"Çağdaş Danimarka poeziyası" antologiyası üçün ön söz - Səlim BABULLAOĞLU

Səlim BABULLAOĞLU

"Çağdaş Danimarka Poeziyası" antologiyası işıq üzü gördü

"Yeni DƏB" seriyasından daha bir neçə kitab bizi gözləyir

Knud Sörensen, Benni Andersen, Uffe Harder, Erik Stinus, Lin Nilsen, Peter Poulsen, Laus Strandbi Nilsen, Henrik Norbrant, Nils Hav, Marianna Larsen, Piya Tafdrup, Tomas Böberq kimi XX əsrin günümüzədək tanınmış və yazıb-yaradan 12 Danimarka şairinin şeirlərinin toplandığı kiçik antologiya - "Çağdaş Danimarka Poeziyası" "Yeni DƏB" seriyasından "Zərdabi Nəşr"də nəfis şəkildə işıq üzü görüb. 2005-ci ildən indiyəqədər Səlim Babullaoğlunun Azərbaycan Yazıçılar Birliyinin nəzdində, "Dünya ədəbiyyatı" dərgisinin əlavəsi kimi təsis etdiyi "Yeni DƏB" seriyasında 25-dən artıq kitab-dünya ədəbiyyatı nümunələri nəşr olunub. Bir ara nəşrində fasilə yaranan seriya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında təkrar bərpa olunub.

Antologiyanın tərcüməçiləri türk əsilli Danimarka vətəndaşı, şair-tərcüməçi Hüseyn Duyğu, Səlim Babullaoğlu (tərtibçi, redaktor, ön sözün müəllifi), nəşrin məsləhətçisi Əsəd Cahangir, koordinatoru Rauf Aslanov, naşiri Elman Qasımovdur. "Yeni DƏB" seriyanın redaksiya heyətinə Səlim Babullaoğlu, Seyfəddin Hüseynli, Əsəd Cahangir, Azər Turan, Qulu Ağsəs, Fərid Hüseyn daxildir.

Kitab üzərində Emil Camalov və Məlahət Qənbərova çalışıblar.

AYB katibi Səlim Babullaoğlu bildirib ki, yaxın vaxtlarda, daha 4 kitab işıq üzü görəcək.

Seriyanın informasiya dəstəkçiləri sırasında "Dünya ədəbiyyatı" dərgisi, "Ədəbiyyat qəzeti", "Ulduz" jurnalı, www.mustaqil.az saytı da var.

"Ədəbiyyat qəzeti"nin oxucularına Səlim Babullaoğlunun antologiya üçün yazdığı ön söz yazısını, eləcə də Danimarka şairi Nils Havın şeirlərini təqdim edirik.

 

Kiçik "Çağdaş Danimarka poeziyası" antologiyasını hazırlamaq, şeirləri Azərbaycan dilinə çevirmək təklifini Bakıdaykən türk əsilli Danimarka vətəndaşı, şair-tərcüməçi Hüseyn Duyğu verib, 2024-cü ilin yayında, mən də məmnuniyyətlə qəbul eləmişəm. Onunla isə şeirləri bu topluda yer almış, görkəmli Danimarka şairi Nils Havın vasitəsilə tanış olmuşam. Bir gün məktub aldım. Nils türk dostu Hüseynin Bakıya gələcəyini bildirir, mənim ona vaxt ayırmağımı xahiş edirdi. Nilslə isə Rumıniyada, Yaş şəhərində keçirilən beynəlxalq poeziya festivalında tanış olmuşduq. Hüseyn Duyğu gəldi, səfər yoldaşları ilə birlikdə Azərbaycan Yazıçılar Birliyini ziyarət elədi, dostlaşdıq, Bakıdaykən bir neçə dəfə, sonradan bir dəfə də İstanbulda görüşdük. Xüsusən onun hazırladığı siyahı və təklif etdiyi şeirləri əsas götürsəm də bir xeyli başqa adları və mətnləri də araşdırdım, fərqli seçmələr elədim. Çünki daha əvvəl, 2020-ci ildə, pandemiyanın tüğyan elədiyi vaxtlarda XX əsr Danimarka şeirindən bir xeyli mətn oxumuşdum və "Ədəbiyyat qəzeti"nin 2020-ci ilin sentyabr sayında (44 günlük Zəfər savaşımızdan 10 gün öncə idi) çağdaş Danimarka şeirinin metrlərindən sayılan, bu yaxınlarda dünyasını dəyişmiş Peter Poulsendən bir silsilə tərcümələrim də dərc edilmişdi. Beləcə Hüseyn Duyğunun orijinalları ilə birlikdə təqdim etdiyi türkçə tərcümələri, mənim isə əsasən rus və qismən də ingiliscədən oxuduqlarım, tutuşdurduqlarım əsasında hazırkı müəllif və mətn siyahısını ərsəyə gətirdik. O tərcümələrin çoxu bir ay boyunca "Şeirli günlər" layihəsi çərçivəsində www.mustaqil.az saytında dərc edildi, sonra isə 12 şairin hərəsindən 1 şeir olmaqla "Ulduz" jurnalında, "Dərgidə kitab" rubrukasında (2025-ci il yanvar-fevral sayı) işıq üzü gördü. Yeri gəlmişkən, Nils türklərə və azərbaycanlılara sevgi və hörmətlə yanaşan ədibdi, bu baxımdan da şəxsən mənim üçün qiymətlidi. Onu 3 il əvvəl gerçəkləşdirdiyim onlayn "Şuşaya salam" beynəlxalq poeziya layihəsinə dəvət etmişdim, sözümü yerə salmamışdı, sağ olsun.

