Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

Ernest HEMİNQUEY

(1899-1961)

 

Tam adı Ernest Miller Heminquey olan məşhur ABŞ nasiri və jurnalistidir.

Zəngin ədəbi fəaliyyətinə görə 1954-cü il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülübdür.

 

Bəyaz fillər

Ebro vadisinin o üzündəki təpələr uzun və bəyaz idi. Bu biri tərəfdə isə nə ağac, nə də bir kölgə vardı, buna görə də iki dəmir yolunun arasında qalan stansiya şaxıyan günəş şüaları altda qovrulurdu. Təkcə binanın böyründə ilıq bir kölgəlik vardı, barın açıq qapısından isə bambuk çubuqlarından hörülü bir pərdə asılmışdı. Amerikalı kişi yanındakı cavan xanım ilə bina kölgəsinə qoyulmuş masa arxasında əyləşmişdi. Hava yaman bürkülü idi. Barselonadan gələcək sürət qatarı qırx dəqiqəyə buraya çatasıydı. Bu stansiyada ikicə dəqiqə durandan sonra o, Madridə doğru yoluna davam edəcəkdi. 

(Ebro - Pireney yarımadasının şimal-şərqində axan və İspaniyanın ən gur sulu çayıdır - A.Y.)

Şlyapasını çıxarıb, masanın üstünə qoyan qız soruşdu:

- Nə içək, görəsən?

Kişi dedi:

- Dəhşətli bürkü var.

- Onda, gəl, pivə içək.

Pərdəni aralayan kişi: "Dos cervezas" (ispanca: "İki parç pivə verin" - A.Y.) deyib, sifarişini verdi.

Qapının ardındakı qadın dəqiqləşdirdi:

- İri parç olsun?

- Hə. İki dənə böyük.    

Az sonra qadın iki parç pivə və bir cüt keçə altlıq gətirdi. Altlıqları masaya, parçları isə bunların üstünə qoyandan sonra kişi ilə qızı süzdü. Qız gözlərini uzaqda ard-arda sıralanan təpələrə zilləmişdi: ağappaq zirvələr göz qamaşdırsa da, onların ətrafındakı hər şey quruduğundan bozumtul-qonur rəng almışdı. Qız dedi:

- Elə bil bəyaz fillərdir.

Kişi pivəsindən bir qurtum aldı:

- Heç fil görməmişəm.  

- Harada görəcəkdin ki?!

- Niyə görməyəydim ki?!  "Harada görəcəkdin" deməklə də heç nə dəyişmir axı.    

Bambuk pərdəyə nəzər salan qız dedi:

- Bunun üzərində nəsə yazılıb. Nə mənaya gəlir o?

- "Anis del Toro" yazılıb. Bir araq çeşididir.

- Bəlkə onun da dadına baxaq?

Üzünü pərdəyə tərəf tutan kişi səsləndi:

- Ey, bəri baxın!

Qadın bardan bayıra çıxdı.

- Borcunuz dörd realdır.

- Bizə iki stəkan "Anis del Toro" gətirin.

- Yanında su da olsun?

- Sən su ilə içəcəksən?

- Bilmirəm, - dedi qız. - Yoxsa, su ilə daha rahat içilir?

- Hə, nisbətən.

Qadın soruşdu:

- Elə isə, yanında su olsun?

- Hə, olsun.

- Lap biyan dadı verir bu, - deyən qız öz stəkanını masanın üstünə qoydu.

- Elə hər şey o dadı verir də.

Qız razılaşdı:

- Hə, elə hər şey biyan dadı verir. Əsasən də, çoxdan arzusunda olduğumuz şeylər. Absentlə (acı yovşandan çəkilən və tərkibindəki spirt faizi 70 ilə 89,9 arasında dəyişən bir içki növüdür - A.Y.) bağlı da belə olmuşdu. 

- Yaxşı, görək.

Qız dedi:

- Birinci özün başladın da. Məzə üçün demişdim. Sadəcə, bunu dadmaq keçdi könlümdən.

- Onda dadaq da. Dedim axı, o təpələr mənə bəyaz filləri xatırladır. Səncə, bu, bir tapıntı sayılmaz ki?

- Sayılar.

- Bu yeni içkini dadmaq həvəsinə düşdüm. Bizim elə bütün məşğuliyyətimiz də gəzib, yeni yerlər görmək və fərqli içkiləri dadmaqdan ibarətdir də.

- Hə, məhz elədir.  

Qız yenə təpələrə nəzər salıb dedi:

- Onlar misilsiz təpələrdir. Əslinə qalanda, bəyaz fillərə də heç bənzəyib-eləmirlər. Mənə elə gəldi ki, onlar məhz ağacların ardından bu cür parlaq görünürlər.

