Şahanə ov - Pavel Krenyovun hekayəsi

Pavel Krenyov çağdaş rus nəsrinin tanınmış simalarındandır. O, Sankt-Peterburqda Suvorov Hərbi məktəbini, sonra universitetin jurnalistika fakültəsini bitirib, mətbuat orqanlarında, Rusiya Federasiyası Prezidentinin Aparatında çalışıb, Prezidentin Arxangelsk vilayətindəki səlahiyyətli nümayəndəsi olub. Əsərləri sanballı dövri nəşrlərdə dərc olunub, xarici dillərə tərcümə edilib. 14 nəsr toplusunun müəllifi, bir çox ədəbi mükafatların laureatıdır.

 

Şahanə ov

Hekayə

Yeger Melentyev içəndə çox mehribanlaşır, hamı da bundan istifadə eləyir. Elə şeylər söz verir ki... Üstəlik, ondan ötrü ən pisi budur ki, səhəri gün verdiyi vədləri xatırlayır. Əlbəttə, ov vaxtı, Allah eləməsin, qəti dilinə vurmur, özüylə termos dolu çaydan başqa da içki götürmür. Amma sadə və namuslu adamdı, həmişə əvvəlki gün verdiyi "şahanə ov" vədini yadına salıb əməlli-başlı əzab çəkir. Yeger o "acı" dərdi tez-tez çəkməli olur. Bunun da bir neçə səbəbi var. O səbəblərdən ikisi sanballıdı. Birincisi: Melentyev onun həvəskarıdı. İkincisi: ən varlı ovçuluq təsərrüfatlarından birinin (ən varlısı olmasa da) yegeridi, bazasına baş çəkmək istəyənlərin sayı-hesabı yoxdu. Bu da, əlbəttə ki, ovdan qabaq və sonra məclis qurulmasını, söz-söhbət, başqa şeylər tələb eləyir...

Bax, yenə başlandı. Yeger yenicə hamamdan qayıtmışdı, qıpqırmızı qızarmış, az qala, bayılmışdı, alnında tər damcıları görünürdü, elə oğluyla süfrə arxasına keçmək istəyirdi ki, peyda oldular! Yaxınlaşan maşının işığı gözlərini qamaşdırdı, artırmanın altında zəncirlə bağlanmış Amur dərhal özünü ora-bura çırpa-çırpa hürdü.

- Kaftar gəlir! Ailəlikcə yemək yeməyə də imkan vermirlər... - Melentyevin arvadı Tatyana ovçuların bu cür vaxtsız gəlişlərinə artıq vərdiş eləsə də, stulda qurcalandı.

- Sənlik deyil, aranı qatma, işimiz belədi... - yeger adəti üzrə, etinasızlıqla, daha çox da əmin-amanlıq üçün etirazını bildirdi, mıxdan yeger kokardlı hərbi papağını götürüb hələ yaş olan, saçı geri daranmış başına qoydu.

Bazanın qabağında artıq alaqapıya lap yaxınlaşmış qara rəngli "Volqa" maşını dayanmışdı.

"Kimdisə, sanballı adamdı, bəlkə, rəhbərlikdi", - Melentyev beynində götür-qoy elədi, hər ehtimala qarşı qəddini dikəltdi, papağını düzəltdi, əllərini cibinə qoydu; amma kürkünün qabağını bağlamadı, beləcə, ətəkləri yellənə-yellənə, oyaq və ciddi görkəmlə, qaydalara uyğun yaxınlaşdı.

Maşında üç nəfər vardı. Birinci, həqiqətən, rəhbərliyin nümayəndəsi - baş yeger, Melentyevin əsas rəisi, gombul, daim xoşxasiyyət olan, çox danışmağı sevən Tarasov sıçrayıb çıxdı. Qollarını açdı, az qala, maşının içindən onu qucaqlamağa çalışıb qışqırdı:

- Aleksa-andr Trofimıç! Ən yaxşı yegerə salam!

Amma Melentyevi qucaqlayıb tələm-tələsik, coşqun tərzdə pıçıldadı:

- Xilas elə, Trofimıç, müfəttiş yoxlamasıdı... Yüksək səviyyəli ov təşkil eləmək lazımdı!

Təcrübəli yegerin uzun-uzadı izaha ehtiyacı yoxdu: necə lazımdı, o cür olacaq. Melentyev gülümsündü, sonrakı göstərişləri gözləməyə başladı.

