Əli Əhməd Səid İsbər 1 yanvar 1930-cu ildə işığı, məktəbi və yolu olmayan Suriyanın yoxsul Qəssabin kəndində dünyaya göz açmışdır. Uşaq yaşlarından etibarən atasından ərəb şeirləri və Quran bilgisini öyrənir.
Suriyanın ilk prezidenti Şükrü əl-Qüvvətlinin dəstəyi ilə o, 13 yaşında fransız orta məktəbində təhsil almağa başlayır və beləliklə də, doğma kəndini tərk edir. Daha sonra, 1954-cü ildə Dəməşq Universitetinə daxil olur və fəlsəfə üzrə təhsil alır. Universitetdə təhsil alması ilə yanaşı Dəməşqdə nəşr edilən bir çox qəzet və jurnallarda redaktor vəzifəsində çalışır. Tələbəlik illərində tələbə hərəkatlarına qoşulur, müxtəlif siyasi çıxışlar edir. 1955-ci ildə siyasi fəliyyəti və Suriya Sosial Milliyyətçi partiyasına üzv olması səbəbindən 6 aylıq həbs cəzasına məruz qalır.
Yeniyetməlik illərində o, şeirlər yazıb müxtəlif qəzet və jurnallara göndərərdi, lakin onun şeirlərini nə Suriyada, nə də Livanda bir dəfə də olsun nəşr etdirmirdilər. Özünün dediyi kimi, 1947-ci ildə Adonis əfsanəsini oxuyur və hekayəni çox bəyənir. Əfsanədəki Adonis obrazı ilə özündə, öz taleyində bir bənzərlik görür. Qəzetlərin və jurnalların eynən "vəhşi bir qaban kimi" Əli Əhməd Səid Əsbəri öldürdüklərini və beləliklə, "Adonis"in doğulduğunu deyir. Qəzetlər, jurnallar Əli Əşbər adıyla qəbul etmədikləri şeirləri Adonis adıyla qəbul edərək nəşr edirlər. O andan etibarən Adonis klassik yunan adını - gülə çevrilmiş ölümcül yaralı oğlanı - öz talismanı kimi qəbul edir...
Siyasi çətinliklər üzündən 1956-cı ildə şair Livana köçür, 1957-ci ildə isə Livan vətəndaşlılığına keçir. Burada o, mühacir yazıçılar və rəssamlardan ibarət zəngin bir cəmiyyət qurmuş, "Şeir" və "Muvafiq" adlı iki mütərəqqi ədəbi jurnalın əsasını qoymuş və bundan əlavə Sent Cozef Universitetində fəlsəfə doktoru adını qazanmişdır.
Hal-hazırda dünyanın yaşayan ən yaxşı ərəb şairlərindən biri, publisisti olan Adonis həyatının böyük hissəsini Livan və Fransada keçirmişdir. O, əsərlərini doğma ərəb dilində yazır, 20-dən artıq kitabın müəllifidir. "Dəməşqli Mihyarın nəğmələri" (1961), "Cəm formasında olan tək" (1977), "Əgər yalnız dəniz yata bilsəydi", "Nyu York üçün qəbir" (1971), "Sufizm və sürrealizm" (1992) və s. o cümlədəndir. Adonis 1995-ci ildə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatına, 2011-ci ildə isə yüksək prestijli Alman ədəbi mükafatı sayılan İohann Volfqanq Göte mükafatına layiq görülmüşdür. Məlumat üçün qeyd etmək lazımdır ki, Əli Əhməd Səid İsbər Adonis "Yeni poeziya" hərəkatının öndə gedən nümayəndələrindən biri hesab olunur.
Mən də, fürsətdən istifadə edib Adonisin ərəb dilində qələmə aldığı şeirlərdən bir neçəsini doğma dilimizə tərcümə edib, onları ərəb şeiri və poeziyası vurğunlarına təqdim etmək istədim. Bu şeirlərin oxucular üçün maraqlı olacağı ümidi ilə!
İlqar İsmayılzadə
ADONİS
Gözlərində daşıyır...
Onun gözlərində bir inci var
O, günlərin sonundan
Və küləklərdən bir parıltı alır.
Və yanındakı yağış adalarından
kömək almaqla sanki bir dağ yaradır.
