O divarın dibində, mimozanın altında... - Kataloniya nasiri Merse Rodoredanın hekayəsi

Merse RODOREDA (1908-1983) - tanınmış Kataloniya nasiridir. Ədəbi yaradıcılığına görə bir sıra ədəbi ödüllərə layiq görülübdür. Məcburi mühacirət üzündən sığındığı Fransada təxminən, iyirmi ilə qədər yaşayıb və həmin dövrdə yaradıcı fəaliyyətində qeyri-ixtiyari bir fasilə yaranıb.

Hekayə kitabları: "İyirmi iki hekayə" (1958), "Mənim Kristinam və digər əhvalatlar" (1967), "Bütün əhvalatlar" (1979), "Səyahətlər və çiçəklər" (1980)

Romanları: "Mən ləyaqətli qadınammı?" (1933), "Kişinin həyatından bircə gün" (1934), "Aloma" (1937), "Cinayət" (1936), "Diamant meydanı" (1962), "Kameliyalı küçə" (1966), "Dəniz kənarındakı bağ" (1967), "Qırılmış ayna" (1974).

 

 

Merse RODOREDA

 

O divarın dibində,

mimozanın altında...

 

 

Mikel məni atıb gedəndə bütün rəfiqələrim bundan kam alırmışcasına sevinirdilər: adaxlım qəfildən gedib dünyanı gəzib-görmək həvəsinə düşmüş və geri dönəcəyini vəd eləmişdi. Rəfiqələrim isə hələ də oturub-durub, mənə təsəlli verirlər ki, əgər adaxlın belə deyibsə, onda mütləq qayıdacaq, halbuki öz-özlüklərində nişanlımın üzünü bir daha görməyəcəyimdən arxayındırlar. Elə özüm də bu fikirdəyəm, çünki Mikel ilk görüşdəcə mənimlə yatağa girmişdi və bu variant mənim yatsam, heç yuxuma da girməzdi, çünki bir ömür boyu evdə qalıb, qarımaq istəmirdim. Ancaq ürək də daşdan deyil ha, əgər bir adam öz həyatını sənsiz heç cür düşünə bilmədiyini dilinə gətirib, and-aman edirsə, ona "yox" cavabı vermək bir az müşkülə dönür və mən də bunu... o vaxt bacarmadım.

Bəlkə də o, nə vaxtsa həqiqətən, geri dönəcəkdi, ancaq o zaman Mikel daha mənə əsla lazım olmayacaqdı. Həm də canımdakı soyuqdəymənin hələ də keçib-getməməsi rəfiqələrimi heyrətləndirir. Eyb etməz, qoy onlar maraqlarından çatlasınlar. Öskürəkdən boğulanda və ya burnumun suyu durmadan axanda niyə mahnı oxuduğumu onlar yüz il qala, anlaya bilməzlər. Axı mən indiyədək heç kimə sirr gəlməmişdim ki, əsgərlərə heyranam, onları görcək, ürəyimin yağı əriyir. Hərbi formada, çəkmələrini tappıldadaraq, küçəmizdən keçdikləri vaxt bəzən içimə qüssə hissi dolur... Günəşin altında, o cür geyimdə və sırayla yeriyərkən, çox yəqin onların havası çatışmır. Bununla yanaşı, aralarından bəziləri öz tağalağını şəstlə yan qoymağından da qalmır...

Üç-üç gəzişən əsgərlər canları sıxıldığından yoldan ötən hər qızla bir bəhanəylə söhbətə girişməyə çalışanda nədənsə mənə kökündən qoparılan ağacları xatırladırlar. Əyalətdən gələn bu cavanlar şəhərdə dəhşət darıxırlar! Analarından ötrü, evlərindən ötrü, ev xörəklərindən ötrü burunlarının ucu göynəyir. Quyu başına yığışan qızlardan ötrü, öz aləmlərində doğma sayılacaq hər şeyə həsrət duyurlar. Bütün bunlar azmış kimi, hələ hərbi forma geyinməyə də məcburdurlar və ondan qurtulmaları imkansızdır.

