Görkəmli fransız nasiri, jurnalisti və müzik-holl aktrisasıdır. Romanlarının əksər qismində o, kübar cəmiyyətinin "qaymağı" sayılan varlıların və xırda burjuaların həyat tərzini kinayəli bir tərzdə təsvir edib.
İlk həyat yoldaşı - yazıçı və jurnalist Anri Qotye-Villar sayəsində Kolett Parisin ədəbi və sənət cameəsi ilə yaxın təmaslar qurub. 1896-cı ildən başlayaraq, Kolettin qələmindən çıxan avtobioqrafik məzmunlu və "Klodina" silsiləsinə aid ilk romanları əri "Villi" təxəllüsü ilə öz adından nəşr etdirib.
1904-cü ildən sonra artıq öz imzasıyla çap olunan bu qadın yazar öz nəsrində Balzakın, Mopassanın və Qonkur qardaşlarının realist ənənələrini uğurla davam etdirib. 1906-cı ildə ərindən boşanıb və bir neçə müzik-hollda səhnəyə çıxandan sonra tamamilə sərbəst həyat tərzi sürüb.
1912-ci ildə ikinci dəfə nikaha girib və 11 il sonra bu ərindən də boşanıb.
Bəstəkar M.Ravelın "Uşaq və tilsim" (1925) opera-baletinə libretto yazıb.
İkinci Dünya müharibəsindən sonrakı illərdə bir yazıçı kimi xeyli məşhurlaşıb. 1945-ci ildə Qonkur Akademiyasının üzvü, 4 il sonra isə bu qurumun prezidenti seçilib. Ömrü boyu 50 kitabı işıq üzü görüb.
Onun uğurlu romanları sırasına "Sentimental inziva", "Başabəla sadəlövhlük", "Sərgərdan qız", "Şeri", "Sido", "Mavi fənər" və "Qarmaqarışıq gündəlik" daxildir.
Yazarın 1948-55-ci illərdə nəşr olunan "Seçilmiş əsərləri" 15 cilddən ibarətdir.
Vəfat etdiyi zaman Fransa Respublikası onun Per-Laşez məzarlığında dəfnini rəsmi səviyyədə təşkil edib.
Parisin mərkəzində, "Komedi-Fransez" teatrının qarşısında yerləşən meydana 1966-cı ildə yazıçı Kolettin adı verilib.
Romanları əsasında və öz həyat yolu barədə bir neçə bədii və televiziya filmi çəkilib. "Jiji" adlı romanı əsasında çəkilən musiqili film isə 1958-ci ildə 9 ayrı nominasiya üzrə "Oskar" mükafatına layiq görülüb.
İt
Parisə qısa məzuniyyətə gələn serjant öz sevgilisini evdə tapmadı. Ancaq buna rəğmən, baş çəkdiyi evdə onu görünməmiş şadyanalıqla qarşıladılar, bağırlarına basıb, öpdülər: hətta burada qoyub-getdiyi Voras adlı çoban iti də bir od parçasına dönərək, bir an belə ondan aralanmır, təlaşdan ağaran diliylə serjantın üz-gözünü yalamaqdan ötrü hər an fürsət gəzirdi. Yeri gəlmişkən, elə Voras qədər təşvişə qapılan qulluqçu qadın da heç dil-boğaza qoymurdu:
- Sən allah, tərsliyə bax da! Xanım da iki günlüyə Marlotta gedib ki, o evi tamamilə qapatsın: axı orada məskunlaşan kirayəçilər evi tərk etməyə hazırlaşırlar. Xanım hər şeyin yerli-yerində olmasını, mebellərin vəziyyətini yoxlayasıydı... Ancaq çox şükür, Marlott da dünyanın o biri başı sayılmaz. Bəlkə müsyö bir teleqram mətni yazsın, mən də onu qaçıb, poçtdan yola salım, hə? Əgər teleqramı təcili qaydada göndərsək, xanım sabahkı səhər yeməyinə qədər özünü bura çatdırar. Siz isə, müsyö, gecəni burada keçirərsiniz. Əgər yuyunmağı arzulayırsınızsa, hamamı qızdıra bilərəm.
- Yox, mən evdə yuyunmuşam, Lüsi... Məzuniyyətə çıxan əsgər hərbi xidmətin bütün nişanələrindən dərhal arınmağa çalışır axı!
Bu ara aynada özünü süzdü. Mavi mundiri və barıt tüstüsündən ütülən dərisi öz rəngləri baxımından Breton qranitini xatırladırdı. Ona duyduğu rəğbəti necə ifadə edəcəyini bilməyən Briar cinsli çoban itinin bütün bədəni xəfifcə titrəyirdi. Bu mavi çalarlı, açıq bozumtul rəngli itin özünə hədsiz dərəcədə bənzədiyini sezən serjantı gic bir gülmək tutdu, çünki it də elə özü qədər qaşqabaqlı idi.
- Voras!
