Qriqore VYERU-90

Tərcümələr: Səlim Babullaoğlunundur

Bu il görkəmli rumın şairi, XX əsr Moldova ədəbiyyatının klassiki Qriqore Vyerunun 90 illik yubileyi həm Moldovada, həm də Rumıniyada təntənə ilə qeyd olunur. Şairin əsərlərinə yeni qayıdış baş verir və onun əsərlərinin yeni tərcümələri ərsəyə gəlir, bir çox ölkələrdə şairin kitabları nəşr olunur. 

 

Azərbaycan Yazıçılar Birliyi bu münasibətlə şairin "İynənin nəğməsi" adlı seçmə şeirlər toplusunu çap edib. "Şirvannəşr"də nəfis poliqrafiya ilə çap olunan kitabın titul vərəqində yazılıb:

"Kitab Azərbaycan Yazıçılar Birliyində Moldovanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində nəşrə hazırlanıb. Yaradıcı heyət əməkdaşlığa görə Moldovanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Esaulenkoya, ön söz yazısına görə akademik, görkəmli rumın şairi İon Hadırkaya, kitabın ərsəyə gəlməsində dəstəyinə görə hüquq elmləri doktoru, tanınmış ictimai xadim Vüqar Novruzova, kitaba daxil edilmiş şeirlərin tərcüməsinə və nəşrinə lütfkarlıqla icazə verdiyinə görə şairin varisi Kelin Vyeruya, mətnlərin əldə olunmasında köməyinə görə Moldova Milli Kitabxanasının direktoru Yelena Pintileyə minnətdarlıq edir..."

Kitabın tərcüməçisi, redaktoru və son söz yazısının müəllifi, şair Səlim Babullaoğludur, onun tərcüməsində kitabda şairin yeni çevrilmiş 68 şeiri daxil edilib. Eyni zamanda, Xalq şairi Ramiz Rövşənin Vyeru yaradıcılığından çevirdiyi daha 5 şeir, tanınmış uşaq şairi və tərcüməçi Qəşəm İsabəylinin çevirisində isə Vyerunun uşaqlar üçün yazdığı 12 şeir də kitabda yer alıb.

Moldovanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Esaulenkonun və Vüqar Novruzovun giriş sözlərindən sonra görkəmli rumın şairi, akademik, Moldova Elmlər Akademiyasının vitse-prezidenti İon Hadırkanın Qriqore Vyeru yaradıcılığı barədə maraqlı essesi təqdim edilib.

Kitab üzərində Azərbaycan tərəfdən Emil Camalov (dizayn və səhifələmə), Məlahət Qənbərova (korrektor), Moldova tərəfdən isə tanınmış rumın ədəbiyyatçıları - şair Nikolae Spetaru, ədəbiyyatşünas, filologiya elmləri doktoru Miroslava Metlyayeva çalışıblar.

 

"Ədəbiyyat qəzeti" şairin haqqında geniş bioqrafik məlumatı və şeirlərindən nümunələri, akademik İon Hadırkanın və Səlim Babullaoğlunun yazılarını, səfir Aleksandr Esaulenko və Vüqar Novruzovun giriş yazılarını oxucularımız üçün təqdim edir.

 