Bir dəfə onlar yenə üçlükdə gəzişirdilər. O gün əynimdə açıq çəhrayı rəngdə kofta, boynumda isə eyni rəngdə yaylıq vardı. Həmin koftanı tikəndə parçadan artıq qalmışdı. Arxada yığdığım saçlarıma həmin gün üzərində gözqamaşdırıcı və qızılı rəngli bant olan çəhrayı sancaq taxmışdım. Mənim bərabərimə çatanda əsgərlər ayaq saxlamaqla, yolumu kəsdilər. Onlardan dəyirmi sifətli olanı soruşdu: "Sizdə artıq tramvay bileti tapılmaz ki?" Mən də dedim ki, biletim-zadım yoxdur. Onda ikinci əsgər söhbətə qoşuldu: "Hətta işlənmiş bilet də işimizə yarayar". Bu ikisi elə hey bir-biriylə baxışaraq, hırıldayırdı, üçüncü əsgər isə lal-dinməz bir kənarda dayanmışdı. Onun yanağında və boynunda iri xalı vardı, qulağının böyründəki xal isə nisbətən kiçik və tünd qəhvəyi rəngdə idi.

Bilet bəhanəsiylə mənimlə söhbətə girişənlər sonra adımla maraqlandılar, mən də bunu gizlətməyə elə bir hacət duymadan o dəqiqə adımı söylədim... "Xrizantema" cavabını eşidincə, onlar bildirdilər ki, xrizantema - payızda açan bir çiçəkdir, mən isə hədsiz təzə-tər olduğum üçün o payız çiçəyinə zərrəcə bənzəmirəm. Bizdən aralıda duran və bayaqdan bəri ağzına su alan əsgər dedi: "Yaxşı. Gəlin, gedək". Yoldaşları isə ona belə cavab verdilər: "Dözsənə bir az, indicə Xrizantema bizə adi günlərdə hansı məşğuliyyətlərlə baş qatdığından söz açacaq".

Bu yerdə, yəni söhbətimizin bəlli bir axara düşdüyü məqamda, əsgərlər gülüşərək, məndən aralandılar. Ancaq aradan üç-beş dəqiqə ötüncə, bayaq daim susan və indi yoldaşlarından ayrılan o əsgər gəlib məni haqladı və ara-sıra görüşmək istəyini dilə gətirdi. Əlbət, razılıq verməmi umurdu, çünki mən onların kəndindəki Jasinta adlı hansısa qıza bənzəyirmişəm...

Nə vaxt görüşə biləcəyimizi xəbər alanda isə dedim: "Cümə günü, axşamüstü".

Həmin gün bizim ağalar nəvələrini görməkdən ötrü Tarraqonaya yola düşdülər. Ev-eşikdən muğayat olmağı, Valensiyadan buraya tərəf yola çıxan senyora Karlotanın gəlişini gözləməyi mənə əlbəəl tapşırdılar. Qulluqçusu olduğum həmin evin ünvanını yazmağı əsgərə təklif eləsəm də, o, əla yaddaşına güvəndiyi üçün buna gərək duymadı.

Cümə günü axşamı o, küçədə dayanıb, mənim yolumu gözləyirdi. Səbəbini bilməsəm də, özümü nəsə belə narahat hiss edirdim, sanki bütün bədənimə bir qarışqa sürüsü daraşmışdı, damarlarım gizildəyirdi, içimdə nələrin olub-bitdiyini bilməsəm də, bircə şeydən tamamilə arxayın idim: bu cavan oğlan möhkəm darıxır, buna görə də mənimlə görüşə belə can atır.

Aralarına qızardılmış ət tikələri qoyduğum bir cüt kökəni də özümlə götürmüşdüm. Bir qədər sonra: "Birdən ac olarsan, ha" deyib, çıxartdığım buterbrodlardan birini ona uzatdım.

Rahatca yeyək deyə, hansısa bağın hasarına söykəndik. Həmin bağda bitən ağacların və qızılgül kollarının budaqları küçəyə tərəf uzanmaqda idi. Mən kökədən iri tikələr qoparıb yeyirdim, o isə ağır-ağır, səliqəli tərpənirdi: əvvəlcə kökədən, sonra isə ətdən bir tikə qoparır, ardınca bunları birlikdə ağzına atırdı. Bəzən kənd adamlarında gördüyün bəzi davranışlara valeh olmaya bilmirsən. Məhz bu səbəbdən iştaham kəsildi və mən yeyib-bitirə bilmədiyim kökəni də oğlana uzatdım. Əsgər onu da əlüstü gözünə təpdi.

