İohann Volfqanq HÖTE
(1749-1832)
Görkəmli alman şairi, dramaturqu, nasiri və filosofudur. Eyni zamanda ensiklopedik bilgilərə malik alim, dövlət xadimi, teatr rejissoru, ədəbi tənqidçi və kolleksioner kimi də tanınıb. Maarifçilik və sentimentalizm üslubunda yazdığı əsərlərindən "Qərb-Şərq divanı" (1814-1819) şeirlər toplusu, "Gənc Verterin iztirabları" (1774) povesti və üzərində bütün ömrü boyu çalışdığı "Faust" faciəsi bu böyük ədibə dünya şöhrəti qazandırıbdır.
Dörd nemət
"Qərb-Şərq divanı"ndan
Öz ərəb bəndələrinə
Allah dörd nemət verib.
Bu yolla o kəslərə
Dinclik və cürət verib.
Qızmar çöldə əsgərə
Türban gərək - tac nədir?!
Daşınan çadır ona
Həm yataq, həm hücrədir.
Qılınc tökdüyü polad
Sərtdir qayadan, daşdan.
Şux nəğməsiylə ərəb
Ağlı aparar başdan.
Şeirimlə qız şalından
Daima gül dərmişəm.
Pak xanımlarım mənə
Sadiq qalıb həmişə.
Haydı, gülü, meyvəni
Düzün artıq süfrəyə.
Öyüd umanlar gəlsin
Təzə söz eşitməyə.
Tapıntı
Gəzinti zamanı mən
Qəfil meşəyə vardım.
Bekardım - oralarda
Heç bir şey axtarmırdım.
Gördüm bir çiçək bitib
Dalda yerdə, kölgədə.
Nur saçır ətrafına
Parlaq bir ulduz qədər.
Dərməyə əyiləndə
Bir səs eşitdim qəfil:
"Dostum, solub-getməyim
Axı insafdan deyil".
Odur ki, kökləriylə
Birgə onu qopardım.
Bağımda əkim deyə,
Alıb evə apardım.
Gətirib, onu sakit,
Rahat guşədə əkdim.
İndi gördüyü tək iş -
Təkrar çiçəkləməkdi.
Bir gələn olar
Düşüb arxasınca qaçdığım zaman
Nazlı yar meşəyə, talaya endi.
Nə desə yaxşıdır, belin qucanda:
"Bax ha! Haray-həşir salacam indi!"
Çımxırdım: "Kim mane olsa bu eşqə,
Bil, onun gec, ya tez dili quruyar!"
Yar yumdu ağzımı: "Sus! Gəl, çığırma!
Yoxsa, bu səs-küyə bir gələn olar!"
Pyer de RONSAR
(1524-1585)
Məşhur fransız şairidir. Paris Universitetində təhsil alıb.
Əsasən sonet, elegiya, ekloqa, oda və himn janrında mətnlər, habelə poemalar yazıb.
Yeddi qələm dostuyla birgə qurduğu "Pleyada" adlı ədəbi qrup qədim yunan və Roma ədəbiyyatını araşdırıb-öyrənməklə, milli poeziyanı onlardan əxz olunan ənənələr hesabına daha da zənginləşdirməyin yolunu tutubmuş.
Helen üçün sonet
Bir gün yaşa dolarsan sən də əvvəl, ya axır,
Yundan ip əyirərkən titrək şam işığında,
Yazdığım misraları pəsdən təkrarlayaraq,
Deyərsən: "Şair Ronsar əcəb öyübmüş məni".
Bu etirafı duycaq, tez yerindən sıçrayar
İş-gücdən tabsız düşən, mürgülü qaravaşın.
Hə, adımı eşidib, mürgüdən dik atılan
Qaravaşın da mənə yüz yol rəhmət oxuyar.
O vaxta sümüklərim qarışsa da torpağa,
Ruhum hədsiz şad olar göyün uca qatında.
Sizsə çömbəlib yenə yanan ocaq başında
Keçmiş günləri anıb, ararsınız boşuna.
Odur ki, söz dinləyin: həyatın şəhd-şirəsin
Dadmağın tək vaxtı var -
o dəm də, bax, bu dəmdir.
***
Görəsən, elə bir məxluq varmı ki,
O, qənim kəsilə öz nəslinə də?!
Təkcə insanoğlu öz soydaşının
Qanına susayar ilk girəvədə.
***
Bil, səni ram etməyə qadirsə qadın hüsnü
O - güclüdür Tanrıdan, səndən, oddan, metaldan.
Robert BÖRNS
(1759-1796)
Şotland şairi və folklorçusudur. Eyni uğurla həm şotland, həm də alman dillərində gözəl şeirlər yaradıb. Onun doğulduğu gün - 25 yanvar hər il Şotlandiyada milli bayram səviyyəsində qeyd olunur.
Adsız şeir
Daralır günbəgün səbrim, qərarım,
Dözürəm... dünyadan çəkib əl-ətək.
Kimi gözləyirəm, kimi? Bilmirəm,
Yuxusuz qalsam da gecə sübhədək.
Kimi gözləyirəm, görəsən, kimi?
Özümə dost-həyan tapım, deyərək,
Hazıram dolaşım bütün aləmi.
Hazıram dolaşım bütün aləmi,
Özümə dost-həyan tapım, deyərək.
Kaş qahmar çıxaydı saf sevgimizə
O gözəgörünməz, gizli qüvvələr.
Bəlkə o sayədə sirli sevgilim
Xatasız-bəlasız yanıma gələr.
Hələ də möhtacam yaxşı həyana,
Qüssə aman verməz getsəm hayana.
Bütün var-yoxumu qurban verərdim
Həmdəm tapılsaydı əgər bu cana.
Həmdəm tapılsaydı əgər bu cana,
Bütün var-yoxumu verərdim ona.
Şarl BODLER
(1821-1867)
Görkəmli fransız şairi, esseçisi, ədəbi tənqidçisi və tərcüməçisi olub. Avropa ədəbiyyatında Dekadans və Simvolizm ədəbi cərəyanlarının yaradıcısı sayılır.
XCIII
Yoldan ötən bir dilbərə
Bir dilbərə rast gəldim - küçədə, izdihamda,
O, yasa bürünmüşdü, hüsnü solğundu bir az.
Ətəyini yığaraq, bir heykəltək yeriyən
gözəllik timsalıydı... Bunu sezməmək olmaz.
Səksəndim qəm möhürlü o ləbləri görüncə,
Onlar qoymurdu bu şux məğzin çıxara üzə -
Xanımlıqdan, işvədən necə pay almışdısa,
Hazırdı aşiqini alıb, bələyə həzzə.
Sanki zülmət içində yanıb-söndü işartı,
Sanki könlüm o şuxdan ilham aldı, güc aldı.
Qismətmi bir də keçəm bu cür dilbər yanından
Bu dünyada, yoxsa ki... axirət zamanında?
O şahid olmasa da içimdəki yanğına,
Dəli kimi sevərdim onu... əmindi buna.
Dilimizə çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!