Kuba poeziyasının azadlıq ruhu

Çevirəni:Sabir RÜSTƏMXANLI

Xose MARTİNİ

(1853-1895)

 

***

İki vətən verib taleyim mənə,

Birisi - Kubadı,

birisi Gecə.

Günəş taxtdan düşüb,

üfüq dalında

əlində qərənfil, səssiz-səmirsiz,

kədərli qadıntək üz gizləyincə

Kuba göz önündə canlanır tamam,

titrək əlindəki qanlı gülləri

bircə baxışımla mən tanıyıram.

Coşqun ürəyimi daşıyan sinəm

indi başdan-başa viranə, boşluq.

Yəqin ki, dünyadan köçmək vaxtıdı,

"Əlvida" sözünə yaxınlaşmışıq.

Gur işıq, doğma səs kəsər yolumu,

Gündüz arzulardan imkanım varmı?!

"Əlvida" söyləyib vidalaşmağa

Gecədən münasib vaxt tapılarmı?!

Ancaq elə bu vaxt sübhün yelləri

əsir, təmizləyir qəmdən qəlbimi.

Yenə də döyüşə çağırır məni

səhər şəfəqləri - bayrağım kimi.

Qanlı qərənfili qırıb atıram,

açıram qapımı səhər yelinə.

Göyləri dolduran al buludlartək

Kuba göz önündə canlanır yenə.

 

***

Çöllərdə soluxan bir ot sayağı,

Köksümə baş qoyub dayana ürək.

Tabutum vətənin geniş torpağı,

Yana başım üstə ulduzlar şamtək.

 

Qoy satqınlar girsin daş məzarlara,

Soyuq məzarlara, yaş məzarlara,

Namusla yaşadım, bu söz - adımdı,

Üzü Şərqə ölmək mükafatımdı...

 

Nikolas Gilyen

(1902-1989)

 

Kiçik Plavdiv balladası

 

Günaydın, Fidel!

 

Başqa təyyarəyə minmək istəyən

Yol keçən, tranzit sərnişinlərə:

- Hə, müsyö, hə, senyor,

Mən Kubada doğulmuşam.

İlboyu yaşıl olan palmaların altında,

Evə qayıdıram, ləngidim burda.

Eşidirəm, senyor! Şəkərmi dedin?

Bəli, varımızdır, dənizdə bitir.

- Dənizdə? Şəkərlə örtülüb bütün?

- Dənizdə, bəli...

- Bir də ki tütün?

- Dənizin üstündə qapqara tüstü,

Dözülməz isti...

- Rombu oynayırsız,

ax, nə gözəl rəqs!

- Yox, senyor, oynamaq əlimdən gəlməz.

- İngiliscə necə?! Danışırsınız?

Onu Amerikada bilməyənmi var...

- Yox, müsyo, yox, senyor,

İngilis dilini düşmürəm başa,

Başqa təyyarənin sərnişiniyçin

Heç vaxt ingiliscə danışmamışam...

 

Yadımdadır göz yaşları, ağrı, nalə,

Həyat keçdi öz yoluyla.

Alov saçan qanlar axdı,

Çatdı yurda dönmək vaxtı.

Axır mən də qayıtmışam öz evimə.

Sabahımı çəkib-çəkib bu gün etdim,

Gəlmələri torpağımdan sürgün etdim.

Cənab Bud, cənab Taft,

Artıq əlvida!

Əlvida, cənab Mequn!

Əlvida, cənab Linç.

Əlvida, cənab Krauzer.

Əlvida ay müsyö, ay senyor, ay ser...

Siz də cənab Gecə,

cənab Qaranlıq,

Əl çəkin!

Sonunuz yetişdi artıq.

Rədd olun, rədd olun, heyvan sürüsü!

Bəllidi içiniz - içalatınız.

Ürək bulandırır, ta bundan belə

dilimə də gəlməz sizin adınız!...