Adı Anjel imiş - bu ad həmişə könlümə yatmışdı mənim. Həmin gün çox az söhbətləşsək də, bir-birimiz barədə xeyli şey öyrənməyə fürsət tapdıq.

Geri döndüyümüzdə bir dəstə uşaq dalımızca düşdü, məzəli jestlər göstərərək çığırışdı: "Bəy və gəlin! Bəy və gəlin!" Aralarından ən balacası isə ardımızca bir ovuc qum atdı, ancaq Anjelin ona tərəf getdiyini görüncə, dabanına tüpürdü. Çevik tərpənən əsgər onu yaxalayıb, qulaqburması verdi - ancaq bunu yüngülvarı, sırf dərs olsun deyə elədi, həm də uşağa söz verdi ki, gələn səfər əvvəlcə onu zirzəmiyə salacaq, sonra isə əsgərliyə göndərəcək ki, iki il sərasər kartof soymağın nə demək olduğunu, bəlkə o sayədə anlaya. Həmin görüşümüzdə başqa bir şey yaşanmadı.

Səhəri gün biz təkrar həmin küçədə görüşdük, yenə də söhbətləşmək üçün o suvağı tökülmüş hasarın yanında dayandıq. Küçənin qarşı cinahındakı hasarın o biri üzündə, giriş qapısının sağında və solunda yerləşən, pəncərələrinə barmaqlıq vurulmuş kiçik evlər gözə dəyirdi. Onların bayır qapıları həmişə bağlı olurdu: görünür, ev sahiblərinin bütün həyatı evlərin arxa tərəfindəki terrasda və ya bağçada keçirdi.

Bir dəfə biz orada dayananda küçə fənərləri həmişəkindən erkən yandı: hava hələ tam qaralmamışdı, səma gömgöy idi və məhz o an diqqət yetirdim ki, başımız üstdə ucalan ağac mimozadır. Həmin vaxt o, təzəcə çiçəkləməyə başlamışdı və başdan-ayağa  çiçəklərə büründüyü üçün necə gözəl görünürdüsə, adamın ağlını başından alırdı: yaşılımtıl yarpaqları təkəm-seyrək idi, yaşılı xovların isə sayı-hesabı bilinmədiyindən hər budaq qızılı rəngli buludu xatırladırdı. Orada sivriuclu yarpaqları çiçəklərindən daha çox olan, budaqları isə umuzun başqa ağaclar da vardı. Fənərin işığında adama elə gəlirdi ki, mimozanın budaqları birbaşa göydən üzüaşağı sallanır...

Adətən biz fənərlər yandırılana qədər yeməyimizi bitirirdik. Hər dəfə özümlə qızardılmış ət və kökələr gətirirdim. Anjel tikələri səssizcə və bir-bir qoparıb, ağzına qoyduqca, mən onun boynundakı o xalı tərifləyib-öyməkdən özümü güclə saxlayırdım.

Həmin axşamlardan birində mən möhkəmcə soyuqladım: daha şux görünməkdən ötrü o gün bozumtul rəngli ipək koftamı geyinmişdim deyə, evə döndüyüm zaman həm gözlərim sulandı, həm də başım ağrıdan çatladı.

Səhəri gün aptekə yollanmağa məcbur qaldım: oradakı senyora hökmlə bildirdi ki, təcili dərman içməliyəm, çünki bu, adi soyuqdəymə deyil, hər halda mən qripə yoluxmuşam. Aptekdəki satıcının açıq boz rəngli, hətta az qala rəngsiz sayılacaq gözləri vardı. Heç vaxt ilan gözü görməsəm də, tamamilə əmin idim ki, o xanımın gözləri məhz ilanınkına bənzəyir. O bildirdi ki, bu - adi yaz soyuqdəyməsidir, mən isə ona ipək koftam və mimoza ağacı barədə söz açdım. O an əczaçı kişi də söhbətə qoşuldu: "Hə, sənin xəstələnmənə elə o mimozanın tozcuqları səbəb olub. Bir də heç vaxt mimozanın altında dayanma".