Adını eşidən it özünün sevgi dolu baxışlarını sahibinin üzünə dikdiyi üçün serjant kövrəldi, özündən ixtiyarsız sevgilisini, son dərəcə cavan və hədsiz şux Janninasını xatırladı: həqiqətən də, sevgilisi son dərəcə cavan və hədsiz şux birisiydi...
İti ilə birlikdə nahar elədi. Əvvəllər birgə nahar etdikləri zaman qazanılan vərdişlərini unutmayan it serjantın atdığı çörək tikələrini elə havadaca yaxalayır, aldığı komandalara uyğun səslər çıxarırdı - aylarla sürən ayrılığın acısı da deyəsən, itin öz sahibinə duyduğu sonsuz sədaqət hesabına yavaş-yavaş unudulurdu. Serjant qısıq səslə itə bu etirafda bulundu:
- Səndən ötrü elə darıxırdım ki! Hə, həm də səndən ötrü!..
Artıq o, divanda yarı uzanmış halda siqaret tüstülədirdi. İt isə - məzarlar üzərində mərmərdən qoyulan it heykəlləri kimi - özünü yuxulu göstərir, heç qulaqlarını da tərpətmirdi. Hər hənirti qarşılığında tərpənən qaşlarına əsasən də təyin edərdin ki, bu heyvan yatıb-eləməyib.
Yorğunluq serjantı lap əldən salmışdı, evə çökən sükut onu tədricən yuxu aləminə sürükləyirdi. Siqaret tutan əli yastığın kənarıyla irəliyə doğru uzanarkən ipək üzlüyə toxundu. Mürgüyə birtəhər güc gələrək, yerindən qalxdı, əlinə keçən ilk kitabı açdı, sonra onun böyründəki bütün xırda-xuruş əşyaları əlinə götürüb, baxdı. Bunun ardınca növbə qızın indiyədək heç görmədiyi fotosuna sataşdı: Jannina bu şəkli mini ətəkdə, qısaqol koftada, həm də kənd mənzərəsi fonunda çəkdirmişdi.
"Həvəskar fotodur bu... Sevgilim isə həmişəki kimi gözəldir..."
Çərçivəyə salınmamış fotonun arxa tərəfindəki yazıya göz atdı: "Beş iyun 1916-cı il..."
"O vaxt mən... Həqiqətən, ey, həmin gün, yəni iyunun beşində mən harada idim?.. Hə də, Arras yaxınlığındaydım... Beş iyun... Bu xətt isə mənə heç tanış gəlmir axı..."
Təkrar keçib əyləşdi, bütün fikirlərini pərən-pərən salan mürgü, hər şeyə rəğmən, bütün varlığına hakim kəsildi. Divar saatı onu vurdu. Saatın xəfif, amma dolğun cingiltisi qulağını oxşayarkən, Janninanın bu saatla bağlı dediyi: "Bapbalaca saatdır, amma səsi böyük saatlarınkından heç geri qalmır" sözlərini xatırlayaraq, gülümsəməyə fürsət tapdı. Hə, saat onu vurdu və it də cəld uzandığı yerdən qalxdı. Serjant yarıyuxulu halda heyvana təpindi:
- Neynirsən?! Uzan yerinə!
Ancaq Voras onu dinləmədi, silkinəndən sonra pəncələrini aralı qoyaraq, uzun-uzadı gərnəşdi: bu hərəkət isə qapıdan çıxmağa hazırlaşan bir adamın şlyapasını başına taxması qədər adi bir şey sayılmalı idi. Sonra sahibinə yanaşan itin baxışlarında bu sual dondu: "Nə var?"
Serjant təkrarladı:
- Nə var, hə? Sənə nə?!
Sahibi bunları dediyi vaxt üzüyola halda qulaqlarını sallayan heyvancığaz az sonra onları təkrar şəklədi. Serjant dərin bir ah çəkdi:
- Ohh, əcəb zəhlətökənsən ha! Nə var, nə istəyirsən məndən? Su, yoxsa, gəzinti?
Qulaqları "gəzinti" sözünü alan it tüklərini pırpızlatdı, qısa və qırıq-qırıq şəkildə ləhləməyə başladı, o ara gözoxşayan kəsici dişlərini və ətli dilini göstərməyi də unutmadı.
- Yaxşı, gəl, gedək. Ancaq qısa müddətə ha. Çünki yorğunam və yatmaq istəyirəm!
Küçəyə çıxan kimi sevincindən dəliyə dönən Voras canavar kimi bir ağız uladı, yerində adam boyu hoppandı, burnuyla sahibinin boynuna toxundu, hansısa pişiyi qovarağa qatandan sonra fırfıra kimi fırlanıb, durdu. Serjant onu yüngülvarı məzəmmət eləsə də, it öz sahibinə illah, yarınmaqdan ötrü yamanca əldən-ayaqdan gedir, heç cür sakitləşmək istəmirdi. Ən nəhayət, o, bir hovur dinclik tapdı və təmkinlə qabağa düşüb, getməyə başladı. İlıq axşam havasını ciyərlərinə çəkən serjant itin ardınca irəliləyərək, bu iki-üç cümləni mızıldanaraq oxuyurdu:
- Sabah səhər Janninanı görəcəyəm mən... Pərqu bir yataqda uyuyacağam... Bir həftə beləcə dincələcəyəm...
O ara diqqət yetirdi ki, fənərin işığında irəliləyən it öz səbirsiz baxışlarını sahibinə zilləyib. Heyvanın gözləri də, sağa-sola yellədiyi quyruğu da, gərgin vəziyyət alan bütün gövdəsi də sanki soruşurdu: "Hə, noldu, niyə gəlmirsən bəs?!"
Serjant bərabərinə çatdığı zaman Voras qəfil yan küçəyə buruldu. O an sahibi anladı ki, it onu haraya aparacağını dəqiq bilir.
Düşündü: "Bəlkə qulluqçu qadın... ya da Jannina... buralara gəlib-gedir, hə?"
Bir anlığa karıxıb-durandan sonra o, itin ardınca düşdü. O ara mürgünün də, yorğunluğun da, bəxtəvərlik hissinin də onu necə əlüstü tərk elədiyinin heç fərqinə də varmadı. Addımlarını yeyinlətdi. İt isə sınanmış bələdçi kimi önünə düşüb, getməyində idi. Serjant ara-sıra ona buyruqlar da verirdi:
- Get, durma görüm!
Küçənin adını oxuyandan sonra təkrar yola düzəldi. Yolda bir kimsə gözə dəymirdi. Adda-budda rastına çıxan fənərlər öz ətraflarına ölgün-ölgün işıq saçırdı. Burada kiçik evlər və bağlar vardı. Sevincdən təlaşlanan it xəfifcə sahibinin əlini dişlədi. Buna görə içində oyanan hiddəti serjant çətinliklə boğdu və heyvanı vurmaqdan özünü güclə saxladı.
Ən nəhayət, Voras dayanıb, durdu. Sanki: "Gəlib çatdıq!" demək istəyirdi. Qarşısında durduqları bağın köhnə barmaqlıqları qismən əyilmişdi, çox da hündür olmayan daxmanın divarları isə yabanı üzüm tənəkləri və mayaotu ilə örtülmüşdü, sanki bu kiçicik daxma qorxusundan o yaşıl örtüyün altına, ardına sığınmışdı...
Həyət qapısını kəsdirən, bir ayağını götürüb, digərini qoyan it elə bil sahibinə deyirdi: "Gəl də, nə duruxmusan?! Açsana qapını!"
Serjant cəftəni qaldırmaq üçün əlini irəli uzatsa da, sonra onu yanına saldı. İtə tərəf əyilib, qapalı pəncərə qapaqlarının arasından bayıra süzülən işıq zolağını barmağıyla nişan verərək, qəsdən soruşdu:
- Kim var axı orada?.. Janninamı?..
Zingildəyən it bir ağız hürdü. Heyvana: "Susss!" deyə təpinən serjant əliylə onun nəmli, sərin ağzını qapadı...
Yenə də tərəddüdlə əlini cəftəyə sarı uzatdığı an it döşüylə alaqapıya həmlə eləmək istədi, ancaq serjant xaltasından yapışmaqla, onu küçənin qarşı cinahına çəkib, apardı. Birisinin ona qarşı mümkün xəyanəti ilə bağlı fikir və ifadələr hələlik beynində tam mənada şəkillənməmişdi, ancaq daxilən özünü artıq yalqız və çarəsiz biri kimi hiss edirdi.
İtin qulağına bu sözləri pıçıldadı:
- Məni sevirsən?
İt sahibinin üzünü yaladı.
- Onda gəl, buradan gedək!
Birlikdə yola düzəldilər. Ancaq bu dəfə serjant qabağa düşdü. Darısqal qonaq otağında olduqları vaxt Voras serjantın öz ev geyimlərini və çəkələklərini bel çantasına necə tələm-tələsik dürtdüyünə göz qoyurdu. Çarəsizliyə qapılan və nə edəcəyini bilməyən heyvan serjantın hər hərəkətini diqqətlə izləyirdi. Onun sarı gözlərində donan iri göz yaşları da indi qızılı rəngə çalırdı. Heyvana təsəlli verməkdən ötrü serjant onun böyrünü sığallayaraq dedi:
- Səni də özümlə aparacağam... Bir daha əsla ayrılmayacağıq. Gələn səfər mənə digər təfərrüatları çatdırmanı isə heç arzulamıram. Bəlkə də yanılıram... Bəlkə mən səni heç düz-əməlli başa düşmədim... Ancaq sən daha burada qala bilməzsən. Sənin o məsum qəlbində sadəcə mənimlə bağlı xatirələr mürgüləməlidir...
Sahibinin onu özüylə götürməyəcəyindən təlaşlanan itin bədəni əsib-titrəyirdi deyə, serjant onun başını ovucları arasına aldı və qısıq səslə bu sözləri pıçıldadı:
- Sənin qəlbin... Sənin bir itə xas qəlbin... Hə, sənin o gözəl qəlbin...
Dilimizə çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!