 

Tezdənnən, dan yeri ağarmamışdan

yazı stolunun arxasındayam.

Gün qalxıb,

işimsə tükənən deyil.

Çaylar guruldayır...

- Günaydın, Fidel!

Günaydın, bayrağım, gerbim, günaydın.

Torpağa ox kimi sancılan palma,

Sülhüm, azadlığım, hərbim, günaydın!

Günaydın, yaşıla bürünmüş üfüq,

Doğma üfüqlərdən boylanan səhər.

Medalın  üstünə qara saqqallı

Yumruğu düyümlü həkk olan rəhbər...

Serrı-Mayestrdə donan dalğalar.

Günaydın, göy dəniz,

zirvədəki qar.

Mənim iş otağım, əllərim, misram,

Çörəyim, xörəyim, çəngəl-bıçağım,

Qara ayaqqabım, qabım-qacağım...

Günaydın, tarlamda yetişən düyüm,

Səmamda günəşim, qəlbimdə qanım.

Qara dalğalarım, qaranquşlarım.

Bayram günləritək bəzək-düzəkli,

Gözləri gülümsər, məğrur vətənim,

Senyorlar, xanımlar, qızlar, oğlanlar

yaylalı, düzənli - əzizim mənim!

Günaydın, səhəri mahnıyla açan,

küçədə sevincdən oynayan, uçan

qıvrımsaç uşaq...

Gözümü açdığım müqəddəs ocaq...

Günaydın, zəhmətkeş, tüfəngli fəhlə,

Günaydın, tüfəng.

Günaydın, traktor,

Günaydın, şəkər.

Günaydın, şəhərin küçələrindən

Sel kimi axışan nümayişçilər...

Qamıştək incəbel gözəl, günaydın,

Qocalar, analar, dostlar, qardaşlar,

Ayağıma dəyən ay qara daşlar.

Günaydın, torpağa axıtdığım qan,

polad yumruqlarda sıxılıb qalan

zərif saçaqları qarğıdalının.

Yağış təzə keçib, çəmənlər hələ

uyuyur yağışın gül nəfəsiylə.

Nəmli yarpaqların yaşıllığını

Yenə qarışdırıb ərköyün külək.

Daha küçələrdən ağ dərililər

qara dəriliylə qoşa keçəcək.

Vadilər üstündə dolaşır rüzgar,

Tukin yamacları yenə yamyaşıl,

Yenə Sinsontanın coşqun cəh-cəhi,

Günaydın, işığım, sözüm, fərəhim.

Hər günün sevinclə başlansın, ay el,

Günaydın!

Günaydın, Kastro Fidel!

 

Mahnı

 

Əlim tale ətəyində,

Düşdüm bu uzaq yollara.

Kürəyimdə tər qoxuyan

Su - isinmiş, çörək - qara,

Düşdüm bu uzaq yollara.

 

Çox səslədim: külək, külək,

Sənə yoldaş olmuşam mən,

(Doğan günəş, cavan günəş

Asılıbdır üfüqlərdən)

Sənə yoldaş olmuşam mən.

 

Çəmən gəzdim yaşıl otlu,

Beləsini tapmaq çətin.

İyirmi yeddi kəpənək

Üstündə bir qərənfilin -

Beləsini tapmaq çətin.

 

Qızıl günəş əlimdədir -

Bunu demək olmur ancaq.

Qızıl günəş əllərimlə

Qismət-qismət paylanacaq,

Bunu demək olmur ancaq.

 

Əlim tale ətəyində, -

uzaq yoldan qayıdıram.

Torbadakı çörək payım

Yırğalanır aram-aram -

Uzaq yoldan qayıdıram.

 

Yaşıl kərtənkələ

 

Bir adı da Karib olan

Doğma Antil dənizində -

Sərt dalğayla qamçılanmış,

Ağ köpüklə naxışlanmış

Kuba - yaşıl kərtənkələ...