İstər klassik dövr olsun, istər yeni dövr, Danimarka ədəbiyyatının dilimizə tərcüməsi və tədqiqi ilə bağlı əsaslı mənbələrin olmasından şübhəliyəm. Çox güman böyük əksəriyyət Danimarka ədəbiyyatı deyəndə elə mənim kimi o dəqiqə ya Hans Xristian Anderseni (1805-1875), ya da Sören Kyerkeqoru (1813-1855) xatırlayacaq. Bəlkə də yanılıram. Hər necəsə Danimarka ədəbiyyatı, danca (bu deyişi türkiyəlilərdən götürdüm və düşünürəm, istifadə eləmək olar) yazılı ədəbiyyatın tarixi elə də qədim deyil. XII əsrə aid Sven Aqqesenin yazdığı "Danimarka salnaməsi", yaxud Sakson Qrammatikin daha çox qədim dan, norveç qəhrəmanlıq dastan və rəvayətlərinin toplusu olan "Danimarkanın tarixi" əsəri latıncadır, latın-dan orta əsrlər ədəbiyyatının böyük abidələridi. Sonuncunun itmiş nüsxəsi yalnız 600 il sonra tapılacaq, 1514-ci ildə Kristyern Pedersen (1480-1554) tərəfindən nəşr ediləcək, 60 il sonra isə dancaya çevrilmiş nüsxəsi çap olunacaqdı. Təxminən eyni dövrdə hekzametrlə və latın dilində arxiyepiskop Anders Sensenin yaradılış barədə didaktik poeması da ərsəyə gələcəkdi. Dan/Danimarka ədəbi dilinin banisi az əvvəl adını çəkdiyim, Parisdə təhsil almış,"İncil"in danca ən uğurlu ilk tərcüməsinin müəllifi Pedersendir. Əlbəttə, dancanın, Danimarka ədəbiyyatının ən böyük poetik abidəsi 500 epik və lirik poetik mətndən ibarət, müəllifləri naməlum, yaxud anonim, "meşə-xalq nəğmələri"dir. Əksər süjetlər qədim skandinav əsatirlərini, xristian apokriflərini/ hədislərini, bir qismi isə Qərbi və Cənubi Avropa xalqlarının folklorunu nişan verir. Tədqiqatçılar hesab edir ki, məhz bu "meşə-xalq nəğmələri"ni Danimarka poeziyasının başlanğıcı hesab etmək olar. Və şəksiz, bir çox Avropa xalqlarının ədəbiyyat tarixində olduğu kimi sonrakı beş əsr boyunca Danimarka ədəbiyyatı skandinav özünəməxsusluğunu saxlasa da, mistisizmə, melanxoliyaya, ədəbi qotikaya, sonradan dekadansa meyllənib, ümumAvropa təmayüllərindən yayına bilməyib. Sonrakı əsrlərdə Danimarka ədəbiyyatı və poeziyası Tomas Kinqo (1634-1703), Nikolay Qruntviq (1783-1855) və bayaq adlarını çəkdiyim Andersen və Kyerkeqor, XX əsrdə isə Vilyam Haynesen, Pit Hayn, Tove Ditlevesen, Yohannes Madsen, Mikael Strunqe, İnqer Kristensen və bir çox başqaları kimi böyük ədiblər yetişdirib. Və tədricən də, aşağı-yuxarı bizimlə eyni vaxtda, intizamlı, heca şeirlərini sərbəst və ağ şeir əvəzləməyə başlayıb. Yuxarıdakı sadalamada son ad, şairə Kristensen "qafiyə özünüifadəni məhdudlaşdırır, səni söyləmək istəmədiklərinin səmtinə aparır" bəyanatı indi Danimarka şeirində normadır. Bu gün "Danimarka şeirinin baş qəhərmanı fanilik, ekzistensial heçlik, daha çox zülmətin qara dəliyini yamamaq cəhdidir".

