Şair, nasir, mədəni layihələr müəllifi.
Rusiya Yazıçılar Birliyinin üzvü.
Rusiya PEN mərkəzinin üzvü.
M.Qorki adına beynəlxalq ədəbi festivalların Təşkilat Komitəsinin sədri.
Milli "İlin yazıçısı" ədəbi mükafatının laureatı (2011)
E.Heminquey adına beynəlxalq ədəbi mükafatın laureatı (2016)
"XXI əsrin yazıçısı" beynəlxalq ədəbi mükafatın sahibi (2017)
Kitabları Rusiyada, ABŞ və Polşada dərc edilib.
Seryoqa bu işgəncəyə olsa-olsa, ikicə gün duruş gətirə bilərdi. Qeydiyyat əsnasında nişan üzüyünün çətinliklə olsa da, adsız barmağında yerini alandan sonra üzünü anidən qırışdırdı, amma dərhal da gülümsədi. Mendelsonun optimist marşının sədaları altında özü-özünə "buna da öyrəş" pıçıldadı.
Ertəsi gün, toydan sonra qəfil telefon zəngi onu dartıb isti yorğan-döşəyindən çıxardı.
- Ay səni! - sahə rəisi əmin idi, - doymadın? Bəsdi də, yamac sürüşür, e.
Seryoqa tez cins şalvarını əyninə çəkdi, maykasını geyindi, şapşaplarla həyətə yüyürdü. UAZ "Patriot" inamla, ördək kimi yüyürərək, onu həyətdən çıxardı və asfalt yolda doymuş heyvan kimi mırıldanaraq qaçmağa başladı.
Sahil mühafizəsi ilə məşğul olanlar üçün "torpaq sürüşdü" cümləsi yanğın həyəcanı siqnalı kimi bir şey idi - əlində nə var, at getsin, tez ol, köməyə yüyür!
Yeni mikrorayonun inşaat meydançası çayın sahilində yerləşirdi. Tikinti planına görə sahil zolağını möhkəmləndirmək lazım idi, yaxta və katerlər üçün pirs düzəltmək lazımdı, insanlar üçünsə qumlıu çimərliyi azca sulamaq.
Beton tökülməsinə hazırlıq işlərinə başladıqda, aydın oldu ki, geoloji ölçü düzgün götürülməyib, sən demə, üst qatda "lil" qalıbmış. İllər boyunca çaya bütün şəhərin tullantısını axıdan yorğun kanalizasiya borusu pas atıb və zamanla onun böyür-başında kiçik yeraltı göl yaranıb. Daha dəqiqi, bataqlıq. Hansı məqamdasa, texnikanın təzyiqi altında enişdə qərar tutan üst təbəqə sürüşməyə başlayıb.
İki il qabaq İnşaat-Memarlıq Akademiyasını bitirmiş Seryoqa iş icraçısı kimi çalışırdı və teziklə şöhrətlənmək, adını hamıya tanıtmaq həsrəti ilə yaşayırdı. Bir arzusu da çayın sahilində yüzmərtəbəli ev tikmək idi - nə az, nə çox, yüz.
"N şəhərində yüzmərtəbəli ev" adlı diplom layihəsini müdafiə edib "əla" qiymət aldı, mötəbər bir inşaat firmasında işə düzəldi, xahiş etdi ki, onu çay sahilində torpaq möhkəmləndirici sahəyə göndərsinlər, elə də oldu.
Sən saydığını say...
Mixalıç tüstü burumlarını düz irəli üfürərək tez-tez dərin qullab vururdu.
- Hə, indi daban əlli altı gəlmisən, bəs ağlın hardaydı? Səfeh, hara baxırdın?
- Mixalıç, narahat olmayın, hər şey sənəd üzrə gedir! - Seryoqa tikanlı sözü eyninə almadı.
- Nə sənəd, a balam? Beynin hardadı, bəs? Borunu görmürsən? Hiss etmirsən? İy verib iylənir, e...
- Hə, - Seryoqa çaşqın halda cavab verdi.
- Karaqanda! Mixalıç qəzəbləndi, - bəs onun qarşısındakı üç ekskavatorla kran nəyə lazımmış...
- Mixalıç, bunu düşünmədim...
Sahə rəisi onun sözünü ağzında qoydu. Çırtmayla filtrinə qədər sovurduğu siqaret kötüyünü kənara tulladı, ovcunun içiylə Seryoqanın kürəyinə şappıldatdı:
- Bəsdi, buraya fikir ver, əllərin işləsin, mənsə, krana qalxıram.
Elə bu sözlərdən Seryoqa anladı ki, sahədə onlardan başqa kimsə yoxdu. Görünür, müdrik Mixalıç nəzarət orqanlarının verə biləcəkləri artıq sualları eşitmək istəmirdi.
Dörd saatdan sonra iş icraçısı üçün ayrılmış vaqonda "vodka" içdilər. Suxari və çovdar çörəyindən başqa, qəlyanaltı adına heç nə yox idi, heç onlara lazım da deyildi.
Seryoqanın ovcunun içinin dərisi yer-yerdən ətinə qədər cırılmışdı - kranın qarmaqlarını təmizləyərkən əlcəklərlə işləmək lazım idi.
O cəmi bir dəfə ağrı hiss etdi, adsız barmağının dərisini qopardı, ağrıyla olsa da, nişan üzüyünü barmağından çıxarıb qanını sildi və onu cins şalvarının arxa cibinə atdı.
Bir həftə ərzində xəstəliyinə görə işə getmədi, hər gün poliklinikaya sarğıya gedirdi. Ovcunun içi sağalırdı.
İşçilər ona ürək-dirək verdilər. O qədər ürəkyanmışlığı elədilər ki, tələsib vaxtından qabaq işə qayıtdı.
Rəhbərlik səs-küy salmadan sürüşən hissəni ləğv etdilər, texnika da ziyan görmədi.
Hər şey yolunda gedirdi, bircə nişan üzüyü, Seryoqa o vaxtdan onu taxa bilmirdi.
Heç əvvəldən lazım deyildi, ovcu və barmaqlarını sızanaq basmışdı.
Sonra unutdu. Ancaq arvadı incimişdi, yəni, "kiməsə özünü subay sırımaq istəyirsən?"
Təzədən taxdı, ancaq özünə yer tapa bilmirdi, ona elə gəlirdi indicə telefon çalacaq və Mixalıç deyinəcək: "neynirsən ay səfeh..."
Üzüyü çıxardı, məxməri qutuya qoydu, qutunu isə çarpayının böyründəki tembaya atdı.
- Qoy burda qalsın, cızılmasın, vaxtı gələndə onu böyük uşağımıza bağışlaram!
Tərcümə: Cavanşir YUSİFLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!