Yuxumda azğın sular dalğa-dalğa qabarır... - Rafael Albertinin şeirləri

Rafael Alberti

(İspaniya)

 

***

Bilirəm,

hardasa savaşdır yenə.

Bilirəm, dünyanın harasındasa

insanlar al qana bulaşır yenə.

 

Susun!

Bir anlığa susun, siz Allah!

Qoysanız unudam olub-keçəni?!

Və qoy uzaqlara, lap uzaqlara

aparsın, aparsın bu külək məni...

 

***

Bilsəm də aclıq

arzunu, istəyi çeynəyir, udur -

yenə əvvəlkitək oxuyam gərək.

 

Bilsəm də məhbəs

arzunu, istəyi sökür, dağıdır -

yenə əvvəlkitək oxuyam gərək.

 

Bilsəm də ölüm

arzunu, istəyi puça çıxarır -

mən yenə,

yenə əvvəlkitək oxuyam gərək!

 

***

Bir gün getsəm, gülüm,

getsəm yanından,

getsəm

və həsrətin çıxsa canımdan -

 

külək yetər, gülüm,

haqlayar məni

qatar qabağına,

təzədən yanına qaytarar məni...

 

***

Səninlə, ah, səninlə,

nə olacaq səninlə

bir gün mənsiz qalanda?!

 

Hansı işıq çəkəcək,

aparacaq de, səni,

hansı qaranlıq - məni?

 

Ağrılar sümüyündə,

gicgahında ağrılar,

gözündə, ürəyində,

canda-qanda ağrılar...

 

Səninlə, ah, səninlə,

nə olacaq səninlə -

mənsiz, mən olmayanda?!

 

***

Bağrıyanıq göyərçin,

de, hardasan, harda, sən?

 

Eşidirəm obaşdan

həzin, qəmli nəğməni -

özünsə yoxsan, ancaq.

O ağac harda bitib,

hanı qonduğun budaq?

 

Eşidirəm səsini 

sənin hər axşamçağı.

Oxuyursan harda sən, harda? -

bilmirəm, ancaq.

 

Hər gün qürub çağında

açılırsan sən necə!

Uzaqdasan, yaxında? -

biləmmirəm heç cürə.

 

Eləcə

bütün gecə

ötürsən için-için -

ovudan varmı səni?

Bağrıyanıq göyərçin,

harda axtarım səni?

 

Nədən təsəllisizsən?

De, hardasan, harda, sən?

 

***

Dəniz.

Və yalnız dəniz,

Yenə bu sonsuz dəniz.

 

Ata, niyə gətirdin 

axı məni şəhərə?

Nədən ayırdın məni

dənizdən?

 

Yuxumda azğın sular

dalğa-dalğa qabarır,

alıb mənim qəlbimi

dənizlərə aparır...

 

Ata, niyə gətirdin

axı məni şəhərə?

 

Tərcümə: Mahir N.Qarayev

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!