Türk əsirlər Gəncədə - Nazan Bəkiroğlunun "Nar ağacı" romanından bölüm

Nazan BƏKİROĞLU - tanınmış türk romançısı, filoloqu və pedaqoqudur. 03.05.1957-ci ildə Trabzonda doğulub. Orta təhsilini Trabzonda, ali təhsilini isə Ərzurumdakı Atatürk Universitetində (1975-79) alıb. 4 il boyu liseydə ədəbiyyat fənnini tədris edib.  

1985-ci ildən başlayaraq Trabzondakı Qaradəniz Texniki Universitetinin Təhsil fakültəsinin sıravi əməkdaşı sifətyilə əmək fəaliyyətinə başlayıb. Xalidə Ədib Adıvarın yaradıcılığı üzrə elmlər doktoru (1987), şairə Nigar xanımın ədəbi irsi üzrə isə dosentlik (1995) elmi dərəcəsi qazanıb. 2001-ci ildən isə həmin fakültənin professorudur.

Nəşr olunan əsərləri bunlardır: "Nun nağılları" (hekayələr, 1997), "Şair Nigar xanım" (araşdırma, 1998), "Xalidə Ədib Adıvar" (araşdırma, 1999), "Bənövşəyi mürəkkəb" (esselər, 1999), "Yusif və Züleyxa" (2000), "Mavi lalə, itən lalə" (esselər, 2001), "Ad ilə atəş arasında" (roman, 2002), "El qapısı" (esselər, 2003), "Şüşədən irmaq, daşdan gəmi" (hekayələr, 2006), "La: sonsuzluq hecası" (roman, 2008), "Yol ovqatı" (esselər, 2010), "Nar ağacı" (roman, 2012), "Mimoza sürgünü" (esselər, 2013), "Kəlmə dəftəri" (2014), "Mücəlla" (roman, 2015), "Qarışqa izləri" (2015 və "Kəhrəba keçidi" (roman, 2021).

 

 

rk əsirlər ncə

 

"Nar acı" romanından bir m

 

Səhəri gün Səttarxan Bakıya tərəf yola çıxdı. Bakı varacağı sonuncu ünvan idi, onun ardınca isə, axır ki, Təxti-Süleymana üz tutacaqdı. Gözəl bir oktyabr günü boyu mindiyi qatar insanlarla dolub-daşan stansiyalardan keçdi, gah iri, gah kiçik sayılacaq bu yolüstü məntəqələrin bəzilərində qatar yarım saata qədər gözlədi, bəzisində isə öz yoluna heç cür davam eləyə bilmədi.

Axşam vaqondan endiyi vaxt Səttarxan çox böyük bir şəhərin stansiyasında dayandıqlarını anladı və lövhədə yazılan "Yelizavetpol" sözünü oxudu. Rus işğalından sonra adı dəyişdirilən Gəncə idi bura, Şimali Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri, Nizaminin və "Xəmsə"nin ana yurdu sayılan Gəncə!

Qatarın burada saat yarım ləngiyəcəyini öyrənən Səttarxan aşağı endi. Stansiya binasını keçib, bir az meyvə, çərəz almaq, bir stəkan çay içmək niyyətinə düşdü. Ancaq yan-yörəsi necə basırıq, xətlər isə nə qədər dolu idisə, buradan saat yarıma çıxacaqları ağlına heç cür sığmadı.

O heyndə güclü uğultu qopdu və izdihamın içində dalğalanma yarandı. Ətrafı mühasirəyə alan rus əsgərləri qatarı gözləyən insanları ordan-burdan itələməklə, stansiya binasının içərisinə salmağa çalışırdılar. Bu qələbəliyin içinə qarışan Səttarxan da insanların arasında ilişib-qalmışdı və nə baş verdiyini heç cür anlaya bilmirdi. İzdiham qismən sakitləşincə, o, böyründə duran orta yaşlı, baqqala bənzəyən kişiyə tərəf dönüb, soruşdu:

- Ağa, nə olub axı? Bizi niyə zorla içəri dürtmək istəyirlər?

Kişi təəccüblə Səttarxanı süzdü:

- Sən yerli adam deyilsən, əlbət. Vağzala əsir qatarı gəlir də.

- Əsir qatarı?

- Hə də, əsir qatarı. Sən haralısan ki?

- Təbrizdənəm.