Maşın bir qədər də uğuldayıb susdu. Arğaz, fındıqburun, başında tüklü papaq, əynində gödəkçə olan sürücü kabinədən çıxdı, başının ötəri hərəkətiylə yegerə salam verdi, yanlarını basa-basa yük yerinə sarı getdi. "Ən azı, trest müdiridi", - Melentyev beynindən keçirdi.

Sonra axırıncı, üçüncü sərnişin də endi. Əlli yaşlarında, ucaboy kişiydi, əynində xəz gödəkçə, ayaqlarında keçə çəkmə vardı. O, yegerə yaxınlaşdı, səmimiyyətlə gülümsündü, əl verib özünü təqdim elədi:

- Yuri Nikolayeviç. - Sonra sanki köhnə, sınaqdan çıxmış dost kimi bir də gülümsünüb əlavə elədi, - Alekseyev.

"Bunların hansı yoxlayır?" - Melentyev əvvəlcə heç nə başa düşmədi. Amma sonra Yuri Nikolayeviç "trest müdiri"nə dostyana, sakit tərzdə dedi:

- Vitya, mənim şey-şüyümü də isti yerə aparmağı unutma, yaxşı?

O da yük yerinin yanında əl-ayağa düşdü, çiyin çantalarını, tüfəngləri, torbaları çıxarmağa başladı. Melentyevsə başçının kim olduğunu dərk elədi.

Tarasov da əl-ayağa düşmüşdü. O, bazanı yaxşı qızdırdığına, döşəməni süpürdüyünə, soyuducunu saz saxladığına görə, Trofimıçı ucadan tərifləyirdi.

- Biz də indi o gözəlçələri ora qoyarıq ki, isinməsinlər!

Tarasov butulkaları soyuducunun buzluğuna qoydu. Sonra Yuri Nikolayeviçin çarpayısını sobaya yaxın çəkib yatağını özü açdı. Düzdü, o, etiraz elədi, amma baş yeger işgüzarcasına dilləndi:

- Siz hələ yerli şəraitlə tanış deyilsiniz.

Sonra məclis başladı.

Meşə səfərinin bu müqəddəs, mütləq, xoş atributunu bütün ovçular sevirlər; tozlu, insanı bezdirən şəhərin geridə qaldığı, yeni ov ehtirasının, saf meşəylə və təbiətlə görüşünsə irəlidə olduğu məqam kimi sevindirməz axı?!

Qayda üzrə yegeri süfrənin başında, hörmətli yerdə oturtdular, ilk sağlığı da onun şərəfinə içdilər. Qayda belədi. Tarasov qalxdı, qədəh olan əlini çiyni bərabərinə qaldırdı, dirsəkdən qusarsayağı bükdü, qısa nitqində Melentyevi "hər cür ovu təşkil eləmək iqtidarında olan", həm də "sadəcə ünsiyyət saxlamaqdan zövq duyduğu" insan kimi xarakterizə elədi.

Sonra bir daha yegerin, onun canının, rifahının, arvadı "Tanya xala"nın, uşaqlarının sağlığına içdilər. Melentyev kövrəldi, həmişəki kimi, xoşxasiyyət oldu. Gözləri alışıb-yanır, tər alnından çay kimi axırdı. Ünvanına deyilən sağlıq xoşuna gəlirdi, amma birtəhər ciddiyyətini saxlayır, hər dəfə qədəhini qaldıranda yana əyilir, boş əlini yelləyirdi:

- Yaxşı da...

- Nə yaxşı, həqiqəti söyləyirəm! - Sağlıq deyən Tarasov qızğın tərzdə deyirdi.

Yuri Nikolayeviçsə asta, amma qəti səslə əlavə eləyirdi:

- Bu, kənardan da görünür, Aleksandr Trofimoviç.

Sürücü Vitya söhbətə qarışmır, ancaq cidd-cəhdlə gövşəyir, başını tərpədir, get-gedə içkidən qızarırdı.

- Bəs, oğlun Vanka hanı? - Baş yeger soruşdu. - Yalan nə deyim, yeri görünür.

- Neynirsiniz axı... - Melentyev uzada-uzada, həm də sir-sifətini qırışdırıb gülümsəyə-gülümsəyə dilləndi: oğlu Vankanı yadlarına salmaları xoşuna gəlmişdi.

-Vanka kimdi ki? Nəyə lazımdı? - Yuri Nikolayeviç sakit tərzdə Tarasovdan soruşdu.

