Kişi təxəllüslü qadın yazıçılar

Qadının ədəbi aləmdəki yerinə nəzər saldıqda, qadınların yazıçılıqdan kənarda qalmasının tarixi çox-çox illər əvvəllərə qədər gedib çıxır. Bu vəziyyətdən çıxış yolunu ədəbiyyat səhnəsinə kişi təxəllüsü istifadə edərək çıxmaqla görən qadın yazıçıların sayı kifayət qədər yüksəkdir.

Qadın yazıçıların kişi təxəllüsündən istifadə etməsinin çoxluğu və ümumi səbəblər məsələyə daha yaxından baxmaq zərurətini yaradır. Bu qadın yazıçıların, əsərlərinin çap olunmama ehtimalına qarşı, kişi təxəllüslərindən istifadə etməklə həmin əsərlərin "qadın yazıçının əsəri" etiketindən uzaqlaşıb, kişilər tərəfindən tənqiddən əlavə mühakiməyə məruz qalmayacağı düşüncəsiylə belə bir üsula əl atdıqlarını görürük. Nəşr həyatında yaşayacaqları çətinliklərdən əlavə, oxucular tərəfindən də ciddi qəbul edilməyəcəkləri və satış göstəricilərinin aşağı olacağı qorxusuyla da kişi təxəllüsləri istifadə etdikləri qənaətinə gəlmək olar. Buna misal olaraq, elmi-fantastika janrında əsərlər yazan və 1970-ci illərdə böyük oxucu kütləsi olan Ceyms Tiptri adlı yazıçını göstərmək olar. O, 1976-cı ildə həqiqi adının Elis Şeldon olduğunu açıqlayıb və bununla da onun kitablarının satışları həddindən artıq zəifləyib.

Ədəbiyyat dünyasında bərabər şərtlərdə var olma səyləri ilə bir növ, kişi qiyafəsinə girən qadın yazıçılara daha detallı baxmalı olsaq, siyahıya ən məşhurlardan başlaya bilərik.

 

Luiza Mey ALKOT

A.M.Bernard təxəllüsü ilə əsərlər yazan yazıçı ən çox üç bacısı ilə birlikdə keçirdiyi uşaqlıq illərindən bioqrafik izlər daşıyan "Balaca qadınlar" romanı ilə məşhurlaşıb. Cavanlığında qadın hüquqları və quldarlığın aradan qaldırılması uğrunda gedən mübarizələrdə yer alıb. Bir dövr ailəsi ilə birlikdə yaşadığı evində qaçaq bir qulu gizlətdiyi haqqında da məlumatlar var. Ömrünün son illərində qadınlara seçmə və seçilmə haqqı verilməsi mövzusunda ABŞ səviyyəsində aparılan mübarizənin ən öndə gedən adamlarından biri olan yazıçı Massaçusets ştatında bir məktəbin məktəb-ailə birliyinə səs vermək hüququ ilə qoşularaq ştat tarixində seçmək hüququ əldə edən ilk qadın olub.

 

BRONTE bacıları

Şarlotta Bronte, Emili Bronte və Enn Bronte ardıcıl olaraq Kurer Bell, Elis Bell və Ekton Bell təxəllüsləri istifadə edən bacılar çox erkən yaşlarda, Viktoriya dövründə qadın yazıçılara diqqət yetirilmədiyi üçün kişi təxəllüsləri ilə yazmağa başlayıblar. Daha çox məşhurlaşan Şarlotta Bronte niyə bu təxəllüsləri istifadə etdikləri haqqında bu fikirləri səsləndirib: "Özümüzü qadın olaraq tanıtmaq istəmədik, çünki qadın yazıçılara yuxarıdan-aşağı baxıldığını bilirdik, o vaxtlar yazma və düşünmə tərzimizin "qadınsayağı" olaraq görülən bir tərzi olduğunu düşünmürdük".

Bacıların ən böyüyü olan Şarlotta Bronte ən məşhur əsəri olan "Ceyn Eyr" ilə tanınsa da, "vəhşi qərb" terminini ədəbiyyata gətirən ilk adamdır. Oksford lüğətinə görə bu terminin ilk istifadə edildiyi mətn Şarlotta Brontenin "Şerli" adlı romanıdır. Emili Brontenin qələmə aldığı yeganə roman "Uğultulu təpələr" bu gün İngilis ədəbiyyatının ən önəmli əsərlərindən biri hesab edilir. Ən kiçik bacı Enn Bronte isə "Aqnes Qrey" romanı ilə tanınır. Bacıların 1946-cı ildə "Kurer, Elis və Ekton Bellin şeirləri" adlı ortaq çıxardıqları şeir kitabları da var.