 

Bütün zərifliyin, incə, lirik çalarların, peyzaj və əqlinəticələrin üzərinə məhz ekzistensiyanın, indiki postmodern və post-postmodern dövrün bəzən ustalıqla gizlənmiş xəfif ironiyasının örtüyü atılıb. Belədirmi? Belə deyilmi? Qərarı bizim təqdimatımızda və Azərbaycan poetik auditoriyası üçün ilk və bu kiçik "Çağdaş Danimarka poeziyası" antologiyası əsasında əlbəttə, hörmətli oxucular verəcək.

 

Nils Hav

 

Görkəmli Danimarka şairi və nasiri. 7 noyabr 1949-cu ildə Qərbi Danimarkada, fermer ailəsində doğlub. "Mən kor olanda", "Biz burdayıq", "Kopenhagen qadınları" və başqa şeir kitablarının müəllifidir. Bütövlükdə 10 şeir və hekayə kitabı nəşr edilib. Danimarka İncəsənət Şurasının mükafatına layiq görülüb. "The Literary Review", "Ecotone", "Exile", "The Los Angeles Review", "Absinthe: New European Writing" və b. jurnallarda şeirləri və barəsində rəylər dərc edilib. Türk şairi Ataol Bəhramoğlu onun haqqında belə yazır: "Zəkası, həssasiyəti, incə ironiyası və orijinal düşüncəsi, ictimai vicdanıyla o gözünün baxdığı hər yerdə və hər şeydə şeir qoxusu alır..." Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın bir çox ölkələrində, o cümlədən Türkiyədə səyahətdə olub. 2022-ci ildə Bakıda gerçəkləşdirilən onlayn "Şuşaya salam" beynəlxalq poeziya marafonunun işitrakçısı olub. Hal-hazırda Kopenhagendə yaşayır.

 

Atamın gəlişi

 

Mənə baş çəkməyə gəlmişdi sevimli atam

və ondan yadigar kətilə əyləşdi yenə.

- Eh, Nils, - dedi.

Güclüydü, günəş qaraltmışdı dərisini,

işım-işım işıldayırdı, sağlamdı.

Bir zamanlar məzar daşları

daşıyırdı başqalarıyçün

əl arabasında,

uzunsov bir mili də vardı əlində.

Kömək edərdim ona.

İndi özününkünü daşıyır

təkbaşına. - İşlər necədir? - soruşdu.

Hər şeyi danışdım.

Planlarımı, uğursuz cəhdlərimi.

Lövhəyə on yeddi qəbz sancaqlanmışdı.

- At bunları, - dedi, - onsuz da yenə gələcək.

Güldü.

- Özümə heç vaxt yazığım gəlmədi, - dedi.

- Yuxusuz gecələr keçirdim,

necə hörmət qazana bilərəm deyə

dərin-dərin düşündüm.

Bu çox vacibdi!

Bir siqaret verdim ona,

atıbmış, sən demə.

Günəş pəncərələri,

bacaları zəbt etməyə başlamışdı.

Zibilçilər səs-küy salmışdılar,

qışqırırdılar bir-birinə.

Atam yerindən qalxdı,

pəncərəyə sarı yönəldi,

baxdı:

- İşləri çoxdu onların, - dedi, - bu yaxşıdı.

Köks ötürdü.

- Bir işin qulpundan yapış, - dedi

 

İsa müsəlmanların

tərəfindədir

 

Adam həm də yediyidi,

donuz əti yeyirsənsə, demək, donuzsan -

bu meyvəsatanın dediyidi.

İsa müsəlmanların tərəfindədir.

Yusif və Məryəm ona

            heç vaxt donuz əti vermədilər,

uşaqlığında donuz əti heç yemədi

və vərdiş eləmişdi buna.

Yeni il axşamı qızarmış donuz yemək

mədəsini bulandırır.

Adamlar əvvəl kilsəyə gedir,

sonra qızarmış donuz əti yeyirlər,

nəsə düz deyil burda.

 

Yaxşı bəs iqlim fəlakəti?

Bu məsələdə qarışıqlıq çoxdu,

mələklər də məmnun deyillər.

İsa insanların veqan olmalarını,

göy-göyərti, mer-meyvə yemələrini

tövsiyyə edərdi,

meyvəsatan belə deyirdi

 

Tərcümə:

 

H.Duyğu, S.Babullaoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!