Baş yeger çaşdı, amma gözlərini oynada-oynada tələm-tələsik pıçıldadı:

- O, sabah lazım olacaq, sabah!

Yuri Nikolayeviç alt dodağını bir qədər uzatdı, Tarasova nəyisə dərk eləməyən adamsayağı nəzər saldı.

- Yenə də, nəyə lazımdı?

Tarasov şıltaqcasına öskürdü, çaşdı, sanki Alekseyevə "hə də, qanmazam, dərhal dərk eləmədim" demək istəyirdi, sonra da yeni sağlıq üçün qalxdı.

Melentyev incimədi: burda məsələ ciddidi, müfəttiş yoxlaması gedir, Vanka vacib söhbətə mane ola, ağzından artıq-əskik söz qaçıra bilər...

Söz-söhbət, ovçu əhvalatları, lətifələr baş alıb getdi. Saysız-hesabsız cürbəcür hadisələr bilən baş yeger hamını qabaqlamışdı. Yuri Nikolayeviç onu maraqla dinləyir, yaxındakı qabdan düşünüb-daşınmadan kişmiş götürüb ağzına qoyur, arabir diksinir, gözlənilmədən qəhqəhə çəkirdi. Sürücü Vitya söhbəti dinləmirdi, Alekseyev sözarası onun sabah gümrah olmağının vacibliyini qeyd eləyəndən sonra yatağına uzanmışdı.

- Qonşu sahədə adamyeyən canavarlar peyda olublar, - Tarasov qızışdı. Sosvensk gölündə iki kişini parçalayıblar.

- Necə?! - Yuri Nikolayeviç içini çəkdi.

- Gecə balıq tutmaq, yayınbalığı ovlamaq üçün qalıblar, bəxtləri gətirməyib, tikələri belə ələ gəlməyib.

"Gör nə goplayır!" - Melentyev Tarasovla bağlı beynindən keçirdi. Sosvensk yaxın idi axı, elə bir şey olsaydı, xəbər tutardı. Amma belə uydurmalara fikir vermirdi. "Qoy goplasın, gopsuz ovun nə ləzzəti!" Kefi də kökəlmişdi.

- Bu il ov necədi? - Yuri Nikolayeviç qəfildən yegerdən soruşdu.

Tarasov qulaqlarını şəklədi.

- Keçənilkindən pis deyil, yaxşıdı. Qaban da var, sığın da, tetra quşları da çoxalıb.

- Deyirəm də, ən yaxşı bazadı, - baş yeger sözə qarışıb yegerə göz vurdu. - Bəs, yuvanda salamatlıqdı?

- Hansı yuva? - Melentyev təəccüb dolu nəzərlərini Tarasova dikdi.

-Yadındadı, dekabrda danışırdın?

- Bəyəm, qaban ovlamağa gəlməmisiniz? Yadımdadı, belə bir söhbət olmuşdu.

- Nə qaban, Trofimıç? Qocalıqdan ağlın zayıllayıb! - Tarasov qəhqəhə çəkdi. - Üç nəfərlə onu ağzıbirə sala bilmərik, soyuqda da oturub gözləmək olmaz. Sən bizi yuvaya apar, yuvaya!

Yuri Nikolayeviç də gülümsündü:

- Hə də, onun üçün gəlmişik.

Melentyev izin məsələsini açıb-ağartmadı, yaxşı çıxmazdı.

- Yaxşı, eləyərik, - bir qədər tərəddüddən sonra qətiyyətlə dilləndi. - Yüksək səviyyəli ov olacaq.

Son sağlığı Yuri Nikolayeviç dedi:

- Ümidsiz tədbirimizin uğurlu olmasının sağlığına!

Tarasov qəhqəhə çəkdi, içdilər.

...Baş yeger səndələyən Melentyevi daxmasınacan ötürdü. Artırmada bir də soruşdu:

- Nə dilini sürüyürsən, Trofimıç. Ayı yatmır?

- Yatır, yoxlamışam. Buğlana-buğlana yatır.

- Bəs, onda niyə narahatsan?

- Başa düşürsən, payızda o yerlərdə ana ayı balalarıyla dolaşırdı. Bəlkə, o da yuxuya gedib?..