Kişi dodaqlarını büzdü: görünür, Səttarxanın dünyadan xəbərsiz biri olduğunu düşünürdü. Qısa izaha keçdi:

- O gətirilənlər Osmanlı əsgərləridir. Qafqaz cəbhəsində ruslara əsir düşən əsgərlər. İndi onları, ya Bakı buxtasındakı ilanlar qaynaşan Nargin adasına, ya da uzaq Sibirə göndərəcəklər. Hər iki halda yol Gəncədən keçir deyə, indi həmin qatar bura yan alır.

- Bəs siz neyləmisiniz ki, bunlar perronu belə boşaldır?

- Biz burada Gəncə Milli Komitəsini dəstəkləyirik.

Səttarxan bu adda bir təşkilat-zad tanımırdı.

- Biz "Cəmiyyəti-Xeyriyyə" ilə əməkdaşlıq şəraitində fəaliyyət göstəririk.

Bu ada isə o, Tiflisdə gördüyü bir lövhədə rast gəlmişdi.

Kişi sözünün ardını gətirdi:

- Belə vaqonlarda yolboyu aclıqdan, susuzluqdan, havasızlıqdan, ya da yaralı və xəstə olduğu üçün ölən əsgərlər olur. Ruslar stansiyalarda onları bir saman çuvalı kimi vaqonlardan aşağı tullayırlar. Gəncə stansiyasında da bu hal vaxtaşırı təkrarlanır. Gəncə Milli Komitəsi isə yerindən-yurdundan olan, vətəndən uzaqlarda canını tapşıran bu şəhid oğulların cəsədlərinin yiyəsiz və ortada qalmasına əsla razı deyil, odur ki, onların dəfnini öz vəzifəsi sayır. Hər dəfə burada əsir qatarının gəlişini gözləyir, ölüləri alıb, müsəlman qəbiristanlığına daşıyır, təkbirini, namaz və dualarını yerli-yerində oxutmaqla, qəribləri qara torpağa tapşırır.

Hiddətdən Səttarxanın damarlarındakı qan çəkildi, sanki. Kimə acıyacağına qərar verməkdə acizlik çəkdi, amma bunu qarşısındakı kişiyə heç büruzə vermədi. Ondan iki addım aralandı. Gözləmə zalının qapısına əsgərlər bayırdan, sadə xalq isə içəri tərəfdən dirənib, durmuşdu.

Bir azdan əsir qatarı vağzala girdi. Sonra vaqonların qapı-pəncərələri açılsa da, heç kəsin aşağı düşməsinə icazə verilmədi. Təmiz hava üzünə həsrət qalan Osmanlı əsgər və zabitləri ta qurşağa qədər pəncərələrdən aşağı sallanmışdılar. Heyətə rəhbərlik edən rus zabiti qatardan endi, stansiya rəisinə vaqonlardakı ölü hərbçilər barədə hesabat verdi. Keçinən dörd əsir isə nömrələrini sadaladığı vaqonlarda imiş.

Səttarxan burnunu gözləmə zalının kirli, yaşılımtıla çalan qapı şüşəsinə dayadı, qollarından və qılçalarından tutulmaqla, 1-dən 3-ə qədər sayıb, havada yellədikdən sonra "Hop-p!" - nidalarıyla yerə atılan o cəsədlərə göz qoydu. Qatar özünə ağırlıq edən o yüklərdən qurtulduqdan sonra rus əsgərləri vaqonların qapılarını təkrar əsirlərin üzünə qapayıb, sürgüləri də çəkdilər, qatar boyu qoruma xətti olaraq, öz bədənlərindən ibarət canlı bir divar, sədd yaratdılar. O ara hamısının tüfəngləri əllərində, barmaqları isə tətiklərdə idi. Ancaq bundan sonra vağzal binasının qapıları taybatay açıldı və təlaşlı camaatın bayıra tökülüşməsinə icazə verildi.

Gəncə Komitəsinin sayca az olmayan nümayəndələri yerdəki cəsədlərin başına yığışdı: onların arasında Gəncənin varlı tacirləri, cavanları, hətta yeniyetmələri, həm ağbirçəklər, həm də cavan qızlar var idi. O ara bir buxar səsi eşidildi: qatar "içində" yığılan buxarı boşaltdı. Bunun ardınca ilk zəng də çalındı.