Qriqore Vyeru/ Grigore Vieru - böyük rumın şairi, XX əsr Moldova ədəbiyyatının görkəmli nümayəndəsi. 1935-ci il fevralın 14-də, Prut çayının sol sahilindəki keçmiş Xotin mahalının Pererıta kəndində, əkinçi Pavel və Yedokiya Vyeruların ailəsində anadan olub. 1950-ci ildə doğma kəndindəki yeddiillik məktəbdə oxuyub, 1953-cü ildə Lipkanı şəhər məktəbində orta təhsilini tamamlayıb. 1957-ci ildə, hələ tələbəykən, uşaqlar üçün "Zəng" şeir kitabı ilə debüt edib. Kitab ədəbi tənqidçilər tərəfindən uğurlu başlanğıc kimi qiymətləndirilib. 1953-1958-ci illərdə İon Kryange adına Kişinyov Dövlət Pedaqoji Universitetinin Filologiya və tarix fakültəsində ali təhsil alıb. 1958-ci ildə uşaqlar üçün ikinci şeir kitabı "Muzıkutse" işıq üzü görüb. Ali təhsil aldıqdan sonra Qriqore Vyeru "Scinteia Leninista" (sonradan "Noi"; 1958-1960) və "Nistru" (sonradan "Basarabia"), "Cartea Moldoveneasca"da (1960-1963) redaktor və Moldova Yazıçılar İttifaqının poeziya şöbəsinin məsləhətçisi (1963-1969) vəzifələrində çalışıb. 1960-cı ildə rumın və latın dili müəllimi Raisa Naku ilə ailə qurub, həmin izdivacdan Teodor (1961) və Kelin (1965) adlı iki oğul övladı doğulub. 1980-ci illərin sonuna doğru Bessarabiyada başlanan milli-azadlıq hərəkatının öndərlərindən biri olub. Latın qrafikasına keçidin, Moldova və Rumıniyanın birləşməsinin təşəbbüskarlarından biri və təşviqçisi kimi Moldovada yeni qrafika ilə çap olunan ilk mətnin müəllifi də Qriqore Vyeru olub. 1970-ci ildə uşaqlar üçün nəşr olunan "Üç çəpiş" şeir kitabı bütün rumınların üçrəngli bayrağını metafora ilə təbliğ etdiyinə görə kitab mağazalarından yığışdırılıb. Həmin il yazıçı Spiridon Vangeli və rəssam İqor Vyeru ilə birgə hazırladıqları "Əlifba" kitabı bu gün də gənc bessarabların ilk sinifdəki ən vacib dərsliyidir. Sonrakı illərdə onun böyüklər və uşaqlar üçün "Möcüzəli pəncərələr" (1960), "Günaydın, qar dənələri" (1961), "Sağ ol sülhə görə", "Balaca günəş", "Ballı pətəklər" (1963), "Şeirlər" (1965), "Sənin adın" (1968), "Sözlü bazar" (1969), "Şeirlər" (1971), "Dan ulduzu" (1978), "Əlifba" (1979), "Çünki sevirəm" (1980), "Həmyaşıdınız şeirlər" (1986), "Necə varamsa" (1987), "O alovlu kök" (1988), "Günəşə şeir de" (1989), "İsa günahkar deyil" (1991), "Quyunun təmizlənməsi" (1993), "Anam üçün dua" (1994), "Görürəm, tövbə edirəm" (1997), "Təmizlənmə" (1999), "Sənə yalvarırdım" (2002), "Səma mələkləri" (2002), "Anam üçün laylalar" (2003), "İndi və əbədi üçün" (2004) və b. şeir və hekayə kitabları nəşr edilib. Həmçinin dəfələrlə "Seçilmiş əsərləri" Moldova və Rumıniyada işıq üzü görüb. 1979-ci ildə Moldova Dövlət Mükafatına, 1988-ci ildə uşaq ədəbiyyatı üzrə dünyanın ən nüfuzlu mükafatına - Andersen Fəxri Diplomuna layiq görülüb. 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilib. 1992-ci ildə Rumıniya Akademiyası onun namizədliyini Nobel Sülh mükafatına irəli sürüb, 1993-cü ildə həmin akademiyanın müxbir üzvü seçilib. 2000-ci ildə Rumıniya hökumətinin təsis etdiyi "Eminesku-150" medalı ilə təltif edilib. 1992-ci ildə Moldovanın "Xalq yazıçısı" fəxri adını alıb. Moldovanın "Xalqlar dostluğu" (1984), "Şərəf nişanı", "Respublika" (1996) ordenləri, Rumıniyanın "Böyük Xaç Ulduzu" (ölümündən sonra) və başqa dövlət təltiflərinə, eləcə də "Herkules" (1991), "Luçian Blaqa" (1992) beynəlxalq ədəbiyyat mükafatlarına layiq görülüb. Əsərlərinə ən çox musiqi, mahnı bəstələnən şairdir. 16 yanvar 2009-cu ildə Vyeru ağır yol-nəqliyyat qəzasına düşüb. Yanvarın 18-i vəfat edib, iki gün sonra Mərkəzi qəbiristanlıqda dəfn olunub. Dəfnində 10 minlərlə insan iştirak edib. 20 yanvar günü bütün ölkədə matəm elan edilib. Həm Kişinyovda, həm də Moldovanın bir çox yerlərində adını daşıyan xiyaban, küçə və parklar var. Kişinyovda "Klassiklər xiyabanında", Straşenada və Buxarestdə, Xerestreu parkında büst və heykəlləri qoyulub. Haqqında kitablar, çoxsaylı monoqrafiyalar yazılıb, sənədli filmlər çəkilib. Əsərləri dünyanın 40-dan çox dilinə çevrilib, kitabları 28 ölkədə çap olunub.