Tarasov dirsəyilə yegeri itələyib qəhqəhə çəkdi:

- Bunun bizə nə dəxli var? İndi sənin izlərin üzündən geri dönək? Niyə belə eləyirsən, qoca?!. - Sonra Melentyevə yaxınlaşıb kəsif nəfəsini onun üzünə verdi. - Başa düşürsən, Trofimıç, bu kişi mənə çox lazımdı. Böyük hökm sahibidi. Qızılqum sanatoriyasına lap ucuz qiymətə putyovka söz verib...

- Axı müfəttişlik dedin, mən də başa düşmədim...

- Sənin üçün nə fərqi var, Aleksandr Trofimoviç? - Tarasov ağzından artıq söz qaçırdığını anlayıb bığını qaldırdı, pıçıltıyla dilləndi. - Sənədləri var, hər şey qanunidi. Borclu qalmaram, özün bilirsən axı...

Tarasov gedəndən sonra yeger dayanıb səmaya səpələnmiş ulduzlara baxa-baxa siqaret çəkdi.

Amur daxmasının yanında quyruğunu bulayır, sahibinə yalmanırdı.

Səhəri gün hava həddən artıq xoş idi. Evdən hələ soyuq, bir qədər yasəməni rəngə çalan toranlıq çəkilməmiş, gündoğan tərəfdə üfüqə nazik işıq zolaqları düşəndə çıxdılar. Əvvəlcə xizəklərlə çölü keçdilər. Şaxtanın dondurduğu qar ayaqlarının altında çoşqa kimi nazik, yumşaq səslə xırıldayırdı. Səhər meyxoşluğundan qəlblərinə çökmüş dözülməz ağırlıq şəhərətrafının saf havasının təsiriylə yavaş-yavaş çəkilib gedir, yerini gümrahlıq, tezliklə başlayacaq ov intizarı tuturdu. Meşəyə yaxınlaşıb kiçik təpənin üstünə qalxanda gündoğanda səmanı girdə Günəşin iti kənarı doğradı, qıpqırmızı, göz qamaşdıran kənarı Yer üzərini və meşəni bənövşəyi rəngə boyadı, çölü işıqlı və kölgəli hissələrə ayırdı. Meşənin dərinliyinə doğru dünənki çovğunun, demək olar, toxunmadığı cığır uzanırdı. Ovçular xizəklərini açıb bərkimiş qara çırpdılar, çiyinlərindən asıb yollarına piyada davam elədilər. Tarasov əməlli-başlı canlanmışdı, dil-boğaza qoymadan danışırdı.

Təxminən, qırx dəqiqə sonra dayandılar, xizəklərini yenə ayaqlarına bərkitdilər, yeger ovçuları ayı yuvasına doğru apardı.

Melentyev yuvanı yalnız özünə məlum olan bir əlamətlə tapdı. Uzaqdan göstərdi ki, bax, o yerə aşmış şam ağacının altındadı. Amma heç kəs yuvanı ayırd eləyə bilmədi. Meşədə hər addımbaşı rast gəlinən adi qar yığınıydı, yanından ötər, seçə bilməzdin.

Aralıda oturdular, siqaret çəkdilər, nəfəslərini dərdilər, pıçıltıyla danışmağa başladılar. Yeger kimin harda dayanmalı, necə hərəkət eləməli olduğu barədə qısaca təlimat verdi. Belə çıxırdı ki, silahsız sürücü Vityanın bir vəzifəsi-filanı yox idi. Amma o sevindi, hətta gülümsünüb dilləndi:

- Lazım gəlsə, kömək eləyərəm. - Sonra kürkünə daha bərk-bərk büründü, əllərini qollarının içinə saldı, keçə çəkməsinin üstündə oturub rahatlandı.

Melentyevin oğlu İvan uzun, cavan şam ağaclarından iki şüvül kəsib yondu, sonra oturub siqaret çəkməyə başladı.

Yuri Nikolayeviçsə qəfildən qurcalandı, yönünü yuvaya sarı çevirdi, Tarasov da əsəbiləşdi.

- Başla, Trofimıç, vaxtdı axı...

- Başlayaq deyirsən, başlayaq.

Melentyev qalxdı, tüfəngini qanırdı, lüləsinə iki patron qoydu. Hamı onun hərəkətini təkrar elədi. Ov başladı.

Yeger ovçuların yerlərini müəyyənləşdirdi: özü təpəcik altındakı yuvanın lap yaxınlığında dayandı, o birilər də üstünü qar basmış şam ağacının hər iki tərəfində mövqe tutdular - Tarasov Melentyevdən beş addım aralıda, sonra da Alekseyev dayandılar. İvan şüvüllərin köməyilə qar yığınının üstünə çıxıb seyrək, şəffaf buğ qalxan dəliyə nəzər saldı.