Asta-asta yırğalanır;

Günəş sularda üzdürür,

Külək qovur geri onu.

Nəğmələri göz yaşıdı,

Bəbəkləri - çay daşıdı.

 

Tikanlı şəkər qamışı

Toxuyubdu çələng ona.

Ancaq taca bənzəməz o.

Bir qul kimi, öz başını

Qızıl tacla bəzəməz o.

Çölü özgəni yandırır,

İçi özünü-özünü.

Evində bir qul osla da,

Məğrur gəzir yer üzünü.

Dərdlilərin dərdlisidi,

Kuba - yaşıl kərtənkələ.

 

Bəbəkləri - nəmli daşdı,

Nəğmələri gözüyaşlı.

Durub dəniz qırağında

Keşik çəkir.

Ey zülmkar,

Yadda saxla, ölüm saçan

Nizələrin qəzəbini,

Alovların od dilini,

Dalğaların əsəbini,

Dartıb-dartıb xəritədən

Çıxaracaq dırnağını -

Oyanacaq daha Kuba -

Uzun, yaşıl kərtənkələ...

Bəbəkləri nəmli daşdan,

 

Gözüyaşlı kərtənkələ!

 

Feliks Pita RODRİQOS

(1909-1990)

 

Qəhrəman partizan haqqında ballada

 

(Fraqmentlər)

 

I

 

Tukspan limanından, sübh çağı bu gün

Bir qayıq ayrıldı - son səfər üçün.

 

Aman, bu dünyada kasıblığa bax,

Ən ağır yükləri ümiddi ancaq...

 

Onlar səksən iki üsyançı idi,

Kiçik bir dəstənin inamı böyük.

Bayraq ağacından gecəni atmaq,

Təzə bayraq kimi azad səhəri

Başımız üstündə dalğalandırmaq...

 

Odur od vurarıq qaranlıqlara

Gedir o qayıqda Fidel, Cevara.

 

Elə balacadı qayıq, balaca,

Dəniz sınağına dayana bilməz.

Ancaq anbarında gizli daşınan

İnamın kəsəri ölçüyə gəlməz!

Aman, bu dünyada kasıblığa bax,

Qiymətli yükləri ümiddi ancaq...

 

II

 

Kimsə ağlayanda biz gülürüksə,

bizim gülməyimiz nəyə gərəkdir?

Biri ac olanda biz yeyiriksə,

bu bol çörəyimiz nəyə gərəkdir?

Əgər uğrumuzda insan ölürsə,

bizim də ömrümüz bitsə yaxşıdır.

Biz rahat olanda vuruşan varsa,

biz də o döyüşə getsək yaxşıdır!

Bütün insanlarla səadətimiz

əgər bölünmürsə bədbəxtik, demək.

 

Bizim həyatımız ölüm kimidi,

çörəyimiz acı, gülüşümüz qəm,

dinclik yox, əzabla yaşayır ürək!

Kiməsə azacıq işıq verməyən

çırağı əzəldən - mən kor bilmişəm...

Əgər uğrumuzda insan ölürsə,

bizim də ömrümüz bitsə yaxşıdı.

Dünyada hələ də haqsızlıq varsa,

təzədən döyüşə getsək yaxşıdı!

 

III

 

Qarabəniz hindunun

Gözlərində acı qəm.

Oxuyur gecə-gündüz

Sağalmayan dərdindən.

 

Susur fleytam, susur,

Harda qalıb nəğməsi?

Onu dindirə bilmir

Mənim ölü nəfəsim.

 

Ay mənim dağlarım, dağ ətəklərim.

Bu qara dərdimə bax!

 

Hara qaçım ağrıdan,

Ürək sızlayan zaman?!

Babam azadlıq, deyib

Yol gözlədi nə qədər.

 

Tapdığım, Azadlığı

Köksümdə öldürdülər...

