Nobelçi Anni Ernonun sevimli kitabları

Dilimizə çevirdi: Azad Yaşar

2022-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatı laureatı Anni Erno "The New York Times"a 2023-cü ilin noyabrında verdiyi qısa müsahibədə bildirib ki, mütaliəyə istənilən şəraitdə və harada olsa, mütləq vaxt tapır: "Yeganə şərtim isə - səssizlikdir".

 

- Çarpayınızın böyründəki kiçik masada hansı kitabları görmək mümkündür?

- Hazırda mən ispan yazarı və filosofu Migel de Unamunonun "İnsanların və xalqların həyatında faciəvilik duyğusu" kitabını təkrar oxuyuram. Həmin əsərlə ilk tanışlığım 60 il əvvəl baş tutmuşdu. Bununla yanaşı, tamamilə təzəcə çap olunmuş bir hekayəni də mütaliə edirəm (əslində tanış olum deyə, mənə xeyli sayda hekayə göndərilir, amma mən onların bir neçəsini oxumağa imkan tapıram). "Tombe du Ciel" (fransızca: "Göydən düşən") adlanan həmin əsərin qəhrəmanı olan oğlan dam ustası işləyən və iş əsnasında damdan yıxılmaqla 30 yaşında canını tapşıran atası barədə bacardıqca çox şey öyrənməklə məşğuldur. 

- Sonuncu dəfə oxuduğunuz və sizdə dərin təəssürat oyadan kitab hansıdır?

- Hər hansı tərəddüd hissinə qapılmadan mən hazırda Meksikada yaşayan fransız nasiri Nej Sinnonun "Qüssəli pələng" romanının adını çəkərdim. Qadın yazarın 20 ilə yazdığı bu kitabda ögey atası tərəfindən yeddi il boyu cinsi istismara uğrayan bir qız uşağından bəhs olunur. Bu yay Fransada işıq üzü görən bu kitab indiyədək oxuduğum kitabların ən güclüsü və ən təsirlisidir, çünki bu mətndə yetkin yaşdakı bir insanın guya öz himayəsinə aldığı uşağın həyatını əsl zindana çevirməsi gözlər önünə sərilməkdədir.  

- Varlığından əksər oxucuların xəbərsiz qaldığı, sizin isə sevimlinizə çevrilən hər hansı kitab varmı?

- Bu suala cavab kimi Marqarita Laskanın "İtirilən oğlan" kitabının adını çəksəm, yəqin çoxları bunu birmənalı şəkildə dəyərləndirməz.   

- Çağdaş yazarlar arasından kimlər daha böyük rəğbətinizi qazana bilib?

- Mari Ndyay, Culiya Oçuka, Florans Obenas və Peter Handke. 

- Sizin kimi avtofikşn janrında yazan müəlliflərdən kimləri oxumağı məsləhət görərdiniz?

- Kamilla Loransı, Maria Purşeni və Eduard Luisi.

- Bəs çağdaşımız olan fransalı yazarlardan kimlər dünya ölkələrində geniş oxucu kütləsinin qəlbinə yol tapıbdır?

- Dominik Barberi ilə Paskal Kinyar. 

- Yaddaşın həyatımızdakı önəmini qabartmağa ən çox hansı yazarlar nail olub?

- Heç şübhəsiz, Prust! Bir də Patrik Modiano.

- Sırf ayıb məqamlarına görə hansısa kitabları oxuduğunuzu nə vaxtsa başqalarından gizlədibsiniz?

- Yox, oxuduğum kitablardan aldığım həzzi mən nə keçmişdə, nə də indi heç kəsdən gizlətməmişəm. 

- Oxuduğunuz hansısa kitab sizi başqa bir insanla yaxınlaşdıra və ya uzaqlaşdıra bilibmi?

- Xoşlamadığım birisinin könlümə yatan bir kitabı sevdiyini öyrəndiyimdə ona daha mülayim tərzdə yanaşmağa başlamışam. Hansısa kitaba görə kimləsə münasibətlərimi pozmağı da yersiz sayıram, əlbəttə. Amma zövqümü oxşayan bir kitabı kiminsə pisləməyi qədər, nifrət bəslədiyim kitabı başqasının tərifləməyi də mənə həmişə toxunur. Özüm üçün birdəfəlik qəbul eləmişəm ki, bu fərqliliyi doğuran səbəb - hərənin bu dünyanı özünəməxsus şəkildə görüb-qavramasıdır.    