- Bir şey görürsən? - Melentyev pıçıltıyla oğlundan soruşdu.

- Nəsə qaralır, deyəsən, tükdü.

Ovçular tüfənglərinin qoruyucusunu şaqqıldadıb, lüləsini yuxarı qaldırdılar.

- Tərpət! - Yeger İvana göstərdi.

İvan şüvülün ucunu yuvaya uzadıb fırlatmağa başladı. Dərhal da içəridən qəzəbli, xırıltılı səs gəldi, yuvanın üzərində qar partlayışı baş verdi. Dümağ tozun içindən qara, balaca bir topa çıxıb ovçulara sarı yumbalandı.

- Atəş açma, balasıdı! - Melentyev qışqırdı.

Dərhal da atəş açıldı. Yuri Nikolayeviçin üstünə gələn ayı potası mayallaq aşıb susdu. İkinci pota özünü dəlikdən bayıra salıb dərhal qaçmadı, çömbəlib bir anlığa tərpənmədi, gözlərini qıydı, sonra dərin qara bata-bata yöndəmsizcəsinə qaçmağa başladı.

- Atəş açma! - Melentyev xırıldadı.

Ayı potası özünü əvvəlkinə çatdıra bilmədi. Güllə onu birincinin iki addımlığında yaxaladı.

- Yaxşı ov gedir! - Tarasov sevinclə ciyildədi.

Qəfildən yuvanın dərinliyindən elə nərə qopdu ki, şiddətindən şam ağaclarının üstündəki qar yerə töküldü. Dikin yuxarısında deyil, yan tərəfində iri, caynaqlı pəncə, sonra qırmızı cəhəngli yekə baş göründü, nəhəng, boz rəngli bir gövdə qarı və kökləri kənara atıb iri addımlarla meşəyə şığıdı.

Ana ayıya atəş açan olmadı. Yeger Tarasov və Yuri Nikolayeviçin dayandığı tərəfə boylanıb onları görmədi. O, patronları lülədən çıxarıb elə qarın üstündəcə oturdu. İvan enib atasına yaxınlaşdı, dilləndi:

- Anaya bax bir...

O, titrəyən əlini siqaret çıxarmaq üçün cibinə saldı.

Baş yeger və Alekseyev ağacların arxasından çıxıb dərhal ayı potalarına doğru getdilər. İkisini də qarın içindən götürüb silkələdilər.

- Balacadılar, - Tarasov qiymət verdi, - hələ əməlli-başlı kökəlməyiblər. - Sonra da güldü.

Ayı potaları əllərində yegerə və İvana yaxınlaşdılar, şikarlarını yerə atdılar.

- Hə, Trofimıç! - Tarasov qəhqəhə çəkdi. - Eh, indi qanı "qanla" qeyd eləmək yaxşı olar. Vitya hanı, yemək-içməyimizi gətirsin, görək!

Baş yegerin kefi kök idi. Yegersə qımıldanmır, gözlərini bir nöqtədən çəkmirdi.

Sonra Melentyev tüfəngə söykənib hıqqıldaya-hıqqıldaya qalxdı, ayı potalarının üstündən adladı, Yuri Nikolayeviçə yaxınlaşıb gözlərinin içinə baxdı:

- Siz... sənin balaların var?

- Əlbəttə, hamı kimi, mənim də övladlarım var, - Yuri Alekseyeviç sakitcə cavab verdi, sonra yumruğunu ağzına tutub öskürdü.

- Onları bura gətirəydin də. Gətirərsən?

- Nə danışırsan? Niyə?

- Sən bunları vurduğun kimi, biz də sənin balalarını...

- Nə dediyini bilirsən!.. - Yuri Nikolayeviç bir addım geri çəkildi, rəngi qaçdı. - Bu nə müqayisədi belə?

- Sən neylədiyini bilmirsən, ay yaramaz! - Melentyev Alekseyevə yaxınlaşıb tüfəngin lüləsini onun sinəsinə döyəclədi. - Elə bilirsən, vəzifən varsa... hər şey eləyə bilərsən? - Tarasov özünü yegerlə Yuri Nikolayeviçin arasına saldı, amma Melentyev onu kənara itələdi, Alekseyevin qolundan yapışıb yuvaya sarı dartdı. -  Bu dəliyə gir, məlun! Sənin başına oyun açacağam!

