On yeddi hayku - Xorxe Luis Borxes

"Şifrə" kitabından

1

 

Gecə və dağlar

Mənə nəsə dedilər.

Unudulub getdi.

 

2

 

Hüdudsuz gecə

Sadəcə gül ətridir

İndi.

 

3

 

Dan sökülməzdən qabaq

Gördüyüm yuxu -

Görmüşdümmü doğrudan?

 

4

 

Simlər susdu.

Musiqi bilirdi

Mənim hiss etdiyimi.

 

5

 

Bu gün əyləndirmir məni

Bağdakı badam ağacları -

Sənin xatirən.

 

6

 

Sakitcə

İzləyir alın yazımı

Kitablar, vərdişlər, açarlar.

 

7

 

Həmin gündən

Tərpətmədim oyun taxtasındakı

Daşları

 

8

 

Səhrada yenə

Dan sökülür.

Və kimsə bilir bunu.

 

9

 

Paslı qılınc

Xatırlayır döyüşlərini.

Mənim xatirəm başqa cürdür.

 

10

 

Adam ölüb.

Saqqalı bilmir bunu.

Dırnaqları uzanır.

 

11

 

Bu əlimlə

Toxunmuşdum

Saçlarına.

 

12

 

Artırmanın altındakı

Güzgü

Ayı əks edir təkcə.

 

13

 

Tənhadır

Ayın altında

Uzanan kölgə.

 

14

 

Bu sönən işıq

İmperiyadır,

Yoxsa, işıldaböcək?

 

15

 

Təzə ay.

O da ona baxır

Qapıdan.

 

16

 

Uzaqda bir cikkilti.

Bülbül bilmir

Sənə təsəlli verdiyini.

 

17

 

Qoca əl

Şeir qaralayır

Unutmaq üçün.

 

Tərcümə etdi: Həmid PİRİYEV

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!