 

Ay mənim dağlarım, dağ ətəklərim,

Bu qara dərdimə bax!

 

IV

 

İqerasda öldürüblər partizanı,

Ay, İqeras!

 

İqerasda öldürüblər partizanı,

Ay, İqeras!

Partalara çilənibdi qızıl qanı.

Müəllimi öldürüblər dərs zamanı,

Ay, İqeras!

 

Bundan ağır cəza hanı?!

Yadındamı, günəşlə ay tutulmuşdu,

Ay, İqeras!

 

Gündüzümüz qaranlığa qərq olmuşdu,

Öldürdülər bir məktəbdə partizanı,

Ay, İqeras!

Bütün xalqım yaralanıb!

 

 

Ruben Martines VİLYENA

(1899-1934)

 

 

 

Vətəndaş məktubu

 

"Dövləti təhqir edib...

Məhkəməyə verilsin!"

İlan sancıb elə bil... qalxır nazirin səsi.

 

Azğınların naziri! Bu da dərs olar bizə,

Canlı hasar olarıq müqəddəs ölkəmizə.

 

Yoxsa, xaricilərə satılar yurdun varı,

Pula satar Kubanı siyasət dəllalları.

 

Yalançı patriotlar, yalançı qəhrəmanlar,

Evlərində karnaval, səslənir barabanlar.

 

Mətbuatda don geyir nazirlərin yalanı;

"Ali məqsədlər güdür, gör nə pakdı vicdanı!"

 

Biz hər şeydən xəbərsiz, onlara xoşdu bu da,

Onlar yalanda boğur vicdanı da, xalqı da...

 

Bizimsə haqqımıza kabinet kinlə baxır,

Bilməyir hara yozsun siyasi çaşqınlığı.

 

Hələ ki, düz gəlməyir işimizlə sözümüz,

Giririk Sem dayının torbasına özümüz...

 

Doğrudanmı, unutduq bu yurdun şöhrətini

Babaların adını, ərlik əmanətini?

 

İgidlərin döyüşə səsləyən harayını,

Unutduqmu bu yolda qurbanların sayını?

 

Kələ-kötür daş yolda polad təkər gülürdü,

Atların dırnağından ulduzlar tökülürdü.

 

Keçək yenə hücuma! Məhv edək alçaqları,

Parlasın baş üstündə inqilab bayraqları...

 

Ruhu təhqir olunmuş şəhidlər qisas deyir,

Müstəmləkə altında yaşamaq olmaz, deyir.

Qoy döyüş meydanında öz şərəf-şanımızla

Yuyaq günahımızı tökülən qanımızla!

 

Aclıqla, əziyyətlə nə qazandıq, itməsin,

Çəkdiyimiz bu zəhmət bir də hədər getməsin.

 

Biz yaşatdıq Martinin köksündəki arzunu,

Çiçəklənsin, ucalsın Kuba, illər uzunu...

 

Qoy zəngin yurdumuzda kubalı qalmasın ac,

Halal nemətimizdən verməyək yada xərac.

 

Bir də lənətlənməsin sevgi, inam məbədi,

Azadlıq dilənməsin övladımız  əbədi!

 

And içirəm, Vətənin köksündə axan qana,

Mən doğulan günümdən azadlığa qurbanam!

 

Məni qorxuda bilməz nə iftira, nə hədə,

Düşmənlə danışaram mən də silah dilində.

 

Təhlükə çoxaldıqca, hünər səsləyir bizi,

Bizə zülm eləyənə tez yetişər əvəzi.

 

Mən bir sıyrılmış qılınc, qoy şahid olsun hamı,

Öpürəm bayrağını doğma Amerikamın...

 

 

Bonifasio BİRNE

(1861-1936)

 

Mənim bayrağım

 

Qürbətdən qoynuna qayıdanda mən,

Didərgin könlümdə kədər yanırdı.

Başının üstündə, ay ana Vətən,

Özgənin bayrağı dalğalanırdı.