 

Meri Enn İVANS

Corc Eliot təxəllüsü ilə yazan Meri Enn İvans Viktoriya dövrünün ən məşhur yazıçılarındandır. Ədəbiyyat həyatına tənqdiçi və tərcüməçi olaraq başlayan İvans yazmaqda məqsədinin "tozlu küçələrdən və tarlalardan gələn insanların" həyatlarını əks etdirmək olduğunu söyləyib. Ümumilikdə 7 romanı, 11 şeiri və bir çox tərcümə əsəri olan İvans eyni zamanda jurnalistlik və redaktorluq da edirmiş. Yaşadığı dövrdə intellektual cəmiyyətin bütün üzvlərinin kişilər olduğu vaxtlarda, həm siyasətdə, həm də fəlsəfədə çox aktiv rol oynayıb. Bütün bu uğurlu həyatına rəğmən, adı bu uğurları ilə deyil, yaşadığı münasibətlərlə yad edilir və hətta tənqid edilir. Evlilikdən kənar münasibətlər yaşayan yazıçı bu münasibətlərini fəlsəfi tərəfdən izah edərək belə deyir: "İki insan bir-birini sevirsə, kilsənin, ya da dövlətin bunu təsdiqləməsinə ehtiyac yoxdur". "Kişisayağı" qəbul edilən yazı tərziylə ədəbiyyatda qalmağa davam edərkən, "qadınsayağı" hesab edilən xüsusiyyətləri də kişi qəhrəmanlarına yükləməkdən geri qalmır. Dövrümüzdə belə bəzi adamlar tərəfindən çox cəsur hesab edilən fikirləri və hərəkətləri hələ 1860-cı illərdə açıqlayıb və edib. Meri Enn İvansın cəsarət və özünəinamıyla qadınların azadlıq mübarizəsinə böyük töhfələr verdiyini demək olar.

 

Nihal Zeynəb YEĞİNOBALI

Sürəyya Sarıca, Vinsent Evinq təxəllüslərindən istifadə edən N.Z.Yeğinobalı kişi adı istifadə edən qadın yazıçılara Türkiyədən misal çəkə biləcəyimiz bir neçə nümunədən biridir. Peşəkar tərcüməçi olaraq çoxlu klassik və müasir yazıçının roman və hekayələrini türkcəyə qazandırıb. Vinsent Evinq adını götürüb, guya amerikalı bir yazıçının imzası ilə yazdığı ilk romanını "Gənc qızlar" adıyla çap etdirib. Bu kitab illərlə yenidən nəşr edilib. O vaxtlar bir gənc qadının cinsi mövzularda roman yazmasının xoş qarşılanmayacağına və çap edilməsi asan olmayacağına görə kitab tərcümə kimi təqdim edilib.

 

Coan ROULİNQ

C.K.Roulinq təxəllüsü ilə yazan yazıçını, təxəllüs istifadə edən yazıçılara ən yeni və məşhur nümunə kimi təqdim etmək olar. "Harri Potter" seriyasından olan əsərlərin müəllifi Coan Roulinq C.K təxəllüsünü də bu kitab üçün götürür. İkinci adı olmayan Roulinq adını cinsiyyətsizləşdirmək naminə qısaltmaq üçün nənəsi Ketlinin adından istifadə edir. Yazıçının bu adı götürməyinin səbəbi kitabın naşirinin kişi oxucuların kitabın müəllifinin qadın olması halında kitabı oxumaqdan, satın almaqdan çəkinəcəyi yönündəki fikirləri olduğu deyilir.

 

Nell Harper Lİ

Harper Li adıyla məşhurlaşan yazıçının özünə təxəllüs götürdüyünü deyə bilmərik, çünki Li başqa ad götürməyib. Linin sadəcə, ilk adını düşünülmüş şəkildə istifadə etməyərək "kişi yazıçı"lar siyahısına düşmək istədiyi iddia edilir. Nell adının Nelli deyə oxunacağını düşünərək cinsiyyətsiz hesab etdiyi Harper adından istifadə edib. Bir müddət Alabama Universitetində hüquq oxusa da, məzun ola bilmir. 1960-cı ildə şah əsəri hesab edilən "Bülbülü öldürmək" romanı yayımlanan yazıçı bir il sonra bu romanı ilə Pulitser mükafatını alıb. Hüquq fakültəsindən məzun olmayan yazıçının "Bülbülü öldürmək" kitabı ilə ədalət dərsi vermiş olmağı da yazıçının həyatında gözdən qaçmayacaq detallardan biridir. Daha sonra bu ilk və uzun müddət tək olan romanının ardından, əslində daha əvvəl yazdığı və redaktorun müdaxiləsi ilə dəyişikliyə məruz qalıb "Bülbülü öldürmək" halını alan kitabının ilk versiyası olan "Təsbeh ağacının kölgəsində" kitabı çap edilib. Li bu kitab xaricində, bir neçə kiçik yazını çıxmaqla, demək olar ki, heç bir yazı çap etdirməyib.

Kişi təxəllüsü ilə yazan yazıçılar yuxarıdakı adlardan ibarət deyil. Bu adlar az-çox, hamının eşitdiyi, oxuduğu romanların yazıçıları olduğu üçün belə siyahıda ilk sıralarda yer alıblar. Haqlarında yazdığımız kişi təxəllüslü qadın yazıçıların həyatına, fikirlərinə, onlara münasibətə nəzər salanda, indiki dövrümüzdə də, hər sahədə olduğu kimi, ədəbiyyatda da cinsiyyət bərabərliyinin olmadığı qənaətinə gələ bilirik.

 

Hazırladı: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!