- Yenə nə isə içəkmi?

- İçək də.

Əsən ilıq külək bambuk pərdəni masaya tərəf dartır, yelləyirdi.   

Kişi dedi:

- Əcəb pivədir, sərinmiş.

- Hə, misilsizdir, - dedi qız da.

Kişi dilləndi:

- Ciq, bu, yüngül bir əməliyyatdır. Bəlkə heç əməliyyat da sayılmaz, ey.

Qızın baxışları o ara aşağıya, masanın ayağına zillənmişdi.

- Ciq, özün də fərqindəsən ki, bu, bekara şeydir. Sənə bircə dənə iynə vurulacaq, vəssalam.

Qız susurdu. 

- Yanında gedəcək və səni bir an belə tək qoymayacağam. Sənə bircə dənə iynə vurulacaq və sonra hər şey öz yoluna düşəcək.

- Yaxşı, bəs sonra başımıza nə gələcək?

- Sonra hər şey öz yolunda gedəcək. Hər şey əvvəlki kimi olacaq.

- Haradan bilirsən bunu?

- Bizə mane olan tək şey də elə budur da. Bəxtimiz məhz bunun ucbatından qaralıb.   

Pərdəni süzən qız əlini önə uzatmaqla, bambuk çubuqlardan ikisini ovcunun içinə aldı.

- Deməli, sən düşünürsən ki, bunu etsək, günümüz xoş keçəcək və biz bəxtəvər olacağıq, eləmi?

- Buna inanıram. Yetər ki, sən qorxma. Bu əməliyyatı keçirən bir xeyli tanış-bilişim var.

Qız dedi:

- Mənim də. Onların da əksəriyyəti sonradan ağ günə çıxıblar.

- Əgər istəmirsənsə, onda əməliyyata heç girmə. Sən diləmədikdən sonra mən də bunda israr eləmərəm. Ancaq onu da dəqiq bilirəm ki, bu adi bir əməliyyatdır. 

- Sən necə, həqiqətənmi, bunu istəyirsən?

- Məncə, ən uyğun yol - budur. Əgər sən özün istəmirsənsə, buna gərək yoxdur və mən də əsla israr etmərəm.

- Mənim buna razılıq verməm sənin könlüncə olacaq, hər şey əvvəlki axarına düşüncə isə sən məni sevəcəksən!

- Səni indi sevdiyimi onsuz da bilirsən.

- Bilirəm. Əgər əməliyyat olunsam, onda işlər əvvəlki axarına düşəcək və onda mənim: "O təpələr bəyaz filləri xatırladır" tipli bənzətməm də sənin könlünə yatacaq, eləmi?

- Hə, onda mən heyrətlənəcəyəm. Əslində indi də heyrət içindəyəm, sadəcə, hələlik bunu büruzə vermirəm. Sən də yaxşı bilirsən ki, təlaşa qapılanda mən hansı hallara düşürəm.

- Bəs mən bunu etsəm, necə, sən təlaşa qapılmayacaqsan ki?

- Əsla, çünki bunun yüngül bir şey olduğuna əminəm.  

- Əgər elədirsə, onda buna razılıq verərəm. Başıma nələrin gələcəyi də heç vecimə gəlməz.

- Nə mənada?

- Başıma nəyin gəlməsi vecimə olmaz artıq.  

- Ancaq mən heç nəyə belə laqeyd yanaşmıram axı.

- Orası elədir. Ancaq başıma nəyin gələcəyi vecimə deyil artıq. Dediyini edəcəyəm, təki hər şey yoluna-yolağına düşsün.

- İndi ki belə oldu, onda bunu etməni heç istəmirəm.

Yerindən qalxan qız platformanın ta o biri başına qədər getdi. Dəmir yolunun o biri üzündə və Ebronun sahili boyunca əkilmiş tarlalar və ağaclar gözə dəyirdi. Çayın qarşı sahilində, xeyli uzaqlarda dağlar sıralanmışdı. Buludun kölgəsi yamyaşıl tarla boyu süründükcə, ağacların arasıyla axan çay daha gözəgəlimli görünürdü.

Qız dilləndi:

- Bax, bütün bu gördüklərin bizimki ola bilərdi. Hər şey bizimki ola bilərdi, amma sırf günahımız ucbatından bunları geri almamız günbəgün çətinləşir.

- Nə deyirsən, axı sən?!

- Deyirəm ki, bütün bunlar bizimki ola bilərdi.

- Onsuz da hər şey bizimkidir də.