 

Gözümü yaş tutdu, bu görüş çağı,

Yuxumu görürəm, nədir bu dərdin?

Ey mənim şərəfli Kuba bayrağım,

Niyə öz yerini özgəyə verdin?

 

Taleyin payından qismətim azdı,

Keçdi boş sözlərə uyan çağımız.

Bircə inamım var: öz səmamızda

Gərək dalğalansın öz bayrağımız.

 

Qəbristana dönmüş torpağımızı

Hücumla yadlardan təmizləmişik.

Büküb güllələnmiş bayrağımıza

Neçə dostumuzu dəfn eləmişik.

 

Möhtacmı olubdu yapma rənglərə,

Mənasız tərifə çox qulaq asdı.

Ona inamını itirənlərə

Dünyanın ən ağır cəzası azdı...

Zindanlar küncündə düşsən də oda,

Şikayət etmədik, ürək dağ oldu.

Qürbət yollarının şaxta-buzunda

Bizi isindirən bu bayraq oldu.

 

Ey Kuba bayrağı! Satqın əlləri

Qoymadıq bircə yol toxuna sənə.

Yalqız ulduzunla  illərdən bəri

Nur saçdın əsarət zülmətlərinə...

 

Hayanda olsam da Vətən bayrağı

Nəşməmdə vüqarla dalğalanıbdı.

Mənimtək sürgündən gəlib sorağı

Könlümdə, şeirimdə odu yanıbdı.

 

Azad adamızda, okean üstə

Gülür könlümüzdən doğulan səhər.

Qoy günəş ucalsın bu cahan üstə,

Axsın bayrağıma qızıl şəfəqlər.

 

Onu sındırmağa əssə küləklər,

Düşmən bəd niyyətlə gəlsə də, bir gün

Məzardan dikələr qəhrəman ərlər

Yenə bu bayrağı qorumaq üçün!

 

 

Rexino PEDROSO

 

Bu bizim torpağımızdır

 

Yaxamızdan əl çəkin,

Rədd olun yurdumuzdan!

Aparın dolları, banklarınızı,

Ordunu, silahı, tanklarınızı.

Şəhərlərin lal-dinməz

kədəriyik biz.

Vətənin cadar-cadar

əlləriyik biz.

Gedin! Andıra qalsın

Sizin bu dəbdəbəniz,

diliniz, Allahınız, şöhrətiniz, çininiz.

Onlar bizim torpağın

görkəmini dəyişdi.

Yüz yol səsimizə qulaq asdınız,

Bir yol dərdimizi eşitmədiniz.

Siz girov verdiniz bizə hər şeyi,

Bizi evimizdə qonaq sandınız.

Bədbəxt günlərimiz sevncinizdir,

Lüt qaldıq - bəzənib tumarlandınız.

Yox, biz də insanıq,

biz də varlıyıq.

Dəniz ürəkliyik, dağ vüqarlıyıq.

Qoymarıq talana bu xəzinəmiz,

Allahın sizintək  bəndəsiyik biz.

Al günəş - dəmirçi,

mahnımızsa - gürz...

Okean xalçamız - balıq naxışlı.

Bu yurdun sahibi öz xalqımızdır -

Polad əzələli,

şimşək baxışlı!..

Sevinci də bizim,

dərdi də bizim.

Dözərik, baxmarıq heç çoxa, aza,

Qızıl pullar kimi diyrənib gələr

Azadlıq günləri ayağımıza!..

Doğma yurdumuzun var-dövlətini

Fəhlə əlimizdən kim qoparacaq?!

Rədd olun!

Qoy doğsun öz səhərimiz,

Siz onun yolunu kəsdiniz ancaq!

Bizimdir torpağın hər bir qarışı,

Ondan arzu qalxır, ümid göyərir...

Bir xalq itiləyib öz orağını

Tale zəmisini biçməyə gəlir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!