 

İynənin nəğməsi
 
Gecələri hərdən anam
dərzi olub tikirdi.
Tikirdi o aram-aram,
kətan köynək biçirdi.
Qırıq-qırıq səs salırdı
tikiş maşını asta.
Gecələr layla çalırdı,
Oyadırdı obaşdan.
Səhərləri gəlirdilər
üzütüklü kəndlilər.
Saç-saqqalı sarı saman,
dənlilər, sünbüllülər.
Sərin kətan qaftan geyib,
hörük atıb çiyinə,
tez-tələsik gedirdilər
hamılıqla biçinə.
Aradabir qadınlar da
gəlirdi yaylıq üçün -
alın təri hopmuş parça -
bayramlıq, vaylıq üçün.
Gəlirdi canlıq dalıyca
dəstə-dəstə uşaqlar.
Bilmirdilər tikişində
mənim də göz yaşım var.
 
***
Gecəyarı şimşəyin parıltısı
anamın sifətini,
yanaşı masada çörəyi
işıqlandırdı.
Sanki hər ikisi dua edirdi.
Biz isə bərk yatmışdıq,
balışda gizlətmişdik
üz-gözümüzü.
Yalnız onlar oyaqdılar,
ayıq-sayıqdılar,
şimşəyə, yağışa qulaq asırdılar.
 
 
Çağır məni
 
Məni öz adımla çağırma,
birdən səsə dönər,
baxar dünyanın bütün
kişiləri.
Məni yanağına çıxmış
 
qanınla çağır.
Dənizlə, dağla,
şam ağaclarıyla, ulduzların işığıyla,
Günəşlə, üzüm salxımıyla,
gözyaşıyla.
Məni Ayın sakitliyiylə səslə,
qışın bəyaz dilsizliyiylə.
İşdir, eşitməsəm,
məni öz adınla
çağır.
 
İntizar
 
Xeyli zaman keçibdi,
bitibdi savaş, dava.
Oğlum qayıtmalıydı
öz evinə gör havaxt.
Mən onu çox sevirəm,
düşməzdi qucağımdan.
Necə ola bilər ki,
dönməsin ocağına?
Bəlkə qarsıb üzünü,
gözünü kor edib od?
Doğma evin izini
bəlkə tapa bilmir o?
Bəlkə qulaqlarını
kar edibdi top səsi?
Bəlkə ona yetişmir
anasının naləsi?
Bəlkə şikəst olubdu,
ayaqsız qalıb bəlkə?
Bəlkə yeriyə bilmir,
uzaqdı yaxın ölkə?
Bəlkə əl-qolu yoxdu,
yazıq balam neyləsin,
necə yazsın məktubu,
mən külbaşa nə desin?
Bəlkə danışa bilmir,
tutulub onun dili?
Necə anlatsın harda
yurdu, ölkəsi, eli?
Heç kim onu görməyib,
bir söz demir ki, kimsə...
Necə desinlər ölüb,
məzarı yox, itibsə.
 
 
Savaş sonrası nəğmə
 
- Gözəl qadın, niyə axı qoymursan
səni öpüm, əzizləyim, oxşayım?
- Görmürsənmi, düz yanımda, nənnidə
yatır körpəm, mənim Günəşim, Ayım.
- Gözəl qadın, nə işimiz evində,
səssiz qalsın, o çiçəkli cökə altı yaxşıdır.
- Eh, bilsəydin, o qocaman cökənin düz dibində
neçə ildir mənim babam dəfn edilibdi, yatır.
- Gözəl qadın, bir qulaq as, dərd deyil,
gəl çəkilək çəmənzara, yaşılımtıl xəlvətə.
- Eh, bilsəydin, o çəməndə o nəm gil
neçə ildi can dostumu, yoldaşımı gizlədir.
 
Vəsiyyət
Mihay Emineskuya
 
Hə, hə, gecə vaxtı baş verəcək bu,
ya da sökülməmiş hələ dan üzü.
Əbədi donacaq, qalıb yumulu
onun kitabına zillənən gözüm.
Olsun, eləyəcəm kitabı yarı,
bir az anlayacam, bir az tələsik...
Amma bağlamayın siz o kitabı,
necə ki qırpılmaz donmuş hər kiprik.
Qoyun açıq qalsın, buraxın onu,
oğlum da, qızım da vərəqləsinlər.
Atanın yarımçıq oxuduğunu
sonacan oxuyub, nədi, bilsinlər.
Əgər nəğmələri - nəcib və yorğun -
eşitməz olsalar, eybi yox, neynək.
Siz onu başdaşı yerinə qoyun,
oxusun ağaclar, külək, kəpənək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!