- Son vaxtlar kitablar sayəsində əxz elədiyiniz ən maraqlı bilgi hansıdır?

- Kitablardan konkret nə isə "əxz eləmək" fikrini özümə yaxın buraxmıram. Mütaliə əsnasında həm daxili aləmimdə, həm də zahirimdə baş verən dəyişikliklərin isə bircə adı var - təcrübə. 

- Oxuduğunuz bədii əsərdə sizə ən dərin həyəcan yaşadan məqam nədir?

- Mətndə heç gözləmədiyim dəyişikliklər. 

- Öz kitab kolleksiyanızı necə formalaşdırırsınız?

- Bəlli bir metodika üzrə. Kitablarımı "Fransız ədəbiyyatı", "Xarici ədəbiyyat", "Esselər", "Şeir topluları", "İncəsənətə dair" və "Qrafika əsərləri" başlıqları altında yerləşdirməklə yanaşı, hər bölümdəki nəşrləri həm də əlifba sırasıyla düzmüşəm. Belə olunca, axtardığım kitabı dərhal tapmam xeyli asanlaşır. 

- Həyatınız boyu hədiyyə qismində aldığınız ən dəyərli kitab hansı olub?

- 25 yaşıma ərimin hədiyyə elədiyi "İtirilən zamanın axtarışında" silsiləsi. 

- Maraqlıdır, bəs uşaq vaxtı necə oxucu idiniz? Hafizənizdə dərin iz buraxan kitablar və müəlliflər hansılar idi?

- Onda mən doyumsuz bir oxucu idim, kitablar, qadın jurnalları və gündəlik yerli mətbuat da daxil, hər şeyi oxuyurdum. Şarlotta Brontenin "Ceyn Eyr", Çarlz Dikkensin "Oliver Tvist" və Marqaret Mitçellin "Rüzgarla sovrulanlar" hafizəmdə silinməz izlər buraxıbdır, çünki müəlliflərin gerçək insanlardan bəhs etdiklərinə özümü tamamilə inandırmışdım. 

- Tutalım, ünlü yazarların iştirakıyla bir axşam yeməyi təşkil etdiniz. Sizcə, həmin ziyafətə kimlər dəvət alardı?

- Flober, Virciniya Vulf və Kamyu.

- Hazırda nələri oxumağı planlayırsınız?

- İsveç nasiri Sara Stridsberqin "Sevgi Antarktidası" adlı kitabına heyran olduğum üçün onun digər romanlarını da mütaliə edəcəyəm. 

 

Noyabr, 2023-cü il

Tanıtım yazısı:

Anni Erno (Annie Ernaux) tam adı-soyadı Anni Terez Blanş Düşen olan fransız nasiri və pedaqoqudur. 

1 sentyabr 1940-cı ildə Normandiyanın şimalındakı Lilbonn şəhərində anadan olub.  Əvvəlcə özəl katolik məktəbdə, sonra isə Ruan Universitetinin filologiya fakültəsində təhsil alıb. 

16 yaşından şəxsi gündəliklərini yazmağa başlayan Anni sonradan həmin qeydlər əsasında özünün ilk romanını qələmə alsa da, sonradan onu çap etdirməyə bir gərək duymayıb. 

1964-cü ildə Filipp Erno ilə ailə qurub və Ansi şəhərinə köçüb. Bu nikahdan onun iki oğlu dünyaya gəlib. 

1974-cü ildə işıq üzü görən ilk romanı - "Boş şkaf" ona şöhrət qazandırıb.

Yazarın digər romanları isə aşağıdakılardır: "Boş gündəliklər" (1977), "Donmuş qadın" (1981), "Başqa bir qadın" (1988), "Yalın ehtiras" (1992), "Jurnal qapağı" (1993), "Xəcalət" (1997), "Gecədən kənara çıxmadım ki mən" (1997), "Abort" (1999), "Təmiz havada yaşamaq" (2000). 

Uğurlu ədəbi yaradıcılığına görə o, bir sıra ədəbi ödüllərə, 2022-ci ildə isə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülübdür. Nobel Komitəsinin Anni Ernonun laureat seçilməsiylə bağlı açıqlamasında deyilir: 

"Şəxsi yaddaşa yadlaşmanı, ona kənardan göstərilən kollektiv basqını və bunun köklərini ortaya çıxararkən sərgilədiyi böyük cəsarətə və barışmazlığa görə".


 

 
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!