Mən onu tanıyıram, onun gözlərində
ilham dənizləri gizlənmişdir.
O, məni bir tarix; bir yeri
təmizləyən bir şeir adlandırdı.
Mən onu tanıyıram:
O, məni tufan adlandırdı.
Sirlər...
Ölüm bizləri basır bağrına
Macəraçılıqla, zahidliklə.
Bizə öz sirri üzərində yeni bir sirr yükləyir,
O, bizim çoxluğumuzdan təklik yaradır.
Səfər...
Hərəkət etmədən bir səyahətçi var:
Ey günəş! Mən sənin səhvini
haradan bilmişəm?
Gecə və gündüz ağacı...
Gün çatmazdan öncə gəlirəm,
Onun günəşi axtarılmazdan öncə işıq saçıram.
Ağaclar ardımca qaçaraq gəlir,
Tumurcuqlar və meyvə qabıqları kölgəmdə hərəkət edirlər.
Bu zaman üzümdəki xəyallar qarşımda sükutdan ibarət adalar və qalalar yaradır.
Lakin söz onun qapılarından xəbərsizdir.
Sadiq gecə aydınlaşır, gündüzlər isə özünü yatağımda unudurlar.
Mənbələr şəlalə tək sinəmdən axıb yerə töküldükdə,
Düymələr açılıb yuxuya gedəndə,
Suyu və yuxuları oyadır,
Və onlar kimi röya səhifəmi cilalandırıb, yuxuya gedirəm.
Qadın üzü...
Mən bir qadın üzündə sakinləşdim,
O, bir dalğanın içində yerləşmiş,
dalğa isə onu sahilə doğru atırdı.
O, öz incilərinin limanını itirmişdi.
Mən bir qadın üzündə sakinləşdim,
Sənsə məni beləcə öldürür,
Dəliliyin son həddinə qədər sönmüş
bir mayak kimi qanımda üzməyi sevirsən.
Şəhid...
Onun yanan göz qapaqlarında gecəni görəndə
Onun üzündə heç bir xurma ağacı tapmadım mən.
Heç bir ulduzu da, tapa bilmədim.
Mən bir külək kimi onun başının ətrafında
Fırlandım və bir qamıştək qırılıb yerə düşdüm.
Dua...
Kül içində qalmağın üçün dua etdim.
Dua etdim ki, o günü görməyəsən
və ya oyanmayasan.
Gecəni yaşamadıq, qaranlığa üzmədik,
Mən dua etdim, ey Feniks
Sehrin sönməsi və qərarımızın
odda və küllər içində olması üçün,
Dua etdim ki, bu bizi dəli etsin.
Sükutdan sonra...
Nitqin cəsarət etmədiyi
bir sükutdan sonra qışqırıram
Qışqırıram, aranızdan kimsə məni görürmü?
Bu səssizlikdən sonra, ey qədsiz-qamətsiz
qalıqlar və ey ölən qalıqlar!
Küləklər səsimdə ucalsın və səhərlər
gəlib-çatsın deyə qışqırıram
Dilim qanımda və mahnımda olarkən qışqırıram.
Qışqırıram: Aranızdan kimsə məni görürmü?
Nitqin cəsarət etmədiyi bu sükutun altında,
Mən tək olduğuma əmin olmaq üçün
qışqırıram - mən və qaranlıq.
Ad...
Biz zeytun ağacını uca,
Yolu günəş üçün açılış,
Küləyi keçid üçün icazə,
Quşu isə bir yol adlandırdıq...
Adəm...
Adəm məni çaşdırdı
Tanrının kədəri ilə
Və susmaqla, çünki -
"Mən dünyanın atası deyiləm,
Mən Cənnəti də, görmədim
Məni Tanrıya doğru apar".
Sən kimsən?..
Kəpənəyin yanında iki göz
Və mahnılarımı dəhşət bürüyür.
- Sən kimsən? -
İtirilmiş bir nizə
Tanrı duasız yaşayır.
Sənin gözlərinlə
mənim aramda...
Sənin gözlərində boğulanda gözlərim
Dərin bir şəfəqi müşahidə edirəm.
Mən orada qədim olan dünəni,
Və bilmədiyimi görürəm,
Və sənin gözlərinlə mənim aramda
kainatın hərəkət etdiyini hiss edirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!