- Xeyr, bizimki deyildir.

- Hətta bütün dünya bizimkidir.

- Xeyr, bizimki deyildir.

- Biz istədiyimiz yerə gedə bilərik axı.

- Xeyr, gedə bilmərik. Çünki bütün bunlar artıq bizimki deyil.

- Bizimkidir.  

- Xeyr, bir kərə əldən çıxartdığın şey bir daha geri gəlmir.

- Amma biz heç nəyi əldən çıxartmamışıq.

- Onu hardan bilirsən?!

Kişi dedi:

- Gəl, təkrar kölgəliyə çəkilək. Bu cür təlaşlanmana da heç gərək yoxdur.

Qız dedi:

- Mən təlaşlanmıram. Sadəcə, hər şeyi dəqiq anlayıram.

- Mənim tək istəyim - sənin öz iradənin ziddinə getməməndir...  

- Ya da mənə zərər verəcək nə isə etməm. Bunu bilirəm. Bəlkə yenə pivə sifariş edək?

- Edək də. Ancaq sən onu da bilməlisən ki...

Qız onun sözünü kəsdi:

- Onu bilirəm. Bəlkə bu söhbəti nöqtələyək?

Keçib, masa arxasında əyləşdilər. Qızın baxışları çayın qarşı sahilindəki təpələrin günəşdən bozarmış zirvələrinə dikilmişdi, kişi isə gözlərini qızdan və masadan heç ayırmırdı.    

Kişi dilləndi:

- Bir şeyi anlamalısan ki, istəmədiyin bir şeyə sənin qol qoymana mən əsla razı olmaram. Əgər bu, səndən ötrü belə vacibdirsə, bax, yalnız o halda bu riskə gedərəm.

- Bəyəm, səndən ötrü bu, heç nə ifadə eləmir ki?! Bunun öhdəsindən birlikdə və hər nə cürsə gələrdik axı.

- Əlbəttə ki, ifadə edir. Ancaq mən səndən başqa heç kəsə ehtiyac duymuram. Mənə heç kəs lazım deyil. Əməliyyatın bekara bir şey olduğunun da fərqindəyəm.

- Əlbəttə ki. Sən bunun bekara şey olduğunun fərqindəsən.

- Sən hər ürəyindən keçəni dilinə gətirə bilərsən, ancaq bunun məhz belə olduğuna təkcə mən əminəm.     

- Səndən bir şey xahiş edə bilərəm?

- Sənin yolunda mən hər şeyə hazıram.

- Elə isə mən səndən artıq, artıq, artıq, artıq, artıq dərəcədə xahiş edirəm ki, susasan.

Heç nə deməyən kişi divarın dibinə qoyulmuş çamadanlara tərəf baxdı. Hamısının üzərinə bu qızla birgə qaldıqları otellərə aid cürbəcür yarlıqlar yapışdırılmışdı. Sonra isə dedi:

- Əməliyyata girməni heç istəmirəm. Çünki bu, heç eynimə də deyil.

Qız dilləndi:

- Bax, indicə səsimi başıma atacam ha!

Bardan çıxan xidmətçi qadın bir cüt pivə parçını onların qabağındakı islaq altlıqların üzərinə qoydu.     

Qadın onlara xatırlatdı:

- Beş dəqiqədən sonra qatar burada olacaq.

Qız soruşdu:

- Nə deyir qadın?

- Deyir ki, beş dəqiqədən sonra qatar burada olacaq.

Qız razılıqla qadını süzüb, gülümsədi.

Kişi dedi:

- Onda mən gedib çamadanları qarşı perrona daşıyım.

Qız buna da cavab olaraq gülümsündü:

- Yaxşı. Amma sonra gəl, pivələrimizi içib, bitirək.

Kişi götürdüyü ağır çamadanları digər, yəni stansiya binasının arxa cinahındakı perrona daşıdı. Sonra yola nəzər saldı: hələlik qatar gözə dəymirdi. Geri dönərkən o, pivə içərək, qatarın gəlişini gözləyən sərnişinlərin oturduğu barın içindən keçdi. Piştaxtanın qabağında ayaq saxladı, bir qədəh "Anis del Toro" arağı içə-içə bu insanlara tamaşa elədi. Hamı səssiz-səmirsiz qatarı gözləyirdi.

Bambuk pərdəni aralamaqla, bardan çıxdı. Hələ də yerində əyləşən qız onu süzüb, gülümsədi.

Kişi maraqlandı:

- Hə, keyfin yerinə gəldimi barı?

Qız dedi:

- Həm də necə. Hər şey yolundadır. Özümü ço-o-x gözəl hiss edirəm.

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!