İvan və Tarasov özlərini yetirib yegeri Alekseyevdən araladılar, qarın üstündə oturtdular. İvan atasının başından papağını götürdü, bir ovuc qarı alnına qoydu. Yeger sakitləşdi, daha dartınmadı, amma dilləndi:

- Onsuz da müfəttişliyə məlumat verəcəyəm.

Geri qayıdanda Tarasov və Yuri Nikolayeviç xeyli arxada qalmışdılar. Alekseyev baş yegeri danlayırdı:

- Sən məni hara gətirmisən? Bu, dəlidi ki... Adamların üstünə cumur... Hər şeyi başa düşürəm, amma hər şeyin də həddi-hüdudu var axı... Birdən doğrudan da, müfəttişliyə məlumat verər...

Tarasov vaysınırdı:

- Hə-ə, işdən çıxarmaq lazımdı, qudurub...

Yuri Nikolayeviç bununla razılaşdı.

Sürücü Vitya lap axırda gəlir, xizəklərə bağlanmış şikarı sürütləyirdi.

Tatyana razı olmurdu:

- Bəlkə, oyatmağa ehtiyac yoxdu? Gün ərzində çox ora-bura qaçıb, həm də nəsə kefi yoxdu.

Amma Tarasov onu eşitmək istəmirdi:

- Yegersiz, həm də ovdan sonra məclis olar? - Sobaya yaxınlaşdı, yegerin ayağının altını qıdıqlamağa, silkələməyə başladı. - Ay ev sahibi, qalx görək, qalx, araq turşuyacaq...

Süfrə arxasında əyləşən kimi, Tarasov tələm-tələsik qədəhləri doldurdu, əvvəlcə yegerə, sonra Yuri Nikolayeviçə, axırda özünə süzdü. Melentyev tutqun halda, səssiz-səmirsiz oturmuşdu. "Təşkilatçı və ilhamverici" kimi şərəfinə deyilən sağlığı dinməzcə dinlədi, amma çəngəlini boşqabda gəzdirə-gəzdirə soğan parçalarını bir yerə yığmağa başladı. İkinci sağlıqdan sonra sanki yumşaldı, sifəti açıldı, qızardı, açıq-aydın müzakirəyə, söhbətə həvəs göstərdi. Ovçuları süzüb sözə birinci başladı:

- Axı nəyə görə ailəsini dağıtdınız? İndi ana ayı tələf olacaq. Yem yoxdu...

Tarasov sevincək silkindi, başını buladı:

- Qocalmısan, Trofimıç, yaman qocalmısan! Qorxma, o ana ayın qayıdıb yenə yatacaq! Səfeh deyil ki, yem olmadığı bir vaxtda meşədə avaralansın! Məndən də, səndən də ağıllıdı! Düz demirəm, Yuri Nikolayeviç? - Alekseyev hey başını tərpədirdi. - Amma onu əbəs yerə aşırmadın, Trofimıç! - Tarasov həvəslə əlavə elədi, amma yegerin ağır baxışlarını sezib, söhbəti davam etdirmədi, dolu qədəhini götürüb ciddi və təntənəli tərzdə dilləndi. - Bizim yegerin, onun səxavətinin və məharətinin şərəfinə!

Sonra söhbət axarına düşdü, gərginlik və qanıqaralıq ötüb keçdi. Tarasov qarayaxa tərzdə Melentyevə təlqin eləyirdi:

- Sən də müfəttişliyə bir kəlmə demə! Bu potalar onlara çox lazımdı. Bir şey deyillər, ikisi bir ayıya dəyməz. Müfəttişlikdə araşdıracaqlar, sonra da...

Sürücü Vitya məclisdə deyildi. O, "Volqa"da yatırdı, Yuri Nikolayeviçdən maşını yola hazırlamaq barədə göstəriş almışdı.

Məclisin axırına yaxın yeger ağırlaşmışdı. O, həlim, mehriban nəzərlərlə qonaqlarını süzür, elə hey təkrar eləyirdi:

- Yaxşı uşaqlarsınız, ha... Yenə gəlin, ha... Sizə şahanə ov təşkil eləyərəm.

Ovçular getdilər. Melentyev qarşısında boş butulkalar, çirkli qablar başını əlləri arasına alıb tək-tənha oturmuşdu...

Yeger Melentyev içəndə çox mehriban olur.

 

Tərcümə etdi: Nəriman ƏBDÜLRƏHMANLI

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!