Bir dəfə yenə həmişəki kimi Anjel ilə hasarın dibində oturduğumuz vaxt bizdən bir qədər aralıda, tində bir baş göründü. Yox, elə bilməyin ki, o ara gözümə kabus-filan görünübmüş və baş da kəsik imiş. Sadəcə olaraq, tində duran cavan bir oğlan nədənsə gizlicə bizə göz qoyurdu. Baxışlarımın düz ona dikildiyini anlasın deyə, mən də düz ona tərəf baxdım. Həmin gecə bizi güdən o adamı xəyalımda canlandırmağa çalışınca, onun siması mənə tanış gəlməyə başladı. Hətta mən and içərdim ki, o, Anjel ilə ilk rastlaşdığımız gün məndən tramvay bileti istəyən o əsgərlərdən biridir. Ona bu barədə bildirəndə Anjel dedi ki, belə bir şeyin mümkünü yoxdur, çünki həmin əsgərlər artıq xidmətlərini başa vurub, evlərinə yollanıblar.

Məhz o gün onu son kərə gördüm və biz bir daha heç görüşmədik.

Sonralar mən köhnə görüş yerimizdəki hasarın yanına çox getdim. Durub, onun yolunu gözlədim, sonra usanıb, bu işdən əl çəkdim. Buna baxmayaraq, ürəyim hələ də qəfil-qəfil hövllənməyindən qalmır: "Birdən o, həmin yerə gəlib, məni gözləyər, ha..."

Anjel bir kərə də olsun məni öpməmişdi, mimoza ağacı altında dayandığımız saatlarda eləcə əlimi ovcuna alıb, saxlayırdı.

Bir dəfə yeməyi bitirəndən sonra o, zənnlə və uzun-uzadı məni süzdü. Bunun səbəbini soruşanda isə çiyinlərini çəkdi, yəni "Heç özüm də bilmirəm" mənasında. Kökəmin yarısını ona uzatdığım an baxışlarında hələ də o qəribə ifadənin donduğuna şahid oldum.

Soyuqdəyməm isə keçmək, sağalmaq bilmədi, hətta mənə ömürlük yoldaş oldu da deyə bilərəm, çünki bir azca yaxşılaşan kimi xəstəlik dərhal geri dönüb, burnumu necə qıcıqlandırırsa, sürəkli asqırmağım gəlir, gecələr kəsmək bilməyən öskürək isə rahatlığıma əməlli-başlı haram qatırdı. Ancaq daha heç nə vecimə deyildi.

Sonralar fərqli şeylər, məsələn, bor turşusu-filan almaqdan ötrü yolumu aptekdən salanda satıcı daima mənə xəbərdarlıq etməyindən qalmadı: "Mimozadan uzaq durun, ha!"

İndinin özündə o soyuqdəymə özünü təkrar büruzə verəndə mənə yenə elə gəlir ki, ona həmin o hasarın dibində yoluxmuşam, sanki köhnə görüş yerimizə getməkdən hələ də əl üzməmişəm.

Mikel ilə vaxt keçirmək daha xoş idi, bütün ismətli qızlar gec-tez kiməsə ərə gedəcəyi üçün mən də onunla ailə qurmağa həvəsli idim. Ancaq bəzən Mikellə baş-başa qalanda da elə sanırdım ki, ovcumda məhz Anjelin əlini tutmuşam: əvvəlcə ovcumu yumur, sonra isə barmaqlarımı açırdım ki, istədiyi vaxt əlini geri çəkə bilsin... anlasın ki, heç kəs onu zorla tutub, saxlamır. Rəfiqələrim başını götürüb, haralarasa üz tutan Mikel barədə qara-qara düşündüyümü zənn eləsələr də, əslində bir tüstü dalğası kimi uçub-əriyən Anjel idi ağlımdan heç cür çıxmayan. Həm də ki belədə mən əsla qüssələnmirəm. Barəsində düşündüyüm müddətcə o, yenə mənimlədir.

Bircə şey könlümü açmır... Aptekdə indi yeni satıcı işə başlayıb. O, məni tanımır və məsələn, bir qutu aspirin istəyəndə eləcə: "Qiyməti iki peseta yarımdır" deyir və kassa makinasını şaqqıldadır. Əgər minaçiçəyi istəyirəmsə, heç üzümə də baxmadan mızıldanır: "İki real". Təkrar kassa makinası işə düşür. Belə olunca, mən yuxulu birisi kimi çıxışa tərəf üz tutur, ancaq kandara çatanda səbəbini özüm də bilmədən bir anlığa ayaq saxlayıram. Deyəsən, mən vacib nəyisə salıb itirmişəm axı.

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!