Heminqueyin ziyarətinə gələn mələk - Luis SEPULVEDA

"Marginal əhvalatlar" kitabından

Xoselito Moralesin dərisi qaranlıq gecəni xatırladır və çox yəqin, indi o, içi avokadolarla dolu və işlənməkdən işıldayan karton qutusuyla birgə Havananın küçələrində sülənməkdədir. 

Karib sahillərinin durmadan dəyişən rəngləri fonunda qara rəngi təmsil edən bu adamla yaşılın simvolu sayılan avokado adamda qəribə bir təəssürat yaradır.  

Bir axşam sahildə oturduğumuz vaxt o, məndən soruşmuşdu:

- Bütün nəcib boksçuların səmaya yüksəldiyinə siz heç inanırsınız?

Mən də onun sualına sualla cavab vermişdim:

- Hansı səmaya?

- Keşişlərin təsvir elədiyi səmaya yox, canım. Başqa səmaya. Adətən rəqsə dəvət elədiyin zaman sənə "yox" deməyəcək o gözəl qızların cəmləşdiyi səmaya. Orada hər adam pulsuz-pənəsiz, həm də istədiyi qədər rom içə bilir. Nəcib ömür sürənlər səmanın məhz həmin qisminə yollanır və orada onları şəxsən dədə Heminquey özü qarşılayır.

Xoselitonun bu uydurması necə könlümə yatdısa, sonradan mən də səmanın o guşəsinin varlığına inanmağa başladım.     

Bu gün, yəni Ernest Heminqueyin ölümünün 35-ci ildönümü ərəfəsində yazarın qız nəvəsi Marqot babasıyla həmin guşədə görüşməkdən ötrü əbədi səfərə çıxdı. O guşənin nəhəng səmanın hansı qismində yer almasından asılı olmayaraq, bu gün orada Karib melodiyalarının səslənəcəyi, süfrədə isə romun heç əskik olmayacağı bir şadyanalıq qurulacağından şəxsən mən tamamilə arxayınam.   

Dədə Heminquey ta uşaq yaşlarımdan bəri mənim könlümdə taxt qurubdur. İndi çörəkçi dəzgahının üstə bu mətni yazdığım anlarda da o, qarşı divara vurulan fotodan mənə baxır: əynində qalın jaket var, çöhrəsində isə həyatın bir nəqqaş misalı açdığı naxışlar nəzərə çarpır. Hə, mən bilərəkdən "çapıqlar" yox, "naxışlar" yazdım, çünki çapıqlar - ağrı-acının izləridir. Bundan fərqli olaraq, Heminqueyin üzündəki "naxışları" həmişə dil açaraq, mənə deyir ki, bax, yoldaş, unutmayasan ha: "ədəbiyyat" adlanan nəsnə sırf bu "naxışlar" sayəsində araya-ərsəyə gəlir, "naxışlar" isə yaşadıqlarımıza, başımıza gələnlərə görə bizə təqdim olunan diplomlardır.    

Məhz onun seçdiyi yollardan keçməklə, mən dəfələrlə İspaniyaya, İtaliyaya, Kubaya yollanmışam və hər dəfə oralarda tapdığım izlər məni öz Müəllimimə daha möhkəm tellərlə bağlayıb. Onun xəyali iziylə üz tutduğum ölkə heç də o öküz döyüşlərinin keçirildiyi İspaniya deyil, sırf Respublikanın süquta uğradığı məmləkət olub, çünki orada ikən Heminquey insanın mövcudluğuna yaraşan o ən böyük nemətin xilasına çalışıb.      

Beynəlmiləlçi briqadalarda döyüşən əmilərimdən biri bunu mənə belə təsvir eləmişdi: "Respublikaçıların məğlubiyyətinin artıq qaçılmaz olduğu elə Heminqueyə də dəqiq bəlliydi, ancaq ehtiyac duyduqları o dəyanət, dözüm hissini sırf onlara aşılamaqdan ötrü fədailərin yanından ayrılmırdı. Ləyaqətimizi itirməyək deyə, apardığımız mübarizə Teruel və Saraqosa cəbhələrində bitmir deyə, o, yenə də bizimlə eyni səngərdə idi. Çünki döyüşlər Pireneyin və Uralın digər üzündə də davam edəsiydi. Hə, o, bizləri tərk etməmişdi, çünki insanın ləyaqət uğrundakı mübarizəsinin planetar miqyaslı bir dava olduğunu bizdən yaxşı anlayırdı".        

Bir səhər mən Venesiyada ikən sübh tezdən qayıqla aeroporta tərəf yola düzəldim. Qış idi, səhər şəfəqləri şəhəri qəribə, az qala reallıqdan uzaq rənglərə boyamışdı.  

Qayığımızın sivri burnu kanalların güzgüvarı səthində şırımlar açıraq şütüyürdü. Hələlik yuxuda olan şəhərin fonunda qəfildən mən taqətsiz və susqun bir qocanın siluetini sezdim: baxışlarını lal şəfəqlərə dikən bu adam özündən xeyli cavan olan qadının sevgisini cavabsız buraxmağın hansısa bir yolu üzərində baş sındırır, həm də bunu qadından "yox" cavabı almaqdan, yaxud mənəvi yasaqlardan qorxduğu üçün etmirdi, qadını sadəcə sevgidən soyutmasın deyə, həmin yolu arayıb-axtarırdı.     

Həmin qayıqda üzərkən mən "Çayın digər sahilində, ağaclar kölgəsində" romanının süjetini başdan-ayağa, həm də təkrar yaşamalı oldum və o ara fərqinə vardım ki, həmin o xəyali qocaya çevrilən dədə Heminquey də artıq körfəzin digər sahillərinə yönəlməklə, məndən uzaqlaşır, görünür, yenə ördək ovuna həvəslənib - axı bu, sevgi haqda müdrik bir roman üçün ələdüşməz fürsətdir. 

Karib sahillərində dolaşdığım zaman onun cizgilərinə mən bütün balıqçılarda rast gəldim, hamısının gözləri göydü, hamısı adama yenilməz təəssürat bağışlayırdı. Gözlərinin göylüyü isə ingilis-Sakson qanından irəli gəlmirdi, çünki o gözlər dənizin və qatlaşılan sıxıntıların rənginə boyanmışdı.       

Hər gün mən dədə Heminqueylə salamlaşıram və hər gün o, mənə başa salır ki, bu yazı-pozu işi hər hansı sənətkarın iş-gücündən zərrəcə fərqlənmir. Onunla salamlaşanda bildirirəm ki, verdiyi hər öyüd mənim nəzərimdə son dərəcə dəyərlidir: "Hadisələrin necə cərəyan edəcəyi artıq sənə tam bəllidirsə, yazmağına ara ver. Unutma: gözəl romanlar hər birinə iyirmi dollar dəyər biçiləcək sözlərlə yazıla bilər, amma yazarın bacarığı bunu iyirmi sentlik sözlərlə yaratmaqdan ibarətdir. Seçdiyin sənətin taleyinin bir parçası olduğunu isə əsla unutma. Pələngin xəzində hansısa zolağın yoxluğu ona hər hansı xələl gətirməz, halbuki yerinə düşməyən bircə söz istənilən hekayəti tamamən zay eləyə bilər. İçini bürüyən qüssədən qurtulmaq üçün sən içki barını seçə bilərsən, ədəbiyyatı isə - əsla..."     

Ara-sıra mən dədə Heminqueyin canına necə qıydığını xəyalımda canlandırmağa çalışıram. Ola bilsin, 1961-ci ilin həmin səhəri aynada özünü süzəndən sonra ustad bu sualı dilə gətiribmiş:

- Bəs indi necə olacaq?

Ətrafında Aydaho dağları, ağaclar, otlar, quşlar və öz pişikləri varmış (pişiklərdən biri həmin gecə Pol Lafarqın kitabını hələ cırmaqlamışdı da). Bu nəhəng insanın həyatının məğzi bütün bunlarda cəmlənmişdi. Bəs indi necə olacaqdı? 

Qeyd: Pol Lafarq (1842-1911) - fransız iqtisadçısı və siyasi xadimi olub. Karl Marksın qızı Lauranın əri olmaqla yanaşı, öz dövründə marksizm nəzəriyyəsinin ən məşhur təlimçilərindən də sayılıb. 

Özünə meydan oxumaqla hədələyən bu çarəsizliyi yenməkdə qərarlı olduğundan o, divardan asılan tüfəngi əlinə alıbmış.

Bundan otuz beş il sonra onun nəvəsi də canına qıydı və artıq səmanın eyni qismindədir, Havanada ikən Xoselita Moralesin mənə o haqqında söz açdığı qismində. Hə, göyün keşişlərə hər hansı dəxli olmayan və həmişə də şadyanalığın hökm sürdüyü qismindədir onlar.

 

Dilimizə çevirdi:Azad Yaşar

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!