Aralarından kimsə: "Qatar qalxacaq! Tez vaqonlara cumun, vaqonlara!" - deyə bağırdı. O an ölənlər qədər, elə qalanlara da uzanan bu yardım əlləri tək bədənə, tək ruha çevrildi və izdiham vaqonlara doğru qaçışmağa başladı. Hamı əvvəlcədən hazırladığı bağlamaları vaqonlara atmağa, bu başıbəlalı əsir qatarına hər nə cürsə çatdırmağa çalışırdı: içlərində əl-üz dəsmalı, alt köynəyi, axşamdan bişirilmiş təzə çörək və kökə, yəni Allah verən hər cür nemət, ən vacibi isə su vardı. Ancaq rus əsgərləri onların önünü kəsməkdə əsla gecikmədilər. Rus hərbi forması geyinmiş ermənilərdən ibarət jandarma və polislər də Cəmiyyət könüllülərini geri itələyərək, təkrar stansiya binasına doğru yönləndirməyə cəhd göstərdilər. Çığır-bağır, itələşmə, təpişmə, etirazlar və söyüşlər fonunda bu insan qələbəliyi hələ də dalğalanıb, durmaqda idi. Yumruqlar havaya qalxan kimi qundaqlar da zərbəyə hazır vəziyyətə gətirildi. Məhşəri xatırladan bu izdihamda heç kəs süngüyə, qundağa məhəl qoyana oxşamırdı, ancaq rus komandirin səsi eşidilən kimi bir anda bütün səs-küy yatdı.

Gəncəlilərdən biri irəli çıxdı: bu kişi hər halda o Cəmiyyətin sədri idi. Üzündən hiddət yağan, toz-torpaq və tər içindəki bu adamın nəfəsi daralsa da, haqsızlığa uğrayanların tərəfində olduğu üçün yetərincə zəhmli görünürdü.

Komandir ona rusca nələrsə dedi. Gəncəli də ona rusca cavab verdi. Aralarında gedən qızğın dilləşmədən sonra rus komandir yola gəldi: qatar iyirmi səkkiz vaqondan ibarət idi deyə, o, mövcud ərzağın hər vaqona bölüşdürülməsi barədə əmr verdi. Amma yerli camat da əlli-ayaqlı tərpənməli idi, çünki qatar hər an hərəkətə gələ bilərdi.

İzdihamın böyük qismi əsgərlərin qurduğu "canlı divardan" o üzə keçməklə, artıq vaqonlara tərəf cummağa macal tapmışdı. Pəncərələrdən bayıra uzanan Osmanlı əsgərləri onlara uzadılan, heç olmasa, vaqona tərəf atılan ərzaq bağlamalarını havada yaxalamağa çalışır, yaxalanan ərzağı əlüstü içəri ötürürdülər. Yerə düşən bağlamalar isə təkrar onlara atılırdı. Bu iş beləcə davam edirdi, izdiham isə yenə dalğalanıb, yerindəcə dururdu.

O əsnada pəncərədən uzanan gənc bir zabit maraqlandı:

- Bura haradır belə?

Zərif üz cizgilərinə malik bu yaraşıqlı cavanın saçları qumrala çalırdı.

Ağbirçək bir qadın dilləndi:

- Bura Gəncədir. Şəhərin əhalisi də türkdür, oğlum.

Bu dəfə cavan zabit:

- Ana, mənə su versənə! - deyə səsləndi.

Qadın mis qabdan qırıq bir sink parça süzdüyü suyu pəncərəyə tərəf uzatdı, ancaq boyunun qısalığı ucbatından əlinin oraya çatması heç mümkün görünmürdü.

Yanaqlarından qan daman cavan bir qız o anlarda bunun fərqinə vardı. Kiminsə kiməsə yardım edəcək nə bir halı vardı, nə də vaxtı. Bir anlığa sağına-soluna baxınan qız çox düşünmədi, yaşlı qadını bir uşaq kimi qucağına götürüb, pəncərənin səviyyəsinə qədər qaldırdı:

- Yerə tökmə, anası. Möhkəm tut.

Beləcə, həmin su sahibinə çatdı. Bu səhnəyə zabit də güldü. Elə həmin gülümsəmə zamanı o, qızla göz-gözə gəldi. Qız üzünü pəncərəyə tutub, maraqlandı:

- Adın nədir sənin?

- Murad, - cavabı gəldi.

- Bəs səninki?

- Bulaq.

O söhbət elə bununla da bitdi.

Qulaqbatırıcı siqnal səsi yüksəldi. Lokomotiv artıq hərəkətə gəlmişdi. Əsir qatarının metal təkərləri polad relslər üzərində əvvəlcə ağır-ağır, daha sonra sürətlə fırlanmağa başladı. Bu cür gurultuyla irəliləyən vaqonların arxasınca qadınlar bir az da qaçdılar, amma sonra aralarındakı məsafə getdikcə artdı. Axırda özünün sonuncu vaqonunu da dartıb-aparan və yırğalana-yırğalana irəliləyən qatar stansiya ərazisindən çıxa bildi. Artıq yükündən xilas olmuş, alacağını isə almışdı o...

Qatar uzaqlaşandan sonra stansiyaya bir ölüm sükutu çöksə də, bu vəziyyət uzun sürmədi - kişi xeylaqları daşların üstünə atılan dörd cəsədin yan-yörəsinə toplaşdı.

Əvvəlcə qol-qıçları sağa-sola əyilmiş bu bədənləri onlar ehtiramla yerə uzatdılar. Gətirilən yorğanları yerə sərdilər. Bayaq rus komandirlə ötkəm şəkildə danışan o cavan kişi dilləndi:

- Haydı! Haydı, bismillah!

Cəsədlərin hər birini müqəddəs bir əmanəti narahat eləməkdən qorxarmış kimi ehtiramla, ədəb-ərkanla, şəfqətlə və təkbirlərin müşayiəti ilə yorğanların üzərinə uzatdıqdan sonra üzlərini qibləyə sarı çevirdilər.

Səttarxan da özündən ixtiyarsız yerlilərə yaxınlaşmışdı. Bayaq danışdığı yaşlı kişi Səttarxana baxaraq dedi:

- Haydı, sən də kömək elə, bu qəribləri arabalara qədər daşıyaq.

Sözügedən arabalar stansiya ərazisinə buraxılmadıqları üçün buradan bir az aralıda saxlanılmışdı.

Səttarxan bir yorğanın ucundan yapışdığı məqamda baxışları böyründə daşınan digər ölünün üzünə sataşdı. Rəngi mumiya kimi saralsa da, bu üz hürküdücü dərəcədə gözəl və gənc idi. Sonra o, özünün daşıdığı cəsədin üzünə nəzər saldı. Hətta rus əsgərlərinin də canına üşütmə salan Qafqaz cəbhəsindən gələn bu kişi əlli yaşlarında olardı, saçları çallaşmışdı və cavanlıq dövrü çoxdan geridə qalmışdı. Əynində hərbçilərin yayda geyindiyi forma vardı və al-qana bulaşmışdı. Ta buralara qədər gəlib çıxdığına görə, düşünmək olardı ki, o, aldığı ağır yaraya rəğmən, düşdüyü cəhənnəmdən sağ-salamat qurtulmuş, ancaq çıxdığı yolu başa vurmadan canını tapşırmışdı. Kim idi o? Haralı idi? Evində-eşiyində, çoluq-cocuğu, nəvələri ilə vaxt keçirəcəyi bir yaşda ikən doğulub-yaşadığı Anadolu torpağından durub gələn bu kişinin alnına belə bir taleyin yazıldığı, adını bircə kərə də eşitmədiyi Gəncədə torpağa tapşırılacağı sağlığında görəsən, heç ağlına gəlmişdimi?

Meyiti arabaya yerləşdirəndə Səttarxan bu dəfə də onun ayaq qismi daralan şalvarının yırtıqlarına, əyilib-yeyilmiş çarıqlarına diqqət yetirdi. İncitməkdən çəkindiyi üçün bu quru bədəni yorğana bürümək istədi. Ayaqları bir budaq qədər nazilmiş, pencəyi yana sürüşdüyündən beli, qarnı sinəsinə qədər açıqda qalmışdı adamın, əynində heç alt köynəyi də yox idi. Səttarxan onun sağ böyründəki yara izini də gördü. Yəqin yolboyu bu yarası qanayırmış. Üstünü yorğanla örtməzdən əvvəl o, pencəyin ətəklərini dartmaqla, ölənin bel qismini örtdü, gövdəsini düzəltdi. Bumbuz idi cəsəd. Onun üşüyəcəyindən qorxurdu sanki.

Ard-arda düzülən dörd araba yolun axırına çatana yaxın Səttarxan stansiya binasına qayıtdı. Həmin vaxt qatarların biri stansiyaya yanaşır, digəri isə gedirdi. Çox keçməmiş, Bakı qatarının da siqnalı səssizliyi yardı. Səttarxan başını vaqonun pəncərəsinə söykədi. Bir cənazə qatarı şəklində buralardan uzaqlaşan o dörd arabaya, onların arxasınca düşən azsaylı camaata son kərə tamaşa elədi. Səttarxan vətəninə-millətinə yaxşı bələd idi, onları sevirdi, peyğəmbərinin misilsiz möcüzələr göstərməsinə rəğmən, öz böyük dinini inkar edənlərdən deyildi o. Odur ki, indi özünü xeyli mübarək bir camaatdan iraq düşən birinin yerində hiss elədi.

Gah əsir qatarını, gah dörd cəsədi, gah da onlara yardım edən Gəncə Milli Komitəsini düşünməklə keçirdiyi, hərdən yuxuladığı, hərdən oyaq qaldığı bu səfərin sonunda Səttarxan sübh vaxtı Bakıya çatdı. Perrona ayaq basar-basmaz, Qafqaz diyarına və müharibəyə dair o, məlum çılğın izdiham və sərt neft qoxusu ilə qarşılaşdı. Tiflis - heç şübhəsiz, Qafqazın mərkəzi idi, Təbriz isə - Azərbaycanın, İstanbul da xeyli uzaqlarda qalan bir xəyal aləmi idi. Amma nə vaxt idi Bakı da öz yan-yörəsinə tamamilə fərqli bir ziya saçırdı və çıxarılan neftin yaydığı bu şölə hələm-hələm sönənə bənzəmirdi. "İpək yolu"nun üzərində yerləşən bir liman şəhəri kimi Bakının zəfəranı və duzu da, ipəyi və xalısı da məşhur idi, amma "qara qızıl"ı bütün bu sadalananların hamısını kölgədə qoymuşdu. Bakı geniş meydanlar, hündür binalar, gözoxşayan prospektlər, geniş parklar, bunlardan daha artıq dərəcədə isə qapqara meşə kimi göylərə baş çəkən neft buruqları, neft mədənləri və ixrac boru kəmərləri demək idi.

Həmişə etdiyi kimi, bu dəfə də Bakıdakı dükanın ünvanına əvvəlcədən teleqram vurmuşdu deyə, Səttarxan bir müddət dayanıb, özünü qarşılayacaq birisini gözlədi. Ancaq sağına-soluna nə qədər göz gəzdirib, uzun-uzadı ayaq üstə qalsa da, bir gələn-gedən görmədi.

Gözləməkdən bezdiyi vaxt bir faytonçu ona yanaşdı:

- Ağa, fayton lazım idi?

Son kərə ətrafına nəzər salan Səttarxan dedi:

- Yaxşı, gedək.

Vağzal ərazisindən çıxan kimi arabaçı dəqiqləşdirdi:

- Hara gedəcəyik, ağa?

Həmişə qaldığı ünvanı söylədi:

- Şıxəli Dadaşovun karvansarayına.

Üçşaxəli işıq dirəklərinin sıraya düzüldüyü küçələrdə rus əsgərlər o dəqiqə diqqəti çəkirdi, mülki geyimli ruslar və avropalılar da seçilirdi, azərbaycanlı, erməni, gürcü və daha hansısa millətlərin arasında öz çarşablarına bürünən müsəlman qadınları isə yeyin addımlarla irəliləyirdilər. Nisbətən cavan olanlar üzlərinə hələ rübənd də salmışdılar, yaşlı olanların isə üzü qismən açıq idi. Cürbəcür əlifbalarla yazılmış lövhələr, atlı tramvaylar, tək-tük gözə dəyən maşınlar, bər-bəzəkli örtüyə malik dəvələr, atlar, qatırlar, eşşəklər, karvanlar, mülki geyimdəki hərbçilər, kişi və qadınlardan ibarət izdiham içində qəribə hay-küy hökm sürürdü. Bakıda insanoğlunun xəyalı gah axıb-gedir, gah da dururdu.

Bu cür izdihamlara Səttarxan adətkar idi, ancaq indiyədək görmədiyi həyəcanlılıq da bu dəfə nəzərindən yayınmadı:

- Nə olub belə? - soruşunca, faytonçu:

- Tətil elan edilib, - dedi. - Bir qədər irəlidə isə mitinq başlanıb.

Heç bir azca getməmiş, yolun tıxandığını gördülər. Hay-qışqırıq salan nümayişçilərin, tanışları Sofya və Vasiliyə bənzər inqilabçıların əhatəsinə düşmüşdü o.

- Bir az dolayı yoldan getməli olacağıq, - dedi faytonçu, - çünki başqa yolumuz qalmır. Əks halda, mitinq bitənə kimi burada ilişib-qalarıq.

Beləcə, Bakının içində uzun bir səyahətə çıxmağa məcbur qaldı Səttarxan.

Gedəcəyi ünvan lap yaxınlıqda, Nikolayevski prospektində olsa da, indi Bakıda onun gəzib-dolaşmadığı bir küçə, keçib-getmədiyi hər hansı prospekt qalmayasıydı.

Qaba mahuddan solğun rəngli, nimdaş bir palto geyinən faytonçu gülər üzlü, dişləri tökülmüş və sakit təbiətli bir adam idi. Yol uzandığı üçün o, həm atları qovur, həm də yanından keçdikləri imarətlər barədə öz müştərisinə məlumat verirdi. Sən demə, bunların hər biri barədə onun danışacaq hekayəti, deyiləcək sözü, ibrətamiz bir əhvalatı var imiş.

"Varlının malı gedəndə yoxsulun da çənəsi düşər..."

Səttarxan bu malikanələrin şöhrətindən xəbərdar idi: sıra ilə düzülən bu binaların əksəriyyəti kasıbçılığın daşını atmaqla neft milyonerinə çevrilən azərbaycanlılara məxsus idi. Amma indiyədək yüzlərlə müştərisini özünün qapısından içəri heç qədəm qoymayacağı belə malikanələrə qədər gətirən bu faytonçunun həyatla bağlı kəskin bir yanaşması vardı və hər səfər: "Bax, elə bunu götürək!" - deyib, növbəti cümləsinə başlayanda o, bu gözqamaşdırıcı həyatların əsasən kədər dolu məqamlarından söz açırdı. İlahi ədalətin vaxtı gələndə varlıların da kəkilindən yapışmasına bir təsəllitək yanaşırdı o, özü kimi bəxtsiz insanlar sayağı, onun da bərabərlik ideyasına tərəfdar olduğu gün kimi bəlli idi. Böyük fəlakətin varlı ilə yoxsulu eyni gözdə gördüyünə dair, amma hələlik fəlsəfi bitkinlikdən məhrum, həm misilsiz, həm də sırf intuisiya təməlli bir təsəlli idi bu.

Atlar ahəngdar addımlarla qaçdıqca, faytonçu necə əhvalatlar danışırdısa, Səttarxan artıq gəvəzə bir sürücüyə ürcah olduğunu yox, məhz ürəyi danışacağı müdrik hekayətlərlə dolub-daşan, arif birisinə rast gəldiyini öz-özünə etiraf eləməyə başladı. Yanılıbmış, kişinin davranışlarından "Varlının malı gedəndə, yoxsulun da çənəsi düşər" deyimindən daha çox həyatdakı bütün məğlubiyyətlərin əvəzində bir haqq-hesabın çəkiləcəyinə inam hissi sezilirdi. "Bizə nəsib olmasa da, o adam bunu bacarıb". Və sözügedən var-dövlətin, hətta bütün dünya yerindən oynasa belə, əsla əskilməyəcəyindən də adı qədər əmin idi bu kişi. Axı o boyda sərvəti nə əskildə, yerlə bir edə bilərdi ki?! Heç nə!

Səttarxan maraqlandı:

- Sənin adın necə idi, faytonçu?

- Nəcəf.

Söz-söhbətinə maraqla qulaq asan, hətta onun adıyla da maraqlanan bir müştəri tapdığından məmnunluq duyan Nəcəf isə dil-boğaza qoymurdu. Qorçakov prospekti ilə təzəcə irəliləyəndə faytonçu bir imarəti nişan verdi:

- Bax, bu da Bakı Cəmiyyəti-Xeyriyyəsinin binasıdır, yəni "İsmailiyyə".

Xeyriyyə binasının qapısından girib-çıxan fağır-füqəra insanları nişan verib, əlavə elədi:

- Bunlar - Osmanlı mühacirləridir. Şəhərləri ruslar tərəfindən işğal olunduğundan onların böyük qismi Anadolunun qərb bölgələrinə hicrət elədi. Zavallıların bir qismi isə ta buralara qədər gəlib çıxdı. Cəmiyyəti-Xeyriyyə də onların heç birindən öz kömək əlini əsirgəmir.

Ən nəhayət, Şıxəli Dadaşovun karvansarayı göründü. Yükünü otağına qədər daşıyan faytonçuya: "Sən bir az gözlə, - dedi. - Mən də bir azdan çıxacağam. Sonra birlikdə gedib, bizim dükana baş çəkərik".

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!