"Musiqi yaratmaq musiqiyə qulaq asmağın nəticəsi olduğu kimi, mənimçün yazmaq da oxumağın nəticəsidir" - Yu Nesbo

Yu Nesbo norveçli yazıçı, musiqiçi, keçmiş iqtisadçı və müxbirdir. Əsərləri 40-dan çox dilə tərcümə edilib 30 milyon nüsxə satılıb. Yazıçının həyatındakı kitablar haqqında fikirlərini təqdim edirik.

Oxumaqla bağlı ən köhnə xatirəm "Heklberri Finnin macəraları" və "Tom Soyyerin macəraları" ilə bağlıdır. Atam Nyu-Yorkda böyüdüyü üçün evimizdə çoxlu amerikan kitabları vardı. Mark Tvenin bu kitabı mənim kimi bir uşağın təxəyyülü ilə eynilik təşkil edirdi. "Heklberri Finn" oxuduğum yolla bağlı, "Tom Soyyer" isə cinayət sirlərindən bəhs edən ilk romanlardır. 

Yeniyetməlik illərində mənə ən çox təsir edən kitab - Jan Qenetin 1930-cu illərin Avropasında baş verən və böyük bir şəhərin gecəqondularında yaşayan homoseksual bir adamın həyatından bəhs edən klassik romanı "Oğrunun gündəliyi" idi. Bu kitab mənim ədəbiyyata baxışımı, ədəbiyyatın hansı mövzulara toxuna biləcəyi və hətta toxunmalı olduğu haqqındakı fikirlərimi inanılmaz dərəcədə dəyişib. Baş qəhrəmanın ruhi çalxantılarını qavramaqda çətinlik çəkdiyim üçün o yaşda oxumaq çox çətin olmuşdu. Mənim qavraya bilmədiyim şey, insanın cinsi oriyentasiyasının necə fərqli ola biləcəyi deyil, insanın pis rəftar görməkdən necə zövq ala bildiyi idi. Yəqin ki, məni romana cəlb edən də buydu.

Məni yazıçı olmaq həvəsinə salan kitablar Cek Keruakın "Yolda" və Çarlz Bukovskinin "Çörək arası" kitabları olub. Musiqi yaratmaq musiqiyə qulaq asmağın nəticəsi olduğu kimi, mənimçün yazmaq da oxumağın nəticəsidir. Bu, yemək masasında danışılan hekayələri davam etdirmək istəyi kimi sosial refleksdir. Biri hər hansı mövzuda söhbət edir, digərləri də ona qoşulur, növbəli şəkildə danışırlar. 

Təkrar oxuya bilməyəcəyim kitablar Ernest Heminqueyin kitablarıdır. Əvvəllər böyük fanatı idim. Bu yaxınlarda onun romanlarından birini yenidən oxumağa çalışdım, amma onun köhnəldiyini başa düşdüm. Heminquey, ya da Reymond Çandler kimi yazıçılardan həddindən çox yazıçı təsirlənir və əksər kitablar sizə onların əsərlərinin komik kopyaları (nüsxələri) kimi görünür. Heminqueyi təkrar oxuya bilmədiyim haqda məyusluqla danışanda iyirmi beş yaşlı redaktorum dedi: "Bilirsən, Heminquey gənclərin yazıçısıdır".

Çox gec kəşf etdiyim kitab Cozef Rotun "Radetzki marşı"dır. Bu yaxınlarda ailəmdən miras qalan bəzi kitabları vərəqləyirdim. Bu roman əsl incidir. Avstriyalı bir ailənin üç nəslini əhatə etsə də, arxa planda Avstriya-Macarıstan imperiyasının dağılmasından bəhs edir. Yaratmağın mümkün olmadığını bildiyim zaman və məkan duyğusu var. Kədərli, epik və faciəli: vəd edilən cənnət bağının, əslində gələcək deyil, keçmiş, heç vaxt geri dönə bilməyəcəyiniz bir zaman və məkan olduğunu başa düşürsünüz.

Tez-tez yadıma düşən yazıçı Henrik İbsendir. İbseni oxumaq Norveç təhsil sistemində məcburidir, lakin təəssüf ki, o yaşlarda inanılmaz dərəcədə darıxdırıcı görünür. Özümlə danışa (özümü anladığım - tərc.) bildiyim yaşlarda təkrar oxudum və bütün pyeslərindən çox ləzzət aldım.

Hazırda oxuduğum kitab Conatan Haydtın "Saleh ağıl" adlı kitabıdır. Haydt sosial antropologiya və psixologiya sahələrində çalışan yazıçıdır. Bizə əxlaqın necə inkişaf etdiyi, bunun da ,öz növbəsində, sosial davranışa necə təsir etdiyi barədə tutarlı arqumentlər təqdim edir. Məsələn, bəzi amerikalıların ağıllı insanlar olmasına baxmayaraq, niyə Respublikaçılara səs verdiklərini başa düşmək olduqca maarifləndirici idi. Devid Yumun dediyi kimi, ağıl həmişə duyğuların qulu olub. Biz ağlımızı, əsasən, doğru olmasını istədiyimiz şeylərin doğru olduğunu təsdiqləmək üçün istifadə edirik. Özümüzü təsdiqləmək mövzusunda sahib olduğumuz qərəzləri (ön yarğıları) uşaqlığımızdan qocalana qədər daşıya bilərik və bir anlıq belə olsa, yanıldığımızı hiss etməyə bilərik. Bu hamımız üçün keçərlidir; sən, mən, onlar...

 

Hazırladı:Nilufər Hacılı

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!