Kor qadın - Rayner Maria Rilke

 

Yad adam:

Qorxu vermir sənə bunları danışmaq?

 

Kor qadın:

Yox.

Uzaqda qalıb artıq. Başqası idi o.

O vaxtlar görürdü, baxırdı və qışqırırdı.

Sonra öldü.

 

Yad adam:

Ölümü çətin oldu?

 

Kor qadın:

Ölmək zülmdür bilməyənlərə.

Güclü olmaq lazımdır, yad biri ölsə də.

 

Yad adam:

Yad idi o qadın sənə?

 

Kor qadın:

Belə deyək: yadlaşdı.

Ölüm ananı da balasına yadlaşdırır. -

Amma qorxunc idi ilk günlərdə,

bütün bədənim yara içində.

Hər şeydən güc alıb yetkinləşən dünya

kökündən qoparılıb atılmışdı içimdən

ürəyimlə bir yerdə (mənə elə gəlirdi),

bellənmiş torpaq kimi eləcə

uzanıb qalmışdım və içirdim ölü gözlərimdən

dayanmadan və səssiz axan göz yaşlarımı,

Tanrı öləndə bomboş göyüzündən

buludların tökülməsi kimi yağan

soyuq yağışları içirdim.

Eşitmək qabiliyyətim isə

böyümüşdü və açıq idi hər şeyə.

Eşidilməsi mümkün olmayan şeyləri eşidirdim:

Saçımın üstündən axıb gedən zamanı,

incə qədəhlərdə əks-səda verən səssizliyi -

və hiss edirdim: əllərimin lap yanında

solmaqda idi böyük, bəyaz bir çiçək.

Və fikirləşirdim: gecə və gecəni fikirləşəndə

bir gün qədər böyüyəcək

bir işıq qığılcımı görəndə inanırdım

və buna da inanırdım ki,

çoxdandır ovcumda tutduğum

bir sabaha doğru yola çıxmışam.

Anamı oyadırdım yuxu

bütün ağırlığıyla üzümdən düşəndə.

Anama deyirdim: "Ana, gəl bura. İşığı yandır!"

Və qulaq asırdım. Uzun-uzadı sükut

və daşa döndüyünü hiss edirdim

balışlarımın - sonra, sanki nəyinsə

parıldadığını hiss edirdim:

Anam acı-acı ağlayırdı,

indi unutmaq istəyirəm həmin anı.

İşığı yandır! İşığı yandır!

Yuxuda qışqırırdım çox vaxt:

Otaq aşdı üstümə. Qaldır onu

üzümdən və üstümdən.

Qaldırmalısan, lap yuxarı qaldırmalısan,

onu yenə ulduzların yanına göndərməlisən;

belə yaşaya bilmərəm - göy üzü üstümdə.

Ana, səninlə danışıram? Yoxsa,

bir başqası ilə? Kimdir arxandakı?

Kim var pərdənin arxasında? - Qışdır?

Ana, fırtınadır? Ana, gecədir? Cavab ver!

Bəlkə gündüzdür?!.. Gündüz.

Mənsiz? Günəş necə çıxır mənsiz?

Əskikliyimi hiss etmirsinizmi heç biriniz?

Heç kim axtarmırmı məni?

Tamamilə unudulmuşammı?

Biz?.. Sən oradasan axı;

hər şeyin var, elə deyil?

Üzünün ətrafındakı hər şeyin məqsədi

o üzü yumşaltmaqdır.

Gözlərin dincələndə

istədikləri qədər yorğun olsunlar,

açıla bilərlər yeni bir zamana.

Mənimkilər isə susmağa məhkum.

Rəngini itirəcək güllərim.

Donacaq güzgülərim.

Sətirləri silinəcək kitablarımın.

Quşlarım küçələrdə uçanda

yad pəncərələrə çırpılıb yaralanacaq.

Artıq heç nə qalmadı məndən asılı.

Tamamilə tərk edildim -

bir adayam indi.

 

Yad adam:

Mən də dənizdən gəlmişəm.

 

Kor qadın:

Necə? Adaya... gəlmisən?

 

Yad adam:

Qayıqdayam hələ,

Ehtiyatla yaxınlaşdım

sənə. Yellənir qayıq.

Sahilə tərəf əsir bayrağı.

 

Kor qadın:

Bir adayam mən və tənhayam.

Çox da varlıyam -

Əvvəllər, işlənməkdən köhnəlmiş

yollar varkən hələ:

mən də əzab çəkirdim.

Hər şey çıxıb getdi ürəyimdən,

əvvəl-əvvəl bilmədim hara;

amma sonra hamısını orada tapdım,

bütün duyğular - məni mən edən nə varsa,

yığışmışdı, bir-birini itələyib qışqırışırdılar

tərpənməyən, divara dönmüş

gözlərin qabağında.

Aldadılmış hisslərim, hamısı bir yerdə...

Bilmirəm, neçə il elə dayandılar,

amma mən onların geri qayıtdıqları və

artıq heç kimi tanımadıqları

həftələri bilirəm.

 

Sonra bağlandı gözlərə gedən yol.

Artıq onu bilmirəm.

İndi hər şey dolanır içimdə,

özündən əmin və qorxusuz, sağalan

xəstələr kimi dolanır hisslər,

gəzintinin ləzzətinə dalıblar

bədənimin qaranlıq evində.

Bəziləri başını qatır

xatirələrimi oxumaqla:

cavanlar isə bayıra baxır eləcə.

Çünki sərhədlərimə çatdıqları yerdə

şüşəyə dönür paltarlarım.

Alnım görür indi, əlim

şeir oxuyur başqa əllərdə.

Ayaqlarım danışır üstünə çıxdığı daşlarla,

səsimi quşlar götürüb aparır

hər günün divarlarından o tərəfə.

Artıq heç nəyin yoxluğunu hiss etmirəm,

rənglərin hamısı çevrilib

səslərin və qoxuların dilinə.

Və hamısı olduqca gözəl görünür

səsə çevriləndə.

Nə edirəm artıq kitabları?

Külək ağacların səhifələrini çevirir bir-bir;

və bilirəm orada hansı sözlərin yazıldığını,

hərdən təkrarlayıram onları səssizcə.

Və gözləri çiçək kimi solduran ölüm

tapa bilmir mənim gözlərimi...

 

Yad adam (yavaşdan):

Bilirəm...

 

Tərcümə: Həmid PİRİYEV

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!