz isə evlənmir, daha nələrsə umur, nələrisə gözləyirsiniz! Ona görə Müqəddəs kitabda deyilir ki, şərab insan qəlbinə fərəh gətirir... Əgər əhvalın yaxşıdırsa və daha da şux olmaq istəyirsənsə, onda bufetə gedib, içki iç. Əsas məsələ - özünü müdrik göstərməmək, məlum şablonlarla hesablaşmaqdır! Şablonlar isə çox vacibdir!
- Sözünüzdən belə çıxdı ki, insanoğlu öz xoşbəxtliyinin yaradıcısıdır. Əgər bir ağrıyan diş və ya deyingən qayınana ucbatından onun bütün xoşbəxtliyi yerlə-yeksan ola bilirsə, onda bu yaradıcı güc nəyə yarayar axı?! Həyatda hər şey sırf təsadüflərdən asılıdır. Əgər indi başınıza Kukuyevski müsibətinə bənzər bir iş gəlsəydi, onda siz də fərqli bir hava çalacaqdınız...
Təzə bəy etiraz eləyir:
- Boş danışırsınız! Elə müsibətlər ildə ancaq bir kərə baş verir. O cür təsadüflər üçün hər hansı səbəb yoxdursa, mən niyə onlardan qorxub-çəkinməliyəm ki?! Vecimə də gəlməzlər! Onlar barədə mən heç danışmaq istəmərəm! Hə, deyəsən axı biz artıq stansiyaya yaxınlaşırıq.
Pyotr Petroviç maraqlandı:
- Bəs siz hara gedirdiniz belə? Moskvaya, yoxsa, cənub tərəflərə?
- Bu nə sözdür?! Əgər mən şimala üz tutmuşamsa, onda cənub tərəflərə necə gedə bilərəm ki?!
- Amma Moskva da şimalda deyil axı.
İvan Alekseyeviç dedi:
- Bilirəm, ancaq biz indi Peterburqa gedirik!
- Bağışlayacaqsınız: indi biz üzü Moskvaya gedirik!
Təzə bəy hədsiz heyrətlənir:
- Necə yəni Moskvaya gedirik?!
- Qəribədir... Bəs bileti haraya almışdınız axı?
- Peterburqa.
- Elə isə muştuluğumu verin, çünki yanlış qatara əyləşibsiniz.
Sonrakı yarım dəqiqə sükut içində keçir.
Yerindən qalxan təzə bəy küt baxışlarla vaqondakıları süzür, Pyotr Petroviç isə ona bunları izah edir:
- Hə, hə, görünür, Boloqoyedə siz tələsik qaçıb, başqa səmtə gedən qatara minibsiniz... Yəqin konyakın təsirindən siz qarşı tərəfdən gələn qatarı özünüzünkü sanıbsınız.
İvan Alekseyeviçin bənizi ağarır, o, başını əlləri arasına alıb, vaqonda iti addımlarla var-gələ başlayır. Öz-özünü məzəmmət edir:
- Ax, mənim axmaq başım! Mənim kimi əclaflar gərək şeytanlara yem ola! İndi mən başıma nə çarə qılacağam?! Axı arvadım o qatarda idi! İndi qadın orada tək-tənha oturub, yolumu gözləyir! Əcəb təlxək imişəm, ha!
Sonra təzə bəy özünü divana yıxır, çibanı basdalanıbmış kimi bükülüb, yumağa dönür və zarıyır:
- Əcəb bəxtəvər biriymişəm mən! İndi neyləyim bəs? Axı nə?
Sərnişinlər ona təskinlik verirlər:
- Yaxşı, yaxşı... Boş şeydir bu... Xanımınıza teleqram vurun, özünüz isə ləngimədən kuryer qatarına minin. Bu yolla tezliklə ona qovuşarsınız.
"Öz xoşbəxtliyinin yaradıcısı" olan təzə bəy hönkürtü vurur:
- Kuryer qatarı! Bəs o kuryer qatarına ödənəcək pulu mən haradan tapım?! Bütün pullar arvadda qalıb axı!
Öz aralarında pıçıldaşaraq hırıldaşan yol yoldaşları bu "bəxtəvər"ə gərəkli məbləği öz aralarında atışmaqla